• çərşənbə axşamı, 19 mart, 12:46
  • Baku Bakı 8°C

“Ondan sonra səhnə boş qaldı...” - Fotolar

22.05.13 09:27 8316
“Ondan sonra səhnə boş qaldı...” - Fotolar
“Deyirlər ki, əvəzolunmaz insan yoxdur, amma var. Lütvəli Abdullayev əvəzolunmaz insan və sənətkar idi. İndi sənət o qədər ucuzlaşıb ki, o cür insanları səhnədə də, həyatda da axtarırsan. Onlar məktəb olub. Lütvəli kimi aktyorlar dünyaya dahi gəlib, dahi də gediblər. Onlar bu gün də yaşayırlar”.
Görkəmli aktyor Lütvəli Abdullayev haqqında yazmaq istərkən sənət yoldaşlarından birinin dilindən eşitdiyim ilk sözlər bunlar oldu. İstedadlı səhnə ustasının həyat və sənət yoluna işıq salan bu sözlər yadıma vaxtilə evində qonaq olub ömür-gün yoldaşı, mərhum Sevda Pepinovanın və sənət dostu Nəsibə Zeynalovanın dilindən eşitdiyim xatirələri saldı.
Hamıya kömək əli
Sevda Pepinova da Lütvəli Abdullayevi əvəzolunmaz insan adlandırmışdı. Deyirdi ki, Lütvəli Abdullayev hamının işinə yarayan, hər kəsə kömək əli uzadan, xeyirxah bir insan olub: “Kimini məktəbə, kimini xəstəxanaya düzəldərdi. Bir dəfə hansısa kolxozdan onun yanına gələrək: “Bizə traktor lazımdır. Nazirlikdən nə qədər xahiş etsək də, vermədilər, bəlkə bizə kömək edəsən?» dedilər. Lütvəli tez geyinib onlarla getdi və nazirlik də həmin adamlara 4 ədəd traktor verəcəyinə söz verdi. Mən hirslənib ona “sən naziri tanıyırsanmı, traktor da xahiş edəsən?” deyəndə, o: «Mən naziri tanımasam da, nazir məni yaxşı tanıyır» - deyə cavab verdi. Sevda xanım danışırdı ki, evlərindən heç zaman qonaq-qara əskik olmazmış. Tanıdı-tanımadı hər kəs kömək üçün qapılarını döyürmüş: “Bir gün səhər tezdən məni oyatdı ki, tez qalx, evə qonaqlar gəlib. Qonaq otağında üç nəfər tanımadığım adamın olduğunu gördüm. Çay-çörək hazırladım. Yedilər-içdilər, sonra Lütvəlini də götürüb getdilər. Gedəndə dedi ki, «Nahar hazırla, qonaqlarla gələcəyəm». Ancaq günorta gəlib çıxmadılar. Axşamüstü isə tək gəldi. Soruşdum ki, kim idi bu qonaqlar? O: «düzünə qalsa, heç mən də tanımadım. Uzaq rayondan gəliblər, xəstələri vardı. Onlara xəstəni Moskvaya aparmaq üçün göndəriş lazım idi, nazirlik isə verməmişdi. Məsələni həll etdim» - dedi. Lütvəli nəinki məsələni həll etmişdi, üstəlik, onları aeroporta apararaq təyyarəyə bilet də alıb yola salmışdı. Onu “Baksovet”ə deputat seçmişdilər. Lakin heç vaxt iclaslara getmirdi. Narazılığını gizlətməyərək: «Mən artistəm, niyə qoymurlar öz işimlə məşğul olum? Mən xalqıma deputat kimi yox, yalnız aktyor kimi xidmət edə bilərəm. Qoy elə məni artist kimi tanıyıb sevsinlər, deputatlıq mənim işim deyil» - deyirdi.
Onlar ailə quranda Lütvəli Abdullayevin 43, Sevda xanımın isə 30 yaşı vardı. Sevda xanımın üzərində «Xalq düşməninin qızı» damğası vardı. O, Əhməd bəy Pepinovun qızı idi. Atasını müsavatçı nazir kimi 32-ci ildə güllələmişdilər. Bu üzdən heç kim cürət edib onların qapısını açmırdı. O vaxt bu cür qapılara nəinki elçi getmək, hətta, onlarla ünsiyyətdə olmaq da yasaq edilmişdi. Ancaq Lütvəli Abdullayevin heç nəyə məhəl qoymadan qəlbini ona açması, onların qapısına elçi göndərməsi onu Sevda xanımın ailəsinin gözündə ucaldıb. Onlar evləniblər. Sevda xanım danışırdı ki, evlənəndən sonra həyat yoldaşı ona işdən çıxıb edə oturmağı təklif edib. Xarici Dillər İnstitutunda alman dili müəlliməsi işləyən Sevda xanım isə etiraz edib: «İndi ki, mütəxəssissən onda əlasından olmalısan» - deyə Lütvəli Abdullayev da bildirib. O, həqiqətən də həyat yoldaşını bütün məişət qayğılarından azad edib. Filologiya elmləri namizədi adını almasına imkan yaradıb. Sevda xanım həyat yoldaşını qayğıkeş, ailəyə bağlı insan kimi xatırlayırdı: «Mənə qabaqcadan demişdi ki, uşaqlara qarşı tələbkar ol. Özü isə uşaqlara qarşı çox ciddi ola bilməyəcəyini söyləyirdi. Heç vaxt da uşaqlara qarşı kobudluq etməz, onların bütün dəcəlliklərinə göz yumardı. «Bu uşaqlar səndən çəkinməlidir, bir az tələbkar ol»- deyə həmişə hirslənəndə «Bunu məndən umma» - deyirdi. Ona görə də uşaqlar atalarını daha çox sevirdilər.
Sevda xanım bu evlilikdən heç vaxt peşman olmayıb. Əksinə, tale onu böyük qəlbli, alicənab bir insanla rastlaşdırıb: “Mən onunla küçəyə çıxmaq istəmirdim. Çünki iki addımlıq yolu bir saata qət edirdi. Yolboyu o qədər tanımadığı adamlarla söhbət edirdi ki, bezirdim. Etirazımı bildirəndə də gülə-gülə deyirdi: «Görmürsən tipdir?». O, yaratdığı obrazların əksəriyyətini həyatda rast gəldiyi həmin tiplərlə ünsiyyətdən zərrə-zərrə toplayıb yaradırdı. O, heç vaxt oynayacağı obrazın sözlərini evdə əzbərləməzdi. Özünü daxilən rola kökləməyə çalışardı” deyə Sevda xanım xatırlayırdı.
Həm sirdaş, həm qardaş, həm sirr...
Vaxtilə «Muskomediya»nın tamaşalarını izləyənlər «İndiyə qədər Nəsibə-Lütvəli dueti kimi bir duet olmayıb» deyə xatırlayırlar. Nəsibə xanım həmişə Lütvəli Abdullayevdən danışanda üzünün ifadəsi dəyişir, çöhrəsindən sanki bir gənclik dalğası keçirdi: «Lütvəli mənim həm sirdaşım, həm qardaşım, həm sirrim, həm pulum, həm də pulsuzluğum olub. Lütvəlinin yeri mənim qəlbimdə başqadır» - deyirdi Nəsibə xanım: «Biz bir-birimizə o qədər inanırdıq ki. “Çalış ölmə, öldünsə qurtardı getdi”- bu, onun sözləri idi. Deyirdi ki, ad günlərimi mən öləndən sonra sən keçirəcəksən. Mən səhnəyə çox aktyorlarla çıxmışam, amma Lütvəli kimi tərəf-müqabilim olmayıb. O, hər yerdə sənət axtarışında idi. Adi bir sözlə, eyhamla, bir baxışla öz istədiklərini tamaşaçıara çatdırırdı. Onun rollarının arxasında həmişə əsl artist görünürdü. O, fitrən komik aktyor kimi doğulmuşdu. Ondan sonra səhnə boş qaldı”.
İnsan sənətkar
Musiqili Komediya Teatrının aktyoru, Əməkdar artist Novruz Qartal vaxtilə “əmi” deyə çağırdığı Lütvəli Abdullayevi “bütün zamanların aktyoru” adlandırır: “Lütvəli gözəl sənətkar olmaqdan savayı gözəl və xeyirxah insan idi. Tanrı ona hər şey vermişdi – istedad, gözəl xasiyyət, vətənpərvərlik, humanistlik. Bütün bunlar Lütvəli Abdullayevdə cəm olmuşdu. Elə adam yox idi ki, Lütvəli ona köməklik etməsin. Hətta, rayonlardan gələrək «Lütvəli müəllim, bizim filan işimizi düzəlt» deyirdilər. O, həmin adamları tanımırdı, ancaq uşaq kimi onların qarşısına düşür və problemlərini həll etməyə gedirdi. Mən bütün bunları öz gözümlə görmüşəm. Sənətkar olmaq asandır, ancaq insan olmaq çətindir. Lutvəli Abdullayev insan sənətkar idi. Biz uzun illər bir yerdə işlədik və mən onu bircə dəfə də əsəbiləşən görmədim. Həmişə deyib-gülən, zarafat edən bir adam idi. Səhnədə nə qədər komik idisə, həyatda bir o qədər ağır təbiətli idi. O, gözəl ailə başçısı idi. Ailəsini sevən, sənətinə hədsiz məhəbbəti olan insan idi”. Novruz Qartal heç vaxt unuda bilmədiyi bir hadisəni xatırlayır: “Bir dəfə məni hərbi xidmətə çağırırdılar. Bir tərəfdə qanıqara dayanmışdım. Məni görüncə, əhvalımı soruşdu, mən də vəziyyəti izah elədim. «Səndən əsgər olar? Sabah saat 9-da burda ol, hərbi komissarlığa gedək»- dedi. Səhər öz maşını ilə gəlib məni götürdü və Biləcəriyə getdik və hərbi komissarın qəbuluna düşdük. “Bizim uşağı əsgərliyə aparırlar. O, gələcəyin Lütvəlisidir. Buna bir il möhlət verin” deyə xahiş etdi. Bununla da məsələ həll olundu. Qapıdan çıxanda general «Lütvəli, xahiş edirəm, bir də bura gəlmə» - deyəndə Lütvəli gülərək: «İstəyirsənsə bir də bura gəlməyim, onda nə Şəki zonasından, nə də aktyorlardan əsgər aparma» - deyə cavab verdi”.
Novruz Qartal danışır ki, səhnəyə ilk çıxdığı vaxtlarda Lütvəli Abdullayev Bəşir Səfəroğlu ilə «Toy kimindir» komediyasında oynayırmış. Gənc aktyor da həmin rolda oynamağı arzulayıb: “Mən həmin rolu hazırladım və dedim ki, əmi, bir bu rola bax, gör, mən bunu oynaya bilərəm, ya yox? O, zaman Tağıyev teatrının yuxarı mərtəbəsində məşq zalı var idi. Biz yuxarı qalxdıq. O, tamaşanın bir hissəsinə baxdı və güldü: «Afərin, bunu sən nə mənə oxşatmısan, nə də Səyavuş Aslana. Sənin öz yolun var. Bu rol sənindir, oyna»-dedi. O vaxtdan da mən bu rolu oynayıram. Elə bu gün də həmin balaca hissəni müasirləşdirərək təqdim edirəm. Çünki bu, Lütvəli Abdullayevin xeyir-duası ilə mənə verilən bir obrazdır».
Novruz Qartal Lütvəli Abdullayevlə bir sıra tamaşalarda – «Məşədi İbad», «Gözün aydın», «Hicran», «Məmmədəli kurorta gedir», «Olmadı elə, oldu belə», «Özümüz bilərik» və s. səhnə əsərlərində tərəf-müqabil olub. Aktyor deyir ki, vaxtilə Lütvəli Abdullayevlə səhnəyə çıxan aktyorlardan sağ qalanlar da barmaqla sayılası qədərdir. Çoxu dünyasını dəyişib: «Nəsibə Zeynalova, Mobil Əhmədov, Ofeliya Aslan, Lütviyyə Səfərova – hamısı vəfat edib. Lütvəli Abdullayevin ən çox işlədiyi rejissor Şəmsi Bədəlbəyli də dünyadan köçüb. Onlar həmçinin yaxın dost idilər. Lütvəli Şəmsinin sağ əli idi. Onlar birlikdə «Muskomediya»nın yaradıcıları olublar”.
Novruz Qartal “Lütvəli-Nəsibə” duetini isə teatr tarixində ayrıca bir səhifə adlandırır: «Bu iki sənətkar bir-birini çox gözəl başa düşürdü. Bir də görürdün Nəsibə xanım söz atır, Lütvəli o saat sözü tutub ona cavab verirdi. Bir-birini him-cimlə anlayırdılar. Onların hər ikisi improvizə ilə oynayan, xüsusi istedada malik olan insanlar idilər. Onlar heç vaxt «tekst»lə səhnəyə çıxmırdılar”.
Novruz Qartal təəssüflə deyir ki, böyük sənət yoldaşlarının – Bəşir Səfəroğlunu, bəstəkar Süleyman Ələsgərovun, rəssam Böyükağa Mirzəzadənin yeri hələ də teatrda görünür: “İndi o sənətkarların yeri boş qalıb. Bəzən səhnədə tərəf-müqabilimin zəif olduğunu görürəm. Onda dərhal gözümün qabağına Lütvəli Abdullayev kimi sənətkarlar gəlir. Mən o sənətkarlardan səhnə mədəniyyəti, davranış, məclislərdə özlərini necə aparmaq qaydasını, xeyirxahlığı öyrənmişəm. Mən bu gün də gənclərə onlardan öyrəndiyimi öyrədirəm. Yaxşı ki, bu cür sənətkarlar olub və biz onları səhnədə görmüşük, onlardan öyrənmişik. Çünki onlar ustad olub”.
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər