• şənbə, 27 Aprel, 08:24
  • Baku Bakı 12°C

“Ol” deyəndə “Ol”an teatr - Fotolar

25.09.18 11:52 2316
“Ol” deyəndə “Ol”an teatr - Fotolar
Teatr kütləni cəhalətdən qurtarmaq üçün ən ideal vasitədir. Bir neçə il bundan qabağa qədər dövlət teatrlarımızın mövcudluğundan danışır, onların yalnız özəl teatrlar yaranacağı təqdirdə inkişaf edəcəyini və əgər rəqabət olsa, onların da inkişafa doğru yol alacağını deyirdik. İndi isə yeni-yeni müstəqil teatrlar yaranır. Onlar öz büdcələri hesabına ayaqda durmaq üçün mübarizə aparırlar. Bu gün özəl teatrların fəaliyyəti bizi bu baxımdan sevindirir. Çünki yeni teatr yeni nəfəs deməkdir, yeni teatr yeni tamaşalar deməkdir, yeni teatr fərqli repertuar deməkdir, yeni teatr yenilik deməkdir.
Eyforiyaya qapılan teatr
Sentyabrın 23-də daha bir özəl teatr öz qapılarını tamaşaçıların üzünə açdı. Bir neçə ay bundan əvvəl kinoteatrlara ayaq açan "Ol” filminin yaradıcı heyəti bu dəfə «Ol” Teatrı ilə qarşımızda idi. İlk dəfə kiçik səhnədə "Cəsur Şahzadə Məlikməmmədin nağılı”nda onlar sevimli qəhrəmanlarının macəralı və sehrli dünyasına səyahətə apardılar. Tamaşanın quruluşçu rejissoru kukla sənətini uzun illər Azərbaycanda və ölkə hüdudlarından kənarda təmsil etmiş, bir çox festivalların laureatı olmuş Namiq Ağayev idi. Teatrın ilk tamaşası olan "Cəsur Şahzadə Məlikməmmədin nağılı”da rollarda Fikrət Məmmədov, Mehriban Rəcəbova, İlqar Kamal və Əli Baloğlanov iştirak edirdi. Tamaşanın müəllifi və quruluşçu rejissoru Namiq Ağayev, rəssam və kukla ustası Xuraman Azəridir, dizayn və qrafikası Orxan Bektaşa məxsusdur.
Məlumat üçün qeyd edək ki, «Ol” Teatrını 1997-ci ildə Namiq Ağayev Türkiyənin tanınmış aktyoru Tuncer Salmanla birlikdə Türkiyədə açıb. Teatrın ilk tamaşası isə Nazim Hikmətin 45 illiyi münasibəti ilə "Xoşgəldin, Nazım” adlı tamaşa olmuşdu. Daha sonra Richard Bachın eyniadlı kitabından bəhrələnən "Qağayı” adlı tamaşa həmin teatrda nümayiş olunmuşdu.
Namiq Ağayev bizimlə söhbətində «Ol” Teatrının o illərindən danışdı. Dedi ki, bu "Ol” həm o "Ol”dandır, həm də o "Ol”dan deyil: "Biz Tuncer Salmanla həmin «Ol” Teatrının tamaşaları ilə Amsterdama, Kiyevə, Moskvaya qastrollara getmişdik. Bu teatr həmin teatrın davamı deyil. Tamam başqa ampluada, başqa quruluşda hazırlanan bir teatrdır. "Ol” sözü mənim könlümdən xəbər verir. Allah "Ol” deyib. "Ol” həm mübtədadır, həm feldir. "Ol” deyilib və olub.Bu "Ol” məsələsi çox qəliz məsələdir. İndi də teatr şəklində fəaliyyət göstəririk. Bizim məqsədimiz, hədəflərimiz var. Biz bu teatrla bir çox ölkəyə festivala gedəcəyik. Bilirsiniz ki, biz bir neçə ay bundan öncə "Ol” filmini də çəkdik. Filmin prodüseri Ramin Asimoğlu idi. Həmin Ramin bəy hazırda teatrın direktoru və bədii rəhbəridir. O, mənim sənətdə kiçik qardaşımdır. Ramin gəncdir və o, bu teatrı çox gözəl idarə edir. Biz bu səhnədə mini pantomima, mini opera, uşaq və böyüklər üçün tamaşalar hazırlayacağıq. Teatrın nəzdində aktyor kursları da fəaliyyət göstərəcək. Aktyora lazım olan bütün stereotipləri yetişdirəcəyik. Sakit durmaq fikrində deyiləm. İstedadlı uşaqlardan buraya cəlb edəcəyik”.

Biletlərin satışına gəlincə, Namiq Ağayev deyir ki, əgər teatrı hansısa şirkət öhdəsinə götürsə, tamaşalar xeyriyyə məqsədi ilə, ödənişsiz şəkildə təqdim olunacaq, ya da çox ucuz şəkildə biletlər satılacaq. Əgər teatr "öz əli, öz başı” olsa, biletlərin qiyməti bir qədər baha ola bilər, çünki teatrı saxlamaq lazımdır.
Rejissordan gələcək planlarını da xəbər aldıq. Deyir ki, təkcə «Ol” Teatrı ilə kifayətlənmək niyyətində deyillər: "Musiqili teatr açmaq istəyirik. Bundan başqa, «Ol” Teatrında rejissura, eyni zamanda prodakşın var. Teatr bizimdir, hamınındır”.
Rejissordan nə üçün teatrın açılışını məhz uşaq tamaşası ilə etdiklərini də soruşuruq: "Uşaqlar dünyanın ən saf, təmiz varlıqlarıdır. "Cəsur Şahzadə Məlikməmmədin nağılı” tamaşası bizim milli nağıllarımız əsasında hazırlanıb. Uşaq psixologiyasına, mistikasına özümüzü daha yaxın hiss edirik. Bu bizdə nəsillikcədir. Mən çox gənc yaşlarımda ilk fəaliyyətimi Abdulla Şaiq adına Kukla Teatrından başlamışdım. SSRİ-də həmin vaxt tamaşa hazırlamaq bir rekord idi. Yaşlandıqca beynimiz sadələşir, dünyaya daha açıq gözlə baxırıq. Bu beyin uşaq psixologiyasına çox uyğundur. Yaşlananda sentimentallaşıb uşaqlaşırsan. Eyni zamanda, böyük bir tamaşa hazırlayırıq. Uşaqları əyləndirmək yox, həm də estetik tərbiyə vermək istəyirik. Onlara qəhrəmanlarımızı sevdirmək istəyirik”.
Kiçik səhnədəki canlılıq
«Ol” Teatrının direktoru və bədii rəhbəri Ramin Asimoğlu deyir ki, onların qarşısında böyük məqsədlər dayanır: "Teatr bir bayramdır. Biz çalışacağıq ki, insanlara o bayram ab-havasını yaşadaq. Açığı, qabaqcadan böyük danışmaq istəmirəm. Repertuarımızda müxtəlif səpkili tamaşalar yer alacaq ki, artıq yeni tamaşanın məşqlərinə başlamışıq. Bundan sonra böyüklər üçün tamaşa təhvil verəcəyik. Hədəfimiz birdir. O hədəfə təmiz, pak, müqəddəs getmək ən böyük amalımızdır”.
Tamaşada şah rolunun ifaçısı, aktyor Fikrət Məmmədov deyir ki, uşaqlara milli nağıllarımızın təbliği vacib amillərdəndir: "Bu günün uşaqları xarici nağıllara baxaraq böyüyür. Biz onlara yerli qəhrəmanlarımızı sevdirməli və onları tanıtmalıyıq. Bu baxımdan Məlikməmməd ən baxımlı, oxunaqlı gözəl qəhrəmandır. "Cəsur Şahzadə Məlikməmmədin nağılı” tamaşası bir fərqlilik idi. Ümumiyyətlə «Ol” Teatrının tamaşaçısı burada təzə eksperimentlər görəcək. Necə ki bu tamaşada gördülər. Sözügedən tamaşa aktyor və kukla sintezi nəticəsində hazırlanmışdı. Bundan sonra «Ol” Teatrının səhnəsində yeni ideyalar, yeniliklər olacaq”.
Tamaşaçıların görmək istədikləri
Teatrın açılışında iştirak edən yazıçı-publisist Ülviyyə Heydərova deyir ki, hər mədəniyyət ocağının açılması əslində bayramdır: "Çünki həmin məkanlar nəinki mədəniyyəti, incəsənəti yaşadır, ən əsası, mənəviyyata xidmət edir. İnternet dövründə, hər şey virtuallaşan zamanında rejissor Namiq Ağayevin yaratdığı «Ol” Teatrı bir nəfəslik açdı. Teatr aləmində nə qədər bu cür teatrlar açılarsa, bundan ancaq mədəniyyətimiz qazanar. «Ol” Teatrı mənə ailədə yeni dünyaya gələn körpəni xatırladır. O körpənin gəlişi məni həm sevindirdi, həm də məsuliyyət hissimi bir az artırdı. Düşünürəm ki, "Ol” Teatrını sağ-salamat böyütmək yalnız başda Namiq Ağayev olmaqla kollektivin üzərinə düşən məsuliyyət deyil. Onu həm də biz qorumalıyıq, yaşatmalıyıq! Bunun üçün ilk növbədə teatrı sevmək lazımdır. "Ol” Teatrının açılması münasibətilə bütün teatrsevərləri təbrik edirəm!”.
Övladını teatra gətirən üç yaşlı Ucalın anası Sevinc Fədai isə bildirir ki, müstəqil bir teatrın yaranması o deməkdir ki, orda azad, fərqli düşüncə, yanaşma tərzi görəcəyik: "Bu mənada yeni bir müstəqil teatrın yaranması mədəniyyət və mədəniyyətsevərlər üçün önəmli və ciddi hadisədir. Paytaxtda övladımızla birgə istirahət etmək üçün gedəcəyimiz yerlərin əksəriyyəti kafe, restoran və əyləncə mərkəzləridir. Ancaq həm uşaqlara, həm də böyüklərə xidmət edən, insanları düşündürən, mənəvi rahatlıq, mənalı gülüş bəxş edən bir teatrın var olması, təbii ki, çox gözəldir. «Ol” Teatrı elə ilk tamaşasından böyüklü-kiçikli hər kəsin mənalı, dolu vaxt keçirməyinə səbəb ola bildi. Uşaqların həmin müddət ərzində marağını cəlb etmək, sıxılmadan hər hansı bir materialı izləməsini təmin etmək çətindir. Və "Ol” bunu bacardığına görə, demək, ilk addımları uğurlu oldu. Kollektiv uşaqları həyəcanlandıra, güldürə bildi. Həmçinin interaktivlik də uşaqlar üçün maraqlı oldu. Onlar xoşladığı, maraqlarına səbəb olan personaja toxuna, kuklaları çağıra, sözlərini deyə bildilər. Mən kiçik yaşımızdan dinlədiyimiz, oxuduğumuz nağılın belə fərqli üslubda təqdim olunmasını çox bəyəndim. Bu gün az qala hər kəs xroniki yorğunluq yaşayır və beynini, ruhunu dincəltməyə məşğuliyyətlər axtarır, gülmək, məişətdən qopub düşünmək istəyir. Və nə xoş ki, bu teatrda səviyyəli, xoş gülüş yaradan detallar var. Növbəti tamaşalarda isə məşhur və ya Azərbaycan oxucusuna çox da məlum olmayan əsərlərin bu şəkildə fərqli formatda təqdim olunması, tamaşaçını ciddi suallarla qarşı-qarşıya qoyması, düşündürməsi, eləcə də ciddi yumor və replikalarla güldürməsi çox yaxşı olar. Teatrın yaradıcı kollektivinə uğurlar arzu edirəm. Oğlum və mən artıq bu teatrın daimi tamaşaçılarıyıq”.
Bizə isə yeni açılan "Ol” Teatrına bu çətin və məşəqqətli yolda səbr, dözüm və uğurlar arzulamaq qalır. Yaradıcı kollektivin yolu açıq və aydın olsun.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər