• şənbə, 27 Aprel, 08:51
  • Baku Bakı 12°C

Obama “soyqırımı” deyəcəkmi?

21.04.15 05:39 954
Obama “soyqırımı” deyəcəkmi?
Qondarma erməni soyqırımının 100 illiyinə bir neçə gün qalmış diqqət Amerika Birləşmiş Ştatlarına yönəlib. Hazırda hamını bir məsələ düşündürür - ABŞ prezidenti Barak Obama da Roma Papası və Avropa Birliyi kimi xristian həmrəyliyi prinsipindən çıxış edib 1915-ci ildə baş verənləri soyqırımı elan edəcək, yoxsa adəti üzrə hər il olduğu kimi bu il də baş verənləri sadəcə olaraq “böyük faciə” kimi qələmə verəcək? Hər halda birinci ehtimalın reallaşa biləcəyi qorxusu da yaranıb. ABŞ-ın bu addımla bölgədəki strateji müttəfiqi Türkiyəyə zərbə vurmasının qarşısını almaq üçün isə rəsmi Ankara adekvat addımlar atmaqdadır. Elə bu səbəbdən də Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-a səfər edib. O, amerikalı həmkarı Con Kerrinin dəvəti əsasında getdiyi ABŞ-da bir sıra görüşlər keçirib.
ABŞ-a səfəri çərçivəsində Merilənddəki Türk-Amerikan Mədəniyyət Mərkəzini ziyarət edən M.Çavuşoğlu daha sonra müsəlman cəmiyyəti nümayəndələriylə günorta yeməyində bir araya gəlib. Mərkəzin bütün müsəlmanların birlikdə ibadət edə biləcəyi məkan olaraq inşa edildiyini vurğulayan XİN başçısı prezident Rəcəb Tayyib Ərdoğanın telefon danışığı zamanı həmkarı Barak Obamaya: “Mərkəzin açılışını birlikdə reallaşdıraq” - dediyini, B.Obamanın isə təklifə müsbət yanaşdığını bildirib.
M.Çavuşoğlu islamofobiyaya da diqqət çəkib: “Təəssüf ki, “Əl-Qaidə” və DEAŞ kimi terror təşkilatları dünyadakı bütün müsəlmanların imicinə zərər verir. Bizlərin vəzifəsi amerikalılara və səlahiyyətlilərə DEAŞ-ın nə bir dövlət, nə də islam olduğunu şərh etməkdir”.
Erməni diasporunun Türkiyə və islam əleyhinə işlər icra etdiyini xatırladan M.Çavuşoğlu 1915-ci ildə ölən müsəlmanlarla yanaşı, ermənilərin də ağrılarını bölüşdüklərini qeyd edib. O, müsəlman cəmiyyətini 24 apreldə Vaşinqtonda keçiriləcək Barış və həmrəylik yürüşünə çağırıb: “24 Apreldə Vaşinqtonda təşkil ediləcək Barış və həmrəylik yürüşünə bütün müsəlmanları dəvət edirəm”.
Beləliklə, qondarma erməni soyqırımının 100 illiyi mərasimlərinə sayılı günlər qalıb və Türkiyə və türk dünyası həyəcan içindədir. İnanmaq istərdik ki, Obama ermənilərin arzusunu ürəyində qoyacaq və “soyqırımı” sözünü dilə gətirməyəcək. Əks halda ABŞ Yaxın Şərqdə ən güclü müttəfiqi olan Türkiyə ilə münasibətləri korlaya bilər.
Bu arada ermənilərin böyük hamisi, Rusiya lideri Vladimir Putin İrəvana gedəcəyini təsdiqləyib. V.Putinin səfəri aprelin 24-də olacaq. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Səfər çərçivəsində Rusiya və Ermənistan prezidentlərinin görüşü də nəzərdə tutulub. Onların qarşılıqlı münasibətlər, eləcə də regional məsələlərə toxunacağı gözlənilir. Qeyd edək ki, erməni mətbuatı qondarma soyqırımı günündə Fransa prezidenti Fransua Ollandın da İrəvana gələcəyini yazır.
Təssüf ki, Türkiyədə də qondarma soyqırımının müdafiəçiləri tapılır. Bu məsələdə ermənilərlə yaxın mövqedən çıxış edən kürdlər yenə fəallaşıblar. Hər zaman Türkiyəyə qarşı məsələlərdə ermənilərin mövqeyindən çıxış edən kürdlər bu dəfə də ənənələrinə sadiq qalıblar. “Osmanlı ermənilərə qarşı həqiqətən soyqırımı törədib”. Bu açıqlama ilə Türkiyədə fəaliyyət göstərən Demokratik Bölgələr Partiyasının rəsmi nümayəndəsi Ramazan Alver çıxış edib. Onun sözlərinə görə, üzərindən yüz il keçməsinə baxmayaraq, “soyqırımı”nın ağrıları indi də cəmiyyət üzərində hiss edilir: “O zaman bir milyon yarım erməni öz yurdundan qovuldu. Bu, tam anlamı ilə bir insanlıq faciəsi olduğu kimi həm də soyqırımıdır. Yüz il keçməsinə baxmayaraq, hələ də dövlət bunun üstünü örtməyə çalışır. Bunun xalqların qardaşlığı və gələcəyinə heç bir faydası yoxdur. Vatikanda Papanın söylədikləri soyqırımını tam olaraq izah etməkdədir. Papa tarixi gerçəkliyi dilə gətirib. Ermənilər, yunanlar və kürdlər son yüz il boyunca dünya tarixi qədər böyük əzablarla üz-üzə qalıblar. Türkiyə dövlətinin öz tarixi ilə üzləşmək vaxtı çatıb”. Qeyd edək ki, DBP kürd partiyasıdır. Əsası 2014-cü ildə qoyulub. Partiyanın əsas ideoloji xətləri sırasında kürd millətçiliyi və sosializm yer alır.
Öz növbəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növvəti dəfə saxta erməni soyqırımı iddiaları ilə bağlı sərt çıxışıyla yadda qalıb. O bildirib ki, Papa etdiyi səhvi düzəltmədən Avropa Parlamenti bənzər dəlilikləri nümayiş etdirməyə başladı: “Avropa Parlamenti belə bir qərar versə nə olacaq, verməsə nə olacaq? Buradan bütün dünyaya, ələlxüsus da ermənilərə müraciət etmək istəyirəm. Bu məsələni tarixi müstəvidən ayrılaraq siyasiləşdirmək ən çox ermənilərə zərər verir”. Prezident deyib ki, Türkiyə dəfələrlə Ermənistana əl uzadıb: “Bizim Ermənistana qapımız hər zaman açıqdır, amma Qarabağ problemini həll etmək şərtilə. Parlament başçılarımız birgə bəyanat çağırışı edir. 3 partiya buna imza atır, terror təşkilatının nümayəndəsi mövqeyində olan partiya buna imza atmır. Bəs bunlar Türkiyənin partiyası idi, bəs Türkiyəni təmsil edirdilər? Bu ucuz siyasətə bu ölkənin bonus verməməsi lazımdır”.
Avropa Parlamentinin ermənilərin haqqını qorumaq məqsədinin olmadığını, ermənilərin ölkənin başqa yerlərinə köçürülmələrinin 100-cü illiyini bəhanə edərək yenidən və daha güclü şəkildə Türkiyə və millətini qaralamağa başladığını ifadə edən R.T.Ərdoğan Papa Fransiskin mövzu ilə bağlı sözlərinə lazımlı cavabın dərhal verildiyini bildirib.
Batman vilayətində yaşayan erməni əsilli ailələr də Papa Fransiskin 1915-ci il hadisələrinə dair açıqlaması və Avropa Parlamentinin qərarına reaksiya verib. Batmanın Sason qəsəbəsində yaşayan erməni vətəndaşlar: “Fələstin, İraq və Suriyada yaşananları görməyənlər necə olur da 100 il əvvəli görürlər” sualını ünvanlayıb.
Türkiyədə ayrı-seçkiliklə qarşılaşmadıqlarını səsləndirən ermənilər: “Qondarma erməni iddialarına dair açıqlamaları və qəbul edilən qərarı qınayırıq. Əsassız açıqlamalar bizi narahat edir” - deyiblər. Onlar türklərlə qardaş kimi yaşadıqlarını ifadə ediblər: “Türkiyənin inkişafını istəməyənlər var. Lakin bizlər bütün türklərlə bərabər hüquqlar çərçivəsində dost və qardaş kimi yaşayırıq. Uşaqlarımız bu ölkədəki digər uşaqlarla eyni məktəbdə təhsil alırlar. Bu günə qədər heç bir ayrı-seçkilik görmədik. Bundan sonra da görməyəcəyik”. Türkiyə erməniləri Avropanı onlardan siyasi məqsədlər üçün istifadə etməməyə də çağırıb. Türkiyə erməniləri adından Vatikan və Avropa Parlamentinə müraciət də ünvanlanıb. Müraciətdə Türkiyə erməniləri 1915-ci il hadisələrinə yox, Suriya və İraq böhranlarına diqqət ayırmaq barədə çağırış ediblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər