• şənbə, 27 Aprel, 05:35
  • Baku Bakı 14°C

Növbəti manipulyasiya - Fotolar

16.05.19 20:12 2682
Növbəti manipulyasiya - Fotolar
İqtisadiyyatın bütün sahələrini əmək aləti ilə təmin etdiyinə görə mütəxəssislər maşınqayırmanı sənayenin ürəyi adlandırırlar. Maşınqayırma özü-özlüyündə yüzdən çox ayrı-ayrı istehsallar, sahələr, yarımsahələr, elmi-texniki komplekslərdən ibarətdir. Yeni iş yerlərinin yaradılmasında, yeni məhsulların bazara çıxarılmasında, ölkə iqtisadiyyatının güclənməsində, ölkənin iqtisadi müstəqilliyinin artmasında, hərbi cəhətdən güclü olmasında maşınqayırmaya alternativ sahə yoxdur. Bütün bunlarla yanaşı, maşınqayırma ölkənin iqtisadi gücünün barometridir. Maşınqayırmanın səviyyəsinə görə ölkənin sosial-iqtisadi inkişafı haqqında fikir söyləmək olar. Maşınqayırması yaxşı olan ölkənin inkişaf səviyyəsi də yüksək olur. Hazırda sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadiyyatında aparıcı mövqe maşınqayırmaya və onunla əlaqədar olan istehsal və sosial infrastrukturlara məxsusdur.


Belə bir fonda Azərbaycanda da minik avtomobillərinin istehsal edilməsinə başlanılıb. Nəqliyyat vasitələrinə artan tələbin daxili istehsal hesabına ödənilməsi üçün ilk öncə Naxçıvan Avtomobil Zavodu istifadəyə verilib və bu müəssisə maşınqayırma sənayesinin inkişafında xüsusi çəkiyə yiyələnib. 2010-cu ildən başlayaraq, Çin şirkəti ilə birlikdə bu zavodda müxtəlif modellərdən ibarət "NAZ-Lifan” avtomobillərinin istehsalına başlanılıb.
Hazırda isə Naxçıvanla yanaşı, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində, Neftçala Sənaye Məhəlləsində yerləşən "Azərmaş” ASC və "İran Khodro” şirkətinin birgə müəssisəsində müxtəlif minik və yük avtomobilləri, traktorlar istehsal olunur.
"Azərmaş” ASC-nin Rusiyanın "QAZ Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə əsasında yaxın gələcəkdə Hacıqabul Sənaye Müəssisəsində daha bir zavod istifadəyə veriləcək ki, burada da kiçik həcmli yük avtomobilləri istehsalı olacaq. Bir neçə gün bundan öncə isə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin açılışı olub.
"Gəncə Avtomobil Zavodu” İB və Belarusun "Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində "E-321” markalı elektrobuslar və "PALESSE KZS-575” markalı taxılyığan kombaynlar yığılaraq konveyerdən çıxıb.


Təbii ki, bütün bu addımlar, ölkəmizdə maşınqayırma sənayesinin inkişafı istiqamətində görülən işlər, reallaşdırılan layihələr hər birimizi sevindirir. Çünki, bunlar Azərbaycan iqtisadiyyatının inkişafını nümayiş etdirən növbəti hadisələrdir. İqtisadiyyatın inkişafı isə ölkə vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşmasına xidmət edən əsas amildir.
Lakin əfsuslar olsun ki, bütün bu uğurları həzm edə bilməyən daxili və xarici qüvvələr Azərbaycanda maşınqayırma sənayesində atılan addımlara kölgə salmağa çalışırlar. Elə bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir foto da bu məqsədə ictimailəşdirilir. Əvvəlcədən hazırlanmış həmin fotoda dəmiryol nəqliyyatı ilə daşınan iki avtobus əks olunub. Bu fotonu paylaşanlar iddia ediblər ki, guya Gəncədə avtobus istehsalı ilə bağlı söylənilənlər həqiqətə uyğun deyil. Harada, nə zaman çəkildiyi bəlli olmayan bu foto Azərbaycanla əlaqələndirilir.

Amma reallıq bundan ibarətdir ki, ilk dəfə olaraq, Gəncə Avtomobil Zavodunda "E-321” markalı elektrobus və "PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb. Hətta bu münasibətlə təşkil olunan mərasimdə Belarusun baş nazirinin müavini İqor Lyaşenko, sənaye nazirinin müavini Dmitri Korçik, "Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Novikov, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, Gəncə şəhər rəhbərliyi, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev, millət vəkili Naqif Həmzəyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar da iştirak ediblər.
Qeyd olunub ki, indiyə qədər həmin müəssisədə, ümumilikdə, 11 modeldə 10549 ədəd traktor, 143 xüsusi təyinatlı traktor yığılaraq təhvil verilib. Bu texnikalardan 9825-i dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-yə, 724-ü fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 4 ayı ərzində Gəncə Avtomobil Zavodunda 478 texnika istehsal olunub. Bunlardan 469-sı müxtəlif model traktorlar, 1-i MAZ markalı qoşqulu avtomobil, 1-i "KAMAZ” markalı avtomobil, 2-si MAZ markalı avtobus, 5-i özüboşaldan traktor qoşqusudur.
2019-cu ilin aprel ayının sonuna qədər "Gəncə Avtomobil Zavodu” İB-də 8 modeldə, müxtəlif modifikasiyalarda 2864 ədəd MAZ avtomobili istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 faizini yerli istehsal təşkil edib. Aprelin 30-dək müəssisədə 330 MAZ qoşqusu və 3202 asma avadanlıq istehsal olunub. Bu müddətədək "Gəncə Avtomobil Zavodu” İB-də, ümumilikdə, 208 ədəd "KAMAZ” markalı yük avtomobili və 411 ədəd "URAL” avtomobili istehsal edilib.

Milli Məclisin Gəncədən seçilən deputatı Naqif Həmzəyev də "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə daxil olub. Onun sözlərinə görə, ölkədə qeyri-neft sənayesinin əsas həlqələrindən birini formalaşdıran maşınqayırma və avadanlıq istehsalı istiqamətində də ciddi nailiyyətlər əldə edilib. Deputat buna daha bir nümunə kimi, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ilk dəfə olaraq "E - 321” markalı elektrobus və "PALESSE KZS - 575” markalı taxılyığan kombaynın istehsal edilməsini qeyd edib. Bildirib ki, bu, iqtisadiyyatın ağır sahəsi sayılan maşınqayırma sənayesinə daha bir töhfə olub: "Zavodda iki yeni yığım xəttinin açılması həm də daimi iş yerlərinin yaradılması, yeni məhsulların bazara çıxarılması, ölkə iqtisadiyyatının güclənməsi deməkdir. Bu həm də Gəncə sakinlərinin sosial rifahının daha da yaxşılaşmasında böyük əhəmiyyət kəsb edir. Xatırladım ki, bir vaxtlar regionlarda yaşayış yeri üzrə iş tapa bilməyən insanlar, xüsusən da gənclər paytaxta, xarici ölkələrin iri şəhərlərinə üz tutmaq məcburiyyətində qalırdılar. Ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu mənfi tendensiya, demək olar ki, tam dayanıb. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi də bu mənfi tendensiyanın dayanmasında özünəməxsus rol oynayıb. İndiyə qədər bu zavodda çoxsaylı minik və yük avtomobilləri, traktorlar istehsal edilib, istehlakçılara çatdırılıb. Zavodda elektrobus və taxılyığan kombaynın istehsal edilməsi isə ölkəmizdə yenilik olmaqla yanaşı, maşınqayırma sənayesinin inkişafına, yeni iş yerlərinin yaradılmasına, vətəndaşlarımızın sosial vəziyyətinin bir qədər də yaxşılaşmasına xidmət edəcək”.

Sonda vurğulayaq ki, bütün bu faktlar, xaraktercə xəbis radikalların, Azərbaycanın uğurlarına sevinə bilməyən xarici düşmənlərimizin, həmçinin onların əlində maşaya çevrilən "özümüzünkülərin” yalanını, qərəzini növbəti dəfə gün işığına çıxarır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər