• çərşənbə axşamı, 19 mart, 11:24
  • Baku Bakı 8°C

“Nuri-didə Ceyhun”un missiyası - Fotolar

13.03.18 09:30 2548
“Nuri-didə Ceyhun”un missiyası - Fotolar
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi ilə əlaqədar il ərzində müxtəlif səpkili tədbirlər keçirilir və layihələr hazırlanır. Mədəniyyət ocaqlarımız da bu işdən kənarda qalmaq niyyətində deyil. Belə ki, martın 10-da - Milli Teatr Günündə Azərbaycan Dövlət Musiqili Teatrında 108-ci mövsümün növbəti premyerası, eyni zamanda Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə "Nuri-didə Ceyhun” tamaşası təqdim olundu.

İdeya müəllifi Musiqili Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın quruluşçu rejissorluğu əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəyə məxsus idi. Əsərin özünü isə yazıçı-dramaturq Əli Əmirli qələmə alıb.

Biz də bu gündə teatrımızın bayramını qeyd etmək və dahi Üzeyir Hacıbəylinin qardaşının həyatını, onların yaşadığı dövrdə hansı hadisələrin necə cərəyan etdiyini bilmək üçün teatra yollandıq. Öncə onu qeyd edim ki, tamaşanın premyerasına mədəniyyətimizin, teatrımızın ziyalıları, sənət adamları, teatrşünaslar, mətbuat nümayəndələri dəvət olunmuşdu.

Tamaşanın nümayişindən əvvəl bütün iştirakçıları milli teatrın yaranmasının 145 illiyi münasibətilə təbrik edən əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə Azərbaycan teatrının çətin, lakin şərəfli bir yol keçdiyini qeyd etdi. Bu il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin silsilə tədbirlərlə qeyd edildiyini söyləyən sənətşünaslıq doktoru vurğuladı ki, bu tədbirlərə teatrlarımız da qoşulub və öz töhfəsini verməkdədir.

Ceyhun Hacıbəylinin vətən həsrəti...

Daha sonra pərdələr açıldı və tamaşa başladı. Tamaşanın mövzusu Azərbaycan səhnəsində ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı, yazıçı-publisist, tərcüməçi, naşir, ictimai xadim, azərbaycançılıq ideyalarına sonadək sadiq qalan Ceyhun Hacıbəylinin həyatından bəhs edirdi. Səhnədə yazıçının məşəqqətli mühacirət həyatı, cümhuriyyətimizin keçdiyi çətin, şərəfli mübarizə yolu nümayiş olunurdu. Tamaşada hadisələr konkret bir tarixi şəxsiyyət ətrafında cərəyan etsə də, qürbət eldə yaşayan bütün mühacir soydaşlarımızın ümumiləşdirilmiş obrazı səhnəyə gətirilmişdi. Burada Azərbaycanı müstəqil dövlət olaraq tanıtmaq üçün Paris Sülh Konfransına ezam olunmuş qrupun fəaliyyəti önə çəkilib.

Sonradan Fransada yurd həsrətli yuxuları ilə təskinlik tapan Ceyhun Hacıbəyli anasının intizarına, həyat yoldaşı Zöhrənin istəyinə, qardaşı Üzeyirin çağırış məktublarına və bütün digər təkidlərə baxmayaraq, doğma diyarına geri dönmür. Səbəb isə gün kimi aydındır... Qardaşı Üzeyir Hacıbəylinin təhdidlərə məruz qalacağından qorxurdu. İztirab dolu həyatında bir-birinin ardınca verdiyi itkilər, psixoloji cəhətdən aldığı zərbələr ömrünün sonuna qədər mühacir həyatında onu müşayiət edir. Keçirdiyi bütün sarsıntılara baxmayaraq, Ceyhun tamaşanın sonuna qədər mübariz ruhu ilə sabaha ümidini itirmir.

Aktyor oyunu və səhnə plastikası

Tamaşa C.Hacıbəylinin öz məni, daxili səsi ilə mübahisəsi ilə başlayır. Səhnədə Ceyhun Hacıbəylini əməkdar artist Pərviz Məmmədrzayev canlandırır. Yazdığı kitabların içində ümmanlara qərq olan nasir öz uşaqlığına qayıdır. O illəri nənəsi ilə söhbətində xatırlayır.

Bu obraz P.Məmmədrzayevin tam əyninə biçilmişdi. Səhnədə duruşu, mimikaları, jestləri, danışığı, hətta susması belə şahanə idi. Zalda əyləşən tamaşaçıları özünə valeh etməyi bacardı. Hesab edirəm ki, məhz Ceyhun Hacıbəyli obrazı onun bu günə qədərki yaradıcılığının ən parlaq nöqtəsidir. Bu obrazı ilə aktyorun potensialına bir daha valeh oldum. Ceyhun obrazının seçimi Mehriban Ələkbərzadənin ən uğurlu aktyor seçimlərindən biri idi. Pərviz Məmmədrzayevlə yanaşı, Şövqi Hüseynov, Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov və Şaban Cəfərov da öz rolları ilə bizə bir tarix yaşatdılar.

Tərtibat və dekorasiya

Tamaşada səhnənin dekorasiyası da fərqli və gözoxşayan idi. Belə ki, səhnənin mərkəzində fırlanan və hündürlüyə qalxan kiçik səhnədən istifadə edilmişdi. Səhnənin ön hissəsində isə dördbucaqlı dəmir diyircəkli çərçivə qərar tutmuşdu ki, o çərçivənin içərisində keçmişə və gələcəyə səyahət etmək mümkün idi. Zamana səyahət edən bu dördbucaqlı çərçivə tamaşa boyu səhnədə aktyorları müşayiət edir. Sadə olduğu qədər də mürəkkəb dekorasiyadan istifadə edən rejissor seçdiyi avadanlıqlarla fikrini tam olaraq tamaşaçıya çatdırır. Belə ki, tamaşa başlayanda Ceyhun Hacıbəyli nənəsi ilə söhbət edir, anası obrazını canlandıran xalq artisti Fatma Mahmudova isə ona Məlikməmmədin nağılını danışır. 7 yaşına səyahət edən nasir o illəri öz dili ilə xatırlayır. Fatma Mahmudova hər zaman gülməyi çox sevdiyini, gülmək üçün bir himə bənd olduğunu vurğulayır. Üzeyir, Zülfüqar, Ceyhun Hacıbəyli kimi dahi, tarixi şəxsiyyətləri dünyaya gətirən ana obrazının güləyən şəxs kimi təqdim edilməsi, düzü, o qədər də xoş gəlmədi. Biz Fatma xanımı seriallarda, tamaşalarda hər zaman komediya janrının mahir ifaçısı kimi görmüşük. Bəlkə də gözümüz onun o obrazlarına daha çox öyrəşib. Üzeyir Hacıbəylinin bacısı obrazını yaradan əməkdar artist Ülviyyə Əliyeva da komediya aktrisası olsa da, obrazının öhdəsindən layiqincə gəldi. Komediya janrına alışmış aktyorlar bu gün özlərini dram aktyoru kimi göstərə bildilər.

Rejissorun gördüyü Ceyhun Hacıbəyli

Tamaşaçılar əsəri seyr edərkən, bir növ, cümhuriyyətin qurulduğu o dövrü xatırlayır, insanların çəkdiyi çətinlikləri müşahidə edir, dövrün insanlarının hansı hadisələrlə rastlaşdığını izləyir, bir müddətlik də olsa, o zamanı yaşayır. Bu baxımdan tamaşanın rejissoru Mehriban Ələkbərzadəyə təşəkkür düşür, aktyorların seçimi, səhnənin dekorasiyası, aktyorların plastikası çox gözəl və inandırıcı idi.

Tamaşada Ceyhunun yaşadığı illər hissə-hissə göstərilir. Belə ki, həyat yoldaşı Zöhrə ilə Parisə getməsi, orada yaşadığı hadisələr olduğu kimi öz əksini tapmışdı. Zöhrə obrazını teatrın aktrisası Gülnarə Abdullayeva canlandırırdı. Gülnarə xanımın ifasında bu obraz əhatəli, dolğun və gözoxşayan idi.

Ceyhun Hacıbəylinin oğlunu gənc aktyor Nicat Əli canlandırırdı. Özünü Fransa vətəndaşı hesab edən və təyyarəçi olmağa qərar verən bu gənc elə təyyarə qəzasında vəfat edir. Rejissor bu səhnəni də elə aktyorun öz səsi ilə təsvir edir. Ailənin çəkdiyi vətən həsrəti, övlad dərdi onları daha da sarsıdır. Nicat Əlinin "Plastik Dram Teatr Studiyası”ndan aldığı dərsləri isə zalın ən axırıncı oturacağından sezmək olardı. Gənc aktyorun səhnədə duruşu, hadisələrə olan reaksiyası, plastikası gözoxşayan və mükəmməl idi.

Tamaşa boyu diqqətimi çəkən digər bir məqam isə rejissorun aktyor seçərkən Üzeyir Hacıbəylini tamam başqa bir obrazda görməsidir. Bu obraz şəkillərdə, sənədli filmlərdə gördüyümüz eynəkli, saçları ikiyə ayrılmış o simaya deyil də, kök və bir o qədər də qalın səsi olan aktyor Elçin İmanova həvalə edilmişdi. Açığı, onu dahi Üzeyir Hacıbəyliyə oxşatmaqda bir qədər çətinlik çəkdim. E.İmanov hər nə qədər obrazının öhdəsindən gəlirdisə də, görünüş olaraq Üzeyir bəyi onun simasında xatırlamaq asan olmurdu.

Hissi, həyəcanı artıran musiqi

Sözsüz ki, hər bir tamaşada musiqi böyük təsiredici qüvvədir. Sözügedən tamaşada musiqi xüsusi zövqlə seçilmişdi. Böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və başqa bəstəkarların musiqilərindən istifadə olunan tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı əməkdar incəsənət xadimi Fəxrəddin Atayev Bəzən idi. Tamaşa boyu musiqinin yüksəkliyi sözləri tam eşitməyə qoymasa da, aktyorların səhnə plastikası onu ört-basdır etməyi bacarırdı.

"Nuri-didə Ceyhun” tamaşasının ərsəyə gəlməsində təkcə adlarını sadaladıqlarımız deyil, eyni zamanda, səhnə arxasında çalışanların da zəhməti var. Belə ki, tamaşanın quruluşçu rəssamı Füsal Rəhimov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, rejissor assisenti Elməddin Dadaşovdır.

Tamaşanın səhnələşdirilməsi müasir gəncliyin klassiklərimizi, fədailərimizi daha yaxından tanıması üçün ən ideal fürsətdir. Əsəri izlədikdən sonra insanın ürəyindən bu sözləri bir daha təkrar etmək keçirdi: Yaşasın cümhuriyyətimiz, müstəqil Azərbaycanımız!

Xəyalə Rəis
Teatrşünas

banner

Oxşar Xəbərlər