Nostalji turizmi populyarlıq qazanır
"Əgər
siz hər hansı bir yerə tək məqsəd üçün – keçmişi xatırlamaq üçün gəlmisinizsə,
bilin ki, siz nostalji turizmi ilə məşğulsunuz”. Artıq bir çox dünya ölkələrində,
o cümlədən qonşu Rusiyada həyata keçirilən nostalji turizmi bu sektorda turizm
ideoloqlarının yaratdığı yeni termin olsa da, öz müştərilərini tapmaqdadır.
Tarixi vətənini görmək, qohumlarını tapmaq, başqa xalqların mədəniyyəti, tarixi
yerləri ilə tanış olmaq istəyənlər bu marşrut xətti ilə qrup və ya fərdi şəkildə
hərəkət edə bilirlər. Bu məqsədlə səyahətə çıxanlar üçün bütövlükdə agentliklər
və ya xüsusi turlar təşkil olunur. Bir çox ölkələrdə məlumat bazaları
yaradılır, marşrutlar müəyyən olunur və həmin məlumatlar internet forumlarda
yerləşdirilir.
Nostalji
(və ya etnik) turizm Qərbi Avropada yaransa da, son illər bir çox rusdilli ölkələri
də özünə cəlb edib. Belə səyahətlər zamanı turistlər yerli əhalinin yaşayış tərzini
öyrənir, onların həyatı və mədəniyyəti ilə tanış olurlar. Turizmin bu növü bir
çox turistlərə öz kökləri haqqında informasiya, həmçinin heç kimə məlum olmayan
xalqlar və ya millətlər haqqında bir çox tarixi faktları əldə etməyə imkan
verir. Onlara yardım olunarsa, turistlər bəzən öz uzaq qohumlarını tamam özgə ərazilərdə
axtarıb tapa da bilirlər. Belə mövzularda turistlərə müxtəlif tarixi
axtarışlarla məşğul olan şəxsi detektivlər də kömək edə bilərlər. Maraqlısı
odur ki, turizmin bu növü artıq dünyadakı bütün turist axını arasında onuncu
yeri tutur.
Məxfi məqsəd və dərin məna
Nostalji
turizmi hazırda daha çox rusdilli ölkələrdə öz pərəstişkarlarını toplayıb.
Belarusun şəhər və kəndlərində doğulmuş polşalılar Polşaya, MDB ölkələrinə,
xüsusilə də İsrailə səyahətə gedirlər. Bu turizm marşrutuna qoşulanlar
sırasında valideynlərinin axtarışına çıxanlar, onlar haqqında məlumat almaq və
yaxud qəbirlərini ziyarət etmək istəyənlər çoxdur. Belə turizm növünü seçmək
üçün səbəblər də kifayət qədərdir. Çox insanları siyasi böhranlar və ya müharibələr
doğma yerlərini tərk etməyə vadar edib. Bəzi insanlar isə yaxşı yaşayış
axtarışı ilə könüllü olaraq yurdlarını tərk ediblər. Hazırda bu turizmin səyahətçilərinin
çox hissəsini immiqrantlar, yaxud da onların nəvələri təşkil edir. Onlar hər
hansı bir səbəb üzündən məcbur olub dədə-babalarının, valideynlərinin və yaxud
uşaq vaxtlarında özlərinin yaşadıqları yurdlardan uzaq düşüblər, indi isə müxtəlif
səbəblərdən daimi yaşayış yerlərinə gəlirlər. Aralarında özlərinin gözəl
anlarını, fırtınalı gəncliyini, qayğısız cavanlıqlarını xatırlamaq üçün gələnlər
də olur. Buna görə nostalji turizmi özündə məxfi məqsəd və dərin məna daşıyır.
Keçmiş zamanlar haqqındakı nostalji hisslər və həsrət çox insanları hər hansı
kurortda dincəlməkdənsə, köklərinin axtarışı ilə məşğul olmaqdan ötrü uzaq ellərə
yollanıb qohumlarını tapmağa məcbur edir.
Rusiyada
90-cı ilin əvvəllərində, Sovet İttifaqının dağılmasından və dəmir pərdələrin
enməsindən sonra turizmin bu növünə maraq artıb. Yəni turizmin bu növünün
yaranmasının konkret səbəbi olub. İnsanlar müharibədə döyüşüb, əsir düşüb,
işğalçılardan qaçıblar. Kimsə müharibədən dərhal sonra doğmalarını tapmaq üçün
evinə qayıda bilib, kimsə başqa ölkədə qalmağa məcbur olub, kimsə də sadəcə
itkin düşüb. Həmin bu insanlar və onların gələcək nəsilləri böyük bir qaçqınlar
dəstəsi yaradıblar ki, bu da nostalji turizminin yaranmasına səbəb olub.
Müharibədən sonra bir çox insanların yaxınlarını və qohumlarını itirdikləri
yerləri görmək imkanı yaranıb. Bəlli səbəblərdən bu turizmin əsasını yaşlılar təşkil
edir: "Baxmayaraq ki öz kökləri haqda bilgiyə can atan gənclər də olur, lakin o
qədər də çox deyil” - deyə qonşu ölkənin turizm agentlikləri məlumat verirlər.
Ruslar finlərin Ladoqa gölünün ətrafına kütləvi axınını nostalji turizmin bariz
nümunəsi hesab edirlər. "Müharibədən əvvəl - 1939-cu ildən 1945-ci ilə qədər
doğma yerlərini tərk etmək məcburiyyətində qalan beş yüz min finə Finlandiya və
İsveçrə yığcam yaşayış məntəqələrində sığınacaq verib. 90-cı illərin əvvəllərində
nostalji turları Rusiyada yaranandan sonra minlərlə fin turisti əcdadlarının
torpaqlarını görmək, əvvəlki həyat tərzini xatırlamaq üçün Rusiyaya gəldilər.
Leninqradı (indiki Sankt-Peterburq) ziyarət etməyə icazə veriləndən sonra etnik
turizm kütləvi xarakter aldı. İndi çoxları qayıdır. Onların arzularının həyata
keçməsi üçün turfirmalar yaradılıb”. Hazırda Sankt-Peterburqun Turizm və
Ekskursiya Şurası turizmin bu növünə böyük məbləğ xərcləyib. Lososevskoye qəsəbəsində
beynəlxalq dərəcəli «Lososevskaya» mehmanxanası var ki, tanış yerləri görmək
üçün gələnlərə yüksək keyfiyyətli xidmət göstərir. Bu baxımdan, nostalji
turizmi növü əhalisinin böyük bir
hissəsi xaricdə yaşayan ölkələr üçün xüsusi məna kəsb edir. Nostalji turizminin
iştirakçıları isə əsasən vaxtilə həmin ölkələrdə yaşayan yaşlı insanlardır”.
Nostalji
turların proqramları müxtəlif və xüsusidir. Bir çox hallarda hər turistə görə fərdi
marşrut təşkil edilir. Çox zaman bu turistlər qəbiristanlığa gedib əcdadlarının
qəbirlərini tapmaq istəyirlər. Həmçinin onlar nə zamansa özlərinin və ya
yaxınlarının yaşadığı yaşayış məntəqələrinə baş çəkirlər: "Belə səyahətlər
zamanı onlar yerli əhalidən öz kökləri barədə nəsə öyrənməyə çalışırlar. Amma əfsuslar
olsun ki, son zamanlar nostalji turizmi geriləməyə başlayıb. Bu onunla əlaqədardır
ki, gənc nəsil öz qohumları ilə o qədər də maraqlanmır”.
Bu işi daha mükəmməl həyata
keçirmək mümkündür
Bizim ölkəmizdə turizmin bu növü "nostalji” adı ilə tanınmasa belə,
insanlarımız uyğun marşrut xətti ilə hərəkət edirlər. Belə ki, onlar turizmin
bu növünə çox vaxt özlərinin adət-ənənəsi, torpağa və dəyərlərə bağlılığı,
qohum-əqrəbaya, valideynə məhəbbət nöqteyi-nəzərindən yanaşırlar. İnsanlar
doğulduqları yerləri, qohumlarının, valideynlərinin məzarlarını ziyarət edərkən
bunu heç turizmlə əlaqələndirmirlər. Ancaq təcrübələr göstərir ki, turizmin
inkişaf yollarından danışılan bir dönəmdə insanların tələbatına uyğun
marşrutların da yaradılmasına ehtiyac var.
Turizmçilərin tez-tez turizm ideoloqları tərəfindən düşünülən terminlərə
müraciət etdiyini deyən MilleniumTurizm
Konqres DMC şirkətinin rəhbəriRuslan
Quliyevnostalji turizminin də bu qəbildən olduğunu bildirir:
"Orta
və yaşlı nəslə aid edilən nostalji turizm insanların 30-40 il əvvəl və ya gənclik
illərində ziyarət etdikləri turizm məkanlarına yenidən dönüşüdür. Bu, çox cazibəli
və effektiv turizm növlərindən biridir. O insanlar bəlli bir yaşa gəlib
çatandan sonra ailə üzvləri ilə də o yerlərə gedirlər, xatirələrini danışırlar.
Həmçinin öz övladlarına da turizmin bu növündən istifadə etməyi tövsiyə edirlər”.
R.Quliyevin
sözlərinə görə ingilislərin "dark turizm”, yəni qaranlıq turizm kimi istifadə
etdikləri turizm növü də nostalji turizmi ilə oxşarlıq təşkil edir. "Əgər ailə
üzvü bir müharibədə iştirak edibsə, sonradan ailənin digər üzvləri müharibə baş
verən həmin məkanı, əzizlərinin döyüşdüyü yerləri ziyarət edirlər. Təbii ki,
burada turizm faktoru da mövcuddur. Yəni oteldə gecələyirlər, hansısa
ekskursiyalara qatılırlar. Bundan başqa, hansısa zəvvarların ziyarətləri zamanı
hər hansı bir ziyarətçi həyatını itirir və o torpaqlarda dəfn olunur. Sonradan
ailə üzvləri həmin məkana baş çəkir, əzizlərinin məzarını ziyarət edirlər”.
R.Quliyev hesab edir ki, bu baxımdan bizdə də bu və ya digər formada nostalji
turizmi həyata keçirilir: "Ancaq bunu daha mükəmməl formada həyata keçirmək
mümkündür”.
Azərbaycan
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovhesab edir ki,
bu turizm növü bizdə inkişaf edərsə, məsələn, almanlar Göygöl, Ağstafa, Tovuz və
Şəmkirə gəlib alman məskənlərini ziyarət edə bilərlər: "Vaxtilə onların dədə-babaları
bu regionlarda yaşayıblar. Onların həmin alman məskənlərində izləri qalıb”. Həmçinin
Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların bu turizm marşrutu ilə istədikləri
məkana baş çəkmələri mümkündür: "Sovet dönəmində Cənubi və Şimali Azərbaycan
arasında sərhədlər bağlı olub. Azərbaycanlıların bir hissəsi burada yaşayıb,
bir qismi 40-cı illərdə cənuba köçüb. Məsələn, Lütfi Zadə kimi böyük alim
Bakıda anadan olsa da, sonradan bir sıra səbəblərdən İrana qayıdıb. Elə ailələr
olub ki, bəzi üzvləri Azərbaycanda qalıb, bəzi üzvləri İrana gedib. Bu
insanların vaxtilə yaşadığı məskənlərə baş çəkməsi, qohumlarını tapması üçün
turizmin bu növünü inkişaf etdirmək olar. Çünki belə bir hiss insanlarda həmişə
var. Onların çoxu keçmişinə səyahət etmək istəyir”.
Postsovet
ölkələri artıq turizmin bu növünü inkişaf etdirmək haqqında düşünürlər. Bunu
belə əsaslandırırlar: "Hər bir ölkənin immiqrantları var. Ölkələrin hamısının
tarixində müharibənin izləri var. İnsanlar isə bu savaşlardan və ya digər səbəblərdən
yurdlarından köç ediblər. Onları öz vətənlərinə, öz xatirələrinə qovuşdurmaq
üçün turizmin bu növünə geniş ehtiyac var”. Son illər Pribaltika və Moldovada
turizmin bu qolunun inkişafı ilə bağlı səslənən bu fikirlər bizim ölkə üçün də
xarakterikdir. Bir halda ki bizim xalqda anadangəlmə torpağa, yurda, qohum-əqrəbaya
bağlılıq var, üstəlik, dünyanın müxtəlif yerlərində milyonlarla soydaşımız
yaşayır, onda bu turizm marşrutunu inkişaf etdirməyə əla şərait yaranıb.
Təranə
Məhərrəmova