AZE | RUS | ENG |

Niyyətin hara, mənzilin ora...

Niyyətin hara, mənzilin ora...
Leyla Qasımova: “Düşüncələrin təmiz olsa, bütün istədiklərin həyata keçəcək”

Deyir ki, insan nəyi düşünürsə, onu yaşayır. Ona görə, beyin siqnalları ilə ötürdüklərimiz, bir gün mütləq bizə qayıdır. Hətta frekansı dəyişərək bədbəxtlikdən xoşbəxtliyə keçid edə bilər, düşüncələrimizlə həyatımızı müsbət yöndə idarə edə bilərik. Müsahibimiz Peace Revolutionun Azərbaycandakı nümayəndəsi, Azərbaycanda ilk onlayn meditasiya kursunun mentoru, Bakı Ali Neft Məktəbinin psixoloqu Leyla Qasımovadır. Sosial şəbəkələrdə motivasiya yüklü paylaşımları ilə məşhur olan həmsöhbətimizlə "Niyyətin hara, mənzilin ora” prinsipini əsas tutaraq, düşüncələrimizi dəyişərək, həyatımızı gözəlləşdirməyin sirlərindən danışdıq.

- Leyla xanım, istəklərimizi reallıqlaşdırmaqla bağlı video hazırlamışdınız. Ümumiyyətlə, bütün istəklərimiz reallaşa bilərmi? Reallaşdırmaq üçün nə etməliyik?
- Əlbəttə, reallaşdıra bilərik.  İlk olaraq bilməliyik ki, biz nəyi, nə üçün istəyirik. Məsələn, bir gənc hansısa ixtisasa qəbul olmağı planlayanda fikirləşməlidir ki, bu ixtisası həqiqətən istəyirmi? Beyin inanmalıdır ki, sən bunu istəyirsən. Psixologiyada belə bir qanun var ki, bir şeyi istəyəndə onu nə üçün istədiyinlə bağlı 20 səbəb gətirməlisən. Məsələn, niyə Harvardda təhsil almaq istəyirsən? Çünki yaxşı universitetdir? Xeyr, o istək deyil, eqodur. Sənin tutqun, içindən gələn hissin nədir, onu bilməlisən. Bunu tapmaq üçün isə ora niyə getdiyini bilməlisən. Səhnə arxası məqamları işləməlisən. Nəyi istədiyinin fərqində olanda, içində güc yaranır və o güc səni arzuna aparır. Məsələn, idmana başlamaq istəyirsən. Əgər sən başqa qızlara baxıb fit olmağa çalışırsansa, alınmayacaq. Çünki eqon səni yarı yolda qoyacaq. Əgər sağlam olmaq istəyirsənsə, içində bir hiss deyirsə ki, mən sağlam bədəndə olmaq istəyirəm, onda həqiqətən davam edəcəksən. Yəni niyyətdən çox şey asılıdır. İçindəki özünlə əlaqən çox yaxşı olmalıdır. Konsultasiyaya pasientlər gəlir, konkret suallar verirəm. Cavab verdikcə, fərqində olur, fərqində olduqca görür, gördükcə özü cavabını tapır və gedir. Əslində insanlar özləri ilə əlaqə qurub nə istədiklərini bilə bilərlər.

- Çıxışlarınızdan birində vurğulamısınız ki, yaşadığımız hər şey illuziyadır...
- Elədir. Həyatda yaşadığımız hər şey beynimizin məhsuludur. Mən əgər bu gün burdayamsa, bir vaxtlar burda olmaq istədiyim üçün burdayam. İstəmədiyim yerdə olsam belə, o da mənim beynimin məhsuludur. Biz bir şeyi istəyəndə, o, enerji şəklində mövcud olur. Sonra biz onu inkişaf etdiririk, reallığa çevrilir. Ona görə də, yaşadığın həyatda hər şeyi dəyişdirə bilmək gücünə qadirsən.

- Belə çıxır ki, bəxt, şans yoxdur? Yəni bunlara inanmırsınız?
- Yoxdur. Əgər sən inanırsan ki, həmişə bəxtin gətirir, sən çox şanslısan. Həmişə bəxtin gətirəcək. Əgər kimsə deyirsə ki, "mən buna necə nail olacam, bəxt yoxdur”, o insan qazanmayacaq. Hər şey beynimizdən ötürülən siqnallarla bağlıdır. Kainata nəyi ötürürüksə, onu da alırıq.

- Psixologiyada "sən dəyiş, dünyan dəyişsin” deyə bir fikir var. Bəs dəyişmək üçün insan nə etməlidir?
- Biz düşünürük ki, xasiyyət heç vaxt dəyişmir. Hətta insan 7-sində nədirsə, 70-də də odur, deyə fikir mövcuddur. İlk olaraq başa düşmək lazımdır ki, xasiyyət dəyişir, fitrət dəyişmir. İkincisi, eqonun əsiri olmamalısan ki, qurban psixologiyasına düşməyəsən. Məsələn, bayaq taksidə gəlirəm. Sürücü həddən artıq aqressiv və dalaşqan idi. Avtomatik özümə sual verdim ki, məndə hansı fikir var ki, bu situasiyanı yaşadım. Başa düşdüm ki, o sürücü mənim üsyan edən tərəfimdir. Hansı ki, həmişə taksiyə minəndə şikayət edirəm. O sürücü olmasa, mən bu xarakterimin fərqinə varmazdım. Eqoya imkan vermək olmaz ki, beynini qarışdırsın ki, sən günahsızsan, sürücü səhvdir. Bütün hadisələrdə eqonu kənara qoyub öz səhvini anlamalısan ki, dəyişəsən. Amma biz hər şeyə o qədər səthi yanaşırıq ki, özümüzdə günah görmürük. 

- Gənclərin depressiyasının əsas səbəbləri nədir?
- Depressiyanın əlamətləri onun səviyyəsinə görə dəyişir. Bizdə depressiyanı daha çox yaradan səbəblər sosial şəbəkələrdir. Sosial şəbəkələrdə hamının həyatı o qədər möhtəşəm görünür ki, insanlar düşünür ki, heç kimin problemi yoxdur, tək problem özündədir. Əslində sosial şəbəkələrdəki hamı əziyyət çəkir. İkinci tərəfdən ən böyük problem valideynlərin övladlarını müəyyən yaş hədlərinə qədər idarə etməsidir. Biz kortəbii yaşayırıq. Valideynlər idarə etdiyi üçün öz düymələrimiz olmur. Belə olan halda da, təkliyə düşəndə vəziyyətdən çıxa, özümüzü idarə edə bilmirik. 

- Tedx-də alternativ reallıqla bağlı danışmısınız. Alternativ reallıq nədir?
- Biz hamımız elə bilirik ki, bir reallığımız var və onu yaşayırıq. Əslində o qədər alternativlərimiz var ki... Beynimiz qərar verdiyi anda, bizim üçün yeni reallıq yaranır. Alternativ reallıq odur ki, sən bir reallıqdasan, amma beynini və özünü dəyişməklə başqa reallıq yarada bilərsən. Mənim bir vaxtlar pulum yox idi, indi çox yaxşı pul qazanıram. Həyatda hər şeyi axarına buraxmaq lazımdır. Pis, yaxşı deyə bir nüans yoxdur. Pisi, yaxşını özümüz adlandırırıq. Diqqət etsəniz pis dediyiniz bir çox işlər haqqında bir müddət sonra düşünürsünüz ki, yaxşı ki, bu, baş verdi. Sadəcə, biz qısa müddətli düşünürük. Əgər istəmədiyin həyatı yaşayırsansa, oradan çıxa bilərsən.

- Yaşadığımız reallıqdan çıxmağın hansısa texnikası varmı? Necə etməliyik?
- Birinci yol meditasiyadır. Beynini meditasiya vasitəsilə təmizləməlisən. İkinci özünün kim olduğun bilməlisən. Onun üçün özünüzə "mən”lə bağlı suallar verin. MƏN... bacarıqlıyam, yaxşıyam, yaxud axmağam. Pis və mənfi bütün düşüncələr ola bilər. Özünü tanımalısan. Mənim qabımda nə var? Mən necə insanam? İnsanlar məni niyə yükləyiblər? Üçüncü mərhələ isə, şükür, minnətdarlıqdır. Məsələn, bu çayı içdiyim üçün minnətdaram, sizlə danışdığım üçün minnətdaram. Şükür etmək insanın əhvalını düzəldir. Başqa reallığa keçmək istəyirsənsə, açar söz şükürdür. Sanki istədiyin hər şeyi olmuş kimi qəbul edib minnətdar olursan. Mütləq mış, miş, muş, müş şəkilçilərindən istifadə edirsən. Məsələn, mənə Tailanda viza vermədilər. Gəlib evdə dəftərimə yazdım ki, mənə vizanı verdiyi üçün o qadına minnətdaram. Bir neçə gün sonra zəng gəldi ki, gəl vizanı götür. Yaxud mən çox rahat iş tapıram. Hətta iş ayağıma gəlir. İndi gənclərdən soruşşaq, çoxu deyəcək ki, Azərbaycanda iş tapmaq çətindir. Çətin deyil, sadəcə, sənin reallığında yoxdur. Minnətdarlıq içdən gəlməlidir. İnanmalısınız və hiss etməlisiniz. İstədiyini təsəvvür edəndə, elə et ki, sanki bu, artıq baş verib. Çünki beyin aradakı fərqi başa düşə bilmir. Alimlər maraqlı təcrübə aparıb. Atletlərə deyiblər ki, qaçın və beyin siqnallarını ölçüblər. Sonra deyiblər ki, oturun təsəvvür edin ki, qaçırsınız. Yenə də beyin siqnallarını ölçüblər. Görüblər ki, siqnalların hər ikisi eynidir. Əgər siz burada oturub, özünüzü Havay adalarındakı kimi təsəvvür etsəniz, beyin həqiqətən elə biləcək ki, ordasınız. Alternativ reallığa keçmək öz əlinizdədir.

- Bəs şüuraltı proqramlaşdırma nədir? Bu proqramlaşdırma nə vaxtdan başlayır?
- Uşaqlıqdan. Həyatımız 4 sahəyə bölürük. Fiziki, psixoloji, sosioloji və karyera. Bu 4 sahədə də uşaqlıqdan proqramlarımız olur. Məsələn, 3 yaşın var və oyuncaqlarla oynayırsan. Dünya vecinə deyil. Ananın rəfiqəsi gəlir və deyir ki, oğlum iş tapa bilmir, Azərbaycanda iş tapmaq çətindir. Ana da təsdiqləyir. Normalda insan düşünər ki, bu uşaq bu yaşda başa düşməz. Axı bizim ağ kağız kimi eqomuz var... O, bizə bələdçidir. Sən eqoya deyirsən ki, anam da təsdiq etdi ki, iş tapmaq çətindir. Eqo da deyir ki, yazım? Deyirsən yaz. Eqo deyir əminsən? Deyirsən yaz anam dedisə, elədir. Sənin 21 yaşın olur, iş tapmaq istəyəndə, o kodlaşdırma meydana çıxır və deyir ki, iş tapmaq çətindir. Əksinə, düşünməlisən ki, kimsə iş tapa bilirsə, mən göydə taparam. Hər kəs kimliyinə uyğun reallıq yaşayır. Belə düşünənlər, daim öz düşüncələrinə uyğun insanlarla qarşılaşırlar. Alternativ reallığa keçmək o baxımdan çətindir. Ona görə meditasiya mütləqdir. 

- Belə çıxır ki, mənfi mənfini, müsbət də müsbəti çəkir?
- Bəli. Bəzi insanlar deyir ki, varlılara pul hər zaman gəlir. Ehtiyacı olana gəlmir. Əgər sən düşünürsənsə ki, pul əl çirkidir, pul sənə niyə gəlsin? Hansısa zəngin insan pula əl çirki kimi baxmır. Ona qiymət verir. Sən səni istəməyən dostunun yanına getmirsənsə, pul da ona çirk kimi baxanda sənə gəlməz. Pulun da öz münasibəti, enerjisi var. Hər şeyin mərkəzində sənsən. Rahat olsan və düşüncələrin təmiz olsa, bütün istədiklərin həyata keçəcək. Özündə olan problemin fərqində olmaq belə, məsələni 50 faiz həll edir.

Aygün ƏZİZ
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000