Niyazi sənətinin böyüklüyü - Fotolar
Milli dirijorluq məktəbimizin
formalaşması və böyük inkişaf yolu keçməsi məhz onun adı ilə bağlıdır - SSRİ
Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan
Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin. Maestro Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik
əsərlərin müəllifi kimi də musiqimizin təşəkkülünə əvəzsiz töhfələr verib.
O, musiqini seçdi
Niyazi Azərbaycan musiqi sənətinə böyük sənətkarlar
bəxş etmiş Hacıbəyovlar nəslinin övladı idi. Evlərində gözünün açandan musiqi
sədaları eşidərək böyümüşdü. Atası Zülfüqar bəy böyük nüfuz
sahibi idi. 1911-ci ildə bəstəkar Zülfüqar Hacıbəyovun başçılıq etdiyi
Azərbaycan opera truppası mütəmadi olaraqTiflis şəhərində çıxışlar
edirdi. Bakıya gəlib-getmək çətinlik yaratdığından, Zülfüqar bəy ailəsini
Tiflisə köçürməli oldu. Zülfüqar Hacıbəyovun Tiflisdəki evində doğulan uşağa
Knyaz adını qoydular. İllər ötəndən sonra o, dünyanın tanıdığı maestro kimi
musiqi sənətində izini qoydu.
Zülfüqar Hacıbəyovun Bakıdakı evi uzun müddət
görkəmli adamların görüş yeri kimi tanınıb. M. Maqomayev, Ə.Haqverdiyev, Mirzə
Cəlil, H.Cavid, A.Şaiq, H.Ərəblinski, A.Şərifzadə, S.Ruhulla və başqa görkəmli
şəxsiyyətlər bu evdə tez-tez görüşərdilər.Belə görüşlər
adətən tanınmış xanəndələrin - C.Qaryağdının, S.Şuşinskinin, H.Sarabskinin
ifaları, Qurban Primovun tarının unudulmaz sədaları ilə yadda qalardı. Yeni
milli operalar və musiqili komediyalar ilk dəfə bu evdə dinlənilib müzakirə
edilirdi.Balaca Niyazinin uşaqlıq illəri həmin
musiqi məclislərində keçər, xatirəsində unudulmaz izlər buraxardı.
Niyazi uşaqlıqda hərbçi də, idmançı da olmaq
istəmişdi. Ağırlıq qaldırma ilə məşğul olmuşdu, hətta bu idman növü üzrə"Dinamo”
cəmiyyətinin birinciliklərində dəfələrlə Azərbaycan rekordunu yeniləyib. Yaxşı
futbol hakimliyi vardı, təyyarə idmanına maraq göstərirdi. Ancaq musiqi bütün
istəklərini kölgədə qoydu - o, musiqini seçdi. Uşaqlıqda skripka çalmağı da
öyrənmişdi. Sonralar "Təbiətimdə sərt nə
varsa, hərbçi olduğum o uşaqlıq çağlarımdan, xasiyyətimdə yumşaq, həlim nə
varsa, 12-13 yaşımda Şefferlinqdən aldığım skripka dərslərimdən qalıb” demişdi.
Atasının və əmisinin məsləhəti ilə 1926-cı ildə
Moskvaya gedən Niyazi görkəmli musiqiçi Mixail Qnesinin bəstəkarlıq sinfinə
daxil olur. Paytaxtın qaynar musiqi həyatı - opera tamaşaları, simfonik musiqi
və kamera musiqisi konsertləri gəncin istedadının inkişafına müsbət təsir
göstərir. 1929-30-cu illərdə isə Niyazi bəstəkarlıq sahəsində biliyini
zənginləşdirmək üçün Leninqradda Q.Popovun və P.Ryazanovun apardığı
məşğələlərdə iştirak edir. 1931-ci ilin axırlarında Niyazi səhhətinə görə
Leninqraddan Yerevana gəlir və imtahan verərək Yerevan Dövlət Konservatoriyasında
Stepanyanın bəstəkarlıq sinfinə qəbul olur. Lakin o, tezliklə Dağıstan MSSR
Xalq Maarif Komissarlığı elm, ədəbiyyat və incəsənət bölməsinin müdiri təyin
edildiyindən, dərsləri yarımçıq qoymalı olur.
Bakıya döndükdən sonra yaradıcılıq arzularını
uğurla həyata keçirdi. 23 yaşlı gənc Azərbaycan Bəstəkarlar İttifaqına üzv
seçildi. O, eyni zamanda kino və teatr musiqisi sahəsində fəal çıxış etdi.
Niyazi atası Zülfüqar bəylə birlikdə ilk səsli bədii film olan "Almas” üçün
musiqi yazdı, həmçinin, dirijorluq fəaliyyətinə başladı. O, tükənməz enerjisi
və fitri istedadı ilə simfonik orkestrə 46 il başçılıq etdi.
M.Maqomayevin "Nərgiz” operasının Moskvada
Azərbaycan Mədəniyyəti Günlərinin proqramına daxil edilməsi də maestronun
həyatında yeni səhifə açdı. Niyazi ongünlüyün
yekun konsertində böyük uğurla dirijorluq edərək Vətənə özünün ilk və nüfuzlu
mükafatı - "Şərəf nişanı” ordeni ilə qayıdır.
1961-ci ilin yanvarı isə Niyazinin sovet
ölkələrində tanınmasına yol açır. Leninqradın məşhur Dövlət Akademik Opera və
Balet Teatrının dirijor pultu arxasına keçən maestro, gənc Azərbaycan bəstəkarı
Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletinin tamaşasını hazırlamağa başlayır. Bir
müddət sonra bu əsər sovet balet sənətinin möhtəşəm hadisəsinə çevrilir.
Niyazini izləyən uğurlar bir-birinin
davamı idi. 1974-cü ildə R.Taqorun eyniadlı əsəri əsasında yazdığı "Çitra”
baletinin musiqisinə görə, maestro C.Nehru adına mükafata layiq görüldü. Balet
Moskvada Kreml Teatrının böyük səhnəsinə çıxır. Baletin
ilk tamaşasında iştirak edən R.Taqorun qız nəvəsi Nandita Kripalani tamaşadan
sonra "Baletin musiqisində Rabendranat Taqorun əsl poetik yaradıcı ruhu hökm
sürür” demişdi. Maestro isə pult arxasına keçəndə "məni yaşadan budur” deyirdi.
Üzeyir
bəyin sevgisi
Mahaçqala Niyazi üçün təkcə ilk iş təcrübələrini
keçən şəhər deyildi. O, ilk sevgisini burada tapır. Bir gün anası Böyükxanım
oğlanları ilə birlikdə İran səfarətxanasını təmsil edən Əlisgəndər və Rəşid
adlı ziyalıların evinə qonaq gedir. Bu evin Həcər adlı qızını görəndən sonra
Niyazi onlara daha tez-tez gəlməyə başlayır. Sonradan gənclər gizlicə məktublaşırlar.
Bir gün Həcərin "qardaşlarımın xidməti işi ilə bağlı İrana köçəcəyik” dediyi sözlər
Niyazi üçün kədərli xəbərə çevrilir. Səhərədək gözünə yuxu getmir və Həcərə
məktubunda "Gəl, qaçaq!” təklifini edir.
Onların evliliyi 51 il davam edir. Sıxıntını da,
çətinlikləri də birgə yaşayırlar. Zülfüqar bəyin Bakıdakı ikiotaqlı mənzili kiçik
olduğundan, onlar bir müddət kirayə qalırlar.
Hətta Niyazinin, işin çoxluğundan, yorğunluq və qayğılar üzündən vərəmdən
əziyyət çəkdiyi günlər də olur. Həcər bu çətin günlərdə onun yanından ayrılmır.
Bircə dəfə də şikayətlənmir. O, Niyaziyə çətin, əzablı günlərin dostu olur.
Niyazinin sənət dostları - Q.Qarayevlə, F.Əmirovla sonradan sərinləşən
münasibətlərini tənzimləməyə çalışır.
Həcər xanım xatırlayırdı: "Üzeyir bəyin övladı
olmadığından o, bütün məhəbbətini Niyaziyə həsr etmişdi. Onun istedadına
inanaraq sənət yolunu düzgün istiqamətləndirmişdi. Ancaq hər ikisinin ətrafında
olan bəzi insanlar onların münasibətlərini gərginləşdirməyə cəhd ediblər.
Xoşbəxtlikdən bu, o qədər də uzun çəkməyib. Məsələn, Niyazi "Arşın mal alan”ı
işləyərək əsərdə müxtəlif dəyişikliklər etmişdi ki, ekranda gözəl səslənsin.
Amma bəzi naxələf adamlar Üzeyir bəyin yanına gedərək ona deyiblər ki, Üzeyir
bəy, bu, biabırçılıqdır. O, hətta özündə cəsarət tapıb "Arşın mal alan”ı da
təhrif etməkdən çəkinmir. Beləliklə, onların arasına inciklik toxumu
səpirdilər. Niyazi bunu çox ağır yaşayırdı. Hərdən də uşaq kimi kövrələrək
məndən soruşurdu: "Axı onlar niyə anlamaq istəmirlər ki, mən nə etdiyimi
bilirəm?” Niyazi "Arşın mal alan”ın ictimai baxışına getmək istəmirdi. Deyirdi
ki, Həcər, əgər musiqi barədə pis danışsalar, özümü saxlaya bilməyəcəyəm. Onu
güclə yola gətirdim. Film başa çatandan sonra Üzeyir bəy Niyazini bağrına
basdı. Sevincindən danışa bilmirdi. Təkcə bu sözləri dedi: "Ay səni, qoçaq
oğlan. Çox sağ ol, hər şey yerində idi”. Niyaziyə elə bil dünyanı
bağışladılar”.
Niyazinin konsertlərində oturmasaydım...
Bu gün Niyazi sənətindən dərs aldıqlarına,
maestrodan görüb-götürdüklərinə görə, onu minnətdarlıq edən bəstəkarlar,
musiqiçilər çoxdur. Niyazi biliyini kimsədən əsirgəməzdi. O, istedadı olan
adamlarla dost idi. Tanışlıqla, dostluqla sənətdə özünə yol tapanları qəbul
eləmirdi. Xalq
artisti, tanınmış dirijor Yalçın Adıgözəlov dirijor
olmaq istəyini məhz Niyazi sənətini sevdiyi ilə əlaqələndirir: "Orta məktəbi bitirib Dövlət
Konservatoriyasında professor Rauf Atakişiyevin sinfinə daxil oldum. İkinci
kursda oxuyanda dirijorluğa meylim olduğunu hiss etdim. Dirijor olmaq sevdasına
maestro Niyazinin sayəsində düşmüşdüm. O vaxtlar Bakıda dirijorluq məktəbi
olmadığından, Niyazidən dərs almamışdım. Fikrimcə, Maestro Niyazinin istedadı,
böyüklüyü, Azərbaycan musiqi mədəniyyətinə verdiyi əziyyətlər olmasaydı,
Azərbaycanda dirijorluq məktəbi olmazdı. Mən maestro Niyazinin konsertlərində
oturmasaydım, atamın əsərlərinin premyerasnı duymasaydım, bu peşəyə
yönəlməzdim”.
Y. Adığzəlov Sankt-Peterburqda dirijorluq üzrə oxumağa qərar
versə də, maestro Bakıda ali məktəb bitirən gəncin dirijor olmaq istəyini heç
də isti qarşılamayıb: "Niyazinin mənim dirijor olmağıma reaksiyası çox sərt
oldu. Dirijor ola bilməyəcəyimi dedi. Səbəbini soruşanda "dirijor olmaq üçün
uzun illər oxumaq lazımdır” dedi. Mən də cavabında oxuyacağımı dedim. Bir az da
əsəbiləşdi ki, ona deməmiş xaricə oxumağa gedirəm. Maestronun o qədər böyük
ürəyi var idi ki, Sankt-Peterburqa gedəndə müəllimimə vermək üçün məktub yazdı.
Məktubun mətni təxminən belə idi: "Yalçın mənim dostumun nəvəsidir. Bilmirəm,
Yalçından dirijor alınacaq, ya yox, amma onu doğma övladınız kimi qəbul
edin”.Y.Adığzəlov
N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında
dirijorluq ixtisası üzrə təhsil alsa da, maestroya onun dirijorluğunu
görmək qismət olmur: "Mən Sankt-Peterburqdan qayıdanda artıq Niyazi dünyasını
dəyişmişdi. Niyazi yaşasaydı, yolum bəlkə də başqa cür olacaqdı. Bəlkə də sənət
yolunda çox əzab-əziyyət çəkməyəcəkdim. Çünki Niyazi istedadlı insanları
görəndə dəstəkləyirdi”.
Martın 16-sı Niyazinin doğum günüdür. Həril maestronundoğum və anım günlərində Bülbül prospekti
21-də yerləşən, indi muzeyə çevrilən mənzilinə sənət adamları toplaşır.Tanınmış mədəniyyət xadimləri, Niyazi sənətinin vurğunları, gənc
musiqiçilər maestronun sənətinin böyüklüyündən danışırlar.Həmin gün maestronun sehrli çubuğunun qüdrəti ilə dilə gələn
musiqilər də səslənir.Həmin gün unudulmaz maestronun ruhu yenidən
bu divarlar arasına qayıdır, sənətinin böyüklüyünə olan hörmət və sevgini
eşidir, dinclik tapır...
Təranə Məhərrəmova