• cümə axşamı, 02 may, 01:51
  • Baku Bakı 15°C

Nigar Arpadarai: Bakı Qran-prisi maraqlı və möhtəşəm alındı

24.06.16 18:11 3099
Nigar Arpadarai: Bakı Qran-prisi maraqlı və möhtəşəm alındı
Mötəbər beynəlxalq idman yarışlarının yüksək səviyyədə keçirildiyi məkan kimi tanınan Azərbaycan dünya əhəmiyyətli daha bir turnirə uğurla ev sahibliyi etdi. İyunun 17-19-da Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi sürət həvəskarlarına həyəcanlı və adrenalin dolu anlar yaşatdı. Formula-1 üzrə dünya çempionatının səkkizinci mərhələsi olan Bakı Qran-prisini 187 ölkədə 500 milyon tamaşaçı izlədi.
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri və Formula-1 Avropa Qran-prisinin mətbuat katibi Nigar Arpadarai bu mötəbər yarışın yekunları ilə bağlıAZƏRTAC-ın suallarını cavablandırıb.
Formula-1 təqvimində ən önəmli yerdə qərarlaşmışıq
- Formula-1 Avropa Qran-prisi Bakıda yüksək səviyyədə keçirildi. Sizcə bu uğurun əsasında hansı amillər dayanırdı?

- Bakıda həm maraqlı, həm də möhtəşəm yarış keçirildi. Azərbaycanın tarixində ilk dəfə olaraq, Formula-1 yarışı təşkil olundu. Əminliklə deyə bilərik ki, biz Formula-1 təqvimində ən önəmli yerdə qərarlaşmışıq. Son illər ərzində ölkəmiz bir çox tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. "Eurovision” beynəlxalq mahnı müsabiqəsi və "Bakı-2015” ilk Avropa Oyunlarının uğurla təşkil olunması yaddaşlarda dərin izlər buraxıb. Biz çalışırdıq ki, atdığımız hər bir addım mükəmməl olsun. Əlimizdən gələni etdik ki, Avropa Qran-prisi təkcə azərbaycanlıların deyil, bütün dünyanın yaddaşında qalsın.
Düşünürəm ki, bu, bir komanda işi idi. Əməliyyat Şirkətinin işçilərindən əlavə, bizim könüllülərimiz və marşallarımız vardı. Əgər könüllülər gənclərdən, tələbələrdən ibarət idisə, marşallar isə biznes siqmentini təmsil edən çoxsaylı şirkətlərin nümayəndələri və müəyyən vəzifələri olan şəxslər idi. Məhz komanda işi olduğu üçün bu yarış belə mükəmməl alındı.
Yarışlara 42 ölkədə 25 min bilet satılmışdı
- Bilet satışı haqqında nə deyə bilərsiniz? Yarışları nə qədər azarkeş izlədi və əsasən hansı ölkələrdən azarkeşlər gəlmişdilər? Ümumiyyətlə, Qran-priyə maraq səviyyəsi barədə danışardınız.

- Ümumilikdə 42 ölkəyə bilet satılmışdı. Ən çox bilet alan ölkələr arasında Rusiya, Böyük Britaniya, Ukrayna, ərəb ölkələri və digərləri var idi. Əslində satış gözlədiyimiz kimi oldu. Avropa Qran-prisinə 25 min bilet satılmışdı. Bundan əlavə, Formula-1 yarışının geniş televiziya auditoriyası var. Avropa Qran-prisini televiziya vasitəsilə izləyən azarkeşlərin sayını yaxın günlərdə açıqlayacağıq.
Açılışda Avropa ilə Asiyanın birliyini göstərməyə çalışdıq
- Bir qədər də Qran-prinin açılışı haqqında danışaq. Azərbaycanın zəngin adət-ənənələrini tərənnüm edən mərasimin qayəsində nə dayanırdı?
- Avropa Qran-prisinin açılış mərasimi "Sürətlə reallaşan arzular” adlanırdı. Ümumiyyətlə, Formula-1 yarışlarında açılış mərasimləri böyük olmur. Çünki bunun üçün cəmi 20 dəqiqə vaxt ayrılır. Bəzi ölkələr var ki, onlar ümumiyyətlə açılış mərasimi etmirlər. Biz çalışdıq ki, ilk Qran-pri olduğu üçün simvollarımızı dünyaya göstərək. Bildiyiniz kimi, idmanın bu növü bir çox ölkələrdə yayımlanır. İstədik ki, Bakı şəhər halqası brendinin simvollarını, - alov, su, külək, irəli və birlikdə, - səciyyələndirən, eyni zamanda, milli mədəniyyətimizi əks etdirən amilləri təqdim edək. Sonda Avropa ilə Asiyanın birliyini və mərkəzdə Bakını göstərməyə çalışdıq. Məncə, açılış mərasimi çox maraqlı alınmışdı. Mərasimdə milli musiqilər, geyimlər, brendin elementləri var idi. Açılış xəyal formasında bir uşağın arzusu süjeti ilə aparılırdı.
Əməliyyat Şirkətində çalışanların əksəriyyəti yerli vətəndaşlardır
- "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Qran-pridən sonrakı fəaliyyəti maraq doğurur. Formula-1 Avropa Qran-prisi gələcək yarışlar üçün nə kimi təcrübə qazandırdı?

- İndiki mərhələdə bizim işimiz hələ də çoxdur. Şəhərdə olan müvəqqəti qurğular yığışdırılmalı və hesabatlar hazırlanmalıdır. Pit binası, təhlükəsizlik baryerləri, Dənizkənarı Milli Parkda olan tikililər sökülməlidir. Gələn il yarışa bir neçə ay qalmış onlar yenidən quraşdırılacaq. Növbəti dəfə təbii ki, bu iş sürətlə həyata keçiriləcək və asan başa gələcək. Çünki artıq bütün avadanlığımız var. Gələn ilki yarışın hazırlığına sentyabrdan start veriləcək.
Bizə qalan Beynəlxalq Avtomobil Federasiyasının standartları və təcrübəsi oldu. Sevindirici haldır ki, Əməliyyat Şirkətində çalışan əməkdaşların əksəriyyəti yerli vətəndaşlardır. Könüllü və marşallarımız da azərbaycanlılardır. Yarışlar həm nizam-intizam, məsuliyyət, təşkilatçılıq, həm də logistikanın aparılması baxımından bizim üçün böyük təcrübə oldu. Avropa Qran-prisinin təşkilində əsasən Bəhreyndən olan həmkarlarımızla yaxın işbirliyi qurduq. Marşalların təlimi və yarışın idman tərəfi ilə bağlı bəhreynlilər bizə kömək edirdi.
Növbəti yarışda trasın konfiqurasiyası dəyişməyəcək
- Növbəti Qran-prilərdə hər hansı dəyişiklik gözlənilirmi?

- Növbəti Avropa Qran-prisi 2017-ci ildə təşkil olunacaq. Çox güman ki, yenə yay aylarına təsadüf edəcək. Lakin dəqiq tarix dekabrda bəlli olacaq. Ümumilikdə Formula-1 təqvimi dekabr ayında elan olunur. Trasın konfiqurasiyası dəyişməyəcək və şəhər trası olaraq qalacaq. Bu, ölkəmizin təbliği, turistləri Azərbaycana cəlb etmək üçün əla imkandır. Bizim əyləncə proqramımız da çox mükəmməl idi. Tamaşaçılar bu proqramı çox bəyəndilər. Çalışacağıq ki, yeni əlavələr etməklə həmin ab-havanı gələn il də saxlaya bilək.
Media Avropa Qran-prisi haqqında pozitiv fikirdədir
- Qran-pri yerli və xarici KİV-lərdə yüksək səviyyədə işıqlandırıldı. Dünya mətbuatının Bakı Qran-prisi ilə bağlı fikirləri sizi qane edirmi?

- KİV-in işi bizi çox razı saldı. Həm moto-idman saytları, telekanalları, həm də "life style” portallar yarış və Bakı haqqında materiallar yaydılar, müsbət fikirlər söylədilər. Bu, bizi çox sevindirir. Şəhər trası seçməklə və yarışı paytaxtın mərkəzi küçələrində keçirməyə qərar verməklə biz məhz bu nəticəyə nail olmaq istəyirdik. Media monitorinqlərinə nəzər salsaq, məşhur portallarda Bakı Qran-prisi haqqında mükəmməl və pozitiv yazıların çıxdığını görərik. Biz bundan sonra da belə davam etməsini istəyirik.
Media tərəfdaşımız olanAZƏRTACbizə böyük dəstək verdi
- Nigar xanım, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəsmi media tərəfdaşı olanAZƏRTAC-ın fəaliyyətini və yarışları işıqlandırmasını necə dəyərləndirərdiniz?

-AZƏRTACfəaliyyətə başladığımız ilk gündən etibarən bizimlə oldu. Yarışa hazırlığı bizimlə çiyin-çiyinə işıqlandırdı. Yarışın işıqlandırılması məsələsində bizə çox böyük köməyi dəydi. Bu yarışı mükəmməl şəkildə həyata keçirmək təkcə bir şirkətin işi deyil. Tərəfdaşlarımız bizə dəstək oldu.AZƏRTAConların ən önəmlilərindən biri idi. Buna görə də Əməliyyat Şirkəti adındanAZƏRTAC-ın rəhbərliyinə və kollektivinə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, Qran-prilər, eləcə də tədbirlər zamanı yenə birlikdə işləyəcək və Azərbaycanı bütün dünyada tanıdacağıq.
banner

Oxşar Xəbərlər