• cümə, 26 Aprel, 20:32
  • Baku Bakı 22°C

Nəzrin Hacıqızının “Qaranlıq” klipi təqdim olundu

02.05.14 17:27 1697
Nəzrin Hacıqızının “Qaranlıq” klipi təqdim olundu
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Dövlət Filarmoniyanın solisti Nəzrin Hacıqızının “Qaranlıq” klipi mətbuat nümayəndələrinə təqdim olundu.
Təqdimat mərasimində iştirak edən Muz.Tv-nin redaktoru Çinarə Nurməmmədova təmsil etdiyi şirkətin hər zaman gənclərə dəstək olduğunu qeyd etdi: “Yarandığımız gündən belə qərara gəldik ki, gənc müğənnilərə dəstək olaq, çünki onlar bu sahədə çətinlik çəkirlər. Biz onlara təmənnasız dəstək olmağa çalışırıq. “Muz Tv” komandası olaraq bu bizim ərsəyə gətirdiyimiz sayca 6-cı klipdir. Bundan əvvəl Niyam Salaminin “Subaylıq sultanlıq”, Cahan qrupunun “Günlərim aylarım”, Gilavar qrupunun “Məsafə”, Elvin Abbasovun “Sevgilim”, Əli Dünyanın “Əzizim” və Əminə Şirinin “Utanacaqsan” mahnılarına ekran həyatı verilib”.
Nəzrin Hacıqızı açıqlamasında estrada ifaçısı olmaq istəyini bildirdi: “Estrada ifaçısı olmağa səs imkanlarım çatır. İnşallah, bundan sonra daha uğurlu çıxışlarım olar. Özümün istəyərək sevdiyim janr isə pop janrıdır”.
İstedadlı ifaçı İlhamə Qasımova bu gün gənc ifaçıların böyük dəstəyə ehtiyac olduğunu qeyd edərək, özünü ona misal çəkdi: “Mən sevinirəm ki, bu gün səhnəmizdə çox istedadlı ifaçılar var. Burada söhbət Azərbaycan musiqisini inkişaf etdirə biləcək istedadlı ifaçılardan gedir. Hər kəs bilir ki, indi musiqimizin səmti bir az dəyişib. Yeni gələn müğənnilər Türkiyə və başqa ölkələrin musiqisinə çox istinad edirlər. Azərbaycan musiqisi unudulur. Mən özüm də səhnəyə televiziya layihəsinin köməkliyi ilə gəlmişəm. Bu, səhnəyə ilk addımlarını atan ifaçı üçün çox böyük dəstəkdir. Həmin ifaçı öz cibinin ümidinə qalsa, bu qədər tanınmaz. İstəyirəm ki, Nəzirinin bu uğurları davamlı olsun, çox inkişaf etsin. Həm maddi, həm mənəvi dəstək incəsənət insanlarına çox lazımdır”.
Qeyd edək ki, klipin rejissoru İlkin İmanov, operatoru Pərviz Dadaşovdur. Aparıcı Əhəd Miriyev Nəzirinin tərəf müqabili qismində çəkilib.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər