• çərşənbə axşamı, 19 mart, 10:30
  • Baku Bakı 8°C

Nəzakət Məmmədova: “Ermənistan satellit rolunda çıxış edir”

19.08.19 19:15 13820
Nəzakət Məmmədova: “Ermənistan satellit rolunda çıxış edir”
Politoloq:"Bir qayda olaraq başqa qüvvələrin köməyilə hakimiyyətə gələn Paşinyan kimi siyasətçilər xarici qüvvələrin iradəsini həyata keçirir, onlara verilmiş təlimat üzrə hərəkət edirlər”
Ermənistanın hökumət başçısı Nikol Paşinyan bu yaxınlarda Xankəndinə gələrək orada təşkil edilən mərasimdə çıxış edib. Erməni baş nazir Azərbaycan torpaqları hesabına "birləşmiş” erməni dövlətinin yaradılması ideyasını – separatizmi dəstəklədiyini dilinə gətirməklə bərabər, "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar da səsləndirib. Bununla o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların Ermənistan tərəfindən işğal olunduğunun açıq şəkildə etiraf edib. Belə sərsəm fikirlərin, Azərbaycanı təxribata çəkmək, sülh danışıqlarını pozmaq cəhdlərinin davamı olaraq cəbhə xəttində, həmçinin Azərbaycan-Ermənistan sərhədinin Qazax ərazisindən keçən hissəsində erməni əsgərləri tərəfindən atəşkəs dəfələrlə pozulub, hərbi qulluqçularımız yaralanıb. Təbii ki, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. Üstəlik, Ermənistan silahlı bölmələri tərəfindən törədilən təxribatlar və onların Azərbaycan ərazilərinə doğru hərəkət etmək istəyinin qarşısını almaq məqsədilə, qabaqlayıcı tədbirlər görülüb, bir sıra istiqamətlərdə strateji əhəmiyyətli yüksəkliklər, yeni mövqelər tutulub. Bu mövqelərin tutulması Ermənistan silahlı bölmələrinin döyüş postlarını və postlara gələn yolları nəzarətdə saxlamaq üçün daha optimal imkanlar yaradıb. Düşmən tərəfinin aramsız atəşi altında mühəndis işləri aparılıb. Sərsəm fikirlərlə gündəmdə qalmağa çalışan Ermənistan rəsmiləri isə bu dəfə erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryanın "Facebook” səhifəsi vasitəsilə bildiriblər ki, guya "erməni hərbçilər Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olublar”. Bütün bu mövzularla bağlı "Kaspi” qəzetinin suallarını politoloq Nəzakət Məmmədova cavablandırır.
- Nəzakət xanım, Ermənistan baş naziri N.Paşinyanın separatizmi və işğalçılığı açıq-aşkar dəstəkləməyə hesablanmış fikirlər səsləndirməsinə səbəb nə idi?
- Ehtimal etmək olar ki, Qarabağ məsələsi ilə bağlı Ermənistan baş nazirinin qızışdırıcı bəyanatlarının arxasında Atlantik okeanın hər iki tayından müəyyən qrupların Paşinyana verdiyi dəstək dayanır. Biz bunu bütövlükdə Amerika, yaxud Fransa, digər Qərb hökumətlərinin mövqeyi kimi qəbul edə bilmərik. Çünki həmin ölkələrdə xarici siyasət qərarlarına təsir edə biləcək güclü lobbi qrupları və qərar qəbuletmə mərkəzləri var. Ola bilsin ki, onların təhriki ilə Paşinyan belə bəyanatlar verir və bunun şəxsən özü, iqtidarı və ölkəsi üçün nəticələrindən də narahat deyil. Xatırladım ki, bir müddət əvvəl Ermənistan siyasi elitasının təmsilçiləri ABŞ-da bir sıra konqresmenlərlə, digər şəxslərlə görüşlər keçirdilər. Bu görüşlərdə Ermənistanın bu cür mövqe tutması barədə razılıq əldə olunması ehtimalı istisna edilməməlidir. Məqsəd danışıqlar prosesini pozmaq, indiki status-kvonun əsas qarantı olan Rusiyaya təzyiq göstərmək və onu diskreditasiya etməklə, Qarabağ məsələsində proseslərdə müdafiə mövqeyinə çəkilməyə məcbur etmə məqsədi güdür. Ermənistan Azərbaycanı müharibəyə təhrik etməklə danışıqlar prosesində Rusiyanın müəyyən etdiyi indiki nə hərb, nə sülh vəziyyətini dəyişməyi, status-kvoya zərbə endirməyi planlaşdırır. Ermənistan hər zaman olduğu kimi bu məsələdə də satellit rolunda çıxış edir. Bundan başqa, müharibəyə başlama səbəbinin məsuliyyətini Azərbaycanın üstünə atmaqla Ermənistan bir neçə məqsəd güdür. Müharibə başlayarsa, Ermənistanın uduzacağı məlumdur. Bununla regionda Rusiyanın yaratdığı status-kvo pozulur, Qarabağ klanının nəzarətində olan Ermənistan ordusu məğlub olur və Paşinyan daxili rəqibləri ilə haqq-hesab çəkmək üçün ikinci Aprel məğlubiyyəti sindromu əldə etmiş olur.
- Rəsmi İrəvanın bu cür bəyanatları, işğalçı olduqlarını açıq bildirməsi ATƏT-in Minsk qrupunun münaqişəni sülh yolu ilə həll etmə missiyasını şübhə altına salmırmı? Ümumiyyətlə, Ermənistan rəsmilərinin belə bəyanatları fonunda həmsədrlər nə üçün susurlar?
- Ermənistan rəsmilərinin danışıqların pozulmasına yönəlmiş bəyanatlarına Minsk qrupu indiyədək heç bir reaksiya vermirsə, bu, onların da məsuliyyətini artırır. İşğal cinayətinin nəticələrinin aradan qaldırılması ilə məşğul olmağa mükəlləf olunmuş beynəlxalq təşkilatın bu prosesi pozan destruktiv tərəfə - yəni Ermənistana irad bildirmək, Paşinyanın bəyanatlarını pisləmək əvəzinə, işğalın legitimləşdirilməsinə yönəlmiş çağırışlara dair lazımi tədbirlər görməməsi Minsk qrupu həmsədrlərinin də beynəlxalq hüquqa və öz üzərinə götürdüyü vəzifələrin icrasına ən azından səhlənkar, məsuliyyətsiz yanaşması deməkdir. Minsk qrupuna həmsədrlik edən dövlətlərin hazırda dünyanın bir sıra bölgələrində, Latın Amerikasında, Yaxın Şərqdə, Mərkəzi Asiyada, Cənubi Qafqazda güc savaşı uğrunda mübarizə aparması və burada bütün səylərin Qarabağ münaqişəsinin həllinə yönəlməsi deyil, münaqişə tərəflərindən öz maraqları naminə istifadəyə cəhd etməsi belə bir vəziyyət ortaya çıxarıb. Bir sıra beynəlxalq problemlər kimi Qarabağ münaqişəsi də Cənubi Qafqazı öz təsir dairəsinə daxil etmək istəyən böyük güclərə hər üç bölgə ölkəsi ilə anlaşmanı labüd etdiyindən, həmsədr dövlətlər Ermənistanın məlum bəyanatlarına münasibət bildirmək istəmirlər.
- İşğalçı Ermənistanın davamlı olaraq qeyri-konstruktivlik nümayiş etdirməsi, beynəlxalq hüquqa zidd bəyanatları Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə necə təsir edir?
- Cənubi Qafqaz regionunun böyük dövlətlərin geostrateji planlarında yer alması, Atlantizm və Avrasiyaçılıq arasında ziddiyyətlərin toqquşduğu məkanlardan biri olması, Orta Şərq və Mərkəzi Asiyaya yaxın bölgə olaraq dünyanın diqqət mərkəzində olan bölgələrdən biri olması buradakı proseslərin tək bölgə xalqlarına və dövlətlərinə deyil, bütün dünyaya və xüsusilə də burada marağı olan böyük dövlətlərin siyasətinə təsirsiz ötüşməməsini labüd edir. Dünya o qədər qloballaşıb ki, bir bölgədə baş verən münaqişə bu və ya digər formada bütün beynəlxalq münasibətlər sistemində təsir edir. Qarabağ münaqişəsi kimi bir problem öz ədalətli həllini tapmayınca, heç bir böyük güc mərkəzi regionda öz maraqlarını sabit və etibarlı şəkildə təmin edə bilməz. Azərbaycan prezidenti bəyan edib ki, biz öz xarici siyasətimizi milli maraqlar prinsipi əsasında qururuq. Bizim xarici siyasətimiz qarşılıqlı faydalı əməkdaşlığa söykənir, Ermənistandan fərqli olaraq biz heç bir gücün forpostu deyilik. Münaqişəni başlayan və onun həllinə imkan verməyən tərəf Ermənistan olduğundan problem 30 ildən çoxdur ki, öz həllini tapmamış qalmaqdadır. Ermənistan qeyri-konstruktiv bəyanatlar verməklə münaqişənin həllinə imkan verməməyə, vaxt udmağa çalışır. Onlar hesab edir ki, guya vaxt nə qədər çox uzansa, zaman onların xeyrinə işləyə bilər və onlar daha çox vaxt keçdikcə dünya ictimaiyyətini fakt qarşısında qoya bilərlər. Buna görə də münaqişəyə hər vəchlə mane olurlar. Təbii ki, bu cür mövqe danışıqlar prosesini pozur və onun hərbi yolla həllini qaçılmaz edir.
- Bütün bu hadisələr fonunda Ermənistan silahlı birləşmələri cəbhə xətti ilə yanaşı, sərhəd ərazilərdə də atəşkəsi pozur, hərbçilərimizi yaralayırlar. Buna cavab olaraq Dövlət Sərhəd Xidməti hərbçilərinin Qazax istiqamətində bəzi mövqelərdə irəliləməsini necə dəyərləndirirsiniz?
- Sərhəd xətlərinin irəli çəkilməsi və yeni sərhəd məntəqələrinin yaradılması Azərbaycanın döyüş əzmini bir daha nümayiş etdirdi. Buna həm də düşmən tərəfin son zamanlardakı təxribatları təhrik etdi. Məsələn, bu ilin iyulun 31-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sər­həd diviziyasının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərə­finin təxribatları baş vermiş, döyüş mövqe­lərimiz düş­mən tərəfindən atə­şə tutul­muşdu. Atışma zamanı dö­yüş növbəsində xidmət aparan Sərhəd Xid­mətinin 1 hərbi qulluqçusu yara­lanmışdı. Bununla yanaşı, Paşinyanın Xankəndidəki məlum təxribarçı bəyanatından sonra iki ölkə arasında müharibə ehtimalını gücləndiyindən Azərbaycanın müvafiq dövlət orqanları işğalçı qoşunlarla təmas xəttində və Ermənistanla dövlət sərhədində fəaliyyətlərini genişləndirdilər. Dövlət Sərhəd Xidmətinin Qazax rayonunda yeni məntəqələr yaratması və düşmənin strateji obyektlərini nəzarət altına alması bunu sübut edir. Azərbaycan təkcə işğal olunmuş ərazilərdə qoşunların təmas xəttində deyil, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlara qarşı hazırlığını artırmış oldu. DSX-nin son tədbirləri bu baxımdan Azərbaycanın Ermənistana uğurlu demarşı sayıla bilər.
- Azərbaycan sərhədçilərinin Qazaxdakı addımından sonra erməni tarixçi və hərbçi ekspert Artur Yegizaryan özünün Facebook səhifəsində status paylaşaraq iddia edib ki, guya ermənilər də Azərbaycanla sərhəddə 140 hektar torpaq azad etməyə nail olublar. Ermənistan cəmiyyətində baş verənləri internet üzərindən izləyən politoloq kimi deyə bilərsinizmi, sərhədçilərimizin irəliləməsi erməni cəmiyyətinə necə təsir edib?
- Sərhədçilərimizin irəliləməsi, müdafiə naziri general-polkovnik Zakir Həsənovun cəbhəboyu zonada tikilən hərbi hospitalın açılışını etməsi, daha sonra isə onun Rusiyaya səfər etməsi, Paşinyanın təxribatlarına vaxtında verilmiş kəsərli, doğru cavab oldu. Təbii ki, bütün bunların əsasında Azərbaycan Prezidentinin üstün iradəsi, dünyada bir lider kimi şəxsi nüfuzu, ölkəmizin qüdrəti dayanır. Azərbaycana diplomatik demarş nümayiş etdirməyə cəhd edən Paşinyan bununla onsuz da zəif ölkəsini sonunun məğlubiyyət olacağını bildiyi mənasız avantüraya sürüklədiyinin fərqindədir. Öz dövlətinin rifahını, tərəqqisini yalnız müdrik, xalqını sevən, sülhpərvər dövlət başçısı düşünə bilər. Paşinyanın nə şəxsi, nə işgüzar keyfiyyətləri, nə də keçdiyi həyat yolunun qısamüddətli təcrübəsi ona bu imkanları verməyib. Bu şəxs Qərbin təsir agentidir. Onun məqsədi Ermənistanı inkişaf etdirib, işğalçı damğasından xilas etmək yox, Rusiyanın forpostundan Qərbin forpostuna transfer etməkdir. Onun bütün fəaliyyəti bunu sübut edir. Ölkəsinin indiki şəraitdə məğlub olacağını bildiyi halda Azərbaycanla müharibəyə təhrik etməsi ilk növbədə onun öz dövlətinə xəyanətdir. Lakin bir qayda olaraq başqa qüvvələrin köməyilə hakimiyyətə gələn siyasətçilər xarici qüvvələrin iradəsini həyata keçirir, onlara verilmiş təlimat üzrə hərəkət edir, qalan məsələlər, o cümlədən öz ölkəsinin məğlubiyyəti onları narahat etmir. Odur ki, ali baş komandanın nəzarət edə bilmədiyi ordunun hər hansı ərazi tutması cəfəng iddiadır. Status-kvonu ən son olaraq 2016-cı il Aprel döyüşlərində, daha sonra Naxçıvanda Günnüt ərazisində torpaq tutmaqla, ən son günlərdə isə Qazaxda sərhəd xətlərini irəli çəkməklə Azərbaycan dəyişib!
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər