• cümə, 26 Aprel, 12:40
  • Baku Bakı 23°C

Nəyin müqabilində?

14.10.16 13:39 1970
Nəyin müqabilində?
Bu həftə İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresində Azərbaycan, Rusiya və Türkiyə prezidentləri yenidən bir araya gəldi. Xüsusən də Vladimir Putinin bu konqresə şəxsən qatılması, Rəcəb Tayyib Ərdoğanla bir sıra məsələlərdə razılıq əldə edilməsi, o cümlədən "Türk axını” barədə sazişin imzalanması onu göstərdi ki, Türkiyə-Rusiya əlaqələri gözlənildiyindən də sürətlə inkişaf edir, Ankara ilə Moskva əksər məsələlərdə anlaşa bilir. Heç şübhəsiz ikitərəfli, həmçinin prezident İlham Əliyevin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdə bir sıra məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də müzakirə mövzusu olub. Belə bir ehtimalı gücləndirən məqamlardan biri də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bu günlərdə mediaya açıqlamasında səsləndirdiyi fikirlədir. O deyib ki, Minsk Qrupunun həmsədrləri, o cümlədən Rusiya münaqişənin sülh yolu ilə həlli barədə bəzi konstruktiv təkliflər irəli sürüblər. Onun sözlərinə görə, gündəmdə işğal olunmuş ən azı beş rayonunun Azərbaycana qaytarılması məsələsi durur. Nazir bildirib ki, Rusiya Türkiyə ilə bu ideyanı paylaşıb, rəsmi Ankara bunu dəstəkləyib və Azərbaycan tərəfi ilə müzakirə edib. M.Çavuşoğlu qeyd edib ki, əgər bu cür addımlar atılsa, Türkiyə Azərbaycanın istənilən qərarını dəstəkləyəcək. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) oktyabrın 14-də Ermənistanda keçiriləcək növbəti toplantısı ərəfəsində türkiyəli nazirin bu açıqlaması müxtəlif mülahizələrə səbəb olub. Bu kontekstdə irəli sürülən ehtimallardan biri də budur ki, V.Putin həmin toplantıda iştirak etmək məqsədilə İrəvana getməsinin arxasında həm də Ermənistan rəhbərliyinə Qarabağla bağlı mesaj çatdırmaq, Qərbdən kömək ummaq fikrində olan Serj Sərkisyanı ağıllandırmaq niyyəti durur.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən millət vəkili Rasim Musabəyov Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasını, prezidentlərin Dağlıq Qarabağ problemini öz aralarında müzakirə etməsini müsbət amil kimi qələmə verib. Lakin o, Türkiyədən sonra V.Putinin İrəvana məhz Ermənistan hakimiyyətinə təzyiq göstərmək üçün getdiyini inandırıcı saymayıb. Politoloq deyib ki, belə fikirlər reallıqdan uzaqdır: "İndiki situasiyada ölkədaxili seçkilərə görə nə ABŞ, nə də Fransa problemin həllinə hər hansı təsir etmək istəyində deyillər. Belə olan halda, münaqişənin tənzimlənməsi ilə bağlı təşəbbüs olarsa, bunu ancaq Rusiya edə bilər. Lakin Rusiyanın belə bir istəyinin olub-olmamasını söyləmək çətindir. Türkiyə xarici işlər nazirinin səsləndirdiyi fikirlərə gəlincə, bu, ümumi yanaşmadır. 5 rayonun qaytarılması Madrid prinsiplərində də öz əksini tapıb. Bu məsələ dəfələrlə müzakirə edilib, hətta 10-15 il bundan öncə nəinki 5, hətta 6 rayonun azad edilməsi gündəmdə idi. Sual yaranır ki, nəyin müqabilində? Biz 5 rayonun qaytarılması müqabilində Dağlıq Qarabağ üzərində nəzarətin Ermənistana verilməsini, yaxud bu ərazinin Ermənistana birləşdirilməsini rəsmiləşdirə bilmərik. Hesab edirəm ki, nəyin müqabilində Ermənistanın işğal altındakı rayonları azad etməsi yenə də açıq qalır və müzakirə predmetidir”.

Siyasi şərhçi Mübariz Əhmədoğlu isə İstanbulda Türkiyə, Rusiya və Azərbaycan prezidentlərinin görüşünün çox səmimi bir aurada keçdiyini xatırladaraq, Kreml rəhbərinin İrəvanda olarkən həm də Ermənistan rəhbərliyinə təzyiq göstərməsini mümkün sayıb: "Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli formatı yaradıldı. Bu hadisədən sonra ekspertlər bildirirdilər ki, gələcəkdə Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatının yaradılması da mümkündür. Fikrimcə, İstanbulda prezidentlərin görüşü belə bir formatın yaradılması istiqamətində vacib addımdır. Hər iki formatda mərkəzi fiqur rolunu Azərbaycan oynayır. KTMT-nin İrəvanda keçiriləcək tədbirinə gəlincə, belə toplantının olacağı ilin əvvəlindən bilinirdi. Əminəm ki, Vladimir Putin İrəvanda olarkən bu toplantının daxili məsələləri ilə bərabər, Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək. Onu da nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə məhz Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda görüşüb. O zaman Sarkisyan 5 rayonun qaytarılmasına, bunun əvəzində isə Dağlıq Qarabağa aralıq statusunun verilməsinə razılıq vermişdi. Növbəti mərhələdə daha iki rayonun boşaldılması, azərbaycanlıların Dağlıq Qarabağa və ətraf 7 rayona qaytarılması prosesi baş verməliydi. Ən nəhayət, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra Dağlıq Qarabağın statusu müəyyən ediləcəkdi. Münaqişənin tənzimlənməsində faktiki həll variantı gündəmdə idi. Beləliklə, Azərbaycan bu həll variantının iki mərhələdən ibarət olmasında maraqlı olsa da, 3 mərhələli həll variantı ortaya qoyuldu. Bu da Azərbaycanın maraqlarına cavab verirdi”.

M.Əhmədoğlu bildirib ki, rəsmi Bakı hətta 3 mərhələli variantı məqbul saysa da Ermənistan yenidən qeyri-konstruktivlik nümayiş etdirir, əvvəlki razılığını, verdiyi sözü, üzərinə götürdüyü öhdəliyi danır: "Bununla Ermənistan rəhbəri Vladimir Putinin sözünü danır, onun nüfuzunu vurmuş olur. Fikrimcə, Kreml rəhbərinin İrəvana gəlişi həm də Sarkisyana və digər hakimiyyət nümayəndələrinə Ermənistan prezidentinin verdiyi sözü tutmasının vacibliyini izah edəcək. Əgər Rusiya dövlət başçısı belə bir addım atmayacaqsa, yaxud Sarkisyan yenidən Kreml rəhbərinin sözünü yerə salacaqsa, bu, Vladimir Putinin nüfuzuna zərbə vuracaq. Belə olarsa, bir daha aydın olacaq ki, Ermənistan dinc danışıqlar, diplomatik yolla münaqişənin tənzimlənməsinə razılıq vermir. O zaman münaqişənin həlli üçün hərbi variantdan başqa çıxış yolu qalmayacaq. Bu baxımdan, Vladimir Putinin İrəvanda olarkən Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparacağına əminəm”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər