AZE | RUS | ENG |

Nəqliyyatın idarəedilməsi üçün bir neçə qurumdan ibarət konsorsium yaradılacaq

Nəqliyyatın idarəedilməsi üçün bir neçə qurumdan ibarət konsorsium yaradılacaq
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimlinin "APA-Economics"ə müsahibəsi:
 
-Yaxın zamanlarda Bakı Nəqliyyat Agentliyinin publik hüquqi şəxs kimi nizamnaməsi təsdiqləndi və nizamnaməyə görə Bakı şəhərində parklanma yerlərinin təyini agentliyin səlahiyyətinə aid edildi. Agentlik tərəfindən bununla bağlı hansı addımlar atılacaq?
- Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına dair toplantısında cənab prezidentin vurğuladığı kimi ümumilikdə şəhər nəqliyyatının təşkili koordinasiyalı olmalıdır. Burada bütün digər qurumlar da bir-birinə dəstək olmalıdır. Çünki, nəticə etibarı ilə bizim vətəndaşlarımız, Bakı sakinləri - müəllimi də, tələbəsi də, naziri də yollardan istifadə edir. Bizim araşdırmalar nəticəsində məlum olub ki, yollarda ən çox nəzərə çarpan problem qeyri-qanuni parklanma, parklama yerlərinin aidiyyatı qurumlarla razılaşdırmadan təsdiq olunması və müəyyənləşdirilməsi ilə bağlıdır. Əsas məsələ odur ki, parklanmanın təhvil-təslim prosesi davam etməlidir. Bu prosesdən sonra bizim niyyətimiz odur ki, parklanma tam avtomatlaşdırılmış olsun. Necə ki, biz avtobuslarda nağdlaşmanı aradan qaldırıb, kart vasitəsilə nağdsız ödəniş istiqamətində gediriksə, parklanma ilə bağlı da bunu etmək istəyirik. Artıq yeraltı və ya digər parklanmaların işlək vəziyyətə gətirilməsi istiqamətində hərəkət edəcəyik ki, küçələrdə qeyri-qanuni parklanmanın və ya ümumiyyətlə parklanmanın yaratdığı problemlər ortadan qalxsın. Eyni zamanda, parklanma bir mədəniyyətdir. Biz sakinlərimizdən də böyük bir anlayış gözləyirik. İstərdik ki, vətəndaşlarımız avtomobillərini restoranın, iaşə obyektinin, əyləncə mərkəzinin birbaşa qarşısında və yaxud yanında saxlamaqla deyil, avtomobillərini parklanma yerlərində park edərək lazımı ünvana yürüyərək getsinlər. Araşdırmalarımızdan sonra ehtiyac yaranarsa, yeni parklanma yerləri tikiləcək, ehtiyac olmadığı halda mövcud olanlardan istifadəni təşviq etməliyik.
 
- Agentliyin nizamnaməsində öz əksini tapan digər məsələ paytaxt işıqforlarının vahid sistem çərçivəsində idarə olunması ilə bağlıdır. Bununla bağlı hansı işlər görüləcək?
- İşıqforlara nəzarətin digər qurumlarda olması məsələni çətinləşdirmirdi, sadəcə onların texniki cəhətdən idarə edilməsi bir az problem yaradırdı. Bu gün Bakı şəhərinin küçələrini Bakı Nəqliyyat Agentliyi (BNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) olmadan təsəvvür etmək mümkün deyil. Xüsusilə nəqliyyat sahəsində BNA, DYP, İcra Hakimiyyəti koordinasiyalı şəkildə çalışmalıdır. Bunun başqa yolu yoxdur. Bizim nəqliyyatın intellektual idarəedilməsinə dair inkişaf proqramımız var. Orada xüsusi bir komandanın yaradılması öz əksini tapır. Həmin komandanın tərkibində Fövqəladə Hallar Nazirliyinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Bakı Nəqliyyat Agentliyinin nümayəndələri olacaq. Bu komanda konsorsium kimi fəaliyyət göstərəcək və idarəetmə oradan olacaq.
 
- Avtobus parkının yaradılması ilə bağlı planlarınız nədir?
- İctimai nəqliyyat ölkə rəhbərliyinin çox ciddi nəzarətindədir. Çünki, ictimai nəqliyyat sosial layihədir. Hazırda sərnişindaşıma fəaliyyəti ilə 41 sahibkar məşğuldur. İctimai nəqliyyatın, paytaxtın marşrut şəbəkəsinin sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sahibkarlardan aslı olması tam idarəetmə üçün yaxşı bir model deyil. Bundan başqa, bizim əsas istəyimiz budur ki, daşıyıcıların əksəriyyətinin istehsalat bazası olsun. Bu qarajları yenidən bərpa edərək onların tərkibində istər tibbi müayinə, istər reysqabağı avtobusların texniki baxışdan keçirilməsini təmin edəcəyik. Biz istəyirik ki, ictimai nəqliyyatdan hər kəs istifadə edə bilsin. Bunun üçün ilk növbədə təhlükəsizlik, ikinci sanitariya tələbləri, üçüncüsü sürücü etikasının aşılanmasına çalışacağıq.
 
- Bakıxanov küçəsini paytaxtın əsas "nəqliyyat arteriya"larından biri adlandırmış və bu küçədə dəyişikliklər edilməsinin vacibliyini qeyd etmişdiniz. BNA bu küçədə dəyişikliklərin tətbiqinə nə vaxtdan başlayacaq?
- Bu gün Bakıxanov küçəsi ilə Ceyhun Hacıbəyli kəsişməsi, 3-cü mikrorayon dairəsi, Memar Əcəmi metrostansiyası yaxınlığındakı dairə, Tbilisi prospekti ilə Moskva prospektinin birləşmə nöqtəsi, Şərifzadə küçəsi, "Yasamal bazarı” istiqaməti artıq təhlil olunub və onlara dair həll yolu var. Bakıxanov küçəsini ayrı götürmək olmaz. Nəqliyyat axını elə bir məsələdir ki, "A” nöqtəsindən "B” nöqtəsinə gəldikdə lokal həll ilə problem ümumilikdə həllini tapmır. Axının başlanğıcı və sona çatdığı yer var. Bir yeri düzəltdikdə orada axının istiqaməti dəyişir. Axının istiqaməti dəyişəndə axının sayları dəyişir. Bakıxanov küçəsində dəyişikliklərə isə cari ilin ortalarından başlanacaq.
 
- Yeni avtobusların ölkəyə gətirilməsi bu il baş tutacaqmı? Bu avtobuslar mövcud marşrut xətlərinə, yoxsa "Bakubus”a veriləcək?
- "BakuBus” MMC-nin yaradılması Azərbaycan prezidenti cənab İlham Əliyevin təşəbbüsüdür və bu gün sərnişinlər "BakuBus” istəyir. Bu il yeni avtobuslar gətiriləcək. Və bu avtobuslar dövlətin, yəni sərnişinlərin istədiyi bir idarəetmədə olacaq. İstəyimiz budur ki, avtobusları yenilədikdən sonra, nağdsız ödəniş sistemi tətbiq edilsin. Mən köhnə avtobusların yenilənməsi tərəfdarıyam. Bu, bizim tələbimizdir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN