Nazirlər Kabineti tibbi maskaların istifadəsi ilə bağlı qərar verdi
Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində yeni növ
koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının
qarşısının alınması məqsədilə yeni qərar imzalayıb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə,
qərara əsasən, aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar
arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən
(tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili
(rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində
(avtobus, taksi, metro, dəmiryolu və s.);
1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və
xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq
tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar
istisna olmaqla);
1.3. dövlət orqanlarının (qurumlarının) binalarında
vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların
müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;
1.6. tarix və mədəniyyət abidələri hesab edilən
qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət
və digər bu kimi qapalı obyektlərdə;
1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet
kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və
xidmət obyektlərinin qarşısında növbədə;
1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu
açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının
mümkün olmadığı digər hallarda.
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin
istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri
(gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi
davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin
pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən
edilmiş məsuliyyətə səbəb olur.