• cümə, 26 Aprel, 10:31
  • Baku Bakı 12°C

Nazarbayevdən növbəti ambioz layihə

16.05.18 17:52 833
Nazarbayevdən növbəti ambioz layihə
Yeni-yeni layihə və təşəbbüsləri ilə hamının təəccübləndirməkdə davam edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu dəfə daha bir ambioz layihə ilə çıxış edib. Qazax lider Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin Soçidə keçirilən son sammitindən Xəzərdən Qara dənizə uzanacaq yeni naviqasiya kanalı layihəsini təqdim etmək üçün istifadə edib. Rusiya mediası yazır ki, bu kanal Qazaxıstan üçün çox əlverişli bir layihə olsa da, Moskva üçün əlavə risklər yaradır. Bu səbəbdən də Rusiyanın hakimiyyət orqanları Qazaxıstan layihəsinə son onillikdə hər hansı bir maraq göstərməyiblər. "Nezavisimaya qazeta” yazır ki, indi isə Rusiya tərəfi iqtisadiyyatının canlanması üçün bu meqalayihə ilə maraqlana bilərlər. Sammit zamanı Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin liderlərini Xəzər və Qara dənizlərinin naviqasiya kanalı vasitəsilə birləşməsi layihəsini müdafiə etməyə çağırıb. "Avrasiya naviqasiya kanalının inşası perspektivli layihə ola bilər. Bu layihə Qara və Xəzər dənizlərini su yolları ilə bağlaya bilər. Qazaxıstan hər zaman yaxındadır. Bu gün bütün istiqamətlər üzrə adekvat işlər gedir. Bizim üçün əsas, onların investisiyası, texnologiya və bazarı əhəmiyyətlidir”, - deyə Nazarbayev bəyan edib. Bu kanalın inşasına isə nə az, nə çox, təqribən 14 milyard dollar sərf edilməsi nəzərdə tutulur. Tikinti işləri isə 10 il davam edə bilər. Hazırda Xəzər dəniz ilə Qara dənizi Volqa-Don kanalı birləşdirir. Lakin Nazarbayevin təklif etdiyi yeni Avrasiya kanalı Volqa-Don marşrutundan təqribən min km qısadır. Qeyd edək ki, Volqa-Don kanalı il ərzində 16,3 milyon ton yük daşıma qabiliyyətinə malikdir. Və praktiki olaraq tam şəkildə yüklənib. Yeni kanal isə daha böyük yükburaxma qabiliyyəti ilə inşa edilə bilər - təqribən ildə 45 milyon ton. Özü də bu yeni layihə deyil. Avrasiya kanalı layihəsini ilk dəfə 11 il bundan əvvəl Qazaxıstan prezidenti Rusiya prezidenti Vladimir Putinə təklif edib. O, 2007-ci ildə Sankt-Peterburqda keçirilən 11-ci Beynəlxalq iqtisadi forumda MDB-dəki vəziyyətlə bağlı məruzəsində Xəzər dənizi ilə Qara dənizi birləşdirmək üçün yeni kanalın çəkilməsini təklif etmişdi. Onun fikrincə, bu kanal hazırda fəaliyyətdə olan Volqa-Don kanalından 1000 kilometr qısa olmalıdır. Qazaxıstan prezidenti deyib ki, bu layihənin texniki-iqtisadi əsaslarını hələ 1936-cı ildə SSRİ Xalq Komissarları Soveti hazırlamışdı. Lakin kanalın bir hissəsi çəkilsə də, layihə tam başa çatdırılmamışdı. Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi, habelə "Hidrotexekspertiza” Ekspert Mərkəzi və Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi yanında Nəqliyyat Layihələri Fondu da 2006-cı ilin ortalarında belə bir təşəbbüslə çıxış etmişdi. Tikilməsi təklif olunan kanalın uzunluğu 650 kilometr, eni 70 metr, dərinliyi isə 16 metr nəzərdə tutulur. O zaman Rusiyada Avrasiya kanalı layihəsinə diqqət göstərilməmişdi. Çox güman ki, indi də bu münasibət dəyişməyib. Bundan öncə də məsələ müzakirəyə çıxarılıb. Və Rusiya Coğrafiya Cəmiyyətinin 2011-ci ildə keçirilən iclasında bu layihə çox ciddi tənqid olunmuşdu. Alimlər bu layihənin inşasının nələrə gətirib çıxaracağı ilə bağlı sərt tənqidi analiz təqdim etmişdilər. "Faktiki Qazaxıstan Transsibir dəmir yolu xəttinə paralel olaraq Rusiyadan yan keçəcək yeni beynəlxalq nəqliyyat dəhlizi təklif edir. Bu layihənin reallaşacağı təqdirdə, Qazaxıstan il ərzində 2-4 milyard dolar gəlir əldə edə bilər. Rusiya isə nəqliyyat infrastrukturunun istiqamətinin Qazaxıstan istiqamətinə dəyişməsi ilə həddən artıq itki ilə üzləşə bilər”, - deyə yeni kanalın perspektivləri ilə bağlı sualı cavablandıran elmlər doktoru Vladimir Krivoşey "Nezavisimaya qazeta”ya açıqlamasında bildirib. Yeni bir naviqasiya kanalının işə düşməsi ilə Transsibir dəmir yolundan gedən yüklər Qazaxıstana doğru istiqamət götürəcək. Ekspertin qiymətləndirməsinə görə, kanalın inşası zamanı torpaq qazma işləri 500 milyon kub metr təşkil edə bilər. Kanalın şlüzlərində ümumi dəmir-beton işlərinin həcmi isə 3 milyon kub metri keçə bilər. Rusiyalı alimin hesablamalarına görə, layihə işlərinə vəsaitlər artaraq 25 milyard dollara yüksəlmə ehtimalı var. Bu səbəbdən də layihənin reallaşması məsələsi və perspektivi sual altında qala bilər. Özü də kanalın maliyyələşməsi mənbəyi heç də Rusiya büdcəsi hesabına olmaya da bilər. Yəni Qazaxıstan onun inşasını öz üzərinə götürsə, onda rusiyalı məmurlar onun Rusiya Federasiyası üçün neqativ nəticələrini həddən artıq şişirtmiş olarlar. Kanalın inşası üçün əlavə bir stimul o ola bilər ki, bununla Avrasiya İqtisadi İttifaqını canlandırmaq ehtimalı yaranar. Məsələn, rusiyalı politoloq Sergey Markov hesab edir ki, Avrasiya İqtisadi İttifaqı çox ciddi böhran içindədir. O, xatırladır ki, Avrasiya İqtisadi İttifaqı Avropa İttifaqından şərqdə olan və ona üzv olmaq imkanından məhrum olan ölkələr üçün regional iqtisadi korporasiya təşkilatı kimi yaradılıb: "Lakin praktikada hər şey başqa cür oldu. Avropa İttifaqı öz sərhədləri ətrafında onunla rəqabət aparmaq iqtidarında olan bir iqtisadi ittifaqın yaranmasını istəmir. Belə ki, Avropa İttifaqı Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətləri öz tərəfinə cəlb etməyə çalışır. Bu məqsədlə onlarla Assosiativ saziş, müxtəlif əməkdaşlıq proqramları təklif edilir. Ən əsası onlara Avropa İttifaqının bazarlarına daxil olmaq şansları yaradır. Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın imperiya qüdrətinin yenidən bərpasına yol verməməyə çalışır. Bu səbəbdən də Rusiya və Avrasiya İqtisadi İttifaqının üzvlərinə təzyiqlərə başlayıb. Ona görə də, Rusiyanın himayəsi ilə qurulan təşkilat inkişafdan bir növ dayandırıldı. Heç kim Rusiya ilə əməkdaşlığa görə cəzalanmaq istəmir. Özü də belə bir cəza ilə açıq şəkildə hədələyirlər. Bu səbəbdən də tərəfdaşlar sadəcə qorxurlar”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər