Nazarbayevdən növbəti ambioz layihə
Yeni-yeni layihə və təşəbbüsləri ilə hamının təəccübləndirməkdə
davam edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu dəfə daha bir ambioz layihə
ilə çıxış edib. Qazax lider Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olan ölkələrin
Soçidə keçirilən son sammitindən Xəzərdən Qara dənizə uzanacaq yeni naviqasiya kanalı
layihəsini təqdim etmək üçün istifadə edib. Rusiya mediası yazır ki, bu kanal Qazaxıstan
üçün çox əlverişli bir layihə olsa da, Moskva üçün əlavə risklər yaradır. Bu səbəbdən
də Rusiyanın hakimiyyət orqanları Qazaxıstan layihəsinə son onillikdə hər hansı
bir maraq göstərməyiblər. "Nezavisimaya qazeta” yazır ki, indi isə Rusiya tərəfi
iqtisadiyyatının canlanması üçün bu meqalayihə ilə maraqlana bilərlər. Sammit zamanı
Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqına daxil olan ölkələrin liderlərini
Xəzər və Qara dənizlərinin naviqasiya kanalı vasitəsilə birləşməsi layihəsini müdafiə
etməyə çağırıb. "Avrasiya naviqasiya kanalının inşası perspektivli layihə ola bilər.
Bu layihə Qara və Xəzər dənizlərini su yolları ilə bağlaya bilər. Qazaxıstan hər
zaman yaxındadır. Bu gün bütün istiqamətlər üzrə adekvat işlər gedir. Bizim üçün
əsas, onların investisiyası, texnologiya və bazarı əhəmiyyətlidir”, - deyə Nazarbayev
bəyan edib. Bu kanalın inşasına isə nə az, nə çox, təqribən 14 milyard dollar sərf
edilməsi nəzərdə tutulur. Tikinti işləri isə 10 il davam edə bilər. Hazırda Xəzər
dəniz ilə Qara dənizi Volqa-Don kanalı birləşdirir. Lakin Nazarbayevin təklif etdiyi
yeni Avrasiya kanalı Volqa-Don marşrutundan təqribən min km qısadır. Qeyd edək ki,
Volqa-Don kanalı il ərzində 16,3 milyon ton yük daşıma qabiliyyətinə malikdir. Və
praktiki olaraq tam şəkildə yüklənib. Yeni kanal isə daha böyük yükburaxma qabiliyyəti
ilə inşa edilə bilər - təqribən ildə 45 milyon ton. Özü də bu yeni layihə deyil.
Avrasiya kanalı layihəsini ilk dəfə 11 il bundan əvvəl Qazaxıstan prezidenti Rusiya
prezidenti Vladimir Putinə təklif edib. O, 2007-ci ildə Sankt-Peterburqda keçirilən
11-ci Beynəlxalq iqtisadi forumda MDB-dəki vəziyyətlə bağlı məruzəsində Xəzər dənizi
ilə Qara dənizi birləşdirmək üçün yeni kanalın çəkilməsini təklif etmişdi. Onun
fikrincə, bu kanal hazırda fəaliyyətdə olan Volqa-Don kanalından 1000 kilometr qısa
olmalıdır. Qazaxıstan prezidenti deyib ki, bu layihənin texniki-iqtisadi əsaslarını
hələ 1936-cı ildə SSRİ Xalq Komissarları Soveti hazırlamışdı. Lakin kanalın bir
hissəsi çəkilsə də, layihə tam başa çatdırılmamışdı. Qeyd edək ki, Rusiya Elmlər
Akademiyasının Cənub Elm Mərkəzi, habelə "Hidrotexekspertiza” Ekspert Mərkəzi və
Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresi yanında Nəqliyyat Layihələri Fondu
da 2006-cı ilin ortalarında belə bir təşəbbüslə çıxış etmişdi. Tikilməsi təklif
olunan kanalın uzunluğu 650 kilometr, eni 70 metr, dərinliyi isə 16 metr nəzərdə
tutulur. O zaman Rusiyada Avrasiya kanalı layihəsinə diqqət göstərilməmişdi. Çox
güman ki, indi də bu münasibət dəyişməyib. Bundan öncə də məsələ müzakirəyə çıxarılıb.
Və Rusiya Coğrafiya Cəmiyyətinin 2011-ci ildə keçirilən iclasında bu layihə çox
ciddi tənqid olunmuşdu. Alimlər bu layihənin inşasının nələrə gətirib çıxaracağı
ilə bağlı sərt tənqidi analiz təqdim etmişdilər. "Faktiki Qazaxıstan Transsibir
dəmir yolu xəttinə paralel olaraq Rusiyadan yan keçəcək yeni beynəlxalq nəqliyyat
dəhlizi təklif edir. Bu layihənin reallaşacağı təqdirdə, Qazaxıstan il ərzində
2-4 milyard dolar gəlir əldə edə bilər. Rusiya isə nəqliyyat infrastrukturunun
istiqamətinin Qazaxıstan istiqamətinə dəyişməsi ilə həddən artıq itki ilə üzləşə
bilər”, - deyə yeni kanalın perspektivləri ilə bağlı sualı cavablandıran elmlər
doktoru Vladimir Krivoşey "Nezavisimaya qazeta”ya açıqlamasında bildirib. Yeni bir
naviqasiya kanalının işə düşməsi ilə Transsibir dəmir yolundan gedən yüklər Qazaxıstana
doğru istiqamət götürəcək. Ekspertin qiymətləndirməsinə görə, kanalın inşası zamanı
torpaq qazma işləri 500 milyon kub metr təşkil edə bilər. Kanalın şlüzlərində ümumi
dəmir-beton işlərinin həcmi isə 3 milyon kub metri keçə bilər. Rusiyalı alimin hesablamalarına
görə, layihə işlərinə vəsaitlər artaraq 25 milyard dollara yüksəlmə ehtimalı var.
Bu səbəbdən də layihənin reallaşması məsələsi və perspektivi sual altında qala bilər.
Özü də kanalın maliyyələşməsi mənbəyi heç də Rusiya büdcəsi hesabına olmaya da bilər.
Yəni Qazaxıstan onun inşasını öz üzərinə götürsə, onda rusiyalı məmurlar onun Rusiya
Federasiyası üçün neqativ nəticələrini həddən artıq şişirtmiş olarlar. Kanalın
inşası üçün əlavə bir stimul o ola bilər ki, bununla Avrasiya İqtisadi İttifaqını
canlandırmaq ehtimalı yaranar. Məsələn, rusiyalı politoloq Sergey Markov hesab edir
ki, Avrasiya İqtisadi İttifaqı çox ciddi böhran içindədir. O, xatırladır ki, Avrasiya
İqtisadi İttifaqı Avropa İttifaqından şərqdə olan və ona üzv olmaq imkanından məhrum
olan ölkələr üçün regional iqtisadi korporasiya təşkilatı kimi yaradılıb: "Lakin
praktikada hər şey başqa cür oldu. Avropa İttifaqı öz sərhədləri ətrafında onunla
rəqabət aparmaq iqtidarında olan bir iqtisadi ittifaqın yaranmasını istəmir. Belə
ki, Avropa İttifaqı Avrasiya İqtisadi İttifaqına üzv olan dövlətləri öz tərəfinə
cəlb etməyə çalışır. Bu məqsədlə onlarla Assosiativ saziş, müxtəlif əməkdaşlıq proqramları
təklif edilir. Ən əsası onlara Avropa İttifaqının bazarlarına daxil olmaq şansları
yaradır. Birləşmiş Ştatlar və Avropa İttifaqı Rusiyanın imperiya qüdrətinin yenidən
bərpasına yol verməməyə çalışır. Bu səbəbdən də Rusiya və Avrasiya İqtisadi İttifaqının
üzvlərinə təzyiqlərə başlayıb. Ona görə də, Rusiyanın himayəsi ilə qurulan təşkilat
inkişafdan bir növ dayandırıldı. Heç kim Rusiya ilə əməkdaşlığa görə cəzalanmaq
istəmir. Özü də belə bir cəza ilə açıq şəkildə hədələyirlər. Bu səbəbdən də tərəfdaşlar
sadəcə qorxurlar”.
Azər NURİYEV
Azər NURİYEV