• şənbə, 27 Aprel, 02:30
  • Baku Bakı 14°C

NATO ilə Rusiya arasında yeni «soyuq müharibə» dövrü Təhlil

03.04.14 09:55 2027
NATO ilə Rusiya arasında yeni «soyuq müharibə» dövrü Təhlil
Ukraynada baş verənlərlə bağlı Qərbin Rusiyaya qarşı konkret təzyiq vasitələrindən istifadə etməyə çəkindiyi günün reallığı olsa da, müəyyən istiqamətlərdə ikitərəfli və çoxtərəfli əlaqələrin soyuması və yaxud dondurulması tendensiyası da gözdən yayınmır. Bu istiqamətdə NATO-nun atdığı son addım xüsusilə diqqətçəkicidir. Belə ki, qurumun baş verən son olayların ardınca aprelin 1-də keçirdiyi toplantıda Rusiya ilə mülki və hərbi sahələrdə əməkdaşlığa son verdiyini bəyan etməsi kifayət qədər ciddi siqnal hesab olunmalıdır. İlk növbədə ona görə ki, NATO nə qədər mülki və humanitar missiyalar həyata keçirsə də, o, daha çox hərbi təşkilat olmaqla dünyanın qüdrətli ordularını özündə birləşdirir. Və onun Rusiya ilə əməkdaşlığa son qoymasını bəyan etməsi artıq NATO-nun bu dövlətlə bir tərəfdaş kimi yox, konkret olaraq rəqib kimi davranacağını ortaya qoyur. Əslində NATO əvvəldən də Rusiya ilə rəqib olan dövlətlərin birliyi olsa da, “soyuq müharibə”dən sonrakı dövrdə onlar arasında müəyyən tərəfdaşlıq münasibətləri və dialoq mühiti formalaşmışdı. NATO Şərqə doğru genişlənmə çərçivəsində bir sıra hallarda Rusiyanın mənafelərini nəzərə alırdı. Xüsusilə Ukrayna və Gürcüstanın quruma üzv qəbul edilməsinin ləngidilməsi bu niyyətdən irəli gəlirdi. Bundan başqa, NATO ilə Rusiya arasında Əfqanıstanda da əməkdaşlıq nümunəsi ortaya qoyulmuşdu.
Lakin hazırda bütün bunlar arxada qalıb. Proseslər göstərir ki, NATO ilə Rusiya arasında münasibətlərin yeni mərhələsi start götürür.
NATO-nun Ukrayna ətrafında baş verənlərə reaksiyası onun Rusiyanın hazırkı situasiyada yerinə oturdulması məqsədilə yanaşı, xüsusilə «şimal ayısı»nın gələcək addımlarından çəkindiyini və ehtiyatlandığını da göstərir. Belə ki, əgər Ukraynadakı hərəkətlərinin qarşısı alınmazsa, Rusiyanın iştahasının daha da artması NATO strateqlərini düşündürməyə bilməz. Mümkündür ki, Ukrayna «uğuru»ndan ilhamlanan Rusiya özünün nüfuz dairəsi hesab etdiyi digər bölgələrdə də aktivləşə və aqressivlik nümayiş etdirər. Həmçinin əvvəlki dövrlərdə NATO-ya uduzduğu bəzi başqa mövqelərini də geri qaytarmaq həvəsinə düşə bilər. Xüsusilə də Şərqi Avropa və Pribaltika ilə bağlı narahatlıqlar NATO üçün daha aktualdır. Həmçinin qurumun açıq şəkildə reaksiya nümayiş etdirməsi bu regionlarda yerləşən dövlətlərin də narahatlığına son qoymağa hesablanmış addım sayılmalıdır. Məhz bu və bu kimi digər məqamlar NATO-nu baş verənləri nəzarətdə saxlamağa və lazımi məqamlarda konkret addımlar atmasına sövq edir.
NATO-nun yaxın gələcəkdə atmağı planlaşdırdığı addımlar barədə yayılan informasiyalar da alyansın yuxarıda qeyd olunanları ciddiyə aldığını göstərir. Məsələn, KİV-də yer alan informasiyalara görə, NATO öz strateqlərinə tapşırıb ki, yaxın həftələrdə alyansın şərq sərhədlərini daha da möhkəmləndirmək, xüsusən Şərqi Avropa ölkələrində narahatlığa son qoymaq üçün əlavə müdafiə tədbirləri görmək təklifləri hazırlasınlar.
Bu təkliflərdən biri Pribaltika ölkələrində hərbi bazalar yaradılması və oraya NATO qüvvələrinin yerləşdirilməsi ola bilər.
Digər tərəfdən istisna deyil ki, bir müddət əvvəl Rusiya ilə NATO, xüsusilə ABŞ arasında ciddi gərginliyə səbəb olmuş Raket Əleyhinə Müdafiə Sistemlərinin (RƏMS) Şərqi Avropada yerləşdirilməsi coğrafiyasının genişləndirilməsi və bu prosesin daha qısa vaxt ərzində sona çatdırılması məsələsi də gündəmə gələ bilər. Əgər əvvəllər bəzi Şərqi Avropa dövlətləri bu sistemləri öz ərazilərində yerləşdirməyə tərəddüd edirdilərsə, indiki məqamda buna özləri təşəbbüskarlıq edə bilərlər. Çünki artıq Rusiyanın açıq şəkildə ölkələrin ərazisinə müdaxilə etdiyi hər kəsin gözü önündədir.
NATO-nun Rusiya ilə bağlı daha konkret davranması region ölkələrinin bu təşkilata etimadı baxımından da vacibdir. Çünki Şərqi Avropa dövlətləri Rusiya ilə münasibətlərdə daim NATO-ya güvənirlər. Əgər bu güvən itərsə, Rusiyanın həmin dövlətlərə təsiri də arta bilər.
Lakin NATO ilə Rusiya arasında gərginliyin artmasının region üçün, ümumilikdə isə bəşəriyyət üçün hansı nəticələr doğura biləcəyi də düşündürücüdür. Sirr deyildir ki, hər iki tərəf kifayət qədər yüksək texnologiyalı hərbi potensiala sahibdirlər və onların mümkün istifadəsi ciddi qlobal fəsadlara səbəb ola bilər. Bu mənada bu iki gücün qarşıdurma həddinə gəlib çatması arzuolunmazdır. Digər tərəfdən o da inandırıcı deyil ki, sivilizasiyanın hazırkı inkişaf səviyyəsində qarşıdurma bu səviyyəyə çatdırılsın. Xüsusilə də Qərbin Ukrayna uğrunda özünü və potensialını fəda edəcəyi də heç inandırıcı görünmür. Bununla yanaşı, hər iki tərəfin müəyyən hədlər daxilində öz maraqlarını qorumaq üçün konkret addımlar atması da istisna deyil.
NATO-nun Rusiyaya qarşı hazırkı siyasətinin günün əsas mövzusu olan Ukraynanın pozulmuş ərazi bütövlüyünün bərpa olunmasına gətirib çıxaracağını proqnozlaşdırmaqdan isə söhbət belə, gedə bilməz. Yuxarıda qeyd olunduğu kimi, NATO-nun fəallığı Rusiyanın gələcək addımları qarşısında əzələ nümayişindən başqa bir şey deyildir. Bunun Krımın Ukraynaya qaytarılmasına gətirib çıxarması ilə əlaqələndirilməsi absurd təsiri bağışlayır. Olsa-olsa hazırkı situasiyada NATO bu hərəkətləri ilə Rusiyanın Ukraynanın şərq vilayətlərinə müdaxiləsinin qarşısını ala bilər. Lakin proseslər göstərir ki, Ukraynada Rusiyanın öz maraqlarını təmin etmək üçün ordudan istifadə etməsinə ehtiyac qalmayacaq. Belə ki, martın son günlərində ABŞ dövlət katibi Con Kerri ilə danışıqlardan sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrovun verdiyi bəyanatdan aydın oldu ki, artıq Rusiya Ukraynanın federativ dövlət quruluşuna keçməsi ilə bağlı müzakirələrə başlayıb. Kerrinin bəyanatında isə buna qarşı kəskin hər hansısa reaksiya hiss olunmadı. O, sadəcə olaraq müzakirələrdə Ukrayna tərəfinin də iştirak etməli olduğunu deməklə kifayətləndi. Deməli, artıq Qərb NATO və digər müstəvilərdə proseslərə nəzarəti əldə saxlamaq istəsə də, ümumi hesabda Rusiya ilə birbaşa qarşıdurmadan çəkindiyinin büruzə verməkdədirlər.
Bu mənada NATO və Rusiya arasında soyuqluğun daha çox özünü psixoloji müstəvidə büruzə verəcəyini gözləmək olar. Belə ki, Rusiya ilə Qərb ölkələri, o cümlədən ABŞ arasında danışıqların getdiyi bir ərəfədə NATO-nun aktivləşməsi gələcək münasibətlərin xarakterini müəyyənləşdirsə də, bu, hazırda əsasən diplomatiya cəbhəsində Qərbə dəstək xarakteri daşıya bilər.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər