• cümə axşamı, 09 may, 02:35
  • Baku Bakı 15°C

Naqif Həmzəyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük zəfərlərə doğru addımlayır”

08.04.19 11:45 574
Naqif Həmzəyev: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük zəfərlərə doğru addımlayır”
"Ölkəmizdə 2003-cü ildən yeni vüsət alan müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Bu illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, ölkəmizə fayda gətirən daxili və xarici siyasəti birlikdə vəhdət təşkil edib”.
Bu barədə "Kaspi” qəzetinə açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib. O qeyd edib ki, bütün dünyada müxtəlif sahələrdə özünü göstərən böhranların fonunda Azərbaycan sabit şəraitdə sürətli inkişafını davam etdirib.
"Böyük dövlətlər müstəqil Azərbaycanla, Prezident İlham Əliyevlə əməkdaşlığa can atırlar”
Deputat deyib ki, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu rəhbər tutan Prezident İlham Əliyev yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə daim milli və dövlət maraqlarından çıxış edib: "Uğurlu idarəetmə nəticəsində ölkədə sabitliyin tam bərqərarını, Azərbaycanın dünyada yüksək nüfuza malik olmasını, regiondakı strateji əhəmiyyətli layihələrin rəsmi Bakının razılığı ilə reallaşmasını nəzərə alan böyük dövlətlərinin başçıları müstəqil dövlətimizlə, onun Prezidenti cənab İlham Əliyevlə əməkdaşlığa can atırlar. Təməlində Ulu öndər Heydər Əliyev tərəfindən dəqiqliklə hazırlanan müstəqil dövlətin inkişaf kursu dayanan, bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın həm cəmiyyəti, həm də dövləti suverenlik və tərəqqi yolunda sürətlə inkişaf edən ən uğurlu müstəqil ölkəsinə çevrilib. Təkcə son bir ilə nəzər salsaq istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələr fəth edildiyinin, sözün həqiqi mənasında nəhəng irəliləyişin əldə edildiyinin şahidi olarıq”.

"Həyata keçirilən islahatlar Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib”
Millət vəkili N.Həmzəyev bildirib ki, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən, ölkə əhalisinin mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan analoji uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib: "Ən əsası isə ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edib. Xüsusi ilə, ölkə başçısı tərəfindən xarici siyasətin çoxşaxəli, prioritetlərin düzgün müəyyənləşdirilməsi təqdirəlayiqdir. Milli maraqların ciddi surətdə nəzərə alınması, siyasi-diplomatik fəaliyyət nəticəsində Azərbaycan təhlükəsizliyin təminində, dünya dövlətləri ilə əməkdaşlığın beynəlxalq hüquq çərçivəsində inkişafında, enerji siyasətini müasir dövrün tələbləri səviyyəsində inkişaf etdirməkdə, nəqliyyat dəhlizlərinin yaradılmasında kifayət qədər uğurlar əldə edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qəti mövqeyini nümayiş etdirib”.


"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə ölkəmiz üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir”
Deputat onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində ədalətli, sülh yolu ilə həll edilməsinin tərəfdarı olan Prezident İlham Əliyevin martın 29-da Vyanada Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü Azərbaycan diplomatiyasının daha bir uğurlu səhifəsinə çevrilib: "Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı il Aprel döyüşləri, Naxçıvan istiqamətində əldə edilən uğurlar, torpağımızın işğaldan azad edilməsi Azərbaycan Ordusunun erməni silahlı qüvvələrini çox qısa zamanda darmadağın etməyə qadir olduğunu, düşmənə layiqli cavab vermək, torpaqlarımızı azad etmək iqtidarında olduğunu artıq nümayiş etdirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təkcə ölkəmiz üçün deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Multikulturalizmin Azərbaycan modelini dünyaya təqdim edən, milli maraqlar çərçivəsində çıxış edən Prezident İlham Əliyevin istəyi də ədalətin bərpa olunması, münaqişənin sülh yolu ilə həll edilməsi, regionda sabitliyin bərqərar edilməsidir. Ölkə Prezidentinin humanizmi, daim xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyü zəfərlərə doğru aparır. Xalq inanır ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daim nailiyyətlər əldə edəcək, dünyanın ən yüksək inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutacaq”.
Alpər TURAN

banner

Oxşar Xəbərlər