• cümə, 26 Aprel, 18:57
  • Baku Bakı 22°C

“Müxalifətin hakimiyyətə gəlmək gücü yoxdur”

18.12.14 11:56 1821
“Müxalifətin hakimiyyətə gəlmək gücü yoxdur”
Dekabrın 13-də iqtidar-müxalifət dialoqu nəhayət ki, baş tutdu. Aralarında müxaliflərin üstünlük təşkil etdiyi 17 partiya sədri ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun mətbuata qapalı görüşü keçirildi. Görüşdən sonra şöbə müdiri Ə.Həsənov bildirdi ki, partiya sədrlərinin hər biri öz fikirlərini bölüşüb, yeni təşəbbüslər səsləndirilib, qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Administrasiya rəsmisi görüşün nəticələrinin Prezident İlham Əliyevə, Prezident Administrasiyasına və müvafiq strukturlara çatdırılacağını qeyd edib. Müxalifət partiyalarının iqtidarla dialoqu, qaldırılan problemlər və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Azərbaycan Vəhdət Partiyasının (AVP) sədri Tahir Kərimli cavablandırır.
- Tahir bəy, ötən şənbə baş tutan iqtidar-müxalifət dialoqunu necə qiymətləndirirsiniz?
- Bu dialoqdan olduqca razıyam. Müxalifətin vaxtilə keçirdiyi toplantıya dəvət olunanda özüm onlara təklif etmişdim ki, əgər sizin hər hansı probleminiz varsa, yaxud cəmiyyəti narahat edən problemləri görürsünüzsə və bu problemlərin həlli hakim partiyadan, iqtidardan asılıdırsa, ünvanı səhv salmağa ehtiyac yoxdur. Xarici dövlətlərə, şirkətlərə üz tutmaqdansa, iqtidarla görüşməyə, dialoqa can atmalısınız. Sonradan bu təklifi bir neçə müxalifət partiyası birlikdə rəsmi məktubla Prezident Administrasiyasına ünvanladılar və siyasi partiyalarla iqtidarın dialoqu baş tutdu. Bu nöqteyi-nəzərdən 13 dekabr görüşü bir növ mənim arzularımın reallaşması idi. Ona görə də müsbət qiymətləndirirəm. Bunun özü çox ciddi məsələdir. Artıq hakimiyyətlə digər siyasi partiyalar arasında ciddi kommunikasiya - əlaqələndirmə forması yaradıldı. Qərara alınıb ki, belə görüşlər davamlı olsun. Bu bir daha onu göstərir ki, bütün problemlərin dəyirmi masa ətrafında çözülməsi ən məqbul variantdır. Belə görüşlər qarşılıqlı etimadın artırılmasına xidmət edir.
- Dialoq zamanı hansı problemlər qaldırıldı?
- Hər bir partiya Azərbaycandakı ictimai-siyasi vəziyyət, siyasi təşkilatların durumu, partiyaların maliyyələşməsi, qərargahla təmin olunması, həbs olunanlara münasibəti və sair barədə ən müxtəlif məsələləri qaldırdılar. İqtidarla hakimiyyətdə təmsil olunmayan partiyalar arasında dialoq mühiti yarandı, ortaq məxrəclər tapıldı. Bütün partiya sədləri görüşdə çıxış edərək düşündüklərini dilə gətirə bildi. Bayaq sadaladıqlarımla yanaşı, Dağlıq Qarabağ problemi, hazırda girovluqda olan Azərbaycan vətəndaşlarının ölkəmizə qaytarılması, onlar üzərində qurulan qondarma məhkəmə prosesinə qarşı səyləri birləşdirmək kimi məsələlər də qaldırıldı. Ən mühüm məsələlərdən biri də seçki ilə əlaqədar idi. Partiyaların seçkilərdə daha fəal iştirakı üçün proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, seçki komissiyalarının daha da təkmilləşdirilməsi məsələləri də gündəmə gətirildi. Həmçinin qeyd olundu ki, iqtidarın digər siyasi partiyalarla mütəmadi görüşlər keçirməsi onların cəmiyyət arasında nüfuzunun və rolunun daha da artmasına səbəb olar. Qarşı tərəf bütün təklifləri, çıxışları dinləyəndən sonra bir sıra izahlar verdi. Administrasiyanın şöbə müdiri Əli Həsənov bunun ardınca da qaldırılan məsələlərin dövlət başçısının diqqətinə çatdırılacağını bildirdi. Elə buradan da görünür ki, ilk görüşdən müsbət nəticələr əldə olunub. Gələcəkdə bu istiqamətdə inkişaf qaçılmazdır. İqtidarın digər siyasi partiyalardan gələn təklifləri müsbət dəyərləndirməsi, onlarla görüşməsi olduqca yaxşı haldır. Bunun bütün siyasi partiyalara, xüsusən də Azərbaycan cəmiyyətinə böyük xeyri var.
- Tahir bəy, Müsavat və Xalq partiyaları dialoqun təşəbbüskarlarından olsalar da sonradan bu görüşdən imtina etdilər. Sizcə, onların belə bir mövqeyi nə dərəcədə düzgündür?
- Mən KXCP sədri Mirmahmud Mirəlioğlu tərəfdən Milli Strateji Düşüncə Mərkəzinin iclaslarına dəvət alanda, orada bir sıra məsələlərlə bağlı çıxış edib fikrimi bildirmişəm. Həmin məsələlərdən biri də iqtidar-müxalifət dialoqu barədə olub. Mərkəzdə İsa Qəmbərə fikrimi çatdıraraq, bu dialoqun son dərəcə zəruri və müsbət addım olacağını qeyd eləmişəm. O zaman İsa Qəmbər də mənim fikirlərimə dəstək olaraq dialoqun əhəmiyyətini vurğuladı və mərkəzdəki bütün partiyaların bunda maraqlı olduğunu söylədi. Lakin dialoqa qatılmayandan sonra mətbuata açıqlamalarında bildiriblər ki, ancaq prezidentlə görüşü arzulayıblar və yalnız onda dialoqa qatılmağı üstün sayırlar. Belə bir mövqe ümumiyyətlə qəbul edilən deyil. Çünki cənab Əli Həsənov Prezident Administrasiyasının şöbə müdiri, iqtidar komandasının kifayət qədər nüfuzlu şəxslərindəndir. Orada səsləndirilən fikirləri də o, birbaş Prezidentin diqqətinə çatdıracağını qeyd etdi. Xalq Partiyasının sədri Pənah Hüseynin özünün də təşəbbüskarı olduğu dialoqdan sonradan qaçmasına, öz hərəkətini görüşə dəvət alan digər partiyalarla əlaqələndirməsinə gəlincə, bunu da ciddi arqument saymaq olmaz. Görüşü keçirən tərəflərin digər partiyaları da tədbirə dəvət etmək ixtiyarı var. Kimsə buna qadağa qoya bilməz. Milli Strateji Düşüncə Mərkəzi heç zaman düşünə bilməz ki, müxalifət ancaq onlardan ibarətdir. Əgər belə bir iddiaya qapılıblarsa, o zaman nə üçün Milli Şuranı özündən başqa heç kimi müxalifət saymamaqda günahlandırırlar? Fikrimcə, onlar tərəfindən səsləndirilən bütün arqumentlər əsassızdır. Özləri də dialoqun nə qədər əhəmiyyətli olduğunu yaxşı dərk edirlər. Sadəcə, görünür Düşüncə Mərkəzinə toplaşanlar AXCP və Milli Şuranın ittihamlarından çəkinərək belə mövqe nümayiş etdirirlər. Amma əminəm ki, gec-tez onlar da dialoqa üstünlük verəcəklər. Çünki Azərbaycanın, buradakı partiyaların bundan başqa yolu yoxdur. Zatən Azərbaycan müxalifətinin birlikdə hakimiyyətə gəlmək gücü də yoxdur. Müxalifətin güclənməsinin yolu hakimiyyətlə dialoqdan keçir.
- Radikal müxalifət partiyaları dekabrın 13-də keçirilən görüşün iqtidar-müxalifət dialoqu kimi qələmə verilməsinin əleyhinə çıxış edirlər. Onların bu yanaşmasına münasibətiniz necədir?
- Qarşı tərəfin səsləndirdiyi dialoq, görüş və sair kimi ifadələr söz oyunundan başqa bir şey deyil. Əgər müxalifət dialoq sözündən qorxur, çəkinirsə, bunun məsuliyyətini üzərinə götürmək istəmirsə, o zaman görüşsünlər. Bu görüş isə hakimiyyətin istənilən qolu ilə reallaşdırıla bilər. Nə qədər ki, problemlərin həllini ölkə daxilində deyil, xarici dövlətlərdə, şirkətlərdə axtarırlar, heç bir məsələ həllini tapmayacaq. Qonşu Türkiyədə müxalifət partiyaları iqtidarla dialoq şəraitində müzakirələr aparırlar. Məgər həmin partiyalara xain damğası vurmaq olarmı? Ona görə də AXCP-nin və qeyrilərinin Əli Həsənovla görüşdə iştirak edənlərin ünvanına səsləndirdiyi ittihamlar çox gülüncdür. Nə üçün AXCP sədri iki dəfə ard-arda parlamentdə təmsil olunanda hakimiyyətə loyal münasibətdə idi? Əgər onların bugünkü yanaşması nəzərə alınsa, o zaman onları da vaxtilə tutduqları mövqeyə görə satqınçılıqda, xəyanətdə günahlandırmaq olar. Heç bir siyasi partiya hakimiyyətlə dialoqa getməyi AXCP və Milli Şuranın barometri ilə ölçməyə məhkum deyil. Adama deyən lazım ki, sənin özünün gücün nədir ki, belə bir iddia sərgiləyirsən? 21 ildir bütün seçkilərdə uduzub hakimiyyətə gəlməyi bacarmayıblar, amma Prezidentlə görüşmək iddiasındadırlar.
- Sizcə, onlar bu radikallıqla nəyəsə nail ola bilərlərmi?
- Siyasətdə tarixi şərait olduqca mühüm amildir. Misal üçün, SSRİ-nin dağılması prosesində ittifaqa daxil olan ölkələrin azad olması üçün, xüsusən də Azərbaycanda yaşanan 20 Yanvar hadisəsindən, torpaqlarımıza erməni təcavüzündən, Dağlıq Qarabağ probleminin yaranmasından, SSRİ rəhbərliyinin buna seyrçi mövqeyindən sonra xalqın ayağa qalxması, radikal mövqe nümayiş etdirərək azadlığa qovuşması uğurlu addım oldu. Amma indi bu cür radikallıqla heç nəyə nail olmaq olmaz. Hansısa stadiona min nəfər çıxarmaqla AXCP, Milli Şura, yaxud da Müsavat nəyə nail olacaq, hansı inqilabı həyata keçirə biləcək? Heç də uzaq olmayan tarixdə radikal şəkildə inqilabi dəyişikliklərə üstünlük verən ölkələrin taleyini gördük. Tutalım, bizdə də bunu istədik, bəs dağıtdığımızın yerinə nə qoyacağıq? Hazırda Prezident İlham Əliyev Azərbaycanda sabitliyin qarantına çevrilib. Ondan başqa iqtidarda, müxalifətdə təmsil olunan heç kəs ölkədə sabitliyi təmin edə bilməz. Müxalifət hələ də anlamır ki, radikal siyasət ilə Azərbaycanı Liviyanın, Suriyanın, İraqın gününə sala bilərlər. Bunu başa düşməmək o qədər də çətin deyil. Məhz Azərbaycan xalqı bunu dərk etdiyi üçün radikallara dəstək vermir. Qərbin siyasəti demokratiya naminə insan hüquqlarının bərpası marağı deyil. Demokratiya Qərbin geopolitik maraqlarının reallaşması üçün sadəcə bir bəhanədir. Bu məqsədə çatmaq üçün müxtəlif ölkələrin daxilində özlərinə dayaqlar axtarır, onlar vasitəsilə mərkəzi hökumətlərə təsir və təzyiq göstərməyə çalışırlar. Bu isə sonda çox ağır faciələrə gətirib çıxarır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər