• şənbə, 27 Aprel, 06:36
  • Baku Bakı 12°C

Müxalifət şüarsız qalıb

18.09.13 11:23 1478
Müxalifət şüarsız qalıb
Qalib gəlmək niyyətilə seçki kimi taleyüklü bir prosesə qoşulan hər bir siyasi qüvvədən bu işə ciddi yanaşma tələb edilir. Prosesə laqeyd yanaşma, hər şeyi seçki gününə saxlama isə sonda ağır məğlubiyyətə səbəb olur. Hazırkı Azərbaycan müxalifətini məhz bu perspektivin gözlədiyi şübhəsizdir. Çünki müxalifət seçki prosesinin bütün mərhələlərində axsama nümayiş etdirir. Seçki prosesi başlamasına az qalmış guya bütünlüklə müxalif düşərgəni bir çətir altında birləşdirmək eşqinə düşənlər məqsədlərinə tam nail ola bilməsələr də, müxalifətin müəyyən bir qismi, gec də olsa, birtəhər sınıq-salxaq arabanı xatırladan Milli Şurada özlərinə yer elədilər. Bunun ardınca müxaliflər başqa bir dərdə - vahid namizəd azarına düşdülər. Bu azardan isə imzatoplama kampaniyası başladıqdan xeyli sonra qurtula bildilər.
Göründüyü kimi, seçki prosesinin bütün mərhələlərində ləngiyən Milli Şura indi də təşviqat kampaniyasının başlamasına baxmayaraq, normal seçki strategiyası müəyyənləşdirə bilməyib. Halbuki, Milli Şuranın vahid namizədinin seçki qərargahının rəhbəri Arif Hacılı hələ xeyli əvvəl ciddi seçki strategiyası və təbliğat proqramı hazırladıqlarını və bunu uğurla həyata keçirəcəklərini iddia etmişdi. Lakin hələlik ciddi heç nə müşahidə edilmir.
Vahid namizədi güc-bəla ilə müəyyənləşdirən Milli Şurada proseslərə nəzarəti guya təcrübə bolluğu bəhanəsi ilə ələ alan AXCP və Müsavat hazırda seçki kampaniyasını lazımı səviyyədə təşkil edə bilmədiyini nümayiş etdirir.
Məlum olduğu kimi, təşviqat dövründə namizədin konkret müddəalara əsaslanan seçki strategiyası, platforması olmalı və hər dəfə namizəd və onun nümayəndələri çıxışlarında onun ayrı-ayrı müddəalarını seçicilərə çatdırmalıdırlar. Lakin Milli Şura namizədinin çıxışlarında hələ ki, pərakəndəlik, qeyri-müəyyənlik özünü göstərir. Ola bilsin ki, hələ nə strategiya, nə də siyasi platforma hazırlanıb. Bu, gözləniləndir. Çünki bayaq qeyd etdiyimiz kimi, seçkiqabağı kampaniyanın hər mərhələsində lənglik göstərən Milli Şura bu səfər də öz prinsiplərinə sadiq qalıb.
C.Həsənli Müsavat Partiyasının qərargahında keçirdiyi toplantıda da prezidentliyə namizəd kimi hər hansı konkret platformadan çıxış etməyib. O, əsasən ümumi ifadələrdən istifadə edərək qara-qışqırıqçı sıravi müxalifətçilərdən fərqli mövqe sərgiləyə bilmədi. Məsələn, o, ölkədaxili məsələlərə münasibət bildirərkən deyib ki, biz korrupsiyanın, məmur özbaşınalığının həyatımızdan çıxmasını istəyirik. Guya bununla o, seçki kampaniyası dövründə mövcud hakimiyyətin fəaliyyətinə ciddi alternativ mövqe sərgiləyib.
Lakin C.Həsənli nəzərə almır ki, bu fikirlər heç bir halda yenilik və İlham Əliyevə qarşı hansısa alternativ mövqe demək deyil.
Ölkədə korrupsiyaya və məmur özbaşınalığına qarşı ən sərt çıxışların, addımların müəllifi elə prezident İlham Əliyevin özüdür.
C.Həsənli fikirlərini davam etdirərək qeyd edib ki, biz Avroatlantik məkana inteqrasiya etməyin tərəfdarıyıq. Bu, Azərbaycanın xarici siyasətini də müəyyən çərçivəyə salaraq idarə edəcək. O cümlədən biz qonşu dövlətlərlə normal münasibətlər quracağıq.
Bəs bu fikirlərdə hansı yenilik var? Yaxud da göstərilən istiqamətlərin hansı hazırkı iqtidarın diqqətindən kənarda qalıb və yaxud ondan imtina edilib?
Bu bir daha onu göstərir ki, Milli Şuranın və onun prezidentliyə namizədinin daxili və xarici siyasətə bağlı heç bir aydın təsəvvürü, düşünülmüş siyasi strategiyası və seçkiqabağı platforması mövcud deyildir. Belə bir qeyri-ciddiliklə isə prezidentlik iddiasına düşmək ən azı xalqa hörmətsizlikdir.
Diqqəti cəlb edən məqamlardan biri də Milli Şuranın seçkilərə hansı şüarla getməsidir. Çox qəribədir ki, seçkilərdə qələbə qazanacağını iddia edən bir siyasi blok təbliğat kampaniyasının başlanmasından iki gün ötməsinə baxmayaraq, öz şüarını ictimaiyyətə, seçicilərə açıqlamayıb. Bu isə ciddi siyasi qüvvə üçün böyük qəbahətdir.
Seçki şüarının nə qədər mühüm əhəmiyyətə malik olduğu isə hər kəsə aydındır. Bu, eyni zamanda seçki texnologiyası məsələsidir. Görünür, müxalifət hansısa seçki texnologiyalarına müraciət etmək niyyətində deyil. Belə bir nəticə çıxarmaq olar ki, Milli Şuradakılar seçkilərdə məğlubiyyətin qaçılmaz olacağını yaxşı dərk etdiklərindən bu kimi məsələlərə «can dərdi» yanaşırlar.
Müşahidələr göstərir ki, hazırda Milli Şurada seçkidən də vacib məsələ daxili intriqalarda kimin üstünlük qazanacağıdır Bundan başqa R.İbrahimbəyovun hər gün bir sensasiyalı bəyanatla çıxış etməsi də qurumdakılara, seçki qərargahında çalışanlara öz psixoloji təsirini göstərir.
Hazırkı situasiyada, yəni seçki şüarının ortada olmadığı və C.Həsənlinin hansısa strategiyaya əsaslanmayan, konkretlikdən, sistemlilikdən uzaq olan xaotik mövqeyindən çıxış edərək Milli Şura üçün ən münasib seçki şüarını aşağıdakı kimi təklif etmək olar: «Cəmil Həsənli ilə geriyə».
Seçki şüarını müəyyənləşdirə bilməyən Milli Şuranın vahid namizədi C.Həsənlidən fərqli olaraq müxalifətdən olan digər prezidentliyə namizədlər isə öz şüarlarını elan ediblər.
Məsələn, Qüdrət Həsənquliyev təşviqat plakatında hədəfinin parlamentli respublika olduğunu göstərib. Fərəc Quliyev «Milli dirçəliş naminə» deyir. Ümid partiyası isə elə köhnə ampluasındadır. Bütün bu şüarların isə cəmiyyətin sosial sifarişi olmadığı isə aydındır.
Digər tərəfdən diqqət yetirsək görərik ki, sözügedən şüarlarda cəmiyyəti səfərbər edən hər hansısa dinamik ideya və çağırış öz əksini tapmayıb.
İqtidarın isə seçkilərə mütəşəkkil bir şəkildə getdiyi göz önündədir. Hakim partiya olan YAP öz namizədini vaxtında elan edib və təbliğat kampaniyasına da konkret və uğurlu şüarla gedir: «İlhamla irəli».
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər