AZE | RUS | ENG |

Müxalifət belə mitinqlərlə özlünü gülünc vəziyyətə salır

Müxalifət belə mitinqlərlə özlünü gülünc vəziyyətə salır
Gülsel Səfərova: “Bir qurumda ki həqiqətən də Azərbaycanı, vətəni, dövlətini sevən insanlar yoxdur, o qurumun fiaskoya uğraması təbiidir”


Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Milli Şuranın 18 avqustda keçirdiyi aksiyanı və bu aksiyaya gənclərin münasibəti mövzusunda “Kaspi”nin suallarını cavablandırıb.

- Gülsel xanım, Milli Şuranın 18 avqustda keçirdiyi aksiya haqqında nə deyə bilərsiniz?

- 18 avqust mitinqi özü-özlüyündə fiaskosu ilə yadda qaldı. Belə ki, bir neçə radikal müxalifətin birləşdiyi qondarma qurumda cəmi sayı minə çatmayan mitinqi müşahidə etdik. Müxalifətin keçirdiyi aksiya həmişəki kimi qeyri-müəyyənlik, dağınıqlıq və nalayiq şüarları ilə yadda qaldı. Biz Azərbaycan gənci olaraq mitinqləri söz azadlığı, sərbəst toplaşmaq kimi xarakterizə edirik. Amma əgər seçkilərdən iki ay öncə radikal müxalifət tərəfindən məhz seçki ilə bağlı mitinq keçirilirsə və orada konkret olaraq vahid namizəd müəyyənləşmir, eyni zamanda sosial baza, konkret siyasi iradə nümayiş olunmursa, bu artıq həmin müxalifətin uğursuzluğudur. Digər tərəfdən də mitinqdə mənim təəssüf etdiyim məqamlar var ki, bu ora toplaşan gənclərdir. O gənclərə onların liderləri o qədər yalan vədlər verərək qeyri-müəyyənliyə salır ki, sanki, gəncləri özlərinə tabe edərək tamamilə başqa bir istiqamətə yönəldirlər. Mənim mitinqdə iştirak edən gənclərə məsləhətim bu olar ki, artıq yalanlara uymasınlar.

- Dünya ölkələrində və Azərbaycanda müxalifət: bunu necə müqayisə edərdiniz?

- Müasir dövrdə radikal müxalifət digər ölkələrdə daha da güclənir. Amma bizim ölkədə müxalifət get-gedə zəifləyir, insanların fikri, insanların rəyi zaman keçdikcə dəyişir. Çünki, bu gün dinamik şəkildə inkişaf edən, beynəlxalq aləmdə öz sözünü deyə bilən Azərbaycan artıq bütün cəmiyyətin, xalqın güvənini, inamını qazanıb. Bu da təbii ki, prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Xüsusilə gənclər siyasəti, idman, sosial-siyasət istiqamətində və digər sahələrdə edilən bütün islahatlar cəmiyyətdə inam yaradıb ki, məhz bundan sonra da seçkilərin qalibi cari prezidentimiz olsun. Eyni zamanda, radikal müxalifət nə qədər belə uğursuz addımlar atacaqsa, onların sıralarında artıq 1500 yox, 500-200 tərəfdaş olacaq və bir gün də görəcəklər ki, öz ətraflarında heç kim qalmayıb. Mən düşünürəm ki, müxalifət belə mitinqləri keçirməklə özlərini xalqın gözündən salırlar. Xalqın gözü tərəzidir, xalq görür nə necədir. Bu gün bir neçə radikal partiya yığışıb 1000-1500 arası insanları toplayaraq namizədsiz-lidersiz mitinq həyata keçirirlərsə, bu insanlara gülünc görünür. Mən düşünürəm ki, özlərini güldürməsələr yaxşıdır. Bizim radikal müxalifət üçün ən yaxşı yol elə pafoslu danışaraq seçkiləri başa vurub oyundan çıxmalarıdır.

- Ümumiyyətlə, Azərbaycan gəncliyinin Milli Şuranın keçirdiyi mitinqə münasibəti necədir?

- Azərbaycan demokratik respublika olduğu üçün insanların sərbəst toplaşmaq hüququ hərtərəfli şəkildə təmin olunur. Azərbaycan gəncliyi təbii ki, ölkənin daha da inkişaf etdirilməsindən yanadır. Lakin, əgər Azərbaycan gənci görürsə ki, bu mitinq sırf hakimiyyət, siyasi kürsü davasıdır və həmin mitinqdə dağınıqlıq müşahidə olunur, nalayiq sözlər işlənirsə, təbii ki, gənclik buna yaxşı münasibət göstərməyəcək. Azərbaycan gəncliyi də bu xalqın dinamik təbəqəsidir. Ən azı 3 milyonluq bir əhalini təşkil edir. Sonunda nəyin düz, nəyin səhv olduğunu çox yaxşı anlayır. Əgər müşahidə etsəniz görərsiniz ki, ötən illərlə müqayisədə ölkə gəncləri radikal müxalifətin mitinqlərinə daha az qatılır. Çünki, gənci qane etmək çox çətindir. Xüsusilə Azərbaycan gənci digər qonşu ölkələrlə müqayisədə daha potensialdır, daha iddialıdır. Bir gənci qane etmək üçün demək olar ki, bütün resursları işə salmaq lazımdır. Bu gün Azərbaycan gəncliyi inkişafdan, stabillikdən yanadır və eyni zamanda Azərbaycanda baş verən siyasi stabilliyin bundan sonra davam etdirilməsini arzulayır. Lakin, radikal müxalifət bu güvəni bizə vermir. Onların dövrlərini biz gənc olaraq çox yaxşı xatırlayırıq. Bu gün ölkədə radikal müxalifətin gətirdiyi abu-hava dağınıqlıq, xaotik ab-havadır. Biz çox yaxın tariximizdə də bunun fəsadlarını gördük. Azərbaycan gəncliyi bu günləri bir daha görmək istəmir. Onlar öz ölkələrini güclü-qüvvətli görmək istəyirlər. Necə ki, bu gün var.

- Bu gün Azərbaycanda nə qədər gənc radikal müxalifətə inanır və onun mitinqlərində iştirak edir?

- Biz plüralist cəmiyyətdə yaşayırıq, hər kəsin seçimi azaddır. Kimisi solçudur, kimisi mərkəzçidir, kimisi sağçıdır. Bu insanın öz demokratik seçimindən asılıdır. Bu gün Azərbaycan siyasi mənzərəsində biz onu görürük ki, radikal müxalifətdə gənclər iqtidar partiyanın gəncləri ilə müqayisədə təbii ki, çox azdır. Mən özümün də müşahidələrimə əsasən deyə bilərəm ki, müxalifəti təmsil edən gənclər çox aqressiv olmaqla yanaşı, tolerant deyillər. Şəxsən mən sosial şəbəkələrdə azad fikrimi söyləyərkən hüququmun tapdalanması və nalayiq sözlərlə rastlaşmışam. Bu məni həqiqətən də narahat edir. Çünki mən Azərbaycan gəncini belə görmək istəmirəm. Azərbaycan gənci normal debat mənzərəsi yaratmalıdır. Bu gün müxalifətdə fəaliyyət göstərən Azərbaycan gəncliyi demək olar ki, debat, siyasi mədəniyyət anlayışından uzaqdır. Onlar yalnız və yalnız təhqiri, nalayiq sözlər söyləməyi bacarırlar. Ona görə də məhz bu baxımdan mən söyləyirəm ki, müxalifətdə sosial baza, intellektual səviyyə çox zəifdir. Radikal müxalifət partiyalarına gənclərin üzv olması, gənclərin orada fəaliyyəti öz müşahidələrimə görə deyirəm ki, bu, iqtidar partiyalara nisbətdə azdır. Bu o deməkdir ki, artıq Azərbaycan gəncliyi həqiqətən də Azərbaycanın siyasi mənzərəsini, inkişafını çox gözəl görür. Bu baxımdan düşünürəm ki, belə gedərsə, müxalifətin gənclik qollarına qoşulan gənclərin sayı sıfıra enəcək. Hal-hazırda isə radikal müxalifətdə aktivlik nümayiş etdirən, gənclər yox, gənc yaşını keçmiş cavan insanlardır. Onlar artıq 10-15 ildir ki, müxalifətin gənclik qollarındadır. Müxalifət gənclərində yeni simalar qıtlığı yaşanır. Çünki, onlara güvənən və inanın gənclər çox azdır.

- Siz gənc olaraq Milli Şura haqqında nə düşünürsünüz? Bu qurumun bugünkü fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mən hər dəfə Milli Şuradan danışanda bu birləşmənin önünə qondarma sözünü əlavə edirəm. Çünki, Milli Şura Azərbaycan Demokratik Respublikasının yaranması ilə bağlı bir qurum olub və mən düşünürəm ki, yeganə o qurum idi ki, ona radikal müxalifət tərəfindən əl dəyilməmişdi. Lakin, müxalifət onu da oğurladı. Halbuki Milli Şura yaranması 1918-ci ildə siyasi iradə nəticəsində ortalığa qoyuldu və nəticədə Azərbaycanda ilk dəfə olaraq Demokratik Respublika quruldu. Bu gün Azərbaycanda olmayan, sosial baza qıtlığı yaşayan, intellektuallığı çox aşağı səviyyədə olan radikal müxalifətin bu adı oğurlaması şəxsən mənim çox böyük iradıma səbəb oldu. Ona görə də bu qurumu mən hər zaman qondarma Milli Şura adlandırıram. Düşünürəm ki, bu qurumunda taleyi digər parçalanan qurumlar kimi olacaq. Əgər bir qurum da ki, sosial baza yoxdur, intellektuallıq yoxdur və həqiqətən də Azərbaycanı, vətəni, dövlətini sevən insanlar yoxdur, həmin o qurum fiaskoya uğramalıdır. Bu mənim teoremim deyil, bu, dünya təcrübəsində belədir. Ona görə də mən qondarma Milli Şuranı radikal müxalifətin növbəti uğursuz bir addımı adlandırıram və düşünürəm ki, sonda yenə də bu qurum parçalanma ilə müşahidə olunacaq.

Aygün Cəfərli

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056