• cümə, 26 Aprel, 10:04
  • Baku Bakı 12°C

Musiqi dünyasının Tariyel Məmmədovu

28.02.19 15:57 833
Musiqi dünyasının Tariyel Məmmədovu
Məqalənin adını əksinə də yazmaq olardı. Yəni: "Tariyel Məmmədovun musiqi dünyası” kimi. Və bu, heç kəsə qəribə gəlməzdi də. Hətta həm musiqişünas-professorun musiqi aləmi kimi, həm də yaradıcısı olduğu "Musiqi Dünyası” jurnalının naşiri və baş redaktoru kimi mənalanıb da, bəlkə daha məntiqli səslənərdi. Amma Tariyel Məmmədovun yaradıcılığına yaxından bələd olanlar bilir ki, onun fəaliyyətini yalnız özünün musiqi dünyası ilə məhdudlaşdırmaq heç insafdan deyil. Çünki...
Bu gün Tariyel Məmmədov Azərbaycan musiqi dünyasının ən görkəmli ismlərindən biridir. Çünki...
Bu gün Azərbaycan musiqi dünyasını Tariyel Məmmədovsuz təsəvvür etmək mümkün deyil. Çünki...
Bu gün Tariyel Məmmədov – Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının kafedra müdiri, "Musiqi Dünyası” və "Harmoniya” beynəlxalq jurnallarının naşiri və baş redaktoru, onlarla respublika və beynəlxalq layihələrin rəhbəri, veb saytların yaradıcısı, kitab, dərs vəsaiti və monoqrafiyaların müəllifi olaraq, Azərbaycan musiqisini tarixin yaddaşına yazmaqla və dünyaya tanıtmaqla yanaşı, özü də musiqi dünyasının ayrılmaz bir parçasına çevrilib.
Və o, bu zirvəyə addım-addım, pillə-pillə, öz istedadı, biliyi, zəhməti sayəsində yüksəlib. Bu mənada, onun həyatı və yaradıcılıq yolu gənclərə örnək ola blilər.
T.Məmmədov 1949-cu il fevralın 28-də Bakıda dünyaya göz açıb. 1968-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1974-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Musiqi tarixi və nəzəriyyəsi ixtisasını bitirib. Sonra bir neçə il müxtəlif musiqi məktəbləri və texnikumlarında, hətta Xankəndində müəllimlik edib. Bir müddət AMEA-da Memarlıq və İncəsənət İnstitutunun Xalq musiqisi tarixi və nəzəriyyəsi şöbəsində çalışıb. 1983-cü ildə "Koroğlu dastanında epik havalar” mövzusunda namizədlik dissertasiyasını, 1989-cu ildə "Azərbaycan aşıqlarının ənənəvi havaları” mövzusunda elmlər doktoru dissertasiyasını Moskvada müdafiə edib və Azərbaycanın musiqi sənəti sahəsində ən cavan elmlər doktoru olub.
Bəs, Tariyel Məmmədovun uğurlarını şərtləndirən, onun bir alim-pedaqoq-elm təşkilatşısı-redaktor kimi şəxsiyyətini səciyyələndirən keyfiyyətlər hansılardır?
Məncə, Tariyel müəllimin uğurlarını şərtləndirən ən əsas amil – yaradıcı insan olmasıdır! Bir məqama diqqəti yönəldim ki, 1984-1992-ci illər ərzində, yəni doqquz il Azərbaycan Mədəniyyət Nazirliyinin Teatr və Musiqi təşkilatları idarəsinin rəis müavini işləməsi belə onu məmura çevirə bilməyib. Çünki o, əsil yaradıcı insandır, daim düşünən və axtarışda olan insandır. Bu səbəbdən də hər hansı idarənin, nazirlik olsa belə, çərçivələri onun geniş dünyagörüşü, fikir diapozonu, təxəyyül dairəsi üçün darlıq edir. Görkəmli musiqişünasın yaradıcılığının çoxşaxəliliyi, rəngarəngliyi və zənginliyi də elə buradan doğur.
Tariyel Məmmədov zamanla ayaqlaşan, bəzən isə hətta onu qabaqlayan dərin və çevik elmi təfəkkürə malik alim-pedaqoq və təşkilatçıdır. Və buraya müasir texnologiyaları dərindən mənimsəmiş, innovasiyalara daim açıq olan alim kəlmələrini də əlavə etmək lazımdır. Onun ən bariz keyfiyyətlərindən biri də zəngin elmi metodologiyaya sahib olması və fəaliyyətinin bütün sahələrində sınaqdan çıxmış həmin metodologiyalara əsaslanaraq, onları tətbiq etməsidir.
Azərbaycanda, belə demək mümkünsə, elektron musiqişünaslığın və dövri musiqi mətbuatının yaradıcısı məhz Tariyel Məmmədovdur. Onun təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə ilk dəfə olaraq, misiqi sənətinin, ümumiyyətlə, incəsənətin müxtəlif sahələrinə, növ və janrlarına, görkəmli şəxsiyyətlərinə həsr edilmiş 40-dan artıq veb sayt, elektron baza və digər internet resursları yaradılıb ki, bu da milli musiqi mədəniyyətimizin dünyaya tanıdılmasında böyük rol oynayır. Bu saytlardan – "Azərbaycan diskoqrafiyası”, "Ü.Hacıbəyli ensiklopediyası”, "Azərbaycan tarixinin canlı səsləri”, "Azərbaycanın epistolyar irsi”, "Kitabi Dədə-Qorqud" ensiklopediyası”, "Azərbaycanın fotosənədlər irsi”, "Karaoke. Milli musiqi və poeziya toplusu”, "C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyi”, "Azərbaycan teatrı: dünən, bu gün, sabah”, "Məktəblinin Elektron Musiqi Kitabxanası”, "Azərbaycanın Ənənəvi Musiqisi”, "Muğam ensiklopediyası”, "Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası” kimi zəngin internet resurslarının adını xüsusi qeyd etmək lazımdır.
Tariyel Məmmədovun ən böyük xidmətlərindən biri də naşiri və baş redaktoru olduğu "Musiqi Dünyası” beynəlxalq elmi-pedaqoji, tənqidi-publisistik, mədəni-maarif musiqi jurnalıdır. İlk sayı 1999-cu ilin sentyabr ayında işıq üzü görən jurnalın bu il 20 yaşı tamam olur. Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Musiqi Dünyası” jurnalı artıq yalnız Azərbaycanda deyil, beynəlxalq aləmdə nüfuzlu jurnallardan biridir. Bu jurnalın səhifələrində ölkəmizin elm-təhsil nümayəndələri ilə yanaşı, dünyanın ən məşhur alimləri də öz məqalələri ilə çıxış edirlər. Jurnalın maraqlı cəhətlərindən biri də hər sayına muxtəlif musiqilər yazılmış CD albomların da əlavə olunmasıdır. Jurnalın, eyni zamanda, elektron versiyası da var ki, bu da onun daha geniş auditoriyaya çıxmasına imkan verir.
Tariyel Məmmədovun hamını heyrətləndirən bir keyfiyyəti də var ki, o da onun qeyri-adi işgüzarlığı, tükənməyən enerjisi və gənclik həvəsidir. Tariyel müəllim ona yaxın fəlsəfə doktoru yetişdirib. Hazırda üç doktorluq dissertasiyasının elmi məsləhətçisi, iki aspirantın rəhbəridir. Və bütün bunlar onun yaradıcılığının və elmi-pedoqoji fəaliyyətinin yalnız bir hisəsini təşkil edir. Elə buradaca qeyd etmək lazımdır ki, onun elmi yaradıcılığına həsr olunmuş dissertasiyanın yazılmasının çoxdan vaxtı çatıb.
Bu gün isə Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədovun 70 yaşı tamam olur. Biz də bu münasibətlə hörmətli professoru, musiqi dünyasının görkəmli xadimini səmimi qəlbdən təbrik edir, ona cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!
Vidadi Qafarov
AMEA Memarlıq və İncəsənət İnstitutu
Teatr, kino və televiziya şöbəsinin müdiri,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

banner

Oxşar Xəbərlər