• cümə, 26 Aprel, 07:34
  • Baku Bakı 12°C

“Müsavatın Divanı məhkəmə funksiyasını yerinə yetirir”

30.01.15 06:43 1059
“Müsavatın Divanı məhkəmə funksiyasını yerinə yetirir”
Tural Abbaslı: “Parlament seçkiləri, partiyanın gücləndirilməsi kənarda qalıb, Osman Kazımovun sözləri ilə desək, partiyada təmizləmə siyasəti davam edir”
“Partiyanı idarə edən ali orqanlardan biri olan Divana hansısa üzvün dəvət edilməsi əslində normal qəbul olunmalıdır. Amma indiki məqamda Səxavət Əlisoy nümunəsindən sonra başqanlığa sabiq namizəd Qubad İbadoğlu və Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin Divana çağırılması belə fikir yaradır ki, onlar Divana xəbərdarlıq üçün çağırılıblar. Bu, təbii ki, üzücüdür”.
Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı deyib. O bildirib ki, Divan partiyanın idarə edilməsi ilə məşğul olmalıdır və parlament seçkilərinə 10 aydan da az vaxt qaldığı bir dövrdə Divan partiyanın kursunu, xəttini müəyyənləşdirmək, real problemləri həll etmək əvəzinə, məhkəmə funksiyasını yerinə yetirir, partiyadaxili hansısa söhbətlərin həlli ilə məşğuldur: “O halda sual yaranır ki, əgər Divan bu funksiyanı öz üzərinə götürürsə, partiyada Mərkəzi Nəzarət Təftiş Komissiyası nəyə lazımdır? Digər tərəfdən, partiya daxilində barışıq mühitinin yaradılması, insanlara əl uzadılması, partiyanı gücləndirmək əvəzinə, belə addımlar, hədə-qorxular partiyanı daha da zəiflədir, daxildəki ayrılığı daha da gücləndirir” .
T. Abbaslı Q. İbadoğlu və E. Məmmədlinin Divana çağırılmasını həm də güc nümayişi kimi qəbul edir: "Sonra da durub deyəcəklər ki, biz Qubad İbadoğlu və Ellada Məmmədlini Divana dəvət etdik, başa saldıq, başa düşmədilər, indi isə partiyadan xaric edirik. İlk iclasda onlardan hansısa biri partiyadan xaric edilməsə də, prosesin nəticəsi ona gətirəcək. Qubad İbadoğlu, Ellada Məmmədli, yaxud sabah Vurğun Əyyubun Divana dəvət olunması və mətbuat vasitəsilə nümayişkaranə hansısa mesajların verilməsində məqsəd sabah atılacaq addıma zəmin hazırlamaqdır. Ona görə də onların Divana çağırılmasını məqsədəuyğun hesab etmirəm. Cəzalandırılmaq üçün dəvət olunurlarsa, bunu Mərkəzi-Nəzarət Təftiş Komissiyası da edə bilərdi. Yox, danışıb fikirlərini öyrənmək istəyirlərsə, bunu belə nümayişkaranə, hədə-qorxu şəklində etmək düzgün deyil. Ən azı partiyanın rəhbəri Arif Hacılı Qubad İbadoğlu və Ellada Məmmədlini görüşə dəvət edə bilərdi. Ona görə də Divanın bu addımını məqbul saymıram. Bütün bunlar üzücüdür. Parlament seçkiləri, partiyanın gücləndirilməsi kənarda qalıb, Osman Kazımovun deyimi ilə desək, partiyada təmizləmə siyasəti davam edir”.
banner

Oxşar Xəbərlər