• cümə axşamı, 02 may, 01:48
  • Baku Bakı 15°C

“Müsavat kiçik müəssisəsi”ndə əks fikir dözümsüzlüyü

18.02.15 06:58 1081
“Müsavat kiçik müəssisəsi”ndə əks fikir dözümsüzlüyü
Müsavat Partiyası son qurultaydan sonra hələ də özünə gələ bilmir. Yeni sədr Arif Hacılının legitimliyini tanımayan, başqan seçkilərində saxtakarlıq hallarının müşahidə olunduğunu deyənlər ya partiya rəhbərliyi tərəfindən cəzalanır, təşkilatdan xaric edilir, yaxud da narazılar özləri istefa verərək, Müsavatla yollarını ayırırlar. “Yarpaq dökümü”nün kütləvi hal aldığı bu partiyanın bəzi üzvləri isə yeni başqana alternativ hərəkat yaratmaqdadırlar. Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı adlandırılan və başqanlığa sabiq namizəd Qubad İbadoğlunun rəhbərlik edəcəyi bu təşkilatın fevralın 21-də təsis konfransının keçiriləcəyi də bildirilir.
Hərəkatın yaranmasının qarşısını ala bilməyəcəyini yəqin edən A.Hacılı və komandası isə artıq indidən təkzib-təhdid bəyanatları səsləndirməyə başlayıblar. Müsavat başqanının müavinləri ilə yanaşı, Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da tez-tez mediaya açıqlamalar verərək, ADR-i Müsavata qarşı yaradılmış formal bir təşkilat kimi qələmə verir, orada təmsil olunanların heç bir uğur əldə etməyəcəklərini söyləyir. Onlar hətta hərəkata qoşulan Müsavat üzvlərinin Nizamnaməni pozduqları halda cəzalandırılacaqlarını bəyan edirlər.
Daha çox təhdid xarakteri daşıyan belə açıqlamalara ADR-in həmtəsisçiləri, o cümlədən bu hərəkatda təmsil olunmaq istəyənlər müxtəlif şəkildə münasibət bildirməkdədirlər. Başqanlığa sabiq namizəd, ADR-in həmtəsisçilərindən olan Səxavət Əlisoy A.Hacılı dəstəsinin narahatçılığını təbii qəbul edərək, onlar tərəfdən bu narahatlığın ən müxtəlif şəkildə dilə gətirildiyini söyləyib. Qeyd edib ki, hazırda ADR Hərəkatının təşəbbüs qrupları yaradılır. Bununla bərabər, hərəkatın gənclik və qadınlar qolunun yaradılması da A.Hacılı və komandası tərəfindən müşahidə edilir, qısqanclıqla qarşılanır, bütün bunları qaralamaq üçün ən müxtəlif vasitələrə əl atılır: “Onlar bu narahatçılıqdan irəli gələrək sayıqlamalara başlayıblar. Halbuki bizim fəaliyyətimiz Müsavat Partiyasına qarşı deyil. Bu gün Müsavatın intellektual potensialı olan üzvləri partiyadakı vəziyyətlə əlaqədar ADR Hərəkatına üz tuturlar. Elə biri mən özüm 20 ilə yaxın müddətdə Müsavatın üzvü, 10 il başqanın müşaviri olmuşam. Yaxın dostlarım, ailə üzvlərimin bəzisi də Müsavatın üzvü idilər. Özümə qarşı baş verən haqsızlıqlardan sonra Müsavatın nizamnamədənkənar icra aparatının rəhbərinə sual vermək istəyirəm ki, belə olan halda ailə üzvlərim, dost-tanışlarım nə etməliydilər? Azad fikrimə görə məni partiyadan uzaqlaşdırdıqları təqdirdə, onlar fədakar müsavatçı kimi partiyada qalmalıydılarmı? Ortada sadə məntiq var. Böyük xəyal qırıqlığına uğrayan belə insanlar saxtakarlığa göz yuma, saxtakarın yanında dayanıb ona dəstək verə bilməzdilər.
Ümumiyyətlə, Müsavat Partiyasında ağlı ilə düşünənlər, azad fikir sahibləri Hacılının ətrafında qalmayacaqlar. Bunu görən və bilən Hacılı dəstəsinin əlində hazırda yeganə silah cəza metodudur. Bu üsulla onlar yaxın zamanlarda Müsavatın 70 faiz üzvünü cəzalandırıb partiyadan kənarlaşdıracaqlar. Beləliklə də Hacılı, onun yaxın qohum-əqrəbası, dost-tanışı Müsavat Partiyasını kiçik müəssisə kimi işlədə biləcəklər. Belə olduqda “Müsavat kiçik müəssisəsi”ndə əks fikir söyləyən qalmayacaq, partiyanı idarə etmək daha asan olacaq. Əgər kimsə Hacılının, yaxud da onun Mustafasının əleyhinə fikir bildirsə, dərhal partiyadan uzaqlaşdırılacaqdır. Bu yolda Hacılıya uğurlar arzulayıram”.
ADR Hərəkatının Təşkilat Komitəsinin sədri, Müsavat başqanlığına sabiq namizəd Q.İbadoğlu da onları ittiham edənlərə, o cümlədən G.Aslanlıya tutarlı cavab verib. O, APA-ya açıqlamasında bildirib ki, Nizamnaməni pozanlar bu cür açıqlama verənlərdir və ilk cəzanı da Nizamnaməyə zidd bəyanatla çıxış edənlərə vermək lazımdır. Q.İbadoğlunun fikrincə, bu açıqlama nəinki Müsavat Partiyasının Nizamnaməsinə, ən əsası, Azərbaycan qanunvericiliyinə və insanların fundamental azadlığına ziddir: “Onlar bilməlidirlər ki, istənilən şəxs azad şəkildə ictimai təşkilatlarda birləşə və fəaliyyət göstərə bilər. Bu, hər bir vətəndaşın fundamental hüquqlarından biri olan birləşmək hüququdur. Bu dəyərlərə hörməti olmayan adamların siyasi fəaliyyətlə məşğul olması partiyadakı vəziyyəti aydın göstərir. Partiya daxilində Nizamnamə norması insanların ictimai mənsubiyyətinə görə tətbiq oluna bilməz. Gülağa Aslanlının bu açıqlaması həm də Müsavatda partiyadaxili demokratiyanın olmamasının, əks fikirə dözümsüzlüyün göstəricisidir. Belə antidemokratik açıqlamalar partiyanın onsuz da gündən-günə azalan nüfuzuna ciddi zərbədir. Bu açıqlama mənim partiyadan nəyə görə uzaqlaşdırıldığıma da aydınlıq gətirdi. Bu açıqlama göstərdi ki, bu qərar hüquqi deyil, siyasi müstəvidə sifarişlə və rəqiblərə qarşı qeyri-sağlam yanaşmadan, qısqanclıqdan irəli gələrək verilib. Bu isə acizlərə məxsus xüsusiyyətdir. Bu açıqlama Müsavat Partiyasında yeni “təmizləmə” əməliyyatlarına başlanacağından da xəbər verir. Belə gedişlə bir də görəcəklər ki, partiyada mövcud rəhbərlikdən başqa heç kim qalmayıb. Onlar hələ də başa düşmürlər ki, sıravi üzvlərsiz rəhbərlik heç kimə lazım olmayacaq”.
Başqanlığa sabiq namizədlərdən Tural Abbaslı Müsavatın müxalif demokratik kəsimdə yaradılan istənilən təşkilata dəstək verməsini vacib sayıb. Deyib ki, əslində Müsavat ADR Hərəkatı kimi təşkilatın yaranmasına sevinməlidir. Onun sözlərinə görə, əgər bu gün ADR adlı yeni Hərəkat yaranırsa və o, Azərbaycanda demokratiyanın daha da inkişafını qarşıya məqsəd qoyubsa, bunu yalnız alqışlamaq lazımdır: “Şəxsim olaraq, ADR-in bu günə qədər Müsavat əleyhinə hər hansı fəaliyyətini müşahidə etməmişəm. Bu səbəbdən ADR Hərəkatının yaradıcılarına uğurlar arzulayıram. Gülağa Aslanlının müavinlik və ya aparat rəhbəri səviyyəsində verdiyi açıqlamaya gəlincə, bu, kənardan qısqanclıq kimi görünür. Hazırda Müsavat partiyasının üzvü olan, eyni zamanda ADR Hərəkatında təmsil olunmaq istəyən xeyli fədakar və mübariz insanlar tanıyıram. Bunların hamısını cəmləşdirib ümumi şəkildə bu cür qiymətləndirmək düzgün deyil. “ADR Hərəkatında təmsil olunanlar Nizamnamə pozuntusuna yol verəcəklərsə, cəzalandırılacaqlar”, - fikrini də düzgün qəbul etmirəm. Eyni fikri bu şəkildə də ifadə etmək olar ki, əgər Arif Hacılının müavinləri arasında kimsə Nizamnaməni pozacaqsa, cəzalandırılacaqlar. Başqalarına qarşı bu fikri işlədənlər özlərinə qarşı da eyni münasibət sərgiləməlidirlər”.
T.Abbaslı deyib ki, Nizamnaməni kimin pozmasının fərqi yoxdur. Bu mənada o, G.Aslanlının işlətdiyi ifadələri üstüörtülü, qeyri-qanuni təhdid kimi dəyərləndirib: “Partiya Nizamnaməsində digər təşkilatlara üzv olmaq barədə qadağa yoxdur. Müsavat Partiyasının üzvləri yalnız bir partiyanın üzvü ola bilər, amma digər hərəkat, təşkilat, ictimai birliklərdə də təmsil oluna bilərlər. Misal üçün, Gülağa Aslanlı, İsa Qənbər “N!DA” Vətəndaş Hərəkatının, Arif Hacılı Bütöv Azərbaycan Birliyinin üzvləridirlər. Ona görə də bütün hadisələrə partiyadaxili münasibətlər zəminində baxılmamalıdır. Əgər hər hansı fikir bildirmək istəyirlərsə, o zaman ümumilikdə Müsavat adından deyil, öz adlarından versinlər. Heç kim hansısa müsavatçıya səlahiyyət verməyib ki, Müsavat üzvlüyündən sui-istifadəyə yol verib kimlərisə təhdid etsin, cəzalandırmaqla hədələsin”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər