• cümə, 26 Aprel, 12:16
  • Baku Bakı 23°C

Müsavat gəncləri qovmaqda davam edir

15.02.14 09:17 1335
Müsavat gəncləri qovmaqda davam edir
Müsavat Partiyası Gənclər Təşkilatı ətrafında növbəti qalmaqal başlayıb. Bu qurumdan daha iki gəncin səbəb göstərilmədən və xəbərsiz şəkildə qovulması onların kəskin etirazına səbəb olub. Narazı şəxslər ürəklərini facebook sosial şəbəkəsində boşaldıblar. Bildiriblər ki, adı çəkilən təşkilat plüralizmi qəbul edə bilmirsə, hansı demokratik və insani dəyərlərdən danışır.
Cavanşir Abbaslı yazıb ki, qurumdan çıxarılmağına əsas kimi təşkilat sədrini təhqir və təhdid etdiyi göstərilib. Gənc bildirib ki, başqalarını tənqidə açıq olmamaqda ittiham edənlər heç özləri də tənqidə açıq deyillər: “Mən heç kəsi təhqir, təhdid etməmişəm. Sizlər təhqir və tənqidi ayırd edə bilməyəcək vəziyyətdəsiniz. Zəif düşüncələrə yazıqlar olsun!!!”
Kərim Kərimli isə APA-ya açıqlamasında onu təşkilatdan uzaqlaşdırarkən müxtəlif səbəblər deyildiyini, facebookda yazdığı statusun əsas gətirildiyini söyləyib: “Müsavat Partiyası həmişə söz azadlığının təmin olunması uğrunda mübarizə apardığını bəyan edir. Belə olan halda, işlətdiyim fikrə görə məni təşkilatdan qovurlarsa, burada hansı azadlıqdan, hansı demokratiyadan söz gedə bilər? Müsavat necə söz azadlığını təmin edir ki, məni fikirlərimə görə təşkilatdan qovurlar?”
Gənc onu da vurğulayıb ki, Müsavat GT-nin hazırkı sədri Əhliman Abbas partiyanı zəiflətmək və məhv etməklə məşğuldur: “Mənim təşkilatdan kənarlaşdırılmağımın səbəbi sadəcə bəhanədir. Əhliman Abbas sədrliyə gəldikdən sonra təşkilatı, hətta bütün partiyanı məhv etmək istəyir. Əvvəlki vaxtlarla müqayisədə bu adam iclas keçirməyə 4 nəfər tapa bilmir. Əhliman Abbas sədrliyə gələndən sonra gənclər qeyri-fəal olublar”.
“Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxan da məsələyə biganə qalmayıb və öz facebook profilində fikirlərini bölüşüb: "Partiyaların gənclər təşkilatları intriqa yuvasıdır. Bu institut Azərbaycanda işləmədi. Mən 22 ildir, Müsavatın üzvüyəm, yadımdadır, hələ o vaxtlar partiyanın gəncləri bir-birilərini qırırdılar. Ortada sağlam rəqabət ola, yenə dözmək olar. Nəyin uğrunda savaşırlar, söyüşürlər, anlamaq olmur. Partiya rəhbərliyi illərdir ki, gənc və perspektivsiz üzvlərinin mənasız mübahisələrini "həll" etməklə məşğuldur. Hamısını buraxmaq lazımdır. Gənclər sıravi üzv kimi qalsınlar. Partiya rəhbərliyi də daha ciddi və səmərəli işlərlə məşğul olsun”.
Statusa şərh yazanlar da qurumun bünövrəsinin məkrli intriqalarla töküldüyünü bildiriblər.
Bu mövzuda fikirlərini qəzetimizə açıqlayan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Müsavat Partiyası daxilində və gənclər təşkilatında baş verən proseslərlə bağlı təəssüf hissi keçirdiyini söylədi: “Həmin qurumun daxilində qruplaşmalar var və partiyanın qarşısına qoyduğu ideyalar oradakı nüfuzlu şəxslərin maraqlarına xidmət edir. Partiyadan əsassız şəkildə uzaqlaşdırılmış gənclər belə hallara indiyə qədər dözdüklərini, bundan sonra susmayacaqlarını elan ediblər. Deyiblər ki, daha üsyankarcasına fikirlərini ifadə edəcəklər və həmin partiya daxilində olan qüvvələrə qarşı vuruşacaq, aralarında olan problemləri həll etməyə çalışacaqlar. Bu, gənclərin haqqıdır”.
Qeyd edək ki, ətrafında qalmaqalın səngimədiyi bu qurum həmin təşkilatdır ki, keçən ilin noyabr ayında yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə müəyyən pozuntulara yol verildiyi iddia olunurdu. Belə ki, Rüfət Hacıbəylinin də namizəd olduğu posta Əhliman Abbasın seçilməsi bir çoxlarının narazılığına səbəb olmuşdu və onlar etirazlarını bildirərək seçkinin obyektiv keçirilmədiyini bəyan edirdilər. Seçki prosesində Hacıbəylinin tərəfdarlarına qarşı təzyiq olduğu və Ə.Abbasın arxasında böyük qüvvələrin dayandığını açıqlanırdı. Söylənilirdi ki, seçkilərin təxirə salınması, sonda isə qeyri-obyektiv şəkildə keçirilməsi Müsavat Partiyası daxilində müəyyən qruplaşmaların formalaşması ilə bağlıdır. Hətta məsələ o həddə çatmışdı ki, partiya rəhbərləri keçirilən seçki ilə bağlı açıqlama vermək məcburiyyətində qalmışdılar. Onu da deyək ki, dedi-qodularda Müsavat Partiyası Mərkəzi İcra aparatının rəhbəri Arif Hacılının da adı hallanırdı. Hazırkı durumu şərh edənlərdən bəziləri məsələnin mahiyyətinin dəyişmədiyini, hadisələrin kökünün keçən ilki səsvermə və onun ətrafında baş verən proseslərə gedib çıxdığını düşünürlər. Gördüklərimizə əsasən, partiyanın gənclər təşkilatının get-gedə parçalanmaq üzrə olduğunu deyə bilərik. Çünki bəzi şəxslər orada baş verənlərdən bezib qurumu tərk edir, bir qisim gənc isə özlərinin də rəzillik adlandırdığı şəkildə qovulurlar. Yəni, ya vəlvələdən, ya zəlzələdən. Çoxluğun da söylədiyi kimi, gənclərin Müsavatdakı qüvvələr arasında alətə çevrilməyindənsə, elə qurumun dağılmağı yaxşıdır.
“Artıq monopoliyaya çevrilmiş təşkilatda təmsil olunmaq mümkün deyil. Müsavat Partiyası Gənclər Təşkilatında yaranan vəziyyətdə məqsəd, başqanlığa iddialı olan Tural Abbaslının mövqelərinə zərbə vurmaqdır. Bu məsələdə partiya rəhbərliyinin rolu böyükdür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sabiq üzvü Cavanşir Abbaslı təşkilatdan kənarlaşdırılmasına münasibət bildirərkən deyib.
C. Abbaslı qeyd edib ki, yaranmış vəziyyətlə bağlı partiya başqanı İsa Qəmbərə məlumat veriblər: “Məsələ ilə bağlı Müsavat başqanı İsa Qəmbərlə görüşdük və ona bildirdik ki, bizə qarşı kampaniya aparılır, bizi təşkilatdan uzaqlaşdırmaq istəyirlər. İsa Qəmbər isə bildirib ki, vəziyyət araşdırılır, müvafiq qərar veriləcək. Amma hələ də bu məsələlərə baxılmayıb”.
Onun sözlərinə görə, gənclərin partiyadan çıxarılmağına etiraz olaraq, 3 gün ərzində Gənclər Təşkilatından kütləvi istefalar gözlənilir.
Xatırladaq ki, 8 nəfər Müsavat GT-dən kənarlaşdırılıb.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər