AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Münhen konfransı Ukraynada qalmaqal yaratdı

Münhen konfransı Ukraynada qalmaqal yaratdı

Siyasət
17 Fevral 2020, 16:25 1184
Zelenski prezidentliyi başa çatmadan münaqişəyə son qoymağa ümid edir

Münhen Təhlükəsizlik Konfransında Ukraynanın işğal altında olan əraziləri ilə bağlı təqdim olunan plan geniş müzakirələrə yol açıb. Plan "Ukraynada və Avro-Atlantik regionda təhlükəsizliyin gücləndirilməsi üzrə 12 addım” adlanır. Sənəd Təhlükəsizlik üzrə Münhen konfransının saytında da yerləşdirilib. Dərhal da Ukraynada çoxsaylı suallar doğurub. Maraqlıdır ki, plan saytda yerləşdirildikdən sonra yığışdırılsa da, bir müddət sonra yenidən qoyulub. Platforma bütövlükdə 12 addımdan ibarətdir. Müəlliflər hesab edirlər ki, birinci addım kimi atəşkəsin dayandırılması üzrə Birgə Mərkəzin fəaliyyətini götürmək gərəkdir. 2014-cü ildən fəaliyyət göstərən Mərkəzə Ukrayna və Rusiya zabitləri daxildir. Ardınca da, Normand formatı bazasında struktur yaradılmalıdır. Bu, struktur Mərkəz ilə qarşılıqlı fəaliyyət göstərməli və hərbi məsələləri həll etməlidir. Daha sonra Donbas ərazisində ATƏT-in xüsusi monitorinq missiyasını açmaq və ora sərbəst daxil olma imkanı yaradılmalıdır. Humanitar blok münaqişə zamanı itkin düşən şəxslərin axtarışı ilə bağlı tərəflərin səylərinin gücləndirilməsini nəzərdə tutur. Beşinci addım ərazilərin minalardan təmizlənməsidir. Sonra isə Donbasın bərpası proqramı təklif olunur. Burada Rusiya əsas donorlardan hesab olunur. Növbəti addım Ukraynada Avropa İttifaqı və Rusiya ilə azad ticarət zonasının yaradılması imkanlarıdır. Rusiyaya qarşı tətbiq edilən sanksiyalara nəzər salınması da təkliflər sırasına daxildir. Nədənsə bundan sonra Donbasda radioloji təhlükənin aradan qaldırılması proqramının reallaşdırılması ortaya atılır. Qeyd olunur ki, ərazidə 1,2 min radioaktiv maddələr var. Növbəti blok siyasi məsələlərdir. 10-cu addım NATO ölkələri ilə qarşılıqlı təhlükəsizlik dialoqunun başlanmasıdır. 11-ci addım Rusiya ilə qarşılıqlı münasibətlərin axtarışı və dəstəyidir. Nəhayət, 12-ci addım Ukraynadaxili identiklik dialoqunun başlanmasıdır. Ukrayna müəyyən etməlidir – daha çox hansı qonşusu - Polşa, Macarıstan və Rusiya ilə münasibətləri qurmaq istəyir?
Ukraynanın "Sol sahil” qəzeti yazır ki, bu sənəd Ukraynanın maraqlarına ziddir.
Ukrayna XİN-in mətbuat xidmətinin rəhbəri Yekaterina Zlenko bildirib ki, "sənəd şəxsi təşəbbüsdür, rəsmi mövqe deyil: "Bu plan Euro-Atlantic Security Leadership Group qeyri-hökumət təşkilatı tərəfindən hazırlanıb. Bu şəxsi təşəbbüs siyasətçi və ekspertlərin, Ukraynada baş verənlərə biganə qalmayanların, əsas etibarilə Rusiya işğal siyasətinə qarşı çıxanların mövqeyidir”.
Müdafiə naziri Andrey Zaqorodnyuk da "Ukrayna 24” telekanalına müsahibəsində təsdiq edib ki, "12 addım” planı heç bir ölkənin mövqeyinə uyğun deyil. Bu hansısa şəxslərin şəxsi təşəbbüsüdür. Biz digər məsələlər üzərində işləyirik. Minsk qrupu, Normand prosesimiz var və bu çərçivələr üzərində işləyirik”.
Kiyevdə diqqəti ona yönəldirlər ki, qalmaqallı plan Rusiya Beynəlxalq məsələlər üzrə Şurasının iştirakı ilə hazırlanıb. Ukrayna tərəfdən sənədin həmmüəllifi xarici işlər nazirinin keçmiş müavini Aleksandr Xaloq, Qlobal transformasiyalar İnstitutunun direktoru Aleksey Semeniya və s. şəxslərdir.
Yeri gəlmişkən, Ukrayna prezidenti Vladimir Zelenski ölkənin şərqində separatçıların apardığı müharibəyə son qoyacağına söz verib. 2014-cü ildən bəri Rusiyanın dəstəklədiyi üsyançılarla Ukrayna qoşunları arasında gedən döyüşlər nəticəsində 14 mindən çox insan öldürülüb. Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski deyib ki, o, prezidentlik vəzifəsi 2024-cü ildə başa çatmadan münaqişəyə son qoyacağına ümid edir. "Əgər beş il sonra biz müharibəyə son qoyub, insanlarımızı geri gətirə bilsək, mənim prezident olmağımın bir səbəbi olacaq", - deyə o bildirib.
Xatırladaq ki, Ukraynanın şərqindəki münaqişə 2014-cü ilin aprelində Rusiya Krım yarımadasını ilhaq edəndn bir neçə həftə sonra başlayıb və o zamandan bəri ölkənin sənaye mərkəzini məhv edib. Rusiya ilə münaqişədə Ukraynanı dəstəklədiyi üçün Birləşmiş Ştatlara təşəkkür edən Zelenski prezident Donald Trampın impiçment məhkəməsi başa çatdığı üçün ABŞ-la yeni münasibət qurmağa ümid bəslədiyini bildirib. Ukrayna və Zelenski impiçment araşdırmasının mərkəzində idi. Trampı iyul ayında Zelenski ilə telefon danışığı zamanı ona prezidentliyə demokrat namizəd Co Baydenin oğlunun Ukraynanın qaz şirkəti "Burisma” ilə əlaqəsini araşdırması üçün təzyiq göstərmişdi və bu, onun üzərində impiçment araşdırmasının aparılmasına gətirib çıxarmışdı.
Münhendə çıxış edən Zelenski Ağ Evi ziyarət etmək istədiyini deyib və Trampı Kiyevə dəvət edib. "Bizim ABŞ-la yaxşı münasibətimiz var və mən amerikalılara dəstəklərinə görə minnətdaram"- deyə bildirib.
Zelenski Münhendə deyib ki, o, oktyabr ayında Ukrayna boyu, o cümlədən şərqdəki müəyyən ərazilərdə yerli seçkilərin keçirilməsini istəyir. Lakin onun sözlərinə görə, səsvermə döyüşlərin getdiyi yerdə aparıla bilməz. "Donbasdakı insanlar legitim hesab olunacaq seçkilərə ehtiyacları var. Amma seçki güllə səsləri altında və Kiyev Ukrayna sərhədinə nəzarət etmədən Ukrayna qanunlarına uyğun olaraq keçirilə bilməz”, prezident deyib. Zelenski aprel ayında Rusiya prezidenti Vladimir Putinlə məhbus mübadiləsi ilə bağlı danışıqlar aparacağını açıqlayıb. Zelenski deyib ki, hazırda üsyançıların nəzarət etdiyi ərazilərdə 200 ukraynalı məhbus var.

Kamran