AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir

Multikulturalizm dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir

Cəmiyyət
05 Mart 2021, 21:00 684
Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin gedişi, reallaşdırılacaq layihələr, logistika məsələləri barədə verilən sualları cavablandırarkən, Qarabağ bölgəsinin gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bir sıra diqqətçəkən məqamlara da aydınlıq gətirib. Dövlətimizin başçısı postmüharibə dövrünün qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması kimi yeni imkanlar yaratdığını vurğulayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.
Deputat deyib: "Prezident İlham Əliyevin Türkiyə, Rusiya və İran dövlət başçıları ilə görüşlərində aparılan fikir mübadiləsi də bu dövlətlərin ortaq mövqedə olmalarını deməyə əsas verir. Şübhəsiz ki, Ermənistan da bu məsələ ilə bağlı eyni yanaşma nümayiş etdirərsə, o zaman adı çəkilən ölkə proseslərə qoşula bilər və bu, onun hazırkı böhran vəziyyətdən çıxmasını, inkişaf mərhələsinə daxil olmasını şərtləndirər. Əksinə, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, onsuz da mövcud vəziyyəti daha da çətinləşəcək, tənəzzül girdabında boğulmaqda davam edəcək. Çünki sirr deyil ki, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq olmasa, Ermənistanın bərpa üçün sadəcə, resursu yoxdur. Erməni xalqı indiyədək necə yaşayırdısa, həyat şəraiti elə də davam edəcək. Bir sözlə, sözügedən ölkə bu məsələdə hər hansı bir mənfi addım atmağa cəhd göstərsə, bunun sonu daha ağır nəticələrlə müşahidə olunacaq”.
Rəşad Mahmudov qeyd edib ki, hazırda bölgənin sabitliyi, uzunmüddətli sülhün yaranması əsasən Ermənistandan, onun Zəngəzur koridorunun gerçəkləşdirilməsinə töhfəsindən asılıdır. Bu, reallaşarsa, təbii ki, regionda da münasibətlər normallaşar, Ermənistan–Azərbaycan sərhədi açılar: "Amma, təəssüf ki, bu gün Ermənistanda anti-Türkiyə təbliğatı səngimək bilmir. Bu respublikada Türkiyəfobiya sanki bir ideologiyaya çevrilib. Erməni tərəfi Türkiyə və Azərbaycana düşmən gözü ilə baxmaqdan usanmır. Belə ki, Ermənistan hələ də Türkiyəyə qarşı ərazi və soyqırımın tanıdılması iddialarını dayandırmır. Bu məqsədlə də bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparır. Qondarma "soyqırımı”nın müxtəlif ölkələrin parlamentində qəbuluna cəhd göstərir.
Təbii ki, belə kin-küdurət Azərbaycandan da yan keçmir. "Azərbaycanlıların və ermənilərin birlikdə yaşamaları mümkün deyil” kimi faşizmə köklənən tezisdən əl çəkmir. Halbuki Azərbaycanda bu gün multikulturalizm özünün ən yüksək zirvəsinə çataraq dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və bütün dünyada uğurlu siyasi model kimi qəbul olunur”.
Deputatın sözlərinə görə, ölkəmizdə müxtəlif mədəniyyətə sahib 30-dan çox azsaylı xalq tarixi keçmişdən bu günədək sülh şəraitində birgə yaşayır. Eyni zamanda, bütün dinlər cəmiyyətdə sərbəst şəkildə təmsil olunur. İndiyədək Azərbaycanda nə milli, nə də dini zəmində heç bir qarşıdurma və fikir ayrılığı yaşanmayıb. Əksinə, ən çətin zamanlarda bütün dinlərin nümayəndələri tərəfindən həmrəylik nümayiş etdirilib. Azərbaycan dünyəvi ölkədir. Azərbaycan Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır, təhsil sistemi isə dünyəvi xarakter daşıyır. Dini inanclar tamamilə sərbəstdir. Ölkədə onlarca məscid, kilsə və sinaqoq fəaliyyət göstərir.
Multikulturalizm siyasəti ölkənin daxili vəziyyətindən başqa, onun beynəlxalq imicinə də müsbət təsir göstərir və Azərbaycanın hüquqi dövlət olmasına bariz sübutdur. Bu gün artıq Azərbaycan dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınır və bu model beynəlxalq miqyasda öyrənilir. Eyni zamanda, Azərbaycana dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi kimi də hörmətlə yanaşılır.
Bax, elə buna görə də Azərbaycan xalqı öz Prezidentinin bu cür bəşəri siyasət yeritdiyinə görə, istər ölkə daxilində, istərsə də xaricində atdığı bütün addımları dəstəkləyir. Çünki xalqımız öz rəhbəri tərəfindən hər bir təşəbbüsün Azərbaycanın marağı və inkişafı naminə irəli sürüldüyünə tamamilə əmindir. Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç bir dövlətin geosiyasi oyununa qatılmır, praqmatik və təmkinli mövqe tutur və dünya miqyasında müstəqil, düşünülmüş siyasət yürüdür. Elə ona görə də Azərbaycan dünyada analoqu olmayan bir ölkəyə, Ordumuz isə dünyanın ən güclü ordularından birinə çevrilib.
Mətbuat konfransında jurnalistin Azərbaycan Prezidentinə "Ermənilərin və azərbaycanlıların birlikdə yaşamaları mümkündürmü?” sualına cavabında da dövlətimizin başçısının bu məsələyə müdrik yanaşmasının şahidi olduq. Ölkə rəhbəri birgəyaşayışın mümkünlüyünü vurğulayaraq, Azərbaycanın, əslində, siyasətinin, mövqeyinin, həmçinin xalqımızın düşüncələrinin də bu fikri təsdiqlədiyini bildirib: "Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni, bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdi və bu Qələbədə Azərbaycanda yaşayan hər bir xalqın öz qiymətli və dəyərli payı var”.
Bəli, bu gün müxtəlif ölkələrdə azərbaycanlılarla ermənilər bir kənddə, bir şəhərdə məskunlaşıb. Azərbaycanda da xeyli sayda erməni yaşayır. Bu, faktdır, heç kim inkar edə bilməz. Məsələn, Prezidentimizin də qeyd etdiyi kimi, "Ermənistanın 1990-cı illərdəki müdafiə naziri azərbaycanlılara qarşı soyqırımının törədilməsində iştirak edib. Onun doğmaca bacısı Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yoxdur. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq”.
Rəşad Mahmudov söhbətinin sonunda bildirdi ki, bu, birtərəfli məsələ deyil. Ermənistan da buna hazır olmalıdır. Təəssüflər olsun ki, erməni xalqının beyni o qədər zəhərlənib ki, bu ölkədə insanların anti-Türkiyə və anti-Azərbaycan xəstəlikdən xilas olmaları üçün həm zamana, həm də böyük səy göstərilməsinə ciddi ehtiyac var.