• cümə, 26 Aprel, 07:05
  • Baku Bakı 12°C

Müğənnilərə “toy tutan” prodüserlər

06.07.13 08:52 3038
Müğənnilərə “toy tutan” prodüserlər
Səhnəyə yeni gələn ifaçının ilk vəzifəsi özünə prodüser tapmaqdır. Onlar da hər gün efirlərdə prodüser-müğənni qalmaqallarını görüb üz tuturlar işsiz qalan qohum-əqrəbalarına. Bu işin hansı mənsəbə qulluq etdiyini bilməyən qohum-əqrəba da prodüserliyin toyları danışıb, gələn zənglərə cavab verməkdən başqa bir şey olmadığını düşünür. Bir az pulu olan müğənnilər isə qazanclarının yarı faizini verməyə razılaşaraq, bahalı prodüserlərlə yola çıxmağa qərar verirlər. Bir-iki ildən sonra isə onların münasibəti dostluğa, ailə münasibətlərinə, sonra da dava-qırğına çevrilir. Prodüser adı ilə işləyən, özlərini həm menecer, həm də prodüser kimi təqdim edənlərin əksəriyyəti isə müğənnilərə “toy tutmaqla” işlərini bitmiş sanırlar. El arasında belələrinə “makler prodüserlər” də deyirlər. “Makler prodüserlər” işin bu qədər sadə olduğunu hesab etsələr də, uzun müddət məşhur müğənnilərlə çalışan prodüserlər sahibi olduqları sənətin çox çətin olduğunu söyləyirlər.
Qohumu ilə işləyən müğənnilər
Bir çox müğənnilərlə çalışan məşhur prodüser Təranə Səmədova bildirdi ki, istedadlı müğənnini irəli çəkmək üçün istifadə etdiyi ən yaxşı üsullardan biri bəstəkara müraciət edib, yaxşı mahnı yazdırmaq, onu düzgün aranjeman etdirməkdir. Onun sözlərinə görə, bütün bunlar düzgün formada, balansı qorumaq şərti ilə həyata keçirilərsə, bunu edənlər prodüser adını daşıya bilərlər: “Bugünkü prodüserlərə menecer desək daha doğru olar məncə. Müğənni ilə prodüser arasında üçüncü şəxs yoxdursa, müğənnin tanınmasının 50%-i onun özündən asılıdırsa, 50%-i də prodüserdən asılıdır. Makler rolunu oynayan, özlərini prodüser kimi təqdim edənlərin maksimum bacarıqları isə müğənniyə toy tutmaq olur. Həmin prodüserlər hansısa müğənnin tanınmasında, yetişdirilməsində rol oynamırlar. Məndən soruşanda ki, hansısa prodüseri tanıyırsanmı? O zaman deyirəm ki, o prodüser deyil, maklerdir. İndiyə kimi işlədiyim müğənnilərin heç birindən özümə qarşı güvənsizlik görməmişəm. Azərbaycanda iki prodüser tanıyıram - biri mənəm, biri də Tolik (Tarix Əliyev- X.R.). Bizə güvənməyən insan yoxdur, çünki işlərimiz göz qabağındadır. Amma bizim adımıza xələl gətirən insanlar var ki, prodüserlikdən çox, başqa işlərlə məşğuldurlar”.
Təranə Səmədova bəzi adını prodüser qoyanların müğənnilərin inamını itirəcək işlərlə məşğul olduqlarına görə özlərinə olan etibarı itirdiklərini söylədi: “Prodüserlərə güvənini itirən müğənnilər yanlarında qohumlarını gəzdirirlər və onlara etibar etməyə çalışırlar. Məsələyə digər tərəfdən yanaşanda, görün hansı müğənnilərin qohumu onun üçün ağılagəlməz proyektlər edib? Qohumu ilə işləyən bütün müğənnilərini tanıyıram. Yaxşı sənətçilərin prodüserə hər zaman ehtiyacı var. Müğənnin dünyaca tanınmış olması üçün prodüserin rolu çox böyükdür. Bu təkcə Azərbaycana aid deyil. Azərbaycanda müğənnin, prodüserin o qədər çox gəliri olmalıdır ki, sərhədləri aşacaq bir layihəyə yatırmaq imlanı olsun. Azərbaycanın daxilində yaxşı iş baha başa gəlir. Müğənnin burada qazandığı pul ancaq elə bura yatırmağa bəs edir. Maksimum Röya qədər pul qazanmaq lazımdır ki, öz pulunun hesabına dünya bazarlarına gedib çıxa biləsən. Müğənninin ən azı Aygün Kazımova kimi çoxlu tanışı, əlaqələri olmalıdır ki, layihələri sərhədləri aşa bilsin. Xaricdə tanınmaq heç bir müğənniyə pulsuz başa gəlmir”.
Avropada başqa, bizdə başqa
Prodüser Səbuhi Ariflə söhbətimiz zamanı Avropa ölkələrinə baxanda bizdə prodüser strukturunun başqa formada qurulduğunu dedi. Onun sözlərinə görə, Azərbaycanda prodüserlər sənətçilərin maddi işlərini özləri həll edirlər: “Bizdə pulu verən müğənni olduğu üçün daha çox onların sözü keçərli olur. Müğənnilərin tanınmasında 70-80% prodüserlərin əməyi var. Çünki onlar müğənnilərin bütün işlərini görür. İndi hamı özünə prodüser deyir, əslində bu işi bilən adam azdır. Prodüser gərək müğənni ilə işləməyin bütün proseduralarını bilsin. Səhnəyə yeni gəlmiş ifaçının əvvəlcə potensialına baxmaq lazımdır. İfaçı üçün əsas onun səsidir, daha sonra xarici görünüşü və növbəti mərhələlər. Ondan sonra fotosessiya, mahnı seçimi, PR, ifaçının efirə çıxarılması, klip çəkilişləri və sair həyata keçirilir. Müğənniləri məşhurlaşdıran prodüserlərimiz var. Düzdür, həmin prodüserlərin sonda qədir-qiymət bilinməyib. Belə ki, prodüser müğənnini gətirir yaxşı yerlərə, sonra aralarında soyuqluq olanda müğənni başqası ilə işləməyə başlayır. Avropada isə hər iki tərəf qanunla işləyir”.
Səbuhi Arif prodüserlərin müğənnilərə toy tutması ilə bağlı da danışdı: “Əgər prodüser gedib müğənniyə toy tutursa, bu, artıq prodüserlik deyil, maklerlikdir. Mən işlədiyim müğənnilərin toyunu özüm danışmışam, ən azından müğənninin müştəri ( toy sahibi ) ilə toy danışması düzgün olmaz. Disk daşımaq başqa şeydir, menecerlik və prodüserlik isə tamam başqa. Bilirsinizmi, yaxşı, istedadlı prodüserlər var və bir o qədər də işini bilməyənlər də fəaliyyət göstərir. İndiyə kimi kimlə işləmişəmsə hamısı mənə güvənib, başqalarına cavabdeh deyiləm. Elə prodüser var ki, efir adı ilə müğənni aldadır və ya toyu baha danışır, gətirib müğənniyə pulu az verir. Bir çox müğənnilər də istəmir ki, xeyrini başqasına versin, ona görə də qohumlarına müraciət edir. Bir-iki nəfər pis prodüserə görə hamının adı pis olur”.
Dözməyib, prodüserlikdən gedənlər də var
Azərbaycan şou-biznesində Avropa prodüseri kimi tanınan Sultan Mustafayev mətbuata bu sənəti tərk edəcəyini və Azərbaycan şou-biznesində prodüserlik etmək istəmədiyini söyləyib: “Mən Sultan Mustafayev, 12 ildir sənət aləmindəyəm. Məni bu sənətə gətirən amil nə pul, nə şan-şöhrət olmayıb. Məqsədim sadəcə, Avropada Azərbaycan mədəniyyətini təbliğ etmək, sənətçilərlə düzgün işləyib, onların düzgün istiqamətdə inkişafına yardımçı olmaq olub. Sadəcə, bu 12 il ərzində qalmaqallar etsəm də, gündəmdə olub sevilib-seçilsəm də, bu gün bir dəfəlik bu çirkab şou-biznesi tərk edib və daha bu sənətə nöqtə qoymağa qərar verdim. Mən bəzi müğənnilər hansısa pullu iş adamının yanına gedib yaltaqlanmadım. Bəziləri kimi Dubaya gedib özümü satmadım. Bəziləri kimi ifrat dərəcədə yalanlar danışıb gündəmdə qalmadım. Həmişə istəyim o idi ki, Avropada öz Azərbaycanımın mədəniyyətini yüksək səviyyədə təbliğ edim. İnşallah, bu gün Azərbaycanı həmişəlik tərk edirəm və bir daha qayıtmayacağam. Bu şou-biznes təpədən dırnağadək çirkabxana, zibilxana və şər bazarıdır”.
Prodüser həm də qeyd edib ki, çoxları düşünəcək ki, illər sonra mübarizədən qaçıb gedirəm: “Sadəcə, bezmişəm. Yalanlardan, qeyri-səmimi, nankor dostlarımdan-tanışlarımdan bezmişəm. Bu aləmdə hamı bir-birindən xeyir, pul güdür. Belə mühitdə yaşayıb, işləmək çox çətindir. Bu gündən mənim nə adım, nə də sənətim olmayacaq. Çünki mən həmişə sənətimlə 1 nömrə olmuşam. İstəmirəm bundan sonra nə adıma ləkə gəlsin, nə də sənətimə. Məhz bu səbəbdən də Avropaya qayıdıram. Orada sakit həyat sürəcəm”.
Onu da nəzərinizə çatdırım ki, Sultan Mustafayev Hollandiyanın Amsterdam şəhərində yaşayır. Avropada prodüserlik və menecerlik üzrə ali təhsil alıb. Yeddi dil bilir. Dəfələrlə Avropada Azərbaycan sənətçilərinin konsertlərini təşkil edib.
Tolik yenə meydan oxuyur
Qalmaqallı çıxışları ilə seçilən məşhur prodüser Tarix Əliyevlə (Tolik-müəllif) də əlaqə saxlayıb fikirlərini öyrənmək istədik. Ancaq o, hazırda Bodrumnda olduğunu bildirərək həmkarlarına meydan oxudu: “Mən Bodrumdayam, siz prodüserləri danışdırın, görüm kimlər bu mövzuda danışa biləcək”.
Sonda qeyd edək ki, hansı prodüserlərlə işləyib-işləməmək hər bir müğənninin şəxsi işidir. Kimisi toy tutmaq üçün bu prodüserlərə müraciət edir, kimisi də sözün əsil mənasında sənətdə irəliləmək, yeni layihələri ilə pərəstişkarlarının könlünü oxşamaq istəyir. Bütün hallarda işləri avand olsun...
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər