AZE | RUS | ENG |


Müdafiə nazirinin müsahibəsi Ermənistana xəbərdarlıqdır

Müdafiə nazirinin müsahibəsi Ermənistana xəbərdarlıqdır
Ekspertlərin fikrincə, Zakir Həsənov sərrast şəkildə lazımi hədəflərə toxunub

Füzulidə baş verən məlum hadisədən sonra təmas xəttində ciddi gərginlik yarandı. Bunun nəticəsidir ki, ATƏT-in Minsk qrupu həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etdilər. Bu addım iki tərəf arasında gərginliyin azaldılmasına yönəlsə də, bunun baş tutduğunu demək çətindir.
Bir neçə gün öncə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun ilk dəfə xarici media orqanına verdiyi müsahibə isə bir çox məsələlərə işıq saldı. Müdafiə nazirinin buradakı fikirləri Ermənistana xəbərdarlıq, onun havadarlarına bir mesaj idimi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, Azərbaycanın müdafiə naziri xarici mətbuata verdiyi müsahibəsi ilə çox düzgün, sərrast və ölçülüb-biçilmiş şəkildə hədəflərə toxunub: "Müdafiə naziri açıq şəkildə bəyan etdi ki, ermənilərin çox güvəndiyi "İsgəndər” raketlərini məhv etmək üçün Azərbaycanın müasir tələblərə cavab verən raket əleyhinə sistemləri və silahları var. Əlbəttə, bu həm Ermənistana bir xəbərdarlıq idi, həm də "İsgəndər” raketlərini onlara verən həmsədr dövlətə bir mesaj idi. Bu, o demək idi ki, çox da bu kimi silahlara güvənib rahatlıqla danışmayın. Azərbaycanda bu gün Ermənistanda olan bütün hücum silahlarına qarşı tədbirlərini görüb. Onu da qeyd edim ki, dövlətimiz həmin "İsgəndər” raketlərini yerində məhv etmək üçün də lazımi işləri tamamlayıb”.
E.Məmmədovun sözlərinə görə, Z.Həsənov müsahibəsində ölkənin təhlükəsizliyini qorumaq, müdafiəsini təmin etmək, eyni zamanda işğal olunmuş torpaqları azad etmək üçün Azərbaycan ordusunun tam hazır vəziyyətdə olmasını dilə gətirilib: "Azərbaycan ordusu hər gün özünün döyüş qabiliyyətini artırmaq üçün öz üzərində işləyir və buna nail olur. Son dövrlər bir-birinin ardınca keçirilən hərbi təlimlər müharibə vəziyyətinə uyğunlaşdırılıb. Bu təlimlərdə bütün döyüş silahlarından istifadə edilir və Azərbaycan ordusu sübut edir ki, biz təkcə bu silahları əldə etməklə kifayətlənmirik, eyni zamanda bu silahlardan lazımi anda istifadə etmək qabiliyyətinə də malikik”.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, müdafiə nazirinin müsahibəsi Ali Baş Komandan İlham Əliyevin fikirlərinin ardı idi: "Zakir Həsənov müdafiə naziri kimi öz mesajını verdi. Birincisi, Azərbaycan Silahlı Qüvvələri hazırda sürətli şəkildə silahlanır. Müsahibə Rusiya mətbuatına verilib və bilirik ki, bu ölkə həmsədrlərdən biridir. Bizə yaxşı məlumdur ki, Ermənistana havadarlıq edən Rusiyadır. Əminəm ki, müdafiə nazirinin bu müsahibəsi beynəlxalq aləmlə yanaşı, həm də həmsədr ölkələr tərəfindən izlənilib. Zakir Həsənov müdafiə naziri kimi bu münaqişənin həllində Azərbaycana hərbi yoldan başqa çıxış yolu qoyulmadığını dilə gətirdi. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək. Dövlətimizin sərhədləri daxilində Dağlıq Qarabağa ən yüksək status verilə bilər. Göründüyü kimi, ölkənin Qarabağ siyasəti bəllidir, sadəcə bunu reallığa çevirmək lazımdır. Bunun iki yolu var, sülh və ya hərb. Sülh yolu 23 ildir davam edir və nəticədə hər iki tərəfin verdiyi itkilərdən başqa heç bir şey əldə olunmayıb. Bir sözlə, ermənilər Azərbaycan torpağında azərbaycanlılara həyasızcasına təzyiqlər göstərirlər”.
Ş.Ramaldanov qeyd edib ki, Ermənistan rəhbərliyi sülh danışıqlarına gedə bilmir: "Çünki ermənilərin arxasında havadarları var və onları düzgün qərar qəbul etməyə qoymurlar. Belə olduğu halda Azərbaycanın hərbdən başqa yolu qalmır. Bu məsələdə Azərbaycan xalqının mövqeyi ölkə rəhbərliyinin iradəsi ilə üst-üstə düşür. Eləcə də Azərbaycan Silahlı Qüvvələri lazım olan silah-sursatla, texnika ilə təmin olunur. Məqsəd isə ondan ibarətdir ki, Azərbaycan öz torpaqları işğaldan azad etsin. Zakir Həsənov da hərbçi və nazir kimi bütün məqamları xəbərdarlıq şəklində ermənilərin diqqətinə çatdırıb”.
 
Bəxtiyar MƏMMƏDLİ  

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6262
GBP 1 İngilis funt sterlinqi 2.2659
TRY 1 Türk lirəsi 0.4329
KWD 1 Küveyt dinarı 5.6292
SEK 1 İsveç kronu 0.2043
EUR 1 Avro 2.0123
CHF 1 İsveçrə frankı 1.7323
USD 1 ABŞ dolları 1.7002