• cümə axşamı, 28 mart, 15:30
  • Baku Bakı 16°C

“Müasir dünyada texnoloji biliksiz uğur qazanmaq çətindir”

12.09.20 18:15 1839
“Müasir dünyada texnoloji biliksiz uğur qazanmaq çətindir”
Kembric Universitetinin azərbaycanlı professoru Qərib Mürşüdov: "Uğur qazananda əyləncə də daha yaxşı və mənalı olur”
Hələ uşaqlıqdan hədəflərinə çatmaq üçün çalışıb. Anasından eşitdiyi nağıllar, oxuduğu kitablar fantaziyasını inkişaf etdirib. Uduzmaqdan heç vaxt xoşlanmayıb. Orta məktəbdən elm, təhsil üzrə daim özü ilə yarışıb. Arzularına doğru addım-addım yeriyib. Təsadüfi deyil ki, Şəmkirdə kənd məktəbində olarkən, "Böyük Britaniyada işləyəcəyəm” deyib və hazırda işləyir...MüsahibimizBöyük Britaniyada elmi fəaliyyətlə məşğul olan, Kembric Universitetinin professoru, tanınmış azərbaycanlı alim Qərib Mürşüdovdur.Böyük Britaniya Kral Statistika Cəmiyyətinin üzvü olan həmsöhbətimizin əsas elmi nailiyyətləri müasir statistika üsullarının struktur biologiya eksperimentlərinin analizi və modelləşdirilməsinə tətbiqi, molekulyar saflaşdırma üçün ən geniş yayılmış proqram təminatlarının hazırlanması, struktur biologiyası cəmiyyətinin istifadəsi üçün bir sıra proqram təminatlarının və alqoritmlərin qurulması kimi istiqamətləri əhatə edir. 1993-2011-ci illərdə Böyük Britaniyanın York Universitetində çalışıb, universitetin kimya fakültəsinin Struktural Biologiya Laboratoriyasının professoru olub. Alim Yaponiya, Amerika, Braziliya, Uruqvay, Çin, Hindistan və sair ölkələrdə beynəlxalq kurslar təşkil edib.
- Qərib müəllim, Şəmkir kənd məktəbindən Britaniyanın Kembric Universitetinə qədər gedən yoldan danışardınız. Bu necə baş verdi?
- Bu sualın dəqiq cavabını verməkdə çətinlik çəkirəm. Onu deyə bilərəm ki, uşaqlıqdan bədii, elmi kitablar oxuyuram. Anam yaxşı nağıllar danışardı. O qədər fərqli idi ki, əksər nağılları indi də kitablardan tapa bilmirəm. Ola bilər ki, bu, mənim fantaziyamın inkişafında rol oynayıb və hər bir hədəfə çatmağın mümkünlüyü inamını yaradıb, hədəfə çatmaq üçün çox işləmək lazım olduğunu öyrədib. İnsan ətrafını analiz edərək özündə olan çatışmazlıqlar üzərində işləməli və onları aradan götürməlidir. Ola bilər ki, problem olanda onun səbəbini ətraf mühitdə yox, özümdə görməyim mənə müəyyən mənada kömək edib. Ətrafa təsir etmək çətindir, özünü dəyişmək isə mümkündür. Bunun üçün həm mütaliə etmək, həm də özünü ətraf mühit ilə qarşılıqlı analiz etmək lazımdır.
- "Mən həmişə Böyük Britaniyada işləmək fikri ilə yaşayırdım” demisiniz. "Niyyətin hara, mənzilin ora” fikrinə nə dərəcə inanırsınız. İnsan uşaqlıq arzusuna necə nail ola bilər?
- Fikrimcə, hər bir hədəfə çatmaq üçün çox işləmək və analiz etmək lazımdır. Hədəf həmişə yüksək və əlçatmaz olmalıdır. Bu hədəfə addım-addım yanaşmaq lazımdır. Əsas odur ki, hədəf əlçatmaz görünsə də, real addımlar ata biləsən. Əsasən ətraflı oxuyub öyrənmək və analiz etmək lazımdır. Müasir dünyada bu, daha asandır. İxtiyarı məlumatı, təhsil kitablarını, elmi kitabları asanlıqla tapmaq mümkündür.
- Uğur qazanmaq üçün nə qədər işləməli, nəyi qurban verməliyik?
- Bu, çətin sualdır. Mən özüm nəyi isə qurban verdiyimi fikirləşmirəm. Həmişə öz üzərində işləmək lazımdır. Onsuz da hər gün 24 saat işləmək qeyri-mümkündür, əyləncələrə vaxt qalır. Uğur qazananda əyləncə də daha yaxşı, daha mənalı olur.
- Google scholar-a görə, elmi işlərinizə indiyədək 47.000-dən çox istinad olub. Bir vaxtlar riyaziyyatı sevən azərbaycanlı şagird bunu təsəvvür edərdimi?
- Mənim üçün belə ədədlərin elə də əhəmiyyəti yoxdur. Heç indi də bu istinadlar məni o qədər də maraqlandırmır. Əsas gördüyümüz işlərin vacibliyi və elmi işlərə nə qədər təsir etməsidir.
- Qərib müəllim, hazırda Azərbaycanı dünyada tanıdan professorsunuz. Maraqlıdır, orta məktəbdə hansı fənləri sevir və kim olmaq istəyirdiniz?
- Orta məktəbdə əvvəl biologiyadan, sonra kimyadan çox xoşum gəlirdi. 9-cu sinifdə yeni riyaziyyat muellimi - Valeh müəllim bizə dərs deməyə başladı. Onun özünəməxsus dərs demək üsulu var idi. Mənimlə dərsləri əsasən yarış kimi qururdu. Mənim isə uduzmaqdan xoşum gəlmirdi. Ona görə verilən hər bir məsələni tezliklə həll edərək ona göstərmək istəyirdim ki, mən bacararam. Bu yarışda əgər mən udurdumsa və məsələ kifayət qədər mürəkkəb idisə, onda kitab qazanırdım. Bu, riyazı məsələlər kitabları idi. Və o kitablardakı məsələləri həll edərdim.Orta məktəbdə məni düşündürən problemlərdən biri bu idi: nəyə görə bütün şagirdlər ciddi oxumurlar və öz istedadlarını inkişaf etdirmirlər. İndiyə qədər bu sual mənim üçün açıq olaraq qalır. Bu suala cavab tapmaq üçün orta məktəbdə müəllim olmaq istəyirdim. Sonra həyat bizi müxtəlif istiqamətlərdə yönəltdi. İndi də bu arzum qalıb. Bunu müəyyən qədər beynəlxalq kurslar hazırlayaraq həyata keçirirəm. Həm də Bakıda hər il may ayında magistraturada dərs deyirəm. Çox güman ki, təqaüdə çıxanda ancaq gənclərə dərs demək ilə məşğul olacağam. Və bunu Azərbaycanda həyata keçirmək istərdim.
- Əcnəbi ölkədə haradasa bizə imkansız gələcək uğurlara imza atırsınız. Qürbətdə uğur qazanmağın çətinlikləri varmı?
- Hazırkı vəziyyəti nəzərə alaraq deyə bilərik ki, qürbətdə və əsasən də inkişaf etmiş ölkələrdə uğur qazanmaq daha asandır. Bunun əsas səbəbi fərdlərin inkişafı üçün şəraitin mövcudluğudur. Əlbəttə, Azərbaycanda işləmək daha maraqlı olardı. Təəssüflər olsun ki, yaxın zamanlarda elm və texnologiyanın inkişafı və fərdlərin öz potensiallarının inkişafı üçün şəraitin olacağını gözləmək çətindir. Şərait deyəndə mən həm elmi mühitin, həm də maliyyənin olması kimi amilləri nəzərdə tuturam. İnsanların qiymətləndirilməsi onların gördükləri işdən asılı olmalıdır.
- Azərbaycanın elmi potensialını necə qiymətləndirirsiniz?
- Bu sualın bir neçə tərəfi var. Bir tərəfdən gənclərin potensialı heç bir ölkədən geri qalmır. Qısa müddət ərzində azərbaycanlıların dünyanın müxtəlif ölkələrində qazandığı uğurlar bunu göstərir. Bu potensialların ortaya çıxması üçün orta məktəbdən və təhsildən başlamaq lazımdır. İkinci məsələ hazırda mövcud olan alimlərin və elmi müəssisələrin potensialıdır. Müşahidələrimə görə, elmin inkişaf etdirilməsi üçün arzular mövcuddur. Hazırda elmin infrastrukturu dəyişilməli və ciddi islahatların olması vacibdir. Elmin maliyyələşdirilməsi, elmin inkişafına nəzarət və alimlərin qiymətləndirilməsi kökündən dəyişməlidir.
- Bir müsahibənizdə "humanitar elmlər siyasət və təbliğatda daha çox istifadə olunur” demisiniz. Humanitar elmlərə Qərib müəllimin gözü ilə baxaq... Necə tədris edilməli və necə yanaşılmalıdır?
- Gəlin belə baxaq. Riyaziyyat hər yerdə riyaziyyatdır, bunun kimi ixtiyari dəqiq elm sahələri də. Bu sahələrdə qeyri-obyektiv olmaq çətindir. İndi gəlin baxaq tarix elminə. Hər ölkədə özünəməxsus tədris edilir və əsas ideya həmin ölkənin xalqının və ya etnik qrupların qonşulara baxanda daha üstün olmasını isbat etməkdir. Və ya fəlsəfəyə baxaq. Hər bir ölkədə özünəməxsus tədris edilir. Ölkələrdəki siyasətçilər bu sahələri özünəməxsus istifadə edirlər və bu, əlavə problemlər yaradır. Mənə belə gəlir ki, bu elmləri obyektiv öyrətmək vacibdir. Məsələn, tarix tədrisi faktlara əsaslansa yaxşı olardı. Keçmişdə hansı millətin hansı nəticələr alması və bunun ilə fəxr etməyin mənası nədir? Və ya "bir millətin fəlsəfəsi” ideyaları kimə lazımdır? Bu elmlərdə belə qeyri-subyektivlik gənclərin inkişafına mane olur və onların dünyaya obyektiv baxaraq öz yerlərini tapmasında çətinlik yaradır. Adətən ziddiyyətləri müxtəlif ölkələrdə səyahət edəndə, müxtəlif millətlərin mədəniyyəti ilə tanış olanda görürük.
- İnsana balıq versən bir gün tox olacaq, balıq tutmağı öyrətsən isə ömürlük... Bir ziyalı kimi nə deyə bilərsiniz? Balığı necə tutaq?
- Təhsilin təmizliyi və inkişafı, texnologiyaya əsaslanan sənayenin inkişaf üçün şərait və gənclərdə özlərinə inam yaratmaqla. Burada həm cəmiyyətin, həm də dövlətin rolu var.
- Qərib müəllim, məşhur kəlamda deyilir ki, alim olmaq asandır, insan olmaq çətin. Hər kəs alim ola bilərmi?
- Əslində sual belə ola bilər: hər bir adamın alim olmasına ehtiyac varmı? Həmişə cəmiyyətin ancaq cüzi bir hissəsi elm ilə məşğul olub və yəqin ki, bu belə də qalacaq. İnsanlar öz biliklərini müxtəlif sahədə tətbiq edə bilərlər. Bunun üçün şərait lazımdır. Amma gənclər hansı yolu seçirlərsə seçsinlər, müasir dünyada müasir elmi və texnoloji biliksiz uğur qazanmaq çətindir. Bunu isə orta və ali məktəbdə təhsilin gücləndirilməsi ilə nail olmaq olar. Mən güclü təhsil deyəndə dərslərin sayının çoxalmasını nəzərdə tutmuram. Gənc axtarış aparmalı, öz üzərilərində işləməyin vacibliyini bilməli və öz güclərinə, ətraf mühitə, gələcəyə inanmalıdır.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər