• cümə, 26 Aprel, 10:57
  • Baku Bakı 12°C

Muğam Televiziya Müsabiqəsi 7-ci dəfə görüşümüzə gəlir

12.02.19 10:00 3845
Muğam Televiziya Müsabiqəsi 7-ci dəfə görüşümüzə gəlir
Bir aydan sonra yenə muğamsevərlər televiziya qarşısına keçərək VII Muğam Televiziya Müsabiqəsini izləyəcək. İki ildən bir keçirilən bu müsabiqənin yolunu həsrətlə gözləyən tamaşaçılar Novruz bayramı ərəfəsində yeni səsləri, gənc ifaçıları tanıma imkanı əldə edəcəklər. Bu dəfə fərqli ifaçılar, başqa mövzular, yeni tərkibli musiqiçi heyəti evlərimizin qonağı olacaq.

Müsabiqənin layihə icraçısı və münsiflər heyəti bölgələri gəzərək istedadlı gənclər arasında seçim ediblər. Artıq layihənin seçim turları başa çatıb. Biz də müsabiqənin gedişatı ilə bağlı məlumat öyrənmək üçün münsiflər heyətinə müraciət etdik. Məlum oldu ki, müsabiqədə iştirak etmək üçün 400 gənc qeydiyyatdan keçib. Onlardan 20 nəfər finala vəsiqə qazanıb.
"Struktur olaraq qeyri-adi dəyişikliklər gözlənilmir”
Müsabiqəsinin icraçı direktoru İlqar Fəhmi bizimlə söhbətində il ötdükcə muğam müsabiqəsinə dəyər verənlərin sayının ildən-ilə artdığını dedi: "Müsabiqəyə 400-dən artıq iştirakçı müraciət etmişdi. 400 gəncin muğamı öyrənməyi, bu sənətə olan marağı mənim aləmimdə böyük bir göstəricidir. Müsabiqəyə səsi gözəl olan, yaxşı hazırlaşan, hazırlaşmayan, güclü, zəif iştirakçılar qatılmışdı. Finala qalan bu iyirmiliyi böyük əziyyətlə seçdik. Onlar əvvəlcə yarımfinala, daha sonra finala vəsiqə qazandılar. Azərbaycanda bu qədər gənc muğama həvəs göstərirsə, bu müsabiqənin Azərbaycan mədəniyyəti üçün nə qədər əhəmiyyətli olmasının göstəricisidir”.
VII Muğam Müsabiqəsinin bundan əvvəl keçirilən müsabiqələrdən fərqinə gəlincə isə, İ.Fəhmi deyir ki, bu tipli müsabiqələrdə böyük yeniliklər olmur: "Muğamın sxemi necədirsə, müsabiqə də ona uyğundur. Muğam nə konservativ olaraq dəyişməyi, nə də o qədər də çox improvizəni xoşlayır. Orta bir xətt var. Ona görə burada böyük dəyişikliklərə ehtiyac yoxdur. Təbii ki, bu dəfəki müsabiqədə kiçik dəyişikliklər nəzərdə tutulub. Ancaq struktur olaraq qeyri-adi dəyişikliklər gözlənilmir. Çünki bütün prosedurlar neçə illərdir cilalanıb, süzgəcdən keçib.

Misal üçün, bu dəfə iştirakçılarımızı yeni ansambl müşayiət edəcək. Fikirlər var ki, iki trio olsun. Müsabiqə həftədə iki dəfə keçiriləcəyi üçün birinci gün bir, ikinci gün isə ikinci trio iştirak etsin. Bundan əlavə müsabiqədə dekorasiyalar, geyimlər dəyişəcək”.
İ.Fəhmi seçim turlarında ilk növbədə iştirakçıların səs imkanlarına, zəhmətkeşliyinə, öyrənmə qabiliyyətinə, qavrayışına önəm verdiklərini qeyd etdi.
Hər il müsabiqə zaman müzakirə obyektinə çevrilən ustad sənətkarların tələbələrinin iştirakından da bəhs etdi: "Bu dəfə də bir çox ustadlarımızın, sənətkarlarımızın tələbələri bizə müraciət etdi. Bizə müraciət edən iştirakçılar arasında Gülyanaq Məmmədovanın, Könül Qəmbərovanın, Nuriyyə Hüseynovanın, Təyyar Bayramovun və digər sənətkarlarımızın tələbələri vardı. Finalda iştirakçılar haqqında bir şey demək çətindir. Hesab edirəm ki, maraqlı səslər var. Biz o səsləri bir-bir seçmişik. Onların müsabiqə zamanı özlərini necə göstərəcəkləri artıq özlərindən asılıdır”.
"Bir çox ifaçılar zilə qalxanda, arzuolunmaz hallar baş verir”
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcovseçim turlarına bölgələrdən başladıqlarını və gözəl, istedadlı ifaçıların finala vəsiqə qazandıqlarını deyir: "Seçim turları zamanı muğamı sevən, ona bağlı olan gənclərlə tanış olduq. İfaçılar çox həvəsli idilər. Bu müsabiqədə iştirak etmək onların çoxdankı arzusu idi. Biz çalışdıq ki, onların içərisindən ən istedadlılarını seçək. Bu iştirakçıların arasında çox maraqlı səsi olanlar var. Seçim turları zamanı xalqımızın, bölgələrdəki insanların, uşaqdan tutmuş böyüyə qədər hər kəsin bu müsabiqəyə olan marağını gördük. Seçim turlarında hər xırda detalı gözdən keçirdik. Muğamın bəmi, ortası, zili var. Ancaq görürdük ki, bir çox ifaçılar zilə qalxanda, arzuolunmaz hallar baş verir. O zaman təəssüf hissi ilə həmin iştirakçılarla vidalaşırdıq. Baxmayaraq ki, muğamın şöbələrini çox gözəl ifa edirdilər. Texniki səbəblər də oldu ki, biz o iştirakçıları seçə bilmədik. 400 nəfərin içindən 70, onların içindən 20 nəfər finala qaldı. Bir aydan sonra xalqımız seçdiyimiz o gənclərlə tanış olacaq. Müsabiqənin ilkin şərtlərinə görə, hər həftə kimsə müsabiqəni tərk etməlidir. Möhkəm olanlar sona qədər mübarizə aparacaq. İnanıram ki, bir aydan sonra müsabiqə başlayanda, xalqımız onlara yüksək qiymət verəcək”.
Münsif heyəti olaraq iştirakçıları dəyərləndirən S.Fərəcov müsabiqədə Azərbaycan muğamının qazancının təkcə gənclər olmadığını və muğamımızın ənənələrinin hər yerdə yaşandığını əyani şəkildə gördüklərini qeyd etdi: "Gənclər ustadlarla üz-üzə oturub muğamı dərinliklərinə qədər öyrənəcəklər. Bu müsabiqə nəticəsində Azərbaycançılığımıza dəlalət edən sənətimiz yaşayacaq. Muğam Azərbaycan xalqının ruhudur. Muğamı qorumaq, inkişaf etdirmək Heydər Əliyev Fondunun, xüsusən də Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsüdür. Bütün bunlar hamısı gələcəyə hesablanıb. Muğam musiqilərin ən yüksəyidir. Bu gün biz muğamın keşiyində dayanırıqsa, elə bilin ki, xalqımızın qəlbini, onun ruhunu qoruyuruq və bu müsabiqə bu işdə müstəsna rol oynayır”.
"Əmin olmaq üçün o gənclərin səslərini dəfələrlə dinlədik”
Münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov deyir ki, onlara layiqli iştirakçıları seçmək heç də asan olmayıb: "İştirakçıların hamısını səbirlə, diqqətlə dinlədik. Elələri var idi ki, çox həyəcanlı idilər, ilk dəfə peşəkarların qarşısında ifa edirdilər. Bəziləri isə çox rahat şəkildə səsini idarə edirdi, ancaq bizim istədiyimiz nəticəni verə bilmirdilər. Əmin olmaq üçün o gənclərin səslərini dəfələrlə dinlədik. Həyəcanlı olanlar, soyuqlayan iştirakçıları da nəzərə aldıq. Ən maraqlısı burasındadır ki, bizim müsabiqəyə xarici iştirakçılar da müraciət etmişdi. Belə ki, İran İslam Respublikasından iki nəfər iştirakçı finala vəsiqə qazandı. Onların da maraqlı səs tembrləri var. Müsabiqə başlayanda, siz də maraqlı və yeni gözəl səslərin şahidi olacaqsınız. Muğam müsabiqəsinə həm xalqımız, həm də gənclər tərəfindən çox böyük maraq var. Hətta qeyd edim ki, 8 yaşında bir uşaq bizə müraciət etmişdi. Gözəl səs imkanları vardı. Biz onu dinləyəndə çox sevindik. Çünki bu bizim muğamımızın uğuru, qələbəsidir. Muğam sənəti çox çətindir. Kiçik yaşlı uşaqların bu müsabiqəyə qatılması, onların da uşaq yaşlarından muğam dinləyicisinə çevrilməsi bir xanəndə olaraq məni sevindirir”.
Xalq artisti finala vəsiqə qazanan 20 nəfər iştirakçının gözəl səs tembrləri olduğunu və onların tamaşaçılar tərəfindən seviləcəyinə ümid etdiyini bildirdi. Müsahibimiz Azərbaycanın bütün bölgələrindən məlahətli, qulağa xoş gələn gözəl səsli gəncləri topladıqlarına iddialı olduqlarını vurğuladı: "Seçim edərkən ilk növbədə səs imkanlarını nəzərə aldıq. Təbii ki, seçdiyimiz iştirakçıların xarici görkəmi ilə səsinin bir-birini tamamlaması, səhnəyə yaraşması kimi məsələləri də diqqətdə saxladıq. İlkin olaraq onlardan səs imkanlarını göstərə biləcək muğamları ifa etməsini tələb etdik. Bəzi iştirakçıların gözəl səsləri olsa da, yaxşı ifa edə bilmirdilər, həyəcanlanırdılar. Bu da bizə istədiyimiz nəticəni almaqda maneçilik törədirdi. Bizim işimiz çox məsuliyyətlidir. Seçim edərkən bu məsuliyyəti dərk edirdik”.

M.İbrahimovdan bu dəfə keçirilən muğam müsabiqəsindəki yenilikləri də xəbər alırıq: "Hər keçirilən müsabiqəyə yeni səslər qatılır. Bu il müsabiqənin münsiflər heyətində bir az dəyişiklik oldu. Belə ki, İlqar Fəhmi icraçı direktor təyin olundu. Sıramıza Mələkxanım Əyyubova da qatıldı”.
Xalq artisti sonda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama olan diqqət və qayğısından bəhs etdi. Bu müsabiqənin də onun nəzarəti altında keçirildiyini xatırlatdı.
"Biz çox çətin bir zamanda bu sənətə gəlmişik”
Xalq artisti Mələkxanım Əyyubova ilk dəfə müsabiqədə münsif kürsüsündə əyləşib. "Kaspi”yə açıqlamasında bildirdi ki, finala vəsiqə qazanan iştirakçıların hər biri buna layiq gənclərdir: "Seçim turları çox şəffaf keçdi. Onları seçmək üçün bölgələrə səfər etdik. Rayonlarda valideynlər özləri seçim turlarında iştirak etmək hüququna malik idi. Onlar öz uşaqlarının ifasını dinləyirdilər. Hətta uşaqları xaric oxuyanda özləri qeyd edirdilər ki, uşaqlarımız bu dəfə özlərini göstərə bilmədilər. 400 iştirakçının içərisindən ən layiqlilər, istedadlılar seçildilər. Xaric oxuyanlar, səsləri çatmayan və səsi yerində olmayan iştirakçılara isə öz üzərilərində işləmək üçün məsləhət verildi. Çalışdıq ki, onlara məsləhət verərkən qəlblərini qırmayaq, doğru yol göstərək. Seçim zamanı həyəcan keçirən, ilk dəfə böyüklərin qarşısında ifa etdiyi üçün özünü doğrulda bilməyən iştirakçıya dincəlməyi, həyəcanının keçməsi üçün əlavə şans verməyə çalışırdıq. Düşünürdük ki, həyəcandan səsi tutula bilər və biz o gənci itirə bilərik. Tam əmin olmağa çalışırdıq ki, bu iştirakçı müsabiqəyə layiqdir, yoxsa yox. Onları seçən sənətkarlar təbii ki, sözünü demiş ustadlardır. 6 ildir keçirilən bu müsabiqə tamaşaçılar tərəfindən sevilir. Hətta muğam müsabiqəsinin iştirakçılarının bəziləri fəxri adlara layiq görülüblər. Bu da müsabiqəyə göstərilən sevginin nəticəsidir”.
M.Əyyubova finala vəsiqə qazanan iştirakçılar haqqında indidən bir söz deməyin tez olduğunu söylədi: "Səs münbit torpaq kimidir. İndi o torpağa toxumu səpib gözləmək lazımdır. Əsas odur ki, bizə lazım olan o gözəl səsləri seçmişik. Bacardığımız qədəri ilə, səhnəyə yaraşan, xarici görünüşü gözəl olan iştirakçılara da üstünlük verməyə çalışmışıq. Bir də görürsən uşağın səsi var, ancaq onun səsi pərdəyə girmir, başdan-ayağa xaric oxuyur. Bu incəliklər var. Tərtər, Mingəçevir, Şəmkir, Yevlax, Laçın, Gəncə, İsmayıllı, Şamaxı, Qobustan, Sumqayıt, Naxçıvandan və bir çox bölgələrdən ən istedadlı uşaqları topladıq. Bu 400 nəfərin arasında seçim etmək çox çətin idi”.
Müsahibimiz gənc olarkən onlara bu şəraitin yaradılmadığını söyləyərək, gənclik illərini xatırladı: "Muğam bizim sərvətimizdir. Bu 6 ildə görün bu müsabiqədən nə qədər iştirakçılar çıxıb. Bizim sənətə gəldiyimiz dövrdə bizə bu şanslar yaradılmırdı. O zamanlar muğam sənətində boşluq yaranmışdı. Sənətkarlarımızın hamısı yaşlı nəsil idi. Həmin illər muğam ifaçılarımızın ən aşağı 55 yaşı olardı. Opera və Balet Teatrında gənc muğam ifaçıları tapılmırdı. Ancaq bu gün muğam sənətində yeni gənc nəsil özünü göstərir. Onların çoxu məhz bu muğam müsabiqəsinin iştirakçılarıdır. Onları görəndə rahat oluruq. Muğam sənətinin əmin əllərdə olduğunu görürük. Biz çox çətin bir zamanda bu sənətə gəlmişik. Tanınmaq və bu sənətdə söz demək üçün bütün yük öz üzərimizə düşürdü. Hər işlə özümüz məşğul olmağa məcbur idik. İndi isə gənc muğam ifaçılarına hər cür şərait yaradılır. Misal üçün, müsabiqə iştirakçılarının geyimləri hazırlanır, PR işləri qurulur. Ancaq bizim dövrümüzdə bu işləri biz özümüz görməli idik. Bu çətinlikləri görə-görə gəlmişik. Ancaq indi istedadın varsa, dövlət arxanda dayanır, hər şeylə təmin edir, sənə ancaq özün üzərində işləmək qalır”.
Qeyd edək ki, Muğam Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər