• şənbə, 27 Aprel, 07:42
  • Baku Bakı 12°C

Muğam ifaçılarımız Özbəkistandan 10 min dollarla qayıdırlar

13.09.18 09:30 1336
Muğam ifaçılarımız Özbəkistandan 10 min dollarla qayıdırlar
Musiqi sərhəd tanımır. Özü də bizim muğam ola və bir də istedadlı gənclərimiz. Muğamımız dünya musiqi xəzinəsinin ən saf incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayır.Yazıma muğamla giriş etməyimin də bir səbəbi var. Sentyabrın 6-dan 10-dək Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) "Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibləri məhz bizim istedadlı gənclərimiz olub. Sahib Paşazadənin rəhbərlik etdiyi "Muğam” ansamblının üzvləri - Əməkdar artist Nigar Şabanova və xanəndə Abgül Mirzəliyev müsabiqədə birinci yerə layiq görülüblər. Müsabiqədə 29 ölkədən ifaçılar çıxış edib. Müsabiqənin baş mükafatı (Qran-pri) Tacikistan Muğam Akademiyasına verilib. Birinci yerin digər sahibi isə Özbəkistanın "Sakil” ansamblı tutub. İkinci yeri İran və Hindistan musiqiçiləri, üçüncü yeri Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri bölüşüblər.

Dünyanın 73 ölkəsindən rəsmi qonaqlar, xanəndələr, sənətşünas alimlər, muğam sənətinin tədqiqatçılarının iştirak etdiyi tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak edib.

Ansamblın üzvləri hazırda Özbəkistanda olsalar da, sosial şəbəkə vasitəsi ilə əlaqə saxladıq və onların təəssüratlarını öyrəndik. "Muğam” ansamblının rəhbəri Sahib Paşazadə "Kaspi”yə açıqlamasında bildirdi ki, müsabiqə proqramında Nigar Şabanova "Heyratı” zərb muğamı və "Şahnaz” muğamını, Abgül Mirzəliyev isə "Simayi-şəms” və "Mahur” muğamlarını ifa edib. Xanəndələri "Muğam” ansamblının üzvləri - tarda Kamal Nuriyev, kamançada Əməkdar artist Toğrul Əsədullayev, qanunda Əməkdar artist Çinarə Heydərova və nağarada Emin Cəbrayılov müşayiət edib. Xanəndələrimizin və musiqiçilərimizin ifası alqışlarla qarşılanıb.

Sahib Paşazadə bildirdi ki, mükafat fondu 10 min ABŞ dolları olan I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullayev tərəfindən onlara təqdim olunub: "Təəssüratlarımız çox gözəldir. Həqiqətən də, burda Azərbaycan muğamına olan sevgini gördük. Çox güclü rəqiblərimiz var idi. Ümumilikdə 73 ölkədən nümayəndə iştirak edirdi. İfaçılarla bərabər, konfrans və forum iştirakçıları da var idi. Elə təkcə Özbəkistanın 4 komandası iştirak edirdi. Bundan başqa Misirdən, İordaniyadan, Pakistandan, Hindistandan, Tacikistandan, Türkmənistandan, Çindən, Koreyadan, Yaponiyadan olan nümayəndələr də iştirak edirdi. İştirakçılar Şərq ölkələrindən gəlmişdilər və onların hamısının da çox gözəl musiqiləri vardı. Onların arasında seçilmək və qalib olmaq heç də asan deyildi Çox çətin iş olsa da, biz bunun öhdəsindən gəldik. Açığı, mən ora getməmişdən əvvəl də öz gücümüzə, istedadımıza əmin idim. Ancaq adımız qaliblər sırasında çəkilənə qədər çox həyəcan keçirdik”.
"Muğam” ansamblının rəhbəri uzun müddətdir ki, gərgin məşqlər etdiklərini və foruma ciddi şəkildə hazırladıqlarını bildirdi: "Forumda ifa olunan repertuarı özüm seçmişdim. Bu dəfə foruma ifaçı kimi deyil, təşkilatçı kimi qatıldım. Qeyd edim ki, rəhbərlik etmək asan məsələ deyil. Bundan öncə keçirilən forumda 60 ölkənin içərisində Qran-pri mükafatını qazanmışdım. Artıq təcrübəm var idi. Bu il qərara aldım ki, buraya rəhbər kimi gəlim. Ansamblımızın iki xanım üzv var idi. Dörd ifaçı ilə birlikdə Özbəkistana gəldik. Çox gözəl nailiyyət əldə etdik. Burada hər kəs Azərbaycandan danışır. Zəhmətimiz, əməyimiz yerdə qalmadı. Tamaşaçılar bizi isti qarşıladılar. Bizim ifaçılarımız - Nigar, Abgül oxuyanda bütün zal onları alqışlayırdı. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Hətta münsiflər heyətində əyləşən ekspertlərin bir neçəsi Nigar ifa edərkən onu telefonla çəkirdilər. İfa zamanı belə jestləri ilə ona minnətdarlıqlarını bildirirdilər. İfaçılarımızın da müşayiəti münsiflərin xoşuna gəldi. Forum bitdikdən sonra hər kəs bizi təbrik etdi”.

S.Paşazadə Özbəkistanda başqa ölkələrdə keçiriləcək müxtəlif muğam festivallarına da dəvət olunduqlarını və münsiflərin onları tərif atəşinə tutduqlarını dedi: "Bir neçə tanınmış festivallara dəvət aldıq. Dünyanın müxtəlif ölkələrindən gələn həmkarlarımız da bizləri təbrik etdilər. Azərbaycan muğamı ən xoş sözlərə layiqdir. Nəticə belə də olmalı idi. Bizim muğam birinciliyə layiq olmalı idi, oldu da. Allahımıza şükürlər olsun ki, zəhmətimiz hədər getmədi və bunu bacardıq”.

Kanun ifaçısı, Əməkdar artist Çinarə Heydərova deyir ki, forumda Azərbaycan muğamına böyük sevgi nümayiş olundu: "Təəssüratlarımız çox gözəldir. Musiqiçilərimiz peşəkar şəkildə ifa etdilər və rəğbətlə qarşılandılar. Biz xoş təəssüratlarla buradan ayrılıq”.
Kamança ifaçısı, əməkdar artist Toğrul Əsədullayev bizimlə söhbətində Azərbaycan muğamının zənginliyindən danışdı. Bildirdi ki, muğamımız qalibiyyətə layiqdir: "Bu, tək bizim yox bütün Azərbaycanımızın, muğamımızın qələbəsidir. Keçirdiyimiz hisslərimiz çox gözəldir. Vətənə döndükdən sonra media nümayəndələri ilə görüşüb, təəssüratlarımızı bölüşəcəyik”.

Musiqiçilərimizlə söhbət əsnasında öyrəndik ki, forum çərçivəsində "Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans keçirilib və konfransda 20 ölkənin musiqişünas alimləri iştirak edib. Forum günlərində muğam sənətinə həsr olunan sərgilər təşkil edilib, milli musiqi alətlərinin və geyimlərin, sənətkarların əl işlərinin, təsviri sənət əsərlərinin, audio və videodisklərin, kitabların, albomların nümayişi və satışı keçirilib.
Qeyd edək ki, Özbəkistan Prezidentinin fərmanı ilə özbək milli incəsənətinin və muğamın gələcək inkişafı üzrə tədbirlərə əsasən təşkil edilən forumun, ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulub. UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq forumun təşkilatçısı Özbəkistan Mədəniyyət Nazirliyidir. Azərbaycan muğam sənəti, özbək-tacik şaşmakomu, uyğur muğamı təşkilat tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
Qalibiyyət əldə etdikdən sonra iştirakçılarımız Daşkənddəki "Turkistan” sarayında Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş dostluq konsertinə qatılıblar. Konsertdə Azərbaycanın tanınmış müğənniləri də iştirak edib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə təşkil olunan dostluq konsertində dövlət və hökumət nümayəndələri, səfirlər, ictimaiyyət nümayəndələri, diasporumuzun təmsilçiləri, jurnalistlər iştirak ediblər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər