AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Muğam əbədi doğuluş, kamilliyə canatmadır

Muğam əbədi doğuluş, kamilliyə canatmadır

Mədəniyyət
15 İyul 2015, 11:36 2144
Alim Qasımov: “Bu əsrarəngiz sənət yoluxdurur, mediativ vəziyyətə salır, dünyanı daha da zəngin edir”

Onun hər konserti gözlənilən, arzulanandır. Dünya şöhrətli xanəndəmiz, xalq artisti, UNESCO mükafatı laureatı, Nadir Səslər Beynəlxalq Assambleyasının üzvü Alim Qasımovun və onun qızı, əməkdar artist Fərqanə Qasımovanın konserti hər dəfə dinləyiciyə bir ayrı cür zövq yaşadır. Ötən ilin dekabrında Beynəlxalq Muğam Mərkəzində olduğu kimi.

- Ustad, səsiniz Allah vergisidir, bütün zalı ovsunlayır. Çox çətindirmi?

- Fiziki cəhətdən çətin deyil, mənən çox mürəkkəbdi. Muğamda sən yerdən üzülürsən, göyün qatlarında dolaşırsan, səni qəlbin uçuşu alıb aparır, ancaq əvvəl-axır qayıdırsan yerə, gündəlik həyatın qarışıqlığına, istədin-istəmədin – məişətə problemlərə. Bunlardan heç yerə qaçmaq olmur.

- Alim Qasımova muğam nə deyir, onu nəylə eyniləşdirə bilir ustad?

- Muğam – mənim zikrimdir, Gözəgörünməzə, taleyə, Yaradana şükranlığımdır, həyatımda muğam olduğuna, onu oxumaq, çatdırmaq imkanı verdiyinə görə minnətdarlığımdır. Həm də ona görə ki, bu qədim, möhtəşəm xalq sənətini mənə öyrədən, yanımda olan, öz biliklərini, təcrübələrini məndən əsirgəməyən gözəl muğam ustadlarım olub.

- Bizim publika qarşısında oxumaq çətindir, yoxsa xarici dinləyicilər üçün?

- Əlbəttə, özümüzünkülərçün oxumaq daha məsuliyyətlidir. Muğam bizim milli sərvətimizdir, əcdadımızın bizə qoyub getdiyi elə xəzinədir ki, onu gələcək nəsillər üçün qorumaq lazımdır. Ona görə də bizim muğam bilicilərimiz muğama çox həssas yanaşırlar, onunla bağlı hər cür mümkün yeniliyə, tərzində və oxumasında dəyişikliyə qarşı çox diqqətcildirlər. Onlar çox vaxt ürəklə yox, ağılla qulaq asırlar muğama. Ancaq konsertə gələndə ağlını bir kənara qoyub, qəlbinin qapılarını artistin hiss və emosiyalarına açmaq lazımdır. Gərək boşalasan, xanəndəyə etibar eləyəsən, sadəcə, onun səsindən, muğamın səslənməsinin gözəlliyindən zövq alasan. Mən bəzən konsertin yarısını səhnəyə çıxanda hiss elədiyim gərginliyi atmağa sərf eləyirəm. Gözümə ehtiyatlı, inamsız simalar dəyirdi adda-budda. Sən oxuyanda, zalın enerjisini tez soyunursan, öz tamaşaçını hiss eləyirsən, onun energetik ərazisini duyursan... Hər halda, mən çox vaxt tamaşaçıların qəlbindəki buzu, ehtiyatlılığı əridə bildiyimi hiss edirəm, bunu onlar özləri deyir – alqışlarıyla. Xaricdəki konsertlərdə başqa cürdür. Dinləyici əvvəldən bilir kimin konsertinə gedir və artistdən nə gözləyir. Orda camaat praqmatikdir, boş yerə nə vaxtını, nə pulunu xərcləməz, salonda təsadüfi adamlar çox nadir halda olar. 25 ildir muğam oxuyuram və onun dinləyiciyə necə mənəvi təsir etdiyini bilirəm. Azərbaycan muğamının elə genetik şifrəsi var ki, istənilən insanın ruhuna təsir edə bilir.

- Bu mənada ən çox xatırladığınız qastrolunuz...

- Məhz hansısa qastroldan danışa bilmərəm. Bunu müəyyən etmək çox mürəkkəbdir; qastrollar müxtəlifdir, amplitudası da fərqlidir – gah enir, gah qalxır. Biz bütün konsertlərimizi lentə alırıq. Hərdən o konsertlərimin diskinə baxıram. Bu yaxınlarda baxdım ki, Parisdə necə “Zabul” oxumuşam və başa düşdüm ki... hərdən heç də pis alınmır (gülümsəyir). Konsertdə sənin səsinin necə olacağı çox amillərdən asılıdır. Səs bütün alətlərdən ən kaprizlisidir. Onun qurulması ruhi sakitlik istəyir, işıqlı emosiyalar tələb eləyir. Amma qastrolların qrafiki heç də həmişə buna imkan vermir.
Biz Fərqanə ilə Vyanada “Salam, Şərq!” festivalında olduq. Orada boğazım soyuqlamışdı və hələm-hələm düzəlmirdi. Ola bilsin, publika bunu hiss eləmir, amma konsertin vaxtını dəyişmək də olmur. Tamaşaçı məni bağışlasın, həmişə hər şey xanəndədən asılı deyil. Hərgah, düşünürəm ki, Fərqanəylə “Rast” oxuyanda tamaşaçı bizi səhnədən buraxmırdısa, deməli, hər şey yaxşı oldu.

- Məni qabaqladınız; soruşmaq istəyirdim ki, Fərqanə xanım nə vaxtdan Sizinlə oxumağa başladı, xanəndəlikdə duet nə qədər qəbulolunandır?

- Fərqanə mənimlə oxumağa 16 yaşından başladı. Əslində, lap uşaqlıqdan oxuyur, ancaq səhnəyə muğam ifaçılığının incəliklərini mənimsəyəndən sonra buraxıldı. Bu gün Azərbaycanın əməkdar artistidir, çoxlu qatrollara gedir, solo da oxuyur. O ki qaldı bizim duet oxumağımıza, muğam duetini gözəl xanəndələrimiz Şövkət Ələkbərova və Xan Şuşinski oxuyublar, Sara Qədimova da duet oxuyub. Bu, çox yüksək ustalıq, tərəf-müqabilini hiss etməyi tələb edir, axı muğam həmişə improvizə deməkdir, bəzən uyuşmayan məqamlar, bir də görürsən üst-üstə düşdü. Səs, olur ki, pıçıltıdan ən yüksək titrəyişəcən gəlir, bəzən qısa, qırıq-qırıq ritmdən gərilmiş və zərif gəzişmələrəcən qalxır. Açılış - biz ona “xal” deyirik, ən yüksək improvizə anında gəlir. Fərqanə bunu çox gözəl bacarır, muğam duetinin mürəkkəbliyinin öhdəsindən məharətlə gəlir. Siz bizim ifamızı canlı eşitdiniz, necəydi, xoşunuza gəldi?

- Çox! Bu ifaya valeh olmamaq mümkün deyil!.. Sizi muğamın avanqardı hesab edirlər, hətta bu qədim sənətin əsas kanonlarını dağıtdığınızı deyənlər də var. Belə fikirlərə münasibətiniz maraqlıdır...

- Mən muğama yeni heç nə gətirmirəm, əksinə, kökə qayıdıram. Muğam klassik musiqi deyil, ancaq notu var. Ölməz Üzeyir bəy bizim xanəndələrimizə notdan istifadəni çox ciddi şəkildə qadağan eləyib. Muğam daimi improvizədir, mütəmadi yenilənən hüceyrələrdir, əbədi doğuluşdur, kamilliyə canatmadır. Bütün bunları elmi yalan və ehkamlara necə sığışdırmaq olar? Siz bizim ustadlara qulaq asın, onların texnikası tamam başqaydı, bu gün muğam dərsi verən müəllimlərin texnikasından fərqlidir. Kostyumlu, qalstuklu, stulda oturub necə muğam oxumaq olar? Muğamın öz qayda-qanunları var, bəli. Ancaq eyni zamanda, həm də sərbəst ifadır. Bəs hətta klassik musiqidə hər ifaçı istənilən böyük bəstəkarın əsərinə özü nə isə gətirmirmi? Biz Yo Yo Ma, yaxud Mstislav Rostropoviç kimi violonçel ifaçılarının adlarını necə tanıyırıq? Muğamda da hər bir xanəndə həyatının əsas muğamını özünəməxsus oxuyur, bununla da digərlərindən fərqlənir.

- Ustad, necə düşünürsüz, musiqiçiləriniz çox gənc deyillərmi?..

- Çox böyük həvəslə onları sizə də tanıdım: Zəki Vəliyev tarda çalır, Rauf İslamov kamançada müşayiət eləyir, Rəfael Əsgərov və Cavidan Nəbiyev də müvafiq olaraq, balabanda və nağarada ifa edirlər. Hələ gəncdirlər, öyrənərlər, vaxt gələr, onlar da ustad olarlar. Çox istedadlı uşaqlardı.

- Bəzən çox sevdiyimiz sənətkarları yaxşı tanıdığımızı zənn edirik. Bir də görürsən belə deyilmiş... Oxucularımız Alim Qasımovu daha yaxından tanımaq istəyirlər...

- 1957-ci il avqustun 14-də Şamaxı yaxınlığındakı Nabur kəndində sadə bir ailədə anadan olmuşam. Atam səsimin olduğunu tez hiss eləyib, özü mənə öz qoyunumuzun dərisindən qaval düzəldib. Çox işə baş vurmuşam, oxumaqdansa bezmirdim. Əsgərliyimi çəkib gələndən sonra Asəf Zeynallı adına musiqi məktəbinə daxil olmağı qərara aldım. Hə, orada müəllimim gözəl xanəndəmiz, xalq artisti Aağxan Abdullayev oldu. 2-ci kursda Cabbar Qaryağdı adına muğam müsabiqəsinin qalibi seçildim. Yəqin mənim muğama yolum burdan başlayır. Müsabiqəyə hazırlaşanda ustadları çox dinləyirdim, eyni bir nuğamın müxtəlif ifaçılarının hər səsini öyrənirdim. Muğam əsrarəngiz sənətdir, yoluxdurur, mediativ vəziyyətə salır, dünyanı daha da zəngin edir. İllah da muğamı Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov oxuyanda bu dünya daha da genişlənir. Eh, ötən günləri xatırlamağın özü də necə gözəldir.

- Bu gün Siz dünyanın unikal səs sahiblərindən birisiniz, dünya muğam bilicilərinin elitasında təsdiq olunmusunuz. Necə bilirsiniz, Sizə hər şey asandırmı?

- Xoşbəxtəm. Tələbəlik illərimdə çəkdiyim zəhmətim hədər getmədi. Həyatda çox şeyə nail ola bildim. Gözəl ailəm var. Həyat yoldaşım Tamilla Aslanova mənim həm menecerimdir, həm prodüserim. Üç övladımız var - Fərqanədən başqa qızım Dilbər və oğlum Qadir. Az qala, bütün dünyanı gəzmişəm, Yer kürəsinin demək olar, bütün qitələrində olmuşam. Ancaq bəzən sadəcə rahatlıq istəyirəm, yaradıcılıqda fikrimi cəmləməkçün, özümlə baş-başa qalmaqçün.

Tale mənə istedad verib, mən də onu boşuna xərcləməmişəm, bir az da artırıb insanlara qaytarmışam. Ancaq hərdən elə istəyirəm ki, qavalımı da alıb əlimə, baş götürüb uzaqlara gedim, çıxım dağlara, orada özümün ən yaxşı, hələ heç harda oxumadığım muğamımı doğma göylərə, doğma Şamaxımın dağlarına, meşələrinə oxuyum. İnşallah, yəqin nə vaxtsa bu arzum da yerinə yetər.

Südabə Ağabalayeva