• şənbə, 27 Aprel, 01:50
  • Baku Bakı 14°C

Ömrünü, həyatını xalqına həsr etmiş lider

09.05.14 09:12 1627
Ömrünü, həyatını xalqına həsr etmiş lider
Bütün mənalı ömrünü xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının şərəfli tarixində dərin və pozulmaz izlər buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük, möhtəşəm məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Yaxın tarixdən yaxşı bilirik ki, xalqları zülm və əsarətdə saxlayan keçmiş sovet imperiyası tarixin səhnəsində yetmiş ildən çox yaşaya bilmədi. 1991-ci ildə bu quruluş tarixin arxivinə gömüldü. Həmin ilin isti yay günlərində süquta uğradı. Yetmiş ildən sonra xalqımız yenidən müstəqilliyə, azadlığa qovuşdu. 1991-ci il oktyabrın 18-də Milli Məclisdə müstəqillik Aktı qəbul olundu. Xalqımıza bir əsrdə iki dəfə öz müstəqil dövlətini qurmaq nəsib oldu.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə ictimai-siyasi vəziyyət çox gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, əl tərpədib heç bir iş görülmürdü. Hər şey kağız üzərində qalmışdı. O zamankı iqtidarın ölkədə yaratdığı xaos və özbaşınalıq ordu quruculuğuna da mənfi təsir göstərirdi. Ordu quruculuğu istiqamətində irəliyə doğru heç bir uğurlu addım atılmırdı. O dövrdə hakimiyyətdə olanların dövlətçilik təcrübəsi, ölkəni idarə etmək qabiliyyəti yox idi. Ona görə də hər yerdə özbaşınalıq baş alıb gedirdi. Bundan istifadə edən məkrli düşmən – erməni işğalçıları addım-addım torpaqlarımızı ələ keçirirdilər. Erməni qəsbkarları torpaqlarımızın işğalını davam etdirdiyi bir vaxtda yaradılmış silahlı birləşmələr dövlətə, hakimiyyətə yox, ayrı-ayrı adamlara, fərdlərə tabe idi. Onların məkrli planlarına xidmət edirdi. Yeni qurulmağa başlayan orduda baş alıb gedən bu özbaşınalıq, vahid komandanlığın olmaması torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın ata-baba yurdundan didərgin düşməsi ilə nəticələndi.
Demək olar ki, hər gün cəbhədən, ölkənin ayrı-ayrı bölgələrindən üzücü xəbərlər alınırdı. Getdikcə vəziyyət gərginləşirdi, böhran dərinləşirdi. Heç bir quruculuq işləri aparmaq gücündə, səriştəsində olmayan iqtidar getdikcə xalqın gözündən düşürdü. 1993-cü ilin iyununda isə ölkədə vəziyyət çox gərgin xarakter aldı. Yenicə müstəqillik qazanmış Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdi. Zaman və vəziyyətin ağır durumu, həyatın özü tələb edirdi ki, xalqı bu fəlakətdən qurtarmağa qadir olan bir şəxsiyyət hakimiyyət gəlsin. Qeyd etdiyimiz kimi bu, həmin dövr idi ki, ölkədə hərc-mərclik, hakimiyyətsizlik hökm sürürdü. Məhz ölkəmiz, Vətənimiz üçün belə çətin və keşməkeşli bir zamanda milyonların dəvəti və təkidi ilə ümummilli liderimiz qısa müddət ərzində Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı.
Ulu öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarı ilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultmuşdu. Azərbaycan dövləti və dövlətçiliyimiz real təhlükələrdən xilas oldu. Çox keçmədi ki, ölkəmizin başının üstünü almış qara buludlar dağıldı. Hakimiyyətə gələndən sonra heyrətamiz iradə, qətiyyət, güc nümayiş etdirən ümummilli liderimiz ölkəni düşdüyü fəlakətdən qurtarmağa müvəffəq oldu. Ulu öndərimiz hakimiyyətə qayıdan kimi dövlətçiliyi möhkəmləndirmək üçün gərgin və səmərəli islahatlara başladı. Uğurla həyata keçirilən bu islahatlar sayəsində az vaxt ərzində ölkəmizin həyatının bütün sahələrində dönüş yarandı. İstər hüquqi dövlət quruculuğu istiqamətində, iqtisadiyyatın dirçəldilməsi yolunda, istərsə də cəmiyyətdə kütləvi xarakter almış cinayət hallarının qarşısının alınmasına və həmçinin ən başlıcası ordu quruculuğu istiqamətində çox inamlı addımlar atılmağa başlandı. Ümummilli lider Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdı.
Müasir Azərbaycan dövlətinin quruluş və inkişaf dövrü xalqımızın ümummilli lideri, görkəmli sərkərdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhvəsini verib, təkcə bu gün üçün deyil, qarşıdakı onilliklər, yüzilliklər üçün dövlətimizin inkişaf strategiyasını müəyyən edib. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdandan sonra başqa sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də uğurlu islahatlar həyata keçirdi. Hərbi təhsil sahəsində uğurlu addımlar atıldı. Göstərilən səylər hədər getmədi. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən danışarkən dövlətimizin etibarlı qoruyucusu, müdafiəçisi olan Silahlı Qüvvələrimizin qurucusu və yaradıcısı olması faktını dönə-dönə xatırlamağa ehtiyac var. Məhz bu dahi şəxsiyyətin Ali Baş Komandanlığı dövründə ordumuz hərb elminin prinsipləri əsasında yaradıldı, dövlət səviyyəsində hərtərəfli qayğı və yardımla əhatə olundu. Müasir dünya ölkələrinin təcrübəsi əsasında formalaşma yolu keçməyə başladı. Ulu öndər həmişə çıxışlarında fərəhlə deyirdi: «…İndi bizim hərtərəfli təlim görmüş, yüksək döyüş hazırlığına malik güclü ordumuz var». Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, sıralarında Azərbaycan oğullarının xidmət etdiyi ordu məhz ümummilli liderimiz Heydər Əliyev kimi bir sərkərdənin yetirməsidir.
Ulu öndər 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə çıxış edərək, ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına tarixi müraciət etdi. Azərbaycan xalqının torpaq qeyrəti çəkən oğul və qızlarını ordu sıralarına, yurdumuzun müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc ordu sıralarına axışdı. Onlar silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsinə yalnız Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlərindən, zabit və əsgərlərlə görüşündən sonra son qoyuldu. Onun cəbhə xəttinə gəlişi, çıxışları, dəyərli və qiymətli sözləri hərbçilərin qələbə əzmini daha da artırdı, döyüş ruhunu yüksəltdi. Yenicə formalaşman Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bir sıra bölgələrdə uğurlu əməliyyatlar həyata keçirərək düşməni geri sıxışdırdılar. Erməni qəsbkarlarının tapdağında olan neçə-neçə kənd-kəsək qəsbkarlardan azad olundu. Müharibədə dönüş yarandı. Yurd-yuvasından didərgin düşmüş neçə insan öz doğma ev-eşiyinə qayıtdı.
Ağır döyüşlərin getdiyi günlərdə orduda quruculuq işləri aparmaq xeyli çətinliklər törədirdi. 1994-cü il may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu da çox sürətləndi. Uğurla həyata keçirilən islahatlar nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı getdikcə yaxşılaşdı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı daha da artdı, döyüş ruhu, qələbə qazanmaq ovqatı yüksəldi. Bu gün tam inamla demək olar ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır. Məhz onun yaratdığı siyasi, iqtisadi, mədəni ölkəmiz XXI əsrə uğurla qədəm qoyub və bu gün də öz milli dövlətçiliyini, ordu quruculuğunu əzmlə inkişaf etdirir. İyirmi birinci əsrin ilk onilliyini uğurla başa vuraraq inamlı sabaha doğru addımlayır.
2003-cü ilə oktyabr ayının 15-də xalqın böyük dəstəyi ilə prezident seçilən möhtərəm Prezidentimiz İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla və ləyaqətlə davam etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində uğurlu islahatlar həyata keçirilir. Bölgələr durmadan inkişaf edir, rayonlarımız, şəhərlərimiz getdikcə gözəlləşir və abadlaşır, öz libasını dəyişir. Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə yanaşı inamla addımlayır. Bu gün üçrəngli bayrağımız dünyanın bir çox beynəlxalq təşkilatlarının qarşısında əzəmətlə dalğalanır.
Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi ordu quruculuğunda da uğurlu islahatlar həyata keçirilir, Silahlı Qüvvələrə ayrılan vəsait ildən-ilə artırılır. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən çoxdur.
Ulu öndər hakimiyyətdə olduğu dövrlərdə dəfələrlə irimiqyaslı təlimlərdə iştirak edərək ordumuzun hər bir zabitinin, əsgərinin döyüş vərdişlərinin artırılmasına xüsusi diqqət yetirirdi. Əbədiyaşar Komandan Heydər Əliyev deyirdi: «Bizim ordumuz, Silahlı Qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an, hər saat hazır və layiqli cavab verməyə qadir olmalıdır». Məhz onun atalıq qayğısından ruhlanan hərbi hissə komandirləri şəxsi heyətin döyüş ruhunu daha da yüksəltmək üçün səylə çalışırdılar. Dərs və məşğələlərin hər dəqiqəsindən səmərəli istifadə etməyə can atırdılar. Vətənin keşiyində ayıq-sayıq dayanan əsgərlər hazırladılar.
Məhz ulu öndər Heydər Əliyev dövlətimizin imicini beynəlxalq aləmdə yüksəldikdən sonra Silahlı Qüvvələrimizin də dünya ölkələrinin ordularına inteqrasiya etməsinə şərait yarandı. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri qısa vaxt ərzində möhkəmləndi və bu proses bu gün də sürətlə davam etməkdədir. Ümummilli liderimizin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin tərkibində formalaşan sülhməramlı taborun şəxsi heyəti Kosovoda, Əfqanıstanda və İraqda sülhün qorunmasında fəal iştirak edib. Bu gün isə Azərbaycan əsgəri yenə də Əfqanıstan torpağında sülhyaratma əməliyyatlarında xidmətini uğurla davam etdirir. Bütün bunlar isə ordumuzun beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsidir. Orduda xidmət edən zabit və əsgərlər xidmətləri ilə belə dəyərli nümunələrin sayını artırmağa çalışırlar.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başqa sahələrlə yanaşı ordu quruculuğu sahəsinə də böyük diqqət ayırır, hərbçilər daim diqqət və qayğı göstərir. Möhtərəm Prezidentimiz tez-tez cəbhə bölgələrinə səfərlər edir, zabit və əsgərlərlə görüşür, onlara lazımi məsləhət və tövsiyələr verir. Ölkəmizdə ordu quruculuğu işinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən prioritet elan olunması ilk növbədə milli maraqlarımızdan irəli gələn bir sıra vacib problemlərin həllini özündə ehtiva edir.
Ordumuzun döyüş hazırlığının daha da artırılması ilə bağlı Azərbaycan Prezideni, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və həmişə yüksək səviyyədə icra olunur. Günü-gündən gücünü, qüdrətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə hər an hazırdır. Ötən il Azadlıq meydanında keçirilən hərbi parad, həmçinin hərbi hissə və birləşmələrdə keçirilən irimiqyaslı təlimlər bir daha ordumuzun güc və qüdrətindən, həmçinin onun sıralarında xidmət edən zabit və əsgərlərin döyüş hazırlığının yüksək olmasından xəbər verir. Hər bir Azərbaycan vətəndaşı belə güclü və qüdrətli ordu ilə fəxr edib öyünə bilər. Gündən-günə gücünü və qüdrətini artıran ordumuz müstəqil dövlətimizin ən etibarlı təminatçısıdır.
Ümummilli liderimiz Heydər Əliyevin dövlət quruculuğu, ordu quruculuğu, iqtisadi islahatlar, milli şüurun dirçəlişi, ideologiyamızın inkişafı və formalaşması, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi bu gün elm ocaqlarında dərindən öyrənilir və təbliğ olunur. Ümummilli liderimiz Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti hər bir Azərbaycan vətəndaşı üçün örnək və nümunə məktəbidir. Hər birimiz onunla öyünür və fəxr edirik.
Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Qəhrəman Azərbaycan xalqı da öz ordusu ilə öyünür, fəxr edir. Əminlik hissi ilə qeyd etmək olar ki, zabit və əsgərlərimiz döyüş meydanlarında böyük hünər və rəşadət göstərərək, adlarını xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazacaqlar.
“Mən dəfələrlə demişəm... həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm”. Bu sözlər ulu öndər Heydər Əliyevə məxsusdur. Ümummilli lider bütün mənalı ömrünü Azərbaycana, onun dövlətçiliyinin qurulmasına, möhkəmlənməsinə və daha da inkişaf etdirilməsinə həsr etmişdir. Xalq isə öz xilaskar oğlunu heç vaxt unutmur. Bu gün hər kəsin ürəyində, qəlbində ulu öndər Heydər Əliyevə böyük sevgi və əbədi ehtiram var. Bu sevginin, bu ehtiramın işığı heç vaxt sönməyəcəkdir.
Tural Salmanov
banner

Oxşar Xəbərlər