• cümə, 26 Aprel, 21:31
  • Baku Bakı 22°C

Moskvada Həsən Həsənovun kitabının təqdimat mərasimi keçirilib

18.05.18 11:30 1019
Moskvada Həsən Həsənovun kitabının təqdimat mərasimi keçirilib
Moskvadakı Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabının təqdimat mərasimi keçirilib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan təqdimat mərasimində Rusiyada yaşayan azərbaycanlı ziyalılar, tələbələr, Heydər Əliyev Fondunun, səfirlik, diaspor və media nümayəndələri iştirak ediblər.
"Makedoniyalı İsgəndər və Atropat" adlı kitabda qədim Azərbaycan dövləti olan Atropatenanın əslində eramızdan əvvəl IV əsrdə deyil, VII əsrdə yaranmasından bəhs olunur. Belə ki, indiyə kimi tarix kitablarında Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyasının parçalanması nəticəsində e.ə 321-ci ildə yarandığı yazılıb. Tarixçi Həsən Həsənov kitabında bu tarixin yanlış olduğunu faktlarla, tarixi mənbələrə istinad edərək sübut edib. Müəllif, tarixi mənbələrə istinad edərək sübut edib ki, Atropatena dövləti Assuriya imperiyasının parçalanması nəticəsində e.ə 612-ci ildə yaranıb. Tarix kitablarında qeyd olunan e.ə IV əsrdə yaranma məsələsi isə Atropatena dövlətinin yaranması deyil, bərpa olunmasıdır.
Təqdimat mərasimində çıxış edən Həsən Həsənov kitabın Moskvada çap olunmasına görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna və təqdimat mərasiminin keçirilməsinə görə isə M. İ. Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib. O, kitabın əsas mahiyyətinin Azərbaycan adında dövlətin ilk dəfə e.ə VII əsrdə yaradılmasının tarixi faktlarla sübut olunmasından ibarət olduğunu söyləyib: "Bu kitabda sübut olunur ki, Azərbaycan adında dövlət yaranan zaman nə Fars dövləti, nə də Ermənistan adında bir dövlət olub. Mənim istinad etdiyim iki mötəbər mənbə bunu sübut edir. BunlarSuriyaxronikası olan "Karxi de Bet Selox" və IV əsr Roma tarixçisi Ammian Martsellinidir. Birinci mənbədə yazılır ki, Arbat Adorbayqan adında dövlət yaradıb. İkinci mənbədə isə qeyd olunur ki, Atropatena adında dövlət məhz Assuriya imperiyasının süquta uğraması nəticəsində yaranıb. Sovet İttifaqı dövründə Ammian Martsellin tərcümə olunanda, onun dedikləri bu sözlər isə tərcümə olunmayıb. Sovet dövründə tarixçilərə bu iki mənbəyə istinad etmək qadağan olunub. Hamı Strabonun dediklərinə istinad edib. Strabonun dediyi isə Atropatenanın yaranması deyil, yenidən bərpa olunması idi".
H. Həsənov Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun təmsilçilərinin kitab təqdimatına gəlmədiyini də qeyd edib. Onun sözlərinə görə, səfirlik tərəfindən instituta zəng edilib, onlar təqdimata dəvət olunublar: "Lakin gördüyünüz kimi gəlmədilər. Onlar mənim mövqeyimin dünya elminə zidd olduğunu söyləyiblər. Mən çox istəyirdim ki, onlar bu gün təqdimatda iştirak etsinlər. Lakin onlar mənim göstərdiyim faktlar qarşısında heç bir əks arqument gətirə bilməyəcəklərini yaxşı anladıqlarından təqdimata gəlmədilər. Mən hər zaman onlarla üz-üzə gəlməyə, kitabda göstərdiyim faktların arxasında dayanmağa hazıram".
Təqdimat mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova, Moskva Dövlət Universitetinin postsovet ölkələrini öyrənən İnformasiya-analitik mərkəzinin direktor müavini, tarix elmləri namizədi İsmayıl Ağakişiyev və digər ziyalılar kitabın mövzusunun bu gün də aktuallığını qoruduğunu söyləyiblər. Natiqlər Həsən Həsənovun əməyini yüksək qiymətləndirərək onun bu kitabının təkcə Azərbaycan tarixi elminə deyil, dünya tarixi elminə böyük töhfə verdiyini vurğulayıblar.
Xarici Ədəbiyyat Kitabxanasının əməkdaşı Olqa Tolstyakovayanın təqdimat mərasimində çıxışı isə böyük marağa səbəb olub. O, Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" adlı kitabın təqdimat mərasimində iştirakdan çox şad olduğunu söyləyib: "Qonşumuz olan Azərbaycanın belə qədim bir dövlət olduğundan xəbərim yox idi. Bu gün müəllif sayəsində bir vaxtlar eyni dövlətin vətəndaşları olduğumuz azərbaycanlı bacı-qardaşlarımın qədim dövlətçilik tarixinə malik olduğunu öyrəndim. Azərbaycan adında dövlətin eramızdan əvvəl VII əsrdə yarandığını öyrəndim. Kitabda qeyd olunan tarixi mənbələr isə ən maraqlısıdır. Bu anı bizə yaşatdığına görə kitabın müəllifi Həsən Həsənova öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" kitabı Moskvanın "Veçe" nəşriyyatı tərəfindən 2017-ci ildə nəşr olunub. Kitabın elmi redaktoru professor Kşiştof Navotkadır. Mayın 18-də Moskvanın "Biblio Qlobus" kitab mağazasında Həsən Həsənovun "Makedoniyalı İsgəndər və Atropat" kitabının daha bir təqdimatı keçiriləcək.
banner

Oxşar Xəbərlər