• cümə, 26 Aprel, 17:15
  • Baku Bakı 23°C

Moldovanın hakim partiyasından prezidentə hədə

08.06.17 10:00 1489
Moldovanın hakim partiyasından prezidentə hədə
Moldovada hakimiyyətdaxili gərginlik səngimək bilmir. Rusiyapərəst prezident İqor Dodon Rusiya diplomatlarının ölkədən qovulması səbəbi ilə Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb. Burada o, XİN, Təhlükəsizlik və İnformasiya Xidmətinin rəhbərlərindən baş verən insidentlə bağlı araşdırma tələb edib. Onlar isə Dodona açıq şəkildə bildiriblər ki, diplomatlar casusluq fəaliyyəti ilə məşğul olublar.
Bundan sonra Moldovanın hakim partiyası - Demokratiya Partiyası isə prezidentə xəbərdarlıq edib ki, o, ölkəni Rusiya istiqamətinə çevirməkdə davam edərsə, vaxtından əvvəl eks-prezidentə çevrilə bilər. Təhlükəsizlik Şurasının iclası paytaxt Kişinyovda etirazlar fonunda keçirilib. Paytaxtda ağır ekoloji durum yaranıb. Korrupsiya ittihamı üzrə həbs edilən vitse-merin tərəfdarları şəhərin zibildən təmizlənməsinə yol vermirlər.
Beləliklə, postsovet məkanının ən gərgin bölgələrindən birinə çevrilən Moldova çətin günlərini yaşayır. Korrupsiya ittihamı üzrə həbslər, prezident-baş nazir-hökumət qarşıdurmasının güclənməsi və ağırlaşan sosial-iqtisadi durum bu ölkəni uçuruma sürükləyir. Dünya boyu səngiməyən geosiyasi qarşıdurma bu ölkəni ağuşuna alıb. Bu ölkə uğrunda dominant mövqe naminə də mübarizə günbəgün qızışır. Gərginliyin bir tərəfində Rusiya, digər tərəfində ABŞ, Avropa və Rumıniya dayanır. Hazırda ekspertlər adıçəkilən ölkələrin Moldova uğrunda mübarizəsində kimin qalib gələcəyi uğrunda baş sındırırlar. Karnegi Moskva Mərkəzinin hazırladığı analitik hesabata görə, ölkə tək xarici deyil, daxili siyasi gərginlik içində də çabalayır. "Korrupsiya ittihamı üzrə həbslər ən yüksək həddə çatıb. Bu da ölkənin sosial-siyasi və iqtisadi məkanına mənfi təsir göstərib. Bütün bunlar fonunda ölkənin Rumıniya ilə birləşdirilməsinə çağırışlar edilir. Həm Rumıniya, həm də Rusiya Moldovanı öz tərəfinə çəkməyə çalışır. Bu fonda Rumıniya hökumət və baş nazirə, Rusiya isə prezidentə ümid bəsləyir”, - deyə hesabatda vurğulanır. Qeyd edilir ki, prezident İqor Dodonun mayın 9-da keçirilən parada dəvəti və orada iştirakı Rusiyanın və onun prezidentinin ona olan diqqətinin kuliminasiya nöqtəsi oldu. Bu görüşün dərhal nəticəsi oldu. Birincisi, Rusiyanın miqrasiya qanunlarını pozan Moldova vətəndaşları mayın 12-nə qədər amnistiya olunmaq şansı əldə etdilər. Prezident də bəyan edib ki, artıq 10 mindən artıq insan bundan istifadə edib. Qərar şəxsən prezident Vladimir Putin tərəfindən qəbul edilib. İkincisi, ticarət-iqtisadi sahədə ciddi irəliləyiş müşahidə edilir. 2013-cü ildə Rusiya ərazisində qadağan edilən Moldova şərabını yenidən bu ölkənin satış məntəqələrində görmək mümkündür. İndiyə qədər yalnız tanınmamış Dnestryanı bölgə və Qaqauzun belə bir hüququ var idi. Ücüncüsü, Rusiyanın razılığı ilə Dodonu Avrasiya İqtisadi İttifaqının Ali Şurasının apreldə keçirilən iclasına dəvət etdilər. Həmin iclasda Moldovaya Aİİ-də müşahidəçi statusu veriləcəyi vəd edildi. Bundan əlavə, Rusiyanın Moldovaya vəd edilən informasiya dəstəyini də yaddan çıxarmaq gərək deyil. Demək olar ki, hər həftə Moldova prezidentinin Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinə müsahibə verməsinə şərait yaradılır. Rusiyanın güddüyü məqsəd tam aydındır. Nəyin bahasına olursa-olsun, bu ölkənin əhalisinin gözündə rəğbət qazanmaq və əvəzində Qərbin nüfuzunu azaltmaq.
Ekspertlər hesab edir ki, Moskva yaxın gələcəkdə Moldovanı Avrasiya İqtisadi İttifaqına üzv qəbul etdirə də bilər. Bunun üçün onu Avropa İttifaqının assosiativ üzvlük proqramından imtinaya məcbur etmək gərəkdir. Rusiya Moldovanı öz tərəfinə cəlb etmək üçün Dnestryanı münaqişəni də həll edə bilər.
Prezident İqor Dodon hətta Dnestryanı bölgənin reinteqrasiyası məqsədilə irimiqyaslı proqram işləyib hazırladıqlarını da bəyan edib. İslahat tanınmamış respublikanın nümayəndələrinin parlamentdə təmsil olunmalarına imkan verə bilər. Prezident hesab edir ki, Dnestryanı bölgənin reinteqrasiyası Moldovanın seçki sistemində islahatların aparılmasından keçir. Bu təklifə görə 51 deputat siyahı üzrə seçiləcək, 50 deputat isə birmandatlı dairələr üzrə seçilməlidir. 25 birmandatlı dairələrdə başqa ölkələrdə çalışan əmək miqrantları və Dnestryanı bölgənin sakinləri deputat seçəcəklər. O, əlavə edib ki, tanınmamış respublikada 350 minə yaxın Moldova vətəndaşı yaşayır: "Mən əminəm ki, biz müəyyən mərhələdə onları ölkəyə inteqrasiya edə bilərik. Bu proses 2019-2020-ci illərdə baş verə bilər. Lakin bunun üçün 2018-ci ildə onlara ölkənin siyasi həyatında iştirak etməyə imkan vermək gərəkdir”.
O ki qaldı Dnestryanı bölgəyə - orada hələ ki mütəmadi olaraq vurğulanır ki, Kişinyovla hər hansı birləşmə barədə fikirləşmirlər. Separatçılar bildirirlər ki, 2006-cı ildəreferendum keçiriblər və əhalinin böyük bir qismi müstəqilliyə və sonrakı illərdə Rusiyaya birləşməyə səs verib. Lakin məsələ ondadır ki, Dnestryanı bölgədə iqtisadi vəziyyət ağır olaraq qalır. Bəlli olduğu kimi, separatçı qurum bir tərəfdən Moldova, digər tərəfdən isə Ukrayna ilə sərhəddir. 2014-cü ildə Kiyevdə baş verən hakimiyyət dəyişikliyindən sonra Tiraspola qarşı münasibət tam dəyişib. Bu da Dnestryanı bölgəni tam şəkildə blokada vəziyyətinə salıb. Yaxın günlərdə isə Ukrayna ilə sərhəddə Moldova-Ukrayna sərhədçiləri və gömrükçülərinin birgə fəaliyyətinə start verilməsi xəbəri separatçılar üçün şok effekti yaradıb. Onlar ehtiyat edirlər ki, bunun ardınca ərzaq kollapsı, fərdi sahibkarlığın məhvi və total mühasirə vəziyyəti yarana bilər. Faktiki olaraq separatçı bölgə hər tərəfdən moldav güc strukturları ilə mühasirəyə alınmış vəziyyətə salına bilər.
Azər
banner

Oxşar Xəbərlər