• cümə, 26 Aprel, 12:33
  • Baku Bakı 23°C

Moldovada Ukrayna ssenarisi təkrarlana bilər

25.09.18 17:54 463
Moldovada Ukrayna ssenarisi təkrarlana bilər
Moldovada prezidentin parlament və hökumətlə qarşıdurması yenidən pik həddə çatıb. Moldova Konstitusiya Məhkəməsi növbəti dəfə prezident İqor Dodonun səlahiyyətlərini əlindən alıb. Məhkəmə bu barədə qərarı Moldova Demokratik Partiyasının deputatlarının müraciəti əsasında qəbul edib. Buna səbəb, prezidentin yeni nazirləri təyin etməkdən imtina etməsidir. Qeyd edək ki, məhkəmənin bu qərarından sonra prezidentlik səlahiyyəti Moldova parlamentinin spikerinə keçir. Bunun sayəsində spiker prezidentin yerinə səhiyyə və kənd təsərrüfatı nazirlərini təyin edəcək. Artıq Konstitusiya Məhkəməsi bununla dördüncü dəfədir ki, Dodonu parlament deputatları ili fikir ayılıqları yaranması səbəbindən vəzifəsindən uzaqlaşdırır. Parlamentdə avropayönümlü deputatlar əksəriyyət təşkil etdiyindən, Dodon hər zaman belə problemlərlə üzləşir. Qarşı tərəf prezidenti sırf rusiyapərəst siyasət yürütməkdə, onun maraqlarını ifadə etməkdə günahlandırır.
"Lenta.ru”ya müsahibəsində prezident bu və digər məsələlərə aydınlıq gətirib. O bildirib ki, belə hallar onu yolundan döndərə bilməz. Moldovanın gələcəyi üçün əlindən gələni edəcəyini deyən prezident vurğulayıb ki, bu kimi hallar ölkədə gərginliyi artırır, cəmiyyəti ikiyə bölür. Onun sözlərinə görə, Moldovada Ukrayna ssenarisi təkrarlana bilər. Prezident bunu ölkə əhalisinin üçdə birinin rusdilli olması ilə izah edib: "Bizdə bir milyon insan rus dilində danışır. Bu səbəbdən də ölkənin tam şəkildə Avropaya inteqrasiya etməli olduğundan danışmaq düzgün deyil. Bu, bizə problem yaradacaq. Əlavə olaraq, problemlər sırasına Qaqauz və Dnestryanı problemi də daxil etmək olar. Bizdə regionlar var ki, əhalisinin 90 faizi Avrasiya İqtisadi İttifaqının bir hissəsi və Rusiya ilə dost olmağın tərəfdarıdır. Bu səbəbdən də, Moldovanın yaranmış vəziyyətdən çıxış yolu balanslaşdırılmış xarici siyasət olmalıdır. Əgər böyük geosiyasi oyunçular başa düşsələr ki, bizi seçim qarşısında qoymaq lazım deyil, o zaman Moldova yaşayacaq. Əgər əksinə, başa düşməsələr, avropalılar və amerikalılar öz tərəflərinə çəksələr, o zaman bizdə vəziyyət gərginləşəcək”,- deyə vəzifəsindən müvəqqəti uzaqlaşdırılan prezident bildirib. İ.Dodon hesab edir ki, Rusiya ilə münasibətlərin kəsilməsi ağrılı ola bilər. Onun sözlərinə görə, Rusiya ilə strateji tərəfdaşlıq olmadan Moldova yaşaya bilməz: "Tarixi ənənələr, ümumi birlik var. Moskva ilə yaxşı münasibətlərimiz olmadan Dnestryanı münaqişəni həll etmək olmaz. Ümumi bazar məsələsini nizamlamadan iqtisadiyyatı inkişaf etdirə bilmərik. Rusiyada yaşayan miqrantlarımızın qeydinə qalmasaq sosial problemləri həll edə bilmərik. Onların sayı isə 600 minə çatıb və hər il onlar evlərinə bir milyard dollar pul göndərirlər. Moldova üçün bir milyard dollar nə deməkdir? Məsələn, ötən il birbaşa xarici investisiyalar 40 milyon dollar təşkil edib. Bu səbəbdən də yalnız çoxvektotlu yanaşma bizim dövlətin qorunmasını təmin edə bilər. Başqa şansımız da yoxdur, əks təqdirdə bizi parçalayarlar. Mənim mövqeyim belədir ki, biz nə rusiyayönümlü, nə qərbpərəst olmalı deyilik, əsas xətt moldovayönümlü olmalıdır”. "Milli maraqlarımızdan çıxış edərək hamı ilə dostluq edəcəyik. Götürək qonşu Ukraynanı. Onlar vaxt var idi yalnız çoxvektorlu siyasət yürüdürdülər. Onun neytrallığı qanunvericiliklə əsaslandırılmışdı və bu, çox gözəl iqtisadi nəticələr verirdi. Lakin elə ki, ölkə birxətli siyasət yürütməyə başladı - onda hər şey məhv odu”, - deyə prezident bəyan edib.
"Moldovanı belə bir ssenari gözləyirmi” sualına cavabında Dodon paralellər aparmaq istəmədiyini deyib. "Biz Ukraynanın səhvlərindən nəticə çıxarmalı və onları təkrarlamamalıyıq”, - deyərək hazırkı hakimiyyəti çox vaxt antirusiya siyasəti aparmaqda ittiham edib. Misal kimi də, rusiyalı diplomatların, baş nazirin müavini Dmitri Roqozininin persona non qrata elan edilməsini göstərib. Əlavə edib ki, Rusiya kanallarını bağladılar, rus jurnalistlərin ölkə ərazisinə daxil olmasına qadağalar tətbiq etdilər. Rusiyalı investorlar da bunları görərək ölkəyə kapital qoymaqdan imtina edirlər: "Bu səbəbdən də biz belə səhvlər etməməliyik. Ümid edərəm ki, qarşıdan gələn seçkilərdən sonra bu qarşıdurmaya son qoyulacaq. Bundan, Moldova heç nə qazanmayacaq”.
Qarşıdan gələn parlament seçkilərində Rusiya əleyhdarlarının qələbə qazanacağına inanmadığını bildirən İqor Dodon əlavə edib ki, qərbyönümlü qüvvələrin Moldovada on illik hakimiyyəti göstərdi ki, bu vektor illüziyadır. Onun sözlərinə görə, 2009-cu ildə Avropa vektorunu 73 faiz dəstəkləyirdisə, indi isə bu rəqəm iki dəfə azdır: "Qeyd edim ki, bu eniş Moldovada "avropalıların” hakimiyyətdə olduğu dövrdə yaşanıb”. Prezident hesab edir ki, bütün bunlar Avropa İttifaqı ilə vizasız rejim əldə olunduqdan, Assosiativ üzvlük barədə sazişə imza atıldıqdan, milyardlıq dollar yardım alındıqdan sonra baş verib. Rusiya prezidenti Vladimir Putinlə münasibətlərə gəlincə, Moldova prezidenti bildirib ki, onunla yaxşı münasibətləri mövcuddur. "Rusiya prezidenti mənə bildirib ki, kimlə, hansı ölkə ilə dostluq etmək istəyirsinizsə edin. Bu, problem deyil. Əsas olan odur ki, bizə qarşı olanlarla dostluq etməyin. Biz istəyirik sizinlə dostluq edək, işləyək. Sizin almaları, çaxırı alaq, sizlərə qonaq gələk. Enerji resurslarını yaxşı qiymətə sataq. Yox, əgər bizə qarşı olanlarla birlikdəsinizsə, onda bu, başqa vəziyyətdir”. Əlavə edir ki, son vaxtlar Moldova hakimiyyət orqanlarının siyasəti yumşaq ifadə etsək, Rusiyaya qarşı dost olmayan siyasətdir. Hər ay Rusiya ilə bağlı hansısa bir mənfi qərar qəbul edilir. Moskva da bunlara kəskin reaksiya vermir. Bizim miqrantlara qarşı da problem yaratmır. "Prezidentliyinin sonuna kimi hansı Moldovanı görmək istərdiniz” sualına Dodon "Dnestryanı problemi həll olunan vahid ölkə. Güclü dövlət və gələcəyi olan bir ölkə” cavabını verib.

Azər
banner

Oxşar Xəbərlər