AZE | RUS | ENG |

Moldova demokratların 10 illik hakimiyyəti başa çatdı

Moldova demokratların 10 illik hakimiyyəti başa çatdı
Demokrat Partiyasının lideri, oliqarx Vladimir Plaxotnyuk hakimiyyəti təhvil verdi və ölkədən qaçdı

Nəhayət ki, Moldovada bir neçə ay davam edən siyasi gərginliyə, daha dəqiq ifadə etsək, ikihakimiyyətliliyə son qoyulub. Maraqlı olan odur ki, hakimiyyəti təhvil vermək istəməyən Demokrat Partiyasının lideri, oliqarx Vladimir Plaxotnyuk ABŞ səfiri Derek Hoqan ilə görüşdən sonra kompromisə gedib. Beləliklə də, Demokratik Partiya müxalifət olur. Ölkədə qərbyönümlü ACUM bloku və Rusiyaya yaxın sosialistlərin koalisiyasından ibarət koalisiya formalaşıb. ACUM liderlərindən olan Mayya Sandu baş nazir olur, bundan əlavə kabinetdə 10 nazirdən cəmi 2-si sosialist olacaq. Xarici işlər, daxili işlər, maliyyə, təhsil kimi strateji nazirliklər ACUM-un əlindədir. Parlament sədrliyi isə sosialistlərə verilib. Hökumət proqramında avrointeqrasiyanın davam etdiriləcəyi yazılıb.
Yeni alyansın hökuməti qəbul etməsindən sonra Brüssel hadisəyə təmkinli reaksiya verib. Avropa İttifaqı yeni hökuməti tanımasa da, bildirib ki, "demokratik şəkildə seçilmiş istənilən hökumətlə” işləməyə hazırdır.
Maraqlı hadisələr isə davam etməkdədir. Bəlli olub ki, Moldova Demokratik Partiyasının rəhbəri, ölkənin "boz kardinal”ı Vladimir Plaxotnyuk ailəsinə görə ölkədən qaçıb. Plaxotnyuk bunu jurnalistlərə açıqlamasında təsdiqləyib. "Mənə özümün və ailəmin təhlükəsizliyini təmin etmək lazımdır. Övladlarım, ailəm qorxub və özlərini təhlükəsizlikdə hiss etmirlər. Bununla belə, ailə vəziyyətim mənim üçün ciddi maneə olmayacaq. Bundan sonra müxalifətdə aktiv işləmək qərarı vermişik”, - o bildirib.
Qeyd edək ki, Moldovanın Demokratik Partiyasına bağlı olan siyasətçi və biznesmenlər ölkəni tərk etməyə başlayıblar.
Son bir neçə gün ərzində Kişinyovdan 3 şəxsi təyyarə havaya qalxıb və Moskva, Odessa və Londona eniş edib. Ölkəni tərk edənlərdən biri də məhz Vladimir Plaxotnyuk olub.
Yeni koalisiya Rusiya ilə əməkdaşlığa hazırdır. Baş nazir Mayya Sandu belə bir bəyanat səsləndirib. O, yeni hökumətin Rusiya ilə iqtisadi və ticarət əlaqələri qurmağa hazır olduğunu bildirib. Sandu hökumətin proqramını əsasını Aİ ilə assosiativ üzvlük haqqında müqavilənin təşkil etdiyini də bildirib. Öz növbəsində prezident İqor Dodon bəyan edib ki, ABŞ Moldovada siyasi böhranın həllində vacib rol oynayıb. "RTR Moldova”ya açıqlama verən Moldova prezidenti "ABŞ-ın situasiyanın həllində rolu çox böyükdür. Biz ABŞ-ın Moldovadakı səfiri Derek Hoqanla görüşdük. Mən açıq şəkildə dedim ki, Vaşinqtona getməyə hazıram. Heç bir kulisarxası oyun yoxdur, mən yeni hökumətlə işləməyə hazıram”, - deyə bildirib.
Artıq dünəndən Moldovada Sandunun yeni hökumətinin üzvləri fəaliyyətə başlayıblar. Onların qarşısında duran əsas vəzifə hakimiyyəti tərk edən Demokrat Partiyasının lideri Plaxotnyuku dəstəkləyənləri üzə çıxarmaqdır. Sosialist Partiyasının lideri Viktor Stepanyuk bildirib ki, belələri tək hökumətdə deyil, prokurorluq və məhkəmələrdə də çoxdur. Ən birinci hədəf isə bu yaxınlarda parlamenti buraxmaq barədə qərar qəbul edən Konstitusiya Məhkəməsinin hakimləridir. Onun sözlərinə görə, əsas vəzifə Demokrat Partiyasının devrilməsinə gətirib çıxaran Sosialistlər Partiyasının və ACUM-un yaratdığı koalisiyanı qoruyub saxlamaqdır. Bunun üçün sosialistlərin nümayəndəsi Zinaida Qreçanoyun idarə etdiyi parlament, Sandunun idarə etdiyi hökumət razılıq əldə etməlidirlər. Stepanyukun qənaətincə, onlar sübut etdilər ki, nəticə əldə edə bilərlər. Lakin faktiki olaraq sosialistlərin qeyri-formal lideri olan prezident İqor Dodon parlamentdə ən çox deputata malik olmasına baxmayaraq, ACUM blokuna hökumətdə yerlərin çoxunu güzəştə getməyə məcbur oldu. Hökumət üzvlərinin 80 faizi onlara qismət oldu. Sosialistlərin iki nümayəndəsi hökumətdə təmsil olunur - reinteqrasiya üzrə baş nazirin müavini Vasili Şova və müdafiə naziri Pavel Voyku. Sosialistlər həmçinin, xarici işlər naziri postuna da iddialı idilər. Lakin sonda sağlara güzəştə getdilər. Moldovalı siyasətçi Viktor Stepanyuk hesab edir ki, Dodon vəziyyəti nəzərə alıb Plaxotnyukun və onun lideri olduğu Demokrat Partiyasının hakimiyyətdən dinc yolla getməsi barədə düzgün qərar qəbul etdi. Məlumat üçün bildirək ki, dövlətdə heç bir post tutmayan Plaxotnyuk 10 il Moldovanı təkbaşına idarə edib. Hökuməti, hakimləri və prokurorluğa nəzarəti həyata keçirib. Bunun nəticəsi idi ki, Moldovanı oliqarxların idarə etdiyi ölkə adlandırırdılar. Özü də nəzərə alaq ki, Moldova Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı sənədi ratifikasiya edib. Bu da vəziyyəti daha da gərginləşdirirdi. Bu zaman Rusiyaya simpatiya bəsləyən sosialistlərlə avropayönümlü ACUM arasında blok yarandı. Aİ ABŞ və Rusiya da bu yeni bloka dəstək nümayiş etdiriblər. Maraqlı olan odur ki, Demokratik Partiya ABŞ-ın Moldovadakı səfiri Derek Hoqan ilə görüşdən sonra məğlubiyyətinə razılaşdı. Demokratların hakimiyyəti təhvil verməsində ABŞ-ın oynadığı rolu Dodon da təkzib etmir.
Media yazır ki, ölkədəki hakimiyyətin devrilməsi birbaşa ABŞ, Rusiya və Aİ-nin xidmətləridir. Artıq bu gün əksəriyyəti belə bir sual düşündürür – indi nə etməli? Demokrat Partiyası parlamentdə qalıb çox tezliklə revanş götürməklə hədələyir. Lakin demokratların yenidən hakimiyyətə dönəcəyi bir qədər çətin görünür. Bununla belə, onların koalisiyanın işləməsinə mane olacaqları, hətta parçalanma yaradacaqları da istisna edilmir. Bu zaman demokratlar "yad” siyasilərdən yararlana bilərlər. V.Stepanyuk hesab edir ki, onlardan biri "Bizim partiya”ya rəhbərlik edən Renato Usatıy ola bilər. Bir vaxtlar bu siyasi qurum ölkədə ən populyar idi. Hətta onu Belça şəhərinin meri də seçmişdilər. Lakin onu seçkidən uzaqlaşdırdılar. Sonra isə barəsində cinayət işi qaldırdılar. O da sonra ölkəni tərk etdi. Məsəl ondadır ki, onun lideri olduğu partiya sol yönümlüdür. Bu səbəbdən də onun siyasətə dönüşü sosialistlərin elektoratının parçalanmasına gətirib çıxara bilər. Demokratlara da bu sərf edir. Politoloq Dionis Çenuşe hesab edir ki, əgər heç nə baş verməsə, onda Usatıy gələn il keçiriləcək prezident seçkilərində Dodonun əsas rəqibi olacaq. Politoloq Boris Şapovalov da Usatının Moldovada görünməsini yaradılan koalisiya ilə əlaqələndirir. "Plaxotnyuk qaçıb, lakin bu o demək deyildir ki, Moldova "ələ keçirilən dövlət” olmaqdan yaxa qurtarır. Bütün strukturlarda hələ ki, Plaxotnyukun adamları çalışır. Onun sözlərinə görə, Plaxotnyuk koalisiyanı dağıtmaq üçün əlindən gələni edəcək. Əlavə edib ki, bir sıra siyasi analitiklər bildirirlər ki, Usatıyla birgə qarşıdan gələn seçkilərdən istifadə edib sosialistlər və ACUM bloku arasındakı zərif bloku dağıtmağa çalışacaqlar.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019