• cümə, 26 Aprel, 10:25
  • Baku Bakı 12°C

Mindikləri qatardan düşmək istəmirlər

25.10.13 09:12 1212
Mindikləri qatardan düşmək istəmirlər
Azərbaycan xalqı növbəti beşillik üçün özünün yeni prezidentini seçib. Bununla da daha bir seçki prosesi arxada qalıb. Lakin radikal müxalifət seçkidən əvvəl səsləndirdiyi ittihamları, heç bir həqiqətə əsaslanmayan yalanlarını sona çatdırmayıb. Seçki prosesində təbliğat xarakterli görüş-mitinqlər keçirən radikal müxalifət, yenidən tərəfdarlarını aksiyalara səsləyib.
Bunun üçün Milli Şura üzvləri əvvəlcə aidiyyəti qurumlara heç bir rəsmi müraciət etməmək, icazəsiz aksiya keçirmək qərarına gəliblər. Amma sonradan fikirlərini dəyişən radikallar Bakı şəhər İcra Hakimiyyətinə müraciət göndəriblər və bu bazar günü onlara icazəli aksiya üçün yer ayrılıb. İndi qalır liderlərin pafoslu bəyanatlarında qeyd edilən on minlərlə adamı həmin mitinqə cəlb etmək. Lakin Milli Şura təmsilçilərinin bu günə qədər təşkil etdikləri mitinqlərdə nəzər salsaq görərik ki, bu aksiyalara ümumilikdə istənilən qədər artıq adam toplaşmayıb. Belə olan halda maraqlı bir sual yaranır. Əgər mitinqlər müxalifətin sosial bazasını gücləndirmirsə, düşərgə liderlərinə hər hansı dvident gətirmirsə, bu, onların nəyinə lazımdır?
Mövzu ilə bağlı fikirlərini “Kaspi”yə bölüşən millət vəkili Sahib Alıyev mitinqi siyasi fəaliyyətin bir forması kimi qələmə verib. Deyib ki, siyasi təşkilatlar bu taktikaya çox az hallarda, ancaq seçki kampaniyası dövründə üstünlük verirlər. Onun fikrincə, istənilən siyasi partiya özünün davamlı fəaliyyət formasını tamamilə fərqli müstəvilər, müxtəlif proqramlar əsasında qurur. Millət vəkili bildirib ki, yalnız Azərbaycanda mitinq radikal müxalifətin mövcudluğunun yeganə forması kimi özünü göstərir: “Onlar bir qəzetlərdə müxtəlif bəyanatlar verməklə, bir də bu cür aksiyaların keçirməklə gündəmdə qalırlar. Normal, sivil müxalifət kimi fəaliyyət göstərməyi bacarmırlar. Əvvəla bunun üçün normal komanda lazımdır. İkincisi, həmin komandanın başında duran insanda yüksək intellekt və liderlik keyfiyyəti, müsbət imic olmalıdır. Bunlar olmadıqda təbii ki, belə yollara əl atılır. Əksər hallarda isə mitinq təşəbbüsü heç müxalifətin özündən gəlmir. Onlara beşinci kalonun təmsilçiləri kimi hansısa qüvvələr tərəfindən bununla bağlı tapşırıqlar verilir. Müxalifət liderləri də bu tapşırıqlara uyğun hərəkət edirlər. Qarşılığında da görünür, müəyyən vəsaitlər alırlar. Bunun arxasında ancaq bu, durur”.
Millət vəkili Fazil Mustafa indiki dönəmdə mitinqin uğurlu mübarizə taktikası olmadığını söyləyib. Qeyd edib ki, istənilən siyasi qüvvə üçün müasir zamanda günün reallıqlarından çıxış etmək, daxili auditoriyanın, beynəlxalq aləmin dəstəyini qazanmaq vacib şərtdir: “Hər kəsin bir taktikası var. Adam var sosial şəbəkədən, adam da var ki mitinqdən istifadə edib öz təbliğatını aparır. Amma bu hüququn effekt verib-vermədiyi ortadadır. Əgər reallığı görə-görə yenə də bu ssenari üzrə hərəkət edirlərsə, deməli yaradıcılıqları aşağı səviyyədədir. Çünki mədəniyyətdə olduğu kimi siyasətdə də fantaziya, yaradıcılıq önəmlidir. Hər situasiyaya görə iş qurmaq, seçicinin səsini, dəstəyini qazanmaq əsas şərtdir. Bunu əldə edə bilmirlərsə, demək ciddi problemləri var. Hər halda radikal müxalifətin bu günə qədər seçdiyi yol uğurlu deyil. Müasir zamanda günün reallıqlarından çıxış edərək həm daxili auditoriyanın, həm də beynəlxalq aləmin dəstəyini qazanmaq gərəkdir. Bu iki dəstəkdən məhrum olan siyasi qüvvənin sonu yoxdur”.
Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev radikal müxalifətin mitinq strategiyasının ümumi axardan çoxdan çıxdığını vurğulayıb. Bildirib ki, müxalifətin istiqamətləndiyi prioritet sosial baza, siyasi divident kimi məsələləri uzun illərdir arxa plana keçirib. Müxalifətin 27 oktyabr aksiyasına münasibət bildirən politoloq bunu ortalıqdakı suyu bulandırmağa, diqqət cəlb eləməyə, eyni zamanda “siyasi dilənçilik” etməyə hesablanmış addım kimi qiymətləndirib: “Birmənalı şəkildə bu, belədir. Və deyim ki, əslində heç bunları real mənzərəyə istinadən qınamaq da olmaz. Niyə? Çünki, son dərəcə rəzil bir durumdadırlar. Və ya, hər dəfə həmin mitinqlərə o qəzetdən, bu qəzetdən, qohum-əqrəbadan, qonşudan, tanışdan-bilişdən xahişlə-minnətlə adam toplamaqla hara qədər getmək olar ki? Təbii ki, bəlli bir dalana qədər. Ora da çoxdan çatıblar. Sadəcə, mindikləri qatardan düşmək istəmirlər. Son dayanacaqda dirəşə-dirəşə qalıblar. Konkret olaraq, haqqında danışdığımız siyasi müqəvvaların son mitinqinə gəlincə isə, onu deyə bilərəm ki, 1 həftə öncə də radikal müxalifət təmsilçilərinin ifasında növbəti aksiya ilə bağlı palaz-palaz açıqlamalar səslənmişdi. Amma aksiyaya 2 gün qalmış imtina qərarı verdilər. Eyni zamanda sanki uşaq başı aldadırmışlar kimi, bu cür əsaslandrdılar ki, guya göndərdikləri mitinq müraciəti Bakı Şəhər İcra Hakimiyyətinə gedən yolda it-bata düşübmüş. Həmişə rəsmi müraciət imzalayan, lazım gələndə hətta danışıqlar üçün Meriyaya yekə bir nümayəndə heyəti göndərən adamlar bu dəfə niyəsə “gizlənqaç” oynamağa qərar verdilər. Çünki təlimatçıları, stimulvericiləri belə istəmişdi. Oktyabrın 27-nə təyin etdikləri mitinqin də başqa bir məramı və özəlliyi yoxdur. Yəni hər zamankı kontekstdəndir. Ortalıqdakı suyu bulandırmaqdan, diqqət cəlb eləməkdən, eyni zamanda “siyasi dilənçilikdən”savayı bir anlam daşımır. Daşıya da bilməz! Çünki, radikal müxalifət çox gözəl anlayır ki, 2013-ün də qatarı gedib artıq. Ediləcək heç bir şey qalmayıb. Ən yaxşı halda uğursuz mitinqlərin estafetini davam etdirmək olar. O da bir yerə qədər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər