Milli uşaq ədəbiyyatının banisi - Fotolar
Azərbaycan milli uşaq ədəbiyyatının incilərindən
söz düşəndə onun adı xatırlanır: görkəmli yazıçı Abdulla Şaiqin. O, 1906-cı
ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli
uşaq ədəbiyyatımızın əsasını qoyub. Uşaqlar üçün yazdığı əsərlər indi də
maraqla qarşılanır.Bütövlükdə Şaiqin poeziyasında romantik vüsətlə real
həyat, xəyalla varlıq, keçmişlə gələcək, tarixlə müasirlik qovuşur. Onun
poeziyası qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və gözəllik doludur, uşaq
şeirləri elə o zamandan dərslik, proqram və oxu kitablarının bəzəyidir.
Abdulla Şaiq Talıbzadə 1881-ci ildə Tiflisdə ruhani
ailəsində dünyaya göz açıb. 1888-ci ildə altısinifli şəhər müsəlman məktəbində
ilk təhsilini alıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana
gəlir və dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam
etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır,
tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını
öyrənir.1900-cü ildə o, Tiflisə
qayıdır. Bir müddət Tiflisdə qaldıqdan sonra Bakıyagələrək bir rus ziyalısının böyük
kitabxanasını alır. Bir az sonra inqilabi hadisələr,Sabunçukimi fəhlə mahalında çalışması,
əməkçilərin ağır həyatını öyrənməsi kimi olaylar onun dünyagörüşünü
genişləndirir.
"Milli istiqlalın sevincini ilk duyanlar”
Ötən əsrin
əvvəllərindən Abdulla Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedaqoq
kimi tanınır. Xalqın, vətənin gələcəyi naminə bütün səyi ilə çalışır. A.Şaiq
1901-ci ildə üçüncü oğlan gimnaziyasında xüsusi imtahan komissiyasında imtahan
verərək Ana dili müəllimi adını alır. Həmin ildən rus-tatar məktəblərində
ehtiyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayır. Bundan sonra ömrünün 34
ilini Azərbaycan maarifinin inkişafına həsr edir. 1906-cı ilin avqustunda
Bakıda keçirilən I Müəllimlər Qurultayının təşkilində A.Şaiqin böyük xidmətləri
olub. O, qurultayda ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış
edir. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, S.Sani, A.Şaiq və
başqalarından ibarət xüsusi komissiya seçib və Azərbaycan dilində müvafiq
proqram hazırlamağı onlara tapşırır. I Müəllimlər Qurultayından heç bir il keçməmiş
neçə-neçə yeni dərsliklər yaranır. "Əlifba”, "Uşaq çeşməyi”, "İkinci il”,
"Gülzar” və s. kimi dərsliklərdə A.Şaiqin öz əsərləri və dünya ədəbiyyatından
örnəklər çap olunur.
"Laylay”dan başlayan yol
Abdulla Şaiq
yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay” adlı
uşaq şeri olur. O,1906-cı ildən
başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır.
Şaiqin bir sıra şeirləri "Dəbistan” və "Məktəb” uşaq-gənclər toplularında işıq
üzü görür. Bu illərdə o, "Nicat” cəmiyyətinin İdarə Heyətinə üzv seçilir,
ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur.
Nəsr yaradıcılığına 1905-ci ildə romantik "İki müztərib və ya əzab və
vicdan” yarımçıq romanı ilə başlayan ədib "Məktub yetişmədi”, "Köç”, "Daşqın”,
"İntiharmı, yaşamaqmı”, "Göbələk”, "İblisin huzurunda”, "Dursun”, "Əsrimizin
qəhrəmanları” kimi bir çox hekayə, povest və romanlar yazıb. "Köç” və "Məktub
yetişmədi” hekayələri və "Əsrimizin qəhrəmanları” romanı ilk milli nəsr
örnəkləri kimi dəyərləndirilir. "Həpimiz bir günəşin zərrəsiyiz” əsəri şairin o
dövrkü dünyagörüşünü, şər qüvvələrin xalqlar arasında nifaq salmasını, savaş
törətdiyini, bəşərin sabahını, insanların taleyini göstərən romantik
şeirlərindəndir.
Xalq ədəbiyyatının gözəl bilicisi olan, onu hələ
uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb
araşdıran Abdulla Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım”, "Tülkü həccə gedir”,
"Yaxşı arxa” kimi mənzum nağıllar da yazır. Onun "Ədhəm”, "Tapdıq dədə”, "Qoçpolad”
kimi poemalarında da milli folklorun təsiri görünür. Şaiq həm də1910-cu ildə yazdığı "Gözəl bahar”
pyesi ilə milli uşaq teatrının əsasını qoyur.
Abdulla Şaiq
müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov,
Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi qabaqcıl ziyalılarla həmfikir olur. O, Demokratik
Respublikanın yaranmasını böyük sevinclə qarşılayır. M.Ə.Rəsulzadə bu dövrdə "milli
istiqlalın sevincini ilk duyanlar” sırasında Abdulla Şaiqin də adını çəkir.
Ədib ADR
dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırır, bir neçə
məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradır.
Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi
çalışır.
Azərbaycan Gənc
Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa A.Şaiqin adı
ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib "Xasay”, "Eloğlu”, "Vətən”, "Fitnə”,
"Qaraca qız” kimi çeşidli pyeslər yazır. Ədibin "Fitnə” və "Nüşabə” əsərləri
Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.
A.Şaiq bu
illərdə də uşaqlar üçün maraqlı əsərlər yazır, başqa sənət dostlarını da bu işə
cəlb edir. Onun "May nəğməsi”, "Top oyunu”, "Bənövşə”, "Qərənfil”, "Bülbül”
kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır.
M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar
üçün əsər yazmağı onun yaradıcılığından öyrəniblər.
Rəsmi dövlət qəzeti olan "Azərbaycan”ın
səhifələrində məktəblər və milliləşdirmə məsələsi haqqında ilk çıxış edən, onu
təbliğ edən və həyata keçirənlərdən biri də A.Şaiq idi. O, 1919-cu ildə Bakı
Dövlət Universitetinin yaranması ilə bağlı "Tələbə həyatı” pyesini yazıb,
yarımçıq "Əsrimizin qəhrəmanları” romanını tamamlayıb. Bu əsərlərdə müəllif
vətən, millət, müstəqillik arzularını dilə gətirib, milli dövlətçiliyimiz üçün
yeni milli kadrlar hazırlanması məsələsini önə çəkib. Onun bu illərdə qələmə
aldığı "Yeni ay doğarkən”, "Türk ədəmi mərkəziyyət Müsavata ithaf”, "Arazdan
Turana” kimi şeirləri ədəbi mühitdə dəyərləndirilən poeziya nümunələridir.
"Şaiq Nümunə
məktəbi”
1920-ci il aprelin 28-də rus ordusu (XI Qırmızı ordu) Azərbaycana hücum
edir, kommunistlər hakimiyyəti ələ alır. Ölkədə hökm sürən gərgin vəziyyətə baxmayaraq,
A.Şaiq xalqın gələcəyi naminə öz ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. O,
pedaqoji kurslarda, texnikumlarda və b. məktəblərdə dərs deyir, mədəni-maarif
işlərinə yardım edir, bədii yaradıcılıqla məşğul olur.
1923-cü ildə A.Şaiqin ədəbi-pedaqoji fəaliyyətinin 20 illiyi təntənə
ilə qeyd edilir. Çalışdığı gimnaziya "Şaiq nümunə məktəbi” adlandırılır. Bu
məktəbdə bütün dərslər Azərbaycan -türk dilində aparılır. Təzə açılan
siniflərdə əsas müəllimlər A.Şaiq, Q.Rəşad, C.Cəbrayılbəyli, S.Quliyev və b.
ziyalılar olur. Lakin yeni yaranmış məktəb bir çox problemlərlə üzləşir. Nə
dərslik, nə də proqram tapılır, müəllim kadrları çatışmır. Seçilmiş heyət
A.Şaiqin rəhbərliyi ilə şagirdlər üçün proqram və dərslik hazırlamağa başlayır.
Məktəb gənclərdə milli şüurun formalaşmasında, milli mədəniyyətin, tarixin
öyrənilməsində böyük rol oynayır.
Qocaman pedaqoq və tədqiqatçı Lətif Hüseynzadə yazır: "Bir çox fənlərdən dərsləri Türkiyədən gəlmiş
müəllimlər deyirdi. Məktəbdə çatışmayan dərslikləri Türkiyədən gətirirdilər. Bütün
bu çətinliklərə baxmayaraq, Abdulla Şaiqin rəhbərliyi ilə gənc, həvəskar
müəllimlərin səyi və çalışqanlığı sayəsində milli siniflərdə dərs prosesi
tərəqqi tapırdı. Sovet hakimiyyətinin ilk illərində məktəb iki yerə ayrıldı:
aşağı şöbələr və siniflər-birinci dərəcəli doqquzuncu məktəb, üçüncü sinifdən
etibarən isə-ikinci dərəcəli on ikinci məktəb adlandırıldı. Məktəbin direktoru
Qafur Kantemir idi. Abdulla Şaiq ədəbiyyatdan dərs deyirdi. O dərin biliyə
malik, öz peşəsinin vurğunu olan hərtərəfli bir şəxs idi. Uşaqlara böyük qayğı
ilə yanaşır, onlarla davranışda çox nəzakətli olurdu. Şagirdlər ona ehtiramla
yanaşır, hörmət əlaməti olaraq "Mirzə” deyirdi”. 1923-cü ildə "Nümunə məktəbi”nin
ilk buraxılışı olur. Həmin buraxılış gecəsində tələbə və müəllimlərin arzusunu
nəzərə alan Maarif Komissarlığı və Baş Tərbiyə İctimaiyyə Dairəsi bir çox
dolanbaclı yollardan keçib fəaliyyətini müvəffəqiyyətlə davam etdirən məktəbi
"Şaiq Nümunə məktəbi" adlandırmağı qərara alır. 1918-ci ildə
yaradılmış məktəb 10 il fəaliyyət göstərir. Bu müddət ərzində məktəbdə
sivilizasiyaya doğru inkişaf perspektivləri, əsrin əvvəllərində Azərbaycanın
dirçəldilmə imkanları, milli şüurun sürətlə oyanma prosesi nəzərə alınaraq
müstəqil və real milli təhsil siyasəti həyata keçirilir.
Bu illər ərzində təlim-tərbiyə işləri ilə yanaşı bədii yaradıcılıqla
da məşğul olan A.Şaiqin "Vəzifə”, "Özü bilsin, mənə nə?”, "Anabacı”, "Əsəbi
adam” kimi silsilə hekayələri, "Araz” inqilabi-tarixi mövzulu romanı, elm,
maarif və mədəniyyət haqqında bir sıra məqalələri ədəbi mühitdə maraqla
qarşılanır. O, həm də "Tənqid-Təbliğ” teatrı üçün əsərlər yazır.
Abdulla Şaiq 1959-cu ildə iyulun 24-də Bakıda vəfat
edib və Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə
yazıçıya "Əməkdar incəsənət xadimi” adı verilib. Hazırda Azərbaycan Dövlət
Kukla Teatrı Abdulla Şaiqin adını daşıyır.1990-cı ildən Bakıda fəaliyyət
göstərən Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün
ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və
ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır.
Təranə
Məhərrəmova