• şənbə, 27 Aprel, 07:58
  • Baku Bakı 12°C

Milli Şuranın uğursuz aksiyası

12.11.14 10:05 1277
Milli Şuranın uğursuz aksiyası
Özlərini demokratik qüvvələr adlandıranların Milli Şurası ötən həftənin bazar günü Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış növbəti mitinqini keçirdi. Yasamal rayonu ərazisində, “İnşaatçılar” metrosunun yaxınlığındakı “Məhsul” stadionunda 15:00-dan 17:00-a kimi davam edəcək bu mitinqi izləmək üçün biz də təxminən yarım saat qabaq hadisə yerində olduq. Müşahidələrimiz əsasında onu deyə bilərik ki, mitinqdə iştirak etmək istəyən vətəndaşlar üçün hər hansı maneə yox idi. Saat 15:00-da öz işinə başlayan mitinqdə AXCP, İslam, Müsavat, Xalq partiyalarının, eləcə də bir sıra digər müxalifətyönlü qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri iştirak edirdilər.
AXCP Gənclər komitəsinin sədri İlham Hüseynin aparıcılıq etdiyi mitinqdə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Koordinasiya Mərkəzinin üzvləri Eldəniz Quliyev, Vidadi Mirkamal, Namizəd Səfərov, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı və başqaları çıxış edərək, öz fikirlərini çatdırdılar. Diqqət çəkən məqam o idi ki, aksiyada Milli Şura təmsilçilərinin əvvəlcədən qeyd etdikləri kimi minlərlə adam deyil, təxminən 700 nəfərə yaxın şəxs iştirak edirdi. Əgər stadionda peşə borcunu yerinə yetirən kütləvi informasiya vasitələri təmsilçilərini, ictimai asayişə nəzarət edən polisləri çıxsaq, aksiya iştirakçılarının sayı daha az idi. Bu fakt, müxalifətin, eləcə də onların bir araya gəldiyi Milli Şuranın sosial dayağının olmadığını, Azərbaycan xalqı tərəfindən dəstəklənmədiyini bir daha ortaya qoyurdu. Hər zaman xaricdə baş verən siyasi prosesləri təqlid etməyi özlərinə peşə seçən müxalifət təmsilçiləri bu dəfə də “ənənəyə” sadiq qalmışdılar. Milli Şuranın 12 oktyabr aksiyasında olduğu kimi, budəfəki mitinqdə də Azərbaycanla bərabər, Avropa İttifaqının bayrağını dalğalandırırdılar. Baxmayaraq ki, Milli Şura tamamilə AXCP sədrinin nəzarəti və diktəsi altındadır, aksiyada partiyanın bayraqlarına rast gəlinmirdi.
Bundan başqa, Dövlət Bayrağı Günündə “Azad et” şüarı ilə mitinq keçirən Milli Şura üzvləri barəsində dələduzluq, vergidən yayınma, dövlətə xəyanət maddələri ilə cinayət işi qaldırılan şəxsləri qəhrəman kimi qələmə verməyə çalışır, onların qeyd-şərtsiz azad edilməsini tələb edirdilər. Amma nədənsə, Azərbaycanın dövlət bayrağını erməni işğalı altındakı torpaqlarımızda dalğalandıran, elə bu zaman da girov düşən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlıqlarını tələb etmək Milli Şura üzvlərinin “yadına düşmədi”.
Mitinq zamanı stadionda apardığımız müşahidələr nəticəsində onu deyə bilərik ki, Milli Şuranın budəfəki aksiyasına da KXCP sədri, Milli Şuranın üzvü Mirmahmud Mirəlioğlu və müavinlərindən heç kəs qatılmamışdı. Milli Şuranın 12 oktyabr mitinqində Müsavat Partiyasının yeni sədri Arif Hacılı, sabiq başqan İsa Qəmbər, eləcə də başqanlığa keçmiş namizəd Tural Abbaslı, partiya üzvləri Gülağa Aslanlı, Əhəd Məmmədli, Xalq Partiyasının sədri Pənah Hüseyn və başqaları qatılmışdılarsa da, budəfəki mitinqdə Müsavatın indiki və sabiq başqanı gözə dəymirdi. Buna səbəb əvvəlki aksiyada nə mitinqin aparıcısının, nə də tribunada yer alanların müsavatçıların mitinqdə çıxış etməsinə imkan yaratmamaları idi. Ona görə də A.Hacılı və İ.Qəmbər küsərək budəfəki mitinqə qatılmamışdılar. Lakin 9 noyabr mitinqində Müsavatın qurultayından sonra partiyadan narazı salınan Qubad İbadoğlu, Vurğun Əyyub, Tural Abbaslı, Əhəd Məmmədli və başqaları iştirak edirdilər. Buna baxmayaraq, Əli Kərimli və onun komanda üzvləri Milli Şuraya dəstək vermək üçün mitinqə gələn müsavatçılara bu dəfə də nə minnətdarlıq etdilər, nə də onlara danışmaq üçün söz verdilər. Beləliklə də saat 16:40-dək davam edən mitinqin sonunda aksiyanın qətnaməsi oxundu və iştirakçılar saat 17:00-dək ərazini tərk etdilər.
Mitinqdən sonra Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) tərəfindən mətbuata açıqlama yayılaraq, Milli Şuranın saat 15.00-dan 17.00-dək davam edən toplantısında 700 nəfərin iştirak etdiyi bildirilib. Aksiya zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilmədiyi vurğulanıb.
Həmin gün Azərbaycan Mətbuat Şurası da aksiyada jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyəti barədə açıqlama yayıb. Bildirilib ki, aksiyada prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün xüsusi yerlərin ayrıldığı müəyyənləşdirilib. Bundan başqa onların sərbəst hərəkətlərinə və xidməti vəzifələrini səmərəli şəkildə icra etmələrinə də hər hansı maneə qeydə alınmayıb. Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq qrupunun mitinqdə iştirak edən üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının təmsilçilərinə jurnalistlərin fəaliyyətinə məhdudiyyətlərin yaradılmasına dair müraciət edilməyib. Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkcələrdə olduqlarını qeydə alıb.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər