• cümə, 26 Aprel, 10:12
  • Baku Bakı 12°C

Milli Şuranın London səfəri Albionun dumanına bürünüb

05.09.13 11:54 1578
Milli Şuranın London səfəri Albionun dumanına bürünüb
Son günlər müxalifətin, xüsusilə də Milli Şuranın «saman çöpü» əvəzinə bərk-bərk yapışdığı London səfəri ilə bağlı bir sıra müəmmalar dolaşmaqdadır. Belə ki, Modern.az saytının araşdırmalarından məlum olub ki, sən demə, Milli Şura heç Londona dəvət olunmayıb. Beynəlxalq Münasibətlər üzrə Böyük Britaniya Kral İnstitutu - “Çatam Hauz”un rəsmi saytında bu səfərlə bağlı heç bir məlumat yoxdur. Lakin bu institutda Azərbaycanda gözlənilən prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırılıb. “Azərbaycan seçkilərdən əvvəl və sonra” adlı bu müzakirələr 17 sentyabr 2013-cü il tarixində Londonda keçiriləcək. “Çatam Hauz”dakı bu müzakirəyə rəsmi olaraq Azərbaycandan məruzəçi kimi hüquqşünas Erkin Qədirli dəvət edilib.
E.Qədirli özü də AzVision.az-a açıqlamasında Milli Şuranın Londona dəvət olunmasından xəbərsiz olduğunu bildirib: «Mənim də bildiyim odur ki, yalnız mənə dəvətnamə göndəriblər və saytlarında yerləşdiriblər. Gedişimin Milli Şura ilə də heç bir əlaqəsi yoxdur».
Məlumatlara aydınlıq gətirməyə çalışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə “Yeni Müsavat”a israrla bildirib ki, məhz onlara da Beynəlxalq Münasibətlər üzrə Böyük Britaniya Kral İnstitutu tərəfindən dəvətnamə göndərilib: “Dəvətnaməni istənilən maraqlanan şəxsə göstərə də bilərəm. Həmin dəvətnamə olmadan viza üçün sənədləri səfirliyə təqdim etmək mümkün deyil. Biz həmin dəvətnamələr əsasında viza üçün sənədlərimizi Böyük Britaniya səfirliyinə təqdim etmişik. Yaxın günlərdə vizaların veriləcəyi gözlənilir”.
Sual oluna bilər ki, bəs nə üçün İnstitut rəsmi saytında dəvət olunanların siyahısında Milli Şuranın adını çəkmir?
Bu da onu göstərir ki, Milli Şurada toplaşanların yersiz hay-küyünə baxmayaraq qurumun London səfərində müəyyən müəmmalar vardır.
Müəmmalardan biri səfərin tarixi ilə bağlıdır. Kral İnstitutunun rəsmi saytında Azərbaycanla bağlı müzakirələrin tarixi olaraq 17 sentyabr 2013-cü il göstərilib.
Milli Şuradan isə nümayəndə heyətinin Londona 8 sentyabrda, əvvəlcə bir həftəlik, sonradan isə 2 günlüyə səfər edəcəyi bildirilib. Belə çıxır ki, İnstitutda Azərbaycanla bağlı müzakirələr Milli Şurasız keçiriləcək.
Digər diqqət çəkən məqam isə ondan ibarətdir ki, müzakirələrə Böyük Britaniya Kral İnstitutu özünü müxalifətin əsas qüvvəsi hesab edən Milli Şuranı deyil, REAL hərəkatını dəvət edir. Bu hərəkat adlandırılan qurumun isə siyasi proseslərdə xüsusi çəkiyə malik olmadığı aydındır. Bu isə ondan xəbər verir ki, “Çatam Hauz” üçün REAL ilə Milli Şura arasında heç bir fərq yoxdur. Hər ikisi müxalifətin sıradan bir təşkilatıdır. Bununla belə, niyə məhz Milli Şuraya yox, dəvətnamə REAL-a göndərilir?
Bunun günahını isə Milli Şura özündə axtarmalıdır. Belə ki, ilk gündən özünü rus layihəsi kimi təqdim edən qurumun Rusiyadan əlini üzdükdən sonra Qərbə reverans etməyə çalışması diqqətdən qaçmayıb. Yəni Milli Şuranın üzərində olan «rus ləkəsi» onun üçün bir növ baryerə çevrilib. Məhz bu səbəbdən Azərbaycanın daxili siyasi prosesləri ilə maraqlanan “Çatam Hauz” kimi təşkilatlar Milli Şuraya maraq göstərmirlər. Bu isə öz növbəsində Milli Şurada toplaşmış daim özlərini Qərbmeyilli qüvvələr kimi təqdim edən AXCP və Müsavat kimi partiyaları da pis vəziyyətdə qoyub.
Vaxtilə Rüstəm İbrahimbəyovun yağlı vədlərinə aldanan bu partiyalar və onların liderləri artıq çarəsiz durumda qalıblar. Onların «rus ləkəsi»ni üzərlərindən atması isə asan məsələ olmayacaq. Artıq onların Qərbə ümid bəsləmələri üçün heç bir şansları yoxdur. Rusiya ilə isə mövcud hakimiyyətin isti münasibətləri bu partiyaların Rusiya ümidlərini də kor edib. Radikal müxalifətin hazırda mövcudluğunu saxlamaq üçün iki istinad nöqtəsi qalıb: İran və erməni diasporu. Zaman-zaman bu kartlardan da yaralanmağa çalışan müxalifətin bu üzdən ictimai rəydə hansı aqibəti yaşadığı isə göz qabağındadır.
“Çatam Hauz”un Milli Şuraya öz saytında hər hansı dəvətnamə göndərməməsi isə R.İbrahimbəyovun bir müddət öncə verdiyi açıqlamalara da diqqəti cəlb edir. O bildirmişdi ki, bu səfəri Londona gedərək məhz özü düzüb-qoşub.
Lakin hələ ki, görünən odur ki, Milli Şuranın London səfəri dəvətçi tərəfindən təsdiqlənmir. Belə olan halda müxalifətin bu səfəri tarixi səfər kimi təqdim etməsi gülünc doğurur. Əgər səfər gerçəkləşməsə, müxalifətin hansı ümidsizliyə qapılacağı musavat.com saytında bir müddət əvvəl təqdim olunmuş sentimental ruhlu analitik yazıda yer alan fikirlərdə öz əksini tapır: «Rusiya prezidentinin Bakı səfəri ərəfəsi verilən “STOP” işarəsi neçə vaxtdır dəyişiklik arzulayan cəmiyyətdə kifayət qədər ruh düşkünlüyü yaradıb. İndi bir paytaxt (Moskva) oyundan çıxır, başqa bir paytaxt (London) dövriyyəyə girir və müxalifətə əl uzadır. Qorxmadan və çəkinmədən, həm də.
Bu təmaslar neçə vaxtdır “Rusiya kimliyi” (pasportu) səbəbindən seytnotda olan müxalifətə yarışdan geri qalmamaq üçün ciddi dəstək və ayaqlanmaq üçün nəfəsdir. Müxalifətin kifayət qədər dəyərli zaman itirdiyini nəzərə alsaq, bu dəstəyin nə qədər önəmli olduğu aydın görünür».
Göründüyü kimi müxalifət bu səfərə son ümid yeri kimi, suda boğulan insanın yapışdığı saman çöpü misali baxır.
İş o yerə çatıb ki, xarici işlər naziri E.Məmmədyarovun ənənəvi olaraq etdiyi növbəti London səfərini də Milli Şura özünün London uğursuzluğu ilə bağlamağa cəhd edir. Belə ki, onların iddialarına görə, Xarici işlər naziri E.Məmmədyarovun Londona 3-5 sentyabrda edəcəyi səfər Azərbaycan hakimiyyətinin Milli Şuranın nümayəndə heyətinin yüksək səviyyədə görüşlər keçirməsinə mane olmaq məqsədindən irəli gəlib.
Kifayət qədər absurd bir iddiadır. BMT təhlükəsizlik Şurasının üzvü olan bir ölkənin digər üzv ölkəyə səfər etməsi normaldır və bunu xırda məsələlərlə bağlamaq qeyri-ciddidir. Məlum olduğu kimi, ölkəmiz artıq bölgədə və dünyada baş verən proseslərdə iştirak edən aparıcı dövlətlərdən birinə çevrilib. Və bu mənada ölkəmizin xarici işlər nazirinin bu tip səfərlərinin daha ciddi məqsədlərinin olduğu şübhəsizdir.
Milli Şura kimi kiçik məsələlərlə bağlı isə, əgər ehtiyac olarsa, nazirin yox, Londona nazirliyin xırda bir attaşesinin göndərilməsi kifayət edər.
Sözügedən məlumatın yayılmasının digər səbəbi isə o ola bilər ki, əgər Milli Şuranın London səfəri baş tutmasa, müxaliflər bunu nazirin London ziyarəti ilə bağlasınlar.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər