Xaliq Bahadır: “Milli Şura qısır qurum olmaqdan qurtula bilmir”
2013-cü ilin prezident seçkiləri
öncəsi xarici qüvvələrin layihəsi əsasında yaradılan və kinorejissor Rüstəm
İbrahimbəyovun rəhbərliyi altında Azərbaycan cəmiyyətinə sırınan Milli Şura
özünü doğrulda bilmədi. Xalqımız nəinki bu təşkilata, eləcə də ikili
vətəndaşlığı olan, ermənipərəstliyi ilə tanınan və sözügedən qurumun sədri
təyin olunan R.İbrahimbəyova etimad göstərmədi. Beləliklə də, özlərini
"demokratik qüvvələr” adlandıranların Milli Şurası ölü doğulmuş uşağı
xatırlatdı.Lakin radikal müxalifət, xüsusən
də AXCP sədri Əli Kərimli və ətrafındakılar bu "ölünü” diriltmək üçün dönük
professor, sabiq deputat Cəmil Həsənlini əvvəlcə quruma sədr, ardınca isə
özlərinin prezidentliyə vahid namizədi elan etdilər. Amma bu çaba da bir fayda
vermədi. Milli Şura Azərbaycan cəmiyyətində, ölkənin ictimai-siyasi həyatında
oturuşa bilmədi, Ə.Kərimlinin iradəsinə tabe olan oyuncaq bir quruma çevrildi.
Ona görə də zaman-zaman burada narazılıqlar baş qaldırdı, parçalanmalar,
qopmalar, istefalar oldu.
Hal-hazırda sözügedən qurumda
narazılıq pik həddədir. Buna bir səbəb də özlərini "demokrat” adlandıranların
Milli Şuranı diktatorsayağı idarə etməsidir. Belə ki, Milli Şura sədri
C.Həsənli Ə.Kərimlinin icazəsi olmadan heç bir müstəqil qərar qəbul edə, hətta üzvlərin
hər hansı təşəbbüsünü dəstəkləyə, fikirlərini dinləyə bilmir. AXCP sədrinin
iradəsinə zidd davranışlar, onun fikrinə qarşı əks mövqe qoyanlar isə,
ümumiyyətlə qəbul edilmir, "persona non qrata” elan olunurlar. Bunun ardınca
həmin adamların "qara günləri” başlayır. Ə.Kərimlinin troll dəstəsi belə
adamları sosial şəbəkələrdə müzakirə mövzusuna çevirir, onlara satqın, xəyanətkar
damğası vurur, ünvanlarına təhqirlər səsləndirir, ömürlərinin böyük hissəsini
müxalifətçiliyə həsr etmiş şəxsləri mənəvi terrora məruz qoyur.
Belə "qayda-qanunlar”la idarə
olunan Milli Şurada son günlər yenidən gərginlik yaşanmaqdadır. Bunu həmin
qurumun üzvü olan şəxslərin sosial şəbəkədə paylaşdıqları statuslar, təşkilatla
bağlı söylədikləri fikirlər bir daha nümayiş etdirir. Misal üçün, Milli Şuranın
Əlaqələndirmə Mərkəzinin üzvü, baş prokurorun sabiq birinci müavini, keçmiş
millət vəkili, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli mayın 27-də
"Facebook” üzərindən C.Həsənliyə və kütləvi informasiya vasitələrinə müraciət
edib. M.Mütəllimli ilə yanaşı, sabiq müdafiə naziri Rəhim Qazıyev, Ramiz
Tağıyev və Sərdar Əlibəylinin də imza atdığı müraciətdə qeyd olunub ki, onların
görüş üçün 8 may 2018-ci il tarixdə C.Həsənliyə ünvanladıqları müraciət diqqətdən
kənarda qalıb. Ona görə də M.Mütəllimli və dostları C.Həsənli ilə görüşdə
bölüşmək istədikləri fikirləri sosial media və KİV vasitəsi ilə ictimailəşdirmək
məcburiyyətində qalıblar. Müraciətdə qeyd olunub ki, Milli Şura hazırda qapalı
bir quruma çevrilib və ünvanına deyilən haqlı tənqidlərə dözümsüz yanaşır.
C.Həsənlinin fəaliyyətsizliyini açıq-aşkar diqqətə çatdıran müraciət
müəllifləri daha sonra bildiriblər ki, Şura hələ də köhnə metodlarla işləməkdə
davam edir, yeni ideyalar, demokratiyanın müdafiəsi üçün daha təsirli vasitələr
axtarmır, digər təşkilatlarla, o cümlədən Müsavat Partiyası, KXCP və Real-la, həmçinin
sayılıb-seçilən ziyalılarla birgə işləmək üçün imkanlardan istifadə edilmir.
Müraciət müəlliflərinin qənaətincə, Milli Şurada bəzi şəxslər o qədər özünə
vurğundurlar ki, əks fikirləri yaxına buraxmaq istəmir, belə fikirləri süngü
ilə qarşılayırlar. Onlar buna misal kimi Ə.Kərimlinin adını çəkiblər və
bildiriblər ki, AXCP sədrində özünəvurğunluq daha çox müşahidə olunur.
M.Mütəllimlinin yazdığına görə, AXCP sədrinin hərəkətlərindən, davranışlarından
belə təsəvvür yaranır ki, Milli Şura üzvlərindən başqa kənarda olan insanların
hamısı satqındır, agentdir, yaramazdır, xəyanətkardır.
Təbii ki, bu müraciət Milli Şura
daxilində yaşanan fikir ayrılıqlarını, qarşıdurmanı növbəti dəfə gün işığına
çıxarır. Müraciətin altındakı şərhlərdə isə narazılıq özünü daha qabarıq
şəkildə büruzə verib. Misal üçün, AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır rəy
yazaraq, M.Müəllimlinin yanaşmasında gerçəklik payı olduğunu vurğulayıb.
Bildirib ki, gerçəkləri görməzdən gəlməklə uğur qazanmaq olmaz. O, Milli
Şuranın "qısır qurum olmaqdan qurtula bilmədiyini” xüsusi vurğulayıb.
Vüqar Mirzəyev adlı sosial şəbəkə
istifadəçisi yazıb ki, yalnız AXCP sədri Ə.Kərimli deyil, Milli Şura sədri C.Həsənli,
həmçinin Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, İlham Hüseyn və başqa
"demokratlar” da fərqli fikrə qarşı dözümsüzdürlər. V.Mirzəyev qeyd edib ki,
adlarını çəkdiyi şəxslərin statuslarına mədəni formada tənqidi fikirlərini
yazdığına görə, onun "Facebook” profilini "blok” ediblər. Eyni zamanda
M.Mütəllimliyə müraciət edib ki, fərqli mövqe ortaya qoyduğuna görə Ə.Kərimlinin
troll ordusu ona da hücum çəkib hakimiyyətə satılmış damğası vuracaq.
Adam Pənahov adlı istifadəçi isə
bildirib ki, AXCP sədri Ə.Kərimlinin səhifəsində hər gün yazılan postlarda mindən
çox şərh görünsə də, açıb yazılanlara baxanda yalnız 200-300 şərhi görmək mümkün
olur. Onun fikrincə, bu o deməkdir ki, Ə.Kərimli bütün günü öz "Facebook” səhifəsində
yazılanları oxuyur və fərqli fikirləri, tənqidi rəyləri silir.
A.Pənahov C.Həsənlinin Milli
Şuranın formal sədri olmasına diqqət çəkərək, bu müraciətin Ə.Kərimliyə ünvanlanmasını
daha düzgün hesab edib. Onun fikrincə, Milli Şuranın əsl rəhbəri, sədri Ə.Kərimlidir.
A.Pənahov Ə.Kərimlinin keçmiş müavini Razi Nurullayevin AXCP sədrinin troll
ordusu olması, cəbhəçilərin hərəsinin 100-dən çox saxta profil işlətməsi barədə
etirafını da xatırladıb.
Əliyar Məmmədov da M.Mütəllimlinin
müraciətini dəstəkləyib. O, bu müraciəti oxuyarkən "NİDA”çı Zaur Qurbanlının "Müxalifət
nazirliyi” yazısını, həmin "nazirliyin” əsas "nazirinin” elə Ə.Kərimli olduğuna
eyham vurmasını xatırladıb. Bildirib ki, Azərbaycanda siyasətdən uzaq olan vətəndaşlar
arasında Milli Şuranı tanıyan min nəfər də yoxdur. Onun qənaətincə, C.Həsənli son
vaxtlar yalnız Ə.Kərimlinin yazdıqlarına reaksiya verir. Sanki Milli Şuranın
sədri o deyil, Ə.Kərimlidir.
Əli Kərimliyə dəstək verən Murad
Sultanov adlı şəxs KXCP və Müsavat rəhbərliyindəki ciddi insanların Milli
Şurada təmsil olunduğunu əsas gətirərək, M.Mütəllimlidən fikirlərini əsaslandırmağı
tələb edib. Qeyd edib ki, əks halda, bunlar sadəcə qeyri-ciddi və təxribat xarakterli
addım sayılacaq. Vüqar Mirzəyev isə ona suallarla cavab verib: "Oktay
Gülalıyevlə Tofiq Yaqubludan başqa ciddi adam yoxdur KXCP və Müsavatda? Bəs
Mirmahmud ağa, Bəybala Əbil, Arif Hacılı, Yadigar Sadıqov, Elman Fəttah və başqaları
ciddi adamlar deyil?”
Milli Şuranın Koordinasiya
Mərkəzinin üzvü Eldəniz Quliyev rəy yazaraq, hazırkı həssas dönəmdə belə
müraciətin yersiz olduğunu bəyan edib. Lakin facebook istifadəçilərindən biri E.Quliyevi
R.İbrahimbəyovun erməni maraqlarına xidmət edən "Qafqaz triosu” filminə
münasibət bildirməməkdə ittiham edib. Zaur Cəbrayılov E.Quliyevə suallarla
cavab verib: "Bəs nə vaxt olacaq vaxtı? Eldəniz bəy, bu arada, siz niyə Rüstəm
İbrahimbəyovun filminə münasibət bildirməmisiniz? Nədən çəkinirsiniz?”.
Fərid Əsədov adlı şəxs AXCP
sədrini müdafiə etmək məqsədilə yazıb ki, ölkədə elə adam yoxdur ki, lazım
olduğu halda Ə.Kərimli ilə istənilən məsələni üzbəüz görüşüb müzakirə edə
bilməsin. Onun qənaətincə, bu məsələ barədə sosial şəbəkə üzərindən deyil, daha
dar dairədə danışılmalı, anlaşma əldə edilməlidir. M.Mütəllimli də cavab verib
ki, buna cəhd edilsə də, qarşı tərəf görüşmək istəməyib.
Bu yazışmalardan göründüyü kimi,
AXCP sədri Ə.Kərimli Milli Şuranı və onun sədri C.Həsənlini tam nəzarət altında
saxlayır, həm öz partiyasını, həm də digər qurumu diktatorsayağı idarə edir.
Onun qorxusundan C.Həsənli alternativ fikrə dözümsüz münasibət sərgiləyir,
hətta rəhbərlik etdiyi təşkilatın üzvləri ilə görüşməyə belə cəsarət etmir. Bu
kimi səbəblərdən Milli Şura daxilində çaxnaşma və narazılıq var. AXCP Rəyasət
Heyətinin üzvü X.Bahadırın Milli Şuranı qısır quruma bənzədərək aşağılaması isə
onu deməyə əsas verir ki, sözügedən qurum hətta cəbhəçilərin də gözündən düşüb.
Əslində, qurucusu ermənipərəst R.İbrahimbəyov olan bir qurumun aqibətinin bu
cür olması gözlənilən idi. Hazırda bu qurum Ə.Kərimlinin iradəsinə tabe olan
oyuncaq bir dərnəkdir. Professor adı daşıyan C.Həsənli də oyuncaq qurumun
oyuncaq sədri funksiyasını yerinə yetirir.
Rufik
İSMAYILOV