AZE | RUS | ENG |

Xaliq Bahadır: “Milli Şura qısır qurum olmaqdan qurtula bilmir”

Xaliq Bahadır: “Milli Şura qısır qurum olmaqdan qurtula bilmir”
2013-cü ilin prezident seçkiləri öncəsi xarici qüvvələrin layihəsi əsasında yaradılan və kinorejissor Rüstəm İbrahimbəyovun rəhbərliyi altında Azərbaycan cəmiyyətinə sırınan Milli Şura özünü doğrulda bilmədi. Xalqımız nəinki bu təşkilata, eləcə də ikili vətəndaşlığı olan, ermənipərəstliyi ilə tanınan və sözügedən qurumun sədri təyin olunan R.İbrahimbəyova etimad göstərmədi. Beləliklə də, özlərini "demokratik qüvvələr” adlandıranların Milli Şurası ölü doğulmuş uşağı xatırlatdı. Lakin radikal müxalifət, xüsusən də AXCP sədri Əli Kərimli və ətrafındakılar bu "ölünü” diriltmək üçün dönük professor, sabiq deputat Cəmil Həsənlini əvvəlcə quruma sədr, ardınca isə özlərinin prezidentliyə vahid namizədi elan etdilər. Amma bu çaba da bir fayda vermədi. Milli Şura Azərbaycan cəmiyyətində, ölkənin ictimai-siyasi həyatında oturuşa bilmədi, Ə.Kərimlinin iradəsinə tabe olan oyuncaq bir quruma çevrildi. Ona görə də zaman-zaman burada narazılıqlar baş qaldırdı, parçalanmalar, qopmalar, istefalar oldu.

Hal-hazırda sözügedən qurumda narazılıq pik həddədir. Buna bir səbəb də özlərini "demokrat” adlandıranların Milli Şuranı diktatorsayağı idarə etməsidir. Belə ki, Milli Şura sədri C.Həsənli Ə.Kərimlinin icazəsi olmadan heç bir müstəqil qərar qəbul edə, hətta üzvlərin hər hansı təşəbbüsünü dəstəkləyə, fikirlərini dinləyə bilmir. AXCP sədrinin iradəsinə zidd davranışlar, onun fikrinə qarşı əks mövqe qoyanlar isə, ümumiyyətlə qəbul edilmir, "persona non qrata” elan olunurlar. Bunun ardınca həmin adamların "qara günləri” başlayır. Ə.Kərimlinin troll dəstəsi belə adamları sosial şəbəkələrdə müzakirə mövzusuna çevirir, onlara satqın, xəyanətkar damğası vurur, ünvanlarına təhqirlər səsləndirir, ömürlərinin böyük hissəsini müxalifətçiliyə həsr etmiş şəxsləri mənəvi terrora məruz qoyur.

Belə "qayda-qanunlar”la idarə olunan Milli Şurada son günlər yenidən gərginlik yaşanmaqdadır. Bunu həmin qurumun üzvü olan şəxslərin sosial şəbəkədə paylaşdıqları statuslar, təşkilatla bağlı söylədikləri fikirlər bir daha nümayiş etdirir. Misal üçün, Milli Şuranın Əlaqələndirmə Mərkəzinin üzvü, baş prokurorun sabiq birinci müavini, keçmiş millət vəkili, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli mayın 27-də "Facebook” üzərindən C.Həsənliyə və kütləvi informasiya vasitələrinə müraciət edib. M.Mütəllimli ilə yanaşı, sabiq müdafiə naziri Rəhim Qazıyev, Ramiz Tağıyev və Sərdar Əlibəylinin də imza atdığı müraciətdə qeyd olunub ki, onların görüş üçün 8 may 2018-ci il tarixdə C.Həsənliyə ünvanladıqları müraciət diqqətdən kənarda qalıb. Ona görə də M.Mütəllimli və dostları C.Həsənli ilə görüşdə bölüşmək istədikləri fikirləri sosial media və KİV vasitəsi ilə ictimailəşdirmək məcburiyyətində qalıblar. Müraciətdə qeyd olunub ki, Milli Şura hazırda qapalı bir quruma çevrilib və ünvanına deyilən haqlı tənqidlərə dözümsüz yanaşır. C.Həsənlinin fəaliyyətsizliyini açıq-aşkar diqqətə çatdıran müraciət müəllifləri daha sonra bildiriblər ki, Şura hələ də köhnə metodlarla işləməkdə davam edir, yeni ideyalar, demokratiyanın müdafiəsi üçün daha təsirli vasitələr axtarmır, digər təşkilatlarla, o cümlədən Müsavat Partiyası, KXCP və Real-la, həmçinin sayılıb-seçilən ziyalılarla birgə işləmək üçün imkanlardan istifadə edilmir. Müraciət müəlliflərinin qənaətincə, Milli Şurada bəzi şəxslər o qədər özünə vurğundurlar ki, əks fikirləri yaxına buraxmaq istəmir, belə fikirləri süngü ilə qarşılayırlar. Onlar buna misal kimi Ə.Kərimlinin adını çəkiblər və bildiriblər ki, AXCP sədrində özünəvurğunluq daha çox müşahidə olunur. M.Mütəllimlinin yazdığına görə, AXCP sədrinin hərəkətlərindən, davranışlarından belə təsəvvür yaranır ki, Milli Şura üzvlərindən başqa kənarda olan insanların hamısı satqındır, agentdir, yaramazdır, xəyanətkardır. 
Təbii ki, bu müraciət Milli Şura daxilində yaşanan fikir ayrılıqlarını, qarşıdurmanı növbəti dəfə gün işığına çıxarır. Müraciətin altındakı şərhlərdə isə narazılıq özünü daha qabarıq şəkildə büruzə verib. Misal üçün, AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır rəy yazaraq, M.Müəllimlinin yanaşmasında gerçəklik payı olduğunu vurğulayıb. Bildirib ki, gerçəkləri görməzdən gəlməklə uğur qazanmaq olmaz. O, Milli Şuranın "qısır qurum olmaqdan qurtula bilmədiyini” xüsusi vurğulayıb. 

 

Vüqar Mirzəyev adlı sosial şəbəkə istifadəçisi yazıb ki, yalnız AXCP sədri Ə.Kərimli deyil, Milli Şura sədri C.Həsənli, həmçinin Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, İlham Hüseyn və başqa "demokratlar” da fərqli fikrə qarşı dözümsüzdürlər. V.Mirzəyev qeyd edib ki, adlarını çəkdiyi şəxslərin statuslarına mədəni formada tənqidi fikirlərini yazdığına görə, onun "Facebook” profilini "blok” ediblər. Eyni zamanda M.Mütəllimliyə müraciət edib ki, fərqli mövqe ortaya qoyduğuna görə Ə.Kərimlinin troll ordusu ona da hücum çəkib hakimiyyətə satılmış damğası vuracaq. 
 
Adam Pənahov adlı istifadəçi isə bildirib ki, AXCP sədri Ə.Kərimlinin səhifəsində hər gün yazılan postlarda mindən çox şərh görünsə də, açıb yazılanlara baxanda yalnız 200-300 şərhi görmək mümkün olur. Onun fikrincə, bu o deməkdir ki, Ə.Kərimli bütün günü öz "Facebook” səhifəsində yazılanları oxuyur və fərqli fikirləri, tənqidi rəyləri silir. 

 

A.Pənahov C.Həsənlinin Milli Şuranın formal sədri olmasına diqqət çəkərək, bu müraciətin Ə.Kərimliyə ünvanlanmasını daha düzgün hesab edib. Onun fikrincə, Milli Şuranın əsl rəhbəri, sədri Ə.Kərimlidir. A.Pənahov Ə.Kərimlinin keçmiş müavini Razi Nurullayevin AXCP sədrinin troll ordusu olması, cəbhəçilərin hərəsinin 100-dən çox saxta profil işlətməsi barədə etirafını da xatırladıb.

Əliyar Məmmədov da M.Mütəllimlinin müraciətini dəstəkləyib. O, bu müraciəti oxuyarkən "NİDA”çı Zaur Qurbanlının "Müxalifət nazirliyi” yazısını, həmin "nazirliyin” əsas "nazirinin” elə Ə.Kərimli olduğuna eyham vurmasını xatırladıb. Bildirib ki, Azərbaycanda siyasətdən uzaq olan vətəndaşlar arasında Milli Şuranı tanıyan min nəfər də yoxdur. Onun qənaətincə, C.Həsənli son vaxtlar yalnız Ə.Kərimlinin yazdıqlarına reaksiya verir. Sanki Milli Şuranın sədri o deyil, Ə.Kərimlidir. 
 
Əli Kərimliyə dəstək verən Murad Sultanov adlı şəxs KXCP və Müsavat rəhbərliyindəki ciddi insanların Milli Şurada təmsil olunduğunu əsas gətirərək, M.Mütəllimlidən fikirlərini əsaslandırmağı tələb edib. Qeyd edib ki, əks halda, bunlar sadəcə qeyri-ciddi və təxribat xarakterli addım sayılacaq. Vüqar Mirzəyev isə ona suallarla cavab verib: "Oktay Gülalıyevlə Tofiq Yaqubludan başqa ciddi adam yoxdur KXCP və Müsavatda? Bəs Mirmahmud ağa, Bəybala Əbil, Arif Hacılı, Yadigar Sadıqov, Elman Fəttah və başqaları ciddi adamlar deyil?”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev rəy yazaraq, hazırkı həssas dönəmdə belə müraciətin yersiz olduğunu bəyan edib. Lakin facebook istifadəçilərindən biri E.Quliyevi R.İbrahimbəyovun erməni maraqlarına xidmət edən "Qafqaz triosu” filminə münasibət bildirməməkdə ittiham edib. Zaur Cəbrayılov E.Quliyevə suallarla cavab verib: "Bəs nə vaxt olacaq vaxtı? Eldəniz bəy, bu arada, siz niyə Rüstəm İbrahimbəyovun filminə münasibət bildirməmisiniz? Nədən çəkinirsiniz?”. 

 

Fərid Əsədov adlı şəxs AXCP sədrini müdafiə etmək məqsədilə yazıb ki, ölkədə elə adam yoxdur ki, lazım olduğu halda Ə.Kərimli ilə istənilən məsələni üzbəüz görüşüb müzakirə edə bilməsin. Onun qənaətincə, bu məsələ barədə sosial şəbəkə üzərindən deyil, daha dar dairədə danışılmalı, anlaşma əldə edilməlidir. M.Mütəllimli də cavab verib ki, buna cəhd edilsə də, qarşı tərəf görüşmək istəməyib. 

Bu yazışmalardan göründüyü kimi, AXCP sədri Ə.Kərimli Milli Şuranı və onun sədri C.Həsənlini tam nəzarət altında saxlayır, həm öz partiyasını, həm də digər qurumu diktatorsayağı idarə edir. Onun qorxusundan C.Həsənli alternativ fikrə dözümsüz münasibət sərgiləyir, hətta rəhbərlik etdiyi təşkilatın üzvləri ilə görüşməyə belə cəsarət etmir. Bu kimi səbəblərdən Milli Şura daxilində çaxnaşma və narazılıq var. AXCP Rəyasət Heyətinin üzvü X.Bahadırın Milli Şuranı qısır quruma bənzədərək aşağılaması isə onu deməyə əsas verir ki, sözügedən qurum hətta cəbhəçilərin də gözündən düşüb. Əslində, qurucusu ermənipərəst R.İbrahimbəyov olan bir qurumun aqibətinin bu cür olması gözlənilən idi. Hazırda bu qurum Ə.Kərimlinin iradəsinə tabe olan oyuncaq bir dərnəkdir. Professor adı daşıyan C.Həsənli də oyuncaq qurumun oyuncaq sədri funksiyasını yerinə yetirir. 
 
Rufik İSMAYILOV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN