• cümə, 26 Aprel, 04:54
  • Baku Bakı 16°C

Milli Məclisin deputatı Özbəkistanın Əndican şəhərində silsilə görüşlər keçirib

05.10.19 11:23 674
Milli Məclisin deputatı Özbəkistanın Əndican şəhərində silsilə görüşlər keçirib
Özbəkistanın Əndican şəhərindəki Mədəniyyət Sarayında bu ölkənin Yazıçılar İttifaqının Əndican filialı, "Kitob dunyasi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbir və Milli Məclisin deputatı Qənirə Paşayevanın Özbəkistanda çap edilən kitabının təqdimatı keçirilib.
AZƏRTACxəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, şəhər hakimiyyətinin nümayəndələri, təhsil, mədəniyyət xadimləri, şəhərdə fəaliyyət göstərən ali məktəblərin müəllim və tələbələri, jurnalistlər iştirak ediblər.
Özbəkistan Yazıçılar İttifaqının Fərqanə vilayəti üzrə rəhbəri Xurşuda Kuçkarova tədbiri açaraq iki ölkə arasında dostluq münasibətləri, ölkələrimizin ziyalıları, yazıçı və şairləri arasında yaradıcılıq əlaqələri haqqında danışıb. Natiq Özbəkistanın regionları ilə Azərbaycanın regionları arasında birbaşa əlaqələrin yaradılması, tarixi ənənələrin davam etdirilməsi, qarşılıqlı olaraq milli mədəniyyətimizə, ədəbiyyatımıza həsr olunan tədbirlərin təşkili və ölkələrimizin qarşı tərəfdə tanıdılmasının vacib məsələ olduğunu vurğulayıb və bu mənada deputat, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə Paşayevanın Əndicana səfəri, keçirdiyi görüşlər və müəllifi olduğu kitabın Özbəkistanın böyük şəhərlərindən olan Əndicanda təqdimatının keçirilməsini yüksək qiymətləndirib və iki qardaş ölkə arasında əməkdaşlığın genişlənməsi istiqamətində fəaliyyətinə görə Q.Paşayevaya rəhbərlik etdiyi qurum adından təşəkkürnamə təqdim edib.
Tədbirdə Qənirə Paşayeva çıxış edərək Azərbaycan-Özbəkistan qardaş münasibətlərindən danışıb, ədəbi əlaqələrin daha da dərinləşdirilməsi, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ali məktəbləri arasında tələbə mübadiləsinin reallaşdırılması məsələlərinə toxunub. Milli Məclisin deputatı qeyd edib ki, Əndican şəhəri ilə Azərbaycanın şəhərləri arasında qardaşlaşmış şəhərlər layihəsinin həyata keçirilməsi, regionlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi olduqca zəruri məsələlərdəndir.
Qənirə Paşayeva tədbirdə Azərbaycanla bağlı, Qarabağ həqiqətləri ilə bağlı geniş məlumat verib. O, Azərbaycan dövlətinin, ölkə başçısı İlham Əliyevin Özbəkistanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, bu dostluğun, qardaşlığın əsas göstəricisi kimi xarici ölkələrdə ilk Azərbaycan Mədəniyyət Mərkəzinin məhz Özbəkistanda yaradıldığını qeyd edib. O, qardaş Özbəkistanın Türk Şurasına üzv olmağını Azərbaycan tərəfinin yüksək qiymətləndirdiyini və gələcək əməkdaşlıqda bu amilin yeni imkanlar yaradacağını söyləyib. Milli Məclisin deputatı əlaqələrin daha da genişləndirilməsinin, mədəniyyət, turizm sahəsində birgə layihələrin həyata keçirilməsinin, qarşılıqlı səfərlərin reallaşdırılmasının zəruri olduğunu vurğulayıb. O, Özbəkistanda özbək dilində kitabının nəşr edilməsindən məmnunluq hissi duyduğunu deyib və əməyi keçənlərə təşəkkürünü bildirib. Azərbaycan, onun tarixi, mədəniyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Qənirə Paşayeva qardaş Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Qarabağ həqiqətlərini özündə əks etdirən "Qarabağ hekayələri” kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını söyləyən müəllif deyib: "Məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə etməsinə nail olmaqdır”.
Q.Paşayeva, eyni zamanda, ermənilərin Özbəkistanda törətdiyi dəhşətli faciələr haqqında da geniş danışıb, "Ermənilərin həm Azərbaycanda, həm də Özbəkistanda törətdiyi faciələri hər bir insan yaxşı bilməlidir və gənc nəslə tariximizi yaxşı öyrətməliyik” - deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib. Milli Məclisin deputatı qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inamını ifadə edib: "Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addımdır. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək”.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin nəzdində artıq xüsusi tərcüməçilər məktəbinin formalaşdığını qeyd edərək, son illərdə Azərbaycan ədəbiyyatına dair Özbəkistanda 60-dan çox əsərin özbək dilinə tərcümə edildiyini və Daşkənddə kitab halında çap olunduğunu bildirib. Samir Abbasov Azərbaycan mədəniyyəti, ədəbiyyatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair çoxsaylı nəşrlərin, tədqiqat əsərlərinin Azərbaycana maraq göstərən hər bir kəs üçün olduqca maraqlı mənbəyə çevrildiyini söyləyib.
Çıxış edən Özbəkistanın "Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm, Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, Bakıdakı "Hədəf” liseyinin direktoru Şəmil Əliyev, Özbəkistanın tanınmış şair, yazar və alimləri hər iki ölkənin gəncləri, yaradıcı şəxsləri arasında əlaqələrin genişləndirilməsi, birgə konfransların, təqdimatların, poeziya gecələrinin təşkili, qarşılıqlı səfərlərin reallaşdırılması və s. məsələlərə dair fikirlər söyləyib, regionlar arasında əməkdaşlığa dair potensialın böyük olduğunu və mövcud imkanlardan istifadə edərək əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Tədbirdə bədii proqramda Əndican məktəblilərinin iki ölkə dostluğuna, Qənirə Paşayevanın şeirlərindən ibarət hazırladıqları ədəbi kompozisiyalar təqdim edilib, Özbəkistan Milli Konservatoriyasının solistləri Ümidə Abdurazakova və Erkin Adilov hazırladığı musiqilər təqdim olunub, Q.Paşayevanın şeirləri əsasında bəstələnmiş mahnılar səsləndirilib.
Tədbirdən sonra Milli Məclisin deputatı Əndicanın rəhbərliyi ilə görüşüb, Azərbaycan-Özbəkistan dostluğu, ölkəmizin iqtisadi inkişafı haqqında məlumat verib, iki ölkə şəhərləri arasında "Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsi, Əndicanla Azərbaycanın Tovuz şəhərinin qardaşlaşması təklifi ilə çıxış edib. "Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var”, - deyən Q.Paşayeva iki qardaş ölkənin aydınları, alimləri, elm, mədəniyyət xadimləri, QHT və KİV qurumları arasında ortaq layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
"Bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, çünki bu bizim gələcəyimiz üçün çox lazımdır”, - deyə o bildirib.
Qənirə Paşayeva Özbəkistan Yazıçılar İttifaqının Əndican filialının rəhbərliyinə, tədbirdə iştirak edən Əndican rəsmilərinə, tanınmış ziyalılara Azərbaycan mədəniyyətini və tarixini əks etdirən hədiyyələr təqdim edib. Milli Məclisin deputatına Əndican rəhbərliyi tərəfindən Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı istiqamətində gördüyü işlərə görə təşəkkürnamə təqdim olunub.
Q.Paşayeva, eyni zamanda, Əndicanın fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın rəhbərlik etdiyi heyət Əndicanın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil, ədəbiyyat mərkəzlərini də ziyarət edib.
Qeyd edək ki, Əndican Fərqanə vadisinin qədim şəhərlərindən biridir. Özbəkistanla Qırğızıstan sərhədlərinin cənub-qərb hissəsində yerləşir. Şəhərin bəzi yerlərində eramızdan əvvəl VII-VIII əsrlərə aid arxeoloji tapıntılara rast gəlinir. Tarixən Böyük İpək Yolunda mühüm bir yer tutan Əndican şəhəri ölkənin mühüm sənaye mərkəzlərindən sayılır.
banner

Oxşar Xəbərlər