• cümə, 26 Aprel, 12:48
  • Baku Bakı 23°C

“Mətbuatın sevgisinə ehtiyacımız var”

16.07.13 16:06 1731
“Mətbuatın sevgisinə ehtiyacımız var”
İyulun 15-də Akademik Milli Dram Teatrında (AMDT) 2012-2013-cü illər teatr mövsümü və teatr sənətimizin 140 illiyinə həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda teatrın direktoru, professor İsrafil İsrafilov, xalq artistləri Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, Ramiz Novruz və Məleykə Əsədova iştirak edirdilər.
İsrafil İsrafilov çıxışı zamanı bir çox mətləblərə aydınlıq gətirərək, teatrın ötən mövsümü barədə mətbuat nümayəndələrini bilgiləndirdi. Onun sözlərinə görə, ötən mövsüm ərzində teatr prosesinin əsas hərəkətverici amili olan repertuar tərtibində Piter Brukun sistemindən faydalanıb klassika, məzhəkə və müasir dramaturgiyaya bərabər şəkildə yer ayrılıb: “Belə yanaşma gənc rejissorların potensialından maksimum istifadə etməyə də imkan verib. Digər vacib amil olan festival siyasəti də ötən mövsüm ərzində teatrın həyatında iştirak və seçilmək baxımından uğurlu olub. Truppa “Xəcalət”, “Qatarın altına atılan qadın”, “Lənkəran xanının vəziri” tamaşaları ilə MDB, Yaxın Şərq və Avropa ölkələrində keçirilən festivallarda Azərbaycan teatr sənətini layiqli şəkildə təmsil edib və hətta teatr sənətinin daha mütərəqqi inkişafı ilə tanınan ölkələrin truppalarının tamaşalarını kölgədə qoyub. Ötən mövsüm ərzində Akademik Milli Dram Teatrında teatrın öz vəsaiti hesabına qoyulan tamaşalardan savayı, 6 dövlət sifarişli tamaşa hazırlanıb. Bunlar “Qürbətdən məktublar”, “Anamın kitabı”, “Qatil”, “Sənətkarın taleyi”, “Şah və Şair” və “Şah Qacar” tamaşalarıdır. Ümumilikdə, 11 ay ərzində 8 rejissorun iştirakı ilə 11 tamaşa hazırlanıb. Yeni mövsümdə isə teatr öz tamaşaçılarını Gürcüstanın və Polşanın teatr xadimləri ilə müştərək hazırlayacağı 4 beynəlxalq layihə ilə sevindirmək əzmindədir. Şübhə yoxdur ki, bunların arasında ən böyük əks-səda doğuranı K.Marcanaşvili adına Tiflis Akademik Teatrı birgə hazırlanacaq H.Cavidin “Şeyx Sənan” faciəsinin və dünya şöhrətli teatr və kino rejissoru və dramaturqu K.Zanussinin “Azdrama”nın səhnəsində qoyacağı özünün “Asi” əsərinin tamaşaları olacaq”.
“Nuşirəvan Məhərrəmliyə yanlış informasiya veriblər”

Xalq artisti Nurəddin Mehdixanlı vaxtı ilə AMDT–da çalışmış yaşlı sənətkarlar üçün teatrın fondundan hər ay 200 manat pul ayrıldığını və indiyə kimi teatrın tarixində belə halın olmadığını söylədi: “Teatr canlı sənət növüdür. Teatr xüsusi mədəniyyət və intellekt səviyyəsi üçün nəzərdə tutulub. Bu sənəti seçilmiş insanlar cəmiyyətin seçilmişləri üçün yaradıblar. Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov kimi dahi sənətkarlar xalqımızın seçilmişləridir. Bilirsinizmi, indi Üzeyir Mehdizadəyə qulaq asanlar da var, Üzeyir Hacıbəyova da. Bu gün Azərbaycanda, təəssüflər olsun ki, Mehdizadəyə qulaq asanlar daha çoxdur. İndi nə edək? Hesab edək ki, sənət Mehdizadələrin sənətidir?”
Xalq artisti teatrın uğurlarının mətbuatda kifayət qədər işıqlandırılmadığını söyləyərək mətbuat nümayəndələrinə öz iradını bildirdi: “Teatrın 140 illik fəaliyyəti dövründə AMDT bir dənə də olsun fəxri fərman belə almayıb. Ancaq bizim nəslin aktyorları 2011-2012-ci ildə 3 beynəlxalq mükafat alıb. Biz dünyanın ən çox inkişaf etmiş ölkələri ilə eyni festivallarda iştirak etmişik. Onlarla müqayisə olunandan sonra “Ən yaxşı aktyor” adına layiq görülmüşük. Dünyanın əksər ölkələrini gəzdik və gördük ki, biz bu gün dünyada gedən teatr prosesindən heç də geri qalmamışıq. Seriallarla bağlı isə onu qeyd etmək istəyirəm ki, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli mətbuatda müsahibəsi zamanı söyləyib ki, aktyorlara bir seriya üçün 500-800, hətta 1000 manat verilir. Yalan informasiyadır. Görünür, Nuşirəvan müəllimə ayrılmış pullarla bağlı hesabatı o cür verirlər. Biz 500 manatı bir aylıq zəhmətimizə görə alırıq. Mən istəyirəm ki, bunu qeyd edəsiniz və Nuşirəvan müəllimə deyəsiniz ki, sizi aldadıblar”.
Jurnalistlər mübahisəli mövzular axtarırlar

Əməkdar artist Cəfər Namiq Kamal öz çıxışı zamanı aktyorluq sənətinin ildən-ilə çətinləşən peşə olduğunu və belə olan halda aktyorların üzərinə böyük yük düşdüyünü söylədi: “Teatrın tarixində elə zaman olub ki, kimin bərk səsi çıxıbsa, o, gözəl aktyor sayılıb. Ancaq indi səhnədə əsas ürək və dinamikadır. Ona görə də indi aktyorların çoxunda ömür qısalığı müşahidə olunur. Belə ki, onların çox 65 yaşından o tərəfə keçə bilmir. Bu insanları qorumaq lazımdır. Düşünürəm ki, aktyorların ən yaxşı canlandırdığı obrazlarının nümunələri mətbuatda işıqlandırılmalıdır. Biz İsveçrənin paytaxtı Stokholmda festivala getdik. Orada “Lənkəran Xanın vəziri” tamaşasını nümayiş etdirdik. Biz oradan qayıdandan sonra bu haqda mətbuatda bir dənə də olsun yazı oxumadıq. Mənfur ermənilərin teatrı hansı bir ölkəyə getsə, mən inanıram ki, onların mətbuatı öz tamaşaları haqqında olmayan şeyləri də yazar və bunu bütün dünya ölkələrinə yayımlamağa cəhd göstərərlər. Bizdə isə nədənsə sistem belə işləmir. Bizim jurnalistlərimiz daha çox mübahisəli mövzular axtarırlar. İstərdim ki, jurnalistlər ölkəmizin uğurlarından da yazsınlar”.
Xalq artisti Məleykə Əsədova mətbuatda teatrlarda tamaşaçı qıtlığı yaşanması ilə bağlı fikirlərin səslənməsinin əleyhinə olduğunu və bu kimi fikirlərlə heç də razı olmadığını söylədi: “AMDT-da oynadığım və oynamadığım tamaşalar hər zaman anşlaqla keçib. Bilirsinizmi, bu, zövq məsələsidir. Hər tamaşaçının öz zövqü var. Teatrda istedadlı aktyorlardan danışırsınızsa, mənə elə gəlir ki, istedadlı insan hər gün doğulmur. Ola bilər ki, bir teatrda 300 aktyor olsun, ancaq hamısı istedadlı ola bilməz. İnsan anadangəlmə istedadlı doğulur. Sənətkar səhnədə püxtələşir. Mən hər obrazımda tamaşanın rejissorundan nəsə öyrənirəm. İstedadlı aktyor 15-20 ildən bir doğulur. Hər zaman deyirəm ki, aktyorun yaşı olmaz. Aktyorlar çox kövrək olur. Onlara həssaslıqla yanaşmaq lazımdır. Biz bir neçə insanın taleyini oynayırıq və hər dəfə onların həyatlarını yaşamalı oluruq. Bu da bizə psixoloji olaraq təsir edir”.
Sanballı yazılar

Tanınmış aktyor, xalq artisti Ramiz Novruz da mətbuata aydın olmayan məqamlara toxunaraq teatrın daxilində baş verən hadisələrə belə açıqlama gətirdi: “Bizim bir çox böyük sənətkarlarımız var ki, onların əksəriyyəti şəxsi maraqlarına görə teatrı tərk ediblər. Həmin sənətkarlar teatrı tərk etdikdən sonra deyirlər ki, AMDT-nın heç bir perspektivi yoxdur. Onlar bu teatrda işləyib şöhrətə sahib olduqdan sonra başlayırlar teatrın arxasınca danışmağa. Heç kim bu teatrdan onları qovmayıb. Əslində onlar özləri kimisə sıxışdırıb teatrdan çıxa bilərdilər. Bu teatrda işləmək üçün hər kəsə çox yüksək şəkildə şərait yaradılıb. Mən indi teatrın və direktorun haqqında danışanda utanmıram. Əvvəllər teatrın direktoru haqqında danışanda, mən utanırdım ki, bu insanın teatr haqqında məlumatı yoxdur. Jurnalistlər hər halda onu dolaşdıra bilərlər. İndi bu işi bilən bir insan teatra rəhbərlik edir və bu da bizim işi rahatladır. İndi teatrda özünü göstərmək üçün hər kəsə meydan verilib. Bu gün teatrda istedadlı gənclər kifayət qədərdir. Ancaq bu sənətə çox istedadlı, yaraşıqlı gənclər gəlmir. Çünki Azərbaycanda bu sənətə çörəksiz və əziyyətli bir iş kimi baxırlar. Düz də edirlər”.
Daha sonra İsrafil İsrafilov mətbuat nümayəndələrinin suallarını cavablandırdı. Professor gileylənərək mətbuat nümayəndələrinin teatr prosesi ilə tanış olmadan qələmə aldıqları yazıları düzgün hesab etmədiyini və tamaşalar barədə yazılan resenziyaların da hərtərəfli olmadığını söylədi: “Teatrda nümayiş olunan tamaşalar haqqında mətbuatdan nə zaman ciddi bir yazı görmüşük? Bu gün mövsümə artıq yekun vurduq. Ötən mövsümün təəssüratları haqqında bir dənə də olsun yerli mətbuatda icmal yazı yazılmayıb. Bu gün mətbuatda kiçik xəbərlərə, xırda məlumatlara, yanlış iftiralara, böhtanlara daha çox yer ayrılır. Belə yazılar yazmaq üçün bizdə kifayət qədər gənc yazıçılar yetişib. Ancaq əməlli-başlı araşdırma apararaq ciddi yazılar yazan, ümumiyyətlə teatr prosesi haqqında yazı yazan az jurnalistlərimiz var. Bizim hansı yazarımız bir obrazın iki dublyorunun da oynadığı tamaşaya baxıb, müzakirəli şəkildə yazı yazıb? Bizdə belə praktika yoxdur. Ancaq tarixdə Azərbaycan mətbuatında belə yazılar olub. Problemin özü odur ki, bu gün teatrşünaslıq sənəti zəifləməyə doğru gedir, yəni teatrşünaslıq sənəti böyük şaxələrlə irəliləmir. Teatrşünaslığın dili zəngindir. İndi daha çox müsahibə və resenziya yazılır. Müsahibələrdə də suallar çox səthi və donuqdur. Suallar bu prosesdən xəbərsiz olan insanların suallarına bənzəyir. İndi teatr nəzəriyyəsi, teatr prosesi, dünya teatrı ilə Azərbaycan teatrının müqayisəsi, avanqard teatr meylləri kimi mövzularda yazılar yazılmalıdır”.
İsrafil İsrafilov Akademik Milli Dram Teatrın təmirdən sonrakı illərində heç bir qayğı görmədiyini və buna üstəlik olaraq da mətbuatda teatr haqqında gəzən söz-söhbətlərin baş alıb getdiyini qeyd etdi: “Teatr cəmiyyətimizə gərək olan bir sənətdir, onu qorumaq lazımdır. Hərdən baxıram ki, teatrın inkişafı üçün o qədər işlər görülüb ki, ancaq onların heç biri mətbuatda yayımlanmayıb. Misal üçün, teatrımız İsveçrədə tamaşa nümayiş etdirdi. Orada bizi çox gözəl qarşıladılar. Aktyorlarımızı 10 dəqiqə ayaqüstü alqışladılar. Sizcə, bu, kiçik məsələdirmi? Gürcü teatrı Almaniyada tamaşa oynayıb. Gürcü mətbuatında onlar haqqında çox gözəl sözlər yazıldı. Hətta Gürcüstanın baş naziri Bidzina İvanişvili onları təbrik etdi ki, siz gürcü mədəniyyətini vətəndən kənarda təbliğ etmisiniz. Bəs Azərbaycanda bizim teatr haqqında nə yazdılar? Yəni deməyim odur ki, bizim mətbuatın sevgisinə ehtiyacımız var”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər