Mətbuat və ədəbiyyat
Mətbuat ədəbiyyatın təqdimatında
və təbliğatında, həmçinin oxucunun istiqamətləndirilməsində həmişə böyük nüfuza
malik olub. Qəzetlərin sayının azaldığı, elektron medianın get-gedə gücləndiyi
bir dönəmdə ədəbiyyat yaddan çıxmayıb ki?
Hazırkı vaxtda KİV ədəbi mənzərəni lazımınca işıqlandıra bilirmi?
«Müzakirə»mizdə iştirak edən ədəbiyyat adamları maraqlı
fikirlər söylədilər.
Həm yazılı, həm də elektron media
Yazıçı Aqil Abbas bu gün ədəbi mövzuların mətbuatda layiqincə
işıqlandığını deyir. Belə ki, «525-ci qəzet», «Kaspi» qəzeti bu siyahıda əsas
yer tuturlar: ”Bu qəzetlər ədəbiyyat yazılarına xüsusi yer ayırırlar. Həm də nəinki
materiallara yer ayırırlar, hətta onların təbliğatı ilə məşğul olurlar. Bundan əlavə,
«Ədəbiyyat» qəzeti son illər ədəbiyyatı yüksək səviyyədə təbliğ edir. «Ulduz»,
«Azərbaycan» jurnalları da ədəbi orqan kimi ədəbiyyatımızı təbliğ edirlər”.
Yazıçının fikrincə, ədəbiyyatın təbliğatına elektron media da ciddi yer verir.
Məsələn, Kulis.az və s. saytlar ədəbiyyatın təbliği ilə məşğuldurlar? "Ədəbiyyat
həmçinin sosial şəbəkələrdə təbliğ
olunur. Amma mövzuların səviyyəsinin necə olması başqa mövzudur. Əsas odur ki,
bu gün həm yazılı, həm də elektron media ədəbiyyata biganə deyil”.
Mətbuatın ədəbiyyat adamına diqqəti
«Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs də hesab edir ki, yazılı mətbuatda, sosial şəbəkələrdə
ədəbiyyat kifayət qədər təbliğ olunur: «Xüsusən sosial şəbəkələrdə təbliğ
olunan materialların sayı yetərincədir. İstər ədəbi orqanlar, istərsə də
«525-ci qəzet», «Kaspi» və s. qəzetlər hər həftə ədəbi materiallarla oxucuların
görüşünə gəlirlər. Bu mətbu orqanlar demək olar ki, ədəbi mənzərəni layiqincə əks
etdirməyə nail olurlar. Əgər yazıların keyfiyyətini müzakirə etsək onda həm
yaxşı, həm də zəif nümunələr ortaya çıxar. Həm də tamam başqa mövzu yaranar”.
Q.Ağsəsin fikrincə, bu gün ədəbiyyatın ötən əsrin 80-90-cı illərinə qədər olan
dövrü ilə müqayisədə çap problemi yoxdur. İstənilən nümunənin çap olunmaq
imkanı var: "Heç bir qəzet, jurnal və ya sayt çap eləməsə belə, hər hansı adam
öz youtube kanalında, sosial şəbəkədə yazdığı ədəbi materialı yayımlamaqla minlərlə
oxucu qazana bilər. Biz sosial şəbəkələrə nə nəzarət edə, nə də haqlarında mənalı
fikir yürüdə bilərik. Yəni adam sosial platformalarda profilini açır və istədiyini
yayımlaya bilir. Ancaq yazılı mətbuat ədəbiyyata daha diqqətlə və ehtiyatla
yanaşır və öz işinin öhdəsindən daha ləyaqətlə gəlir”. Baş redaktor hesab edir
ki, ədəbiyyatın təbliğindən danışanda elektron KİV-i də unutmaq olmaz: "Burada
mənzərə təəssüf ki, tam fərqlidir. Televiziyaların bu istiqamətdə fəaliyyətindən
danışsaq, mənzərə o qədər də ürəkaçan deyil. Azərbaycan Televiziyası, «Mədəniyyət»
kanalı və qismən də İTV və "Xəzər” kanallarının bu istiqamətdə fəaliyyəti var.
Bu kanallarda ciddi ədəbiyyata yer verən proqramlar var. Digər kanallar nəinki ədəbiyyata
yer ayırır, hətta ədəbiyyatı ələ salır, aşağılayırlar. O verilişlərə baxan
insanlar çətin ki, ədəbiyyat adamları haqqında yaxşı nəsə düşünə bilsinlər.
Telekanallar
reklam vasitəsilə pul qazandıqlarından onları qınaya bilmərik. Amma təəssüflər
olsun ki, onlar ədəbiyyat ətrafı söhbətləri, dedi-qoduları, şayiələri böyük məmnuniyyətlə
tirajlayırlar”. Baş redaktorun fikrincə, digər təəssüf doğuran məqam ciddi qələm
adamlarının bu tip proqramlarda iştirak etmələridir: "Hesab edirəm ki, əgər
hansısa kanalda ədəbiyyat adamı – şair, yazıçı, tənqidçi və ya jurnalist,
publisist ələ salınırsa, həmin verilişdə iştirak etmək ədəbiyyat adamına
başıaşağılıq gətirir. Dəfələrlə həmkarlarıma səslənmişəm ki, yazıçının, şairin
imicinə zərbə vuran bu tip verilişlərə getmək olmaz. Bəziləri özlərinə haqq
qazandıraraq: «Onlara cavab verməyə gedirik» - deyirlər. Ancaq montajda elə bir
vəziyyətə gətirirlər ki, sonda kimin haqlı və ya haqsız olduğunu ayırd etmək
olmur. Televiziyaların əlində montaj kimi təhlükəli silah var. İstənilən fikri
kontekstdən çıxarıb elə bir səviyyədə təqdim edə bilərlər ki, haqlı ikən haqsız
duruma düşə bilərsən. Həmin silahla istənilən adamı vurmaq olar. Bu baxımdan,
yazılı mətbuatdan nə qədər razı qalsam da, elektron KİV-in ədəbiyyata olan
münasibətindən narazıyam. Əgər ədəbiyyatla bağlı veriliş vermək istəmirlərsə,
bu, onların prinsiplərinə ziddirsə, heç olmasa ədəbiyyatın və ədəbiyyat
adamının əleyhinə də veriliş verməsinlər. Təbii ki, bunu məqsədli şəkildə edirlər
və yəqin ki, bunun kommersiya tərəfi də var”.
Baş redaktor
televiziyaların ədəbiyyatla bağlı siyasətini uğursuz hesab edir: "Nəsiminin 650
illiyi ilə bağlı «Ulduz» jurnalı ilk dəfə olaraq xüsusi buraxılış hazırladı.
Onun təqdimatı ilə bağlı bütün telekanalları Yazıçılar Birliyinə dəvət etsək də
heç biri gəlmədi. Ancaq həmin kanalların mikrofonunu istənilən şou adamının tədbirində
görə bilərsən. Təəssüf ki, bizim ədəbi orqanlar kimi tirajımız bir televiziya
kanalının verilişinin tirajından aşağıdır. Bu da faktdır. Ona görə biz nə qədər
yaxşı nəsə etməyə çalışsaq da, bir kanal öz verilişi ilə onu zay edə bilər. Biz
nə qədər ədəbiyyat adına işlər görsək, layihələr həyata keçirsək də
telekanallar bir dedi-qodu verilişi ilə onların hamısını kölgədə qoya bilər.
Buna görə mən ədəbiyyata göstərdiyi
qayğıya görə yazılı mətbuata təşəkkür edirəm. Digər tərəfdən, mətbu orqanlar
onlarla əməkdaşlıq edən ədəbiyyat adamlarına qonorar ödəyir. Yəni məbləğindən
asılı olmayaraq onlarla əməkdaşlıq edən ədəbiyyat adamlarına ödəniş olunur. Bu
da mətbuatın ədəbiyyat adamına bir diqqətidir».
Azərbaycan mətbuatının ədəbiyyat qarşısındakı borcu
Tənqidçi Əsəd Cahangirın fikrincə, Azərbaycan
mətbuatı bu gün heç vaxt olmadığı qədər ədəbi-bədii materiallara öz səhifələrində
yer ayırır. Sovet dövründə isə yalnız müvafiq ədəbi qurumların bir neçə orqanı
istisna olmaqla digər mətbu orqanlar bədii materialları az dərc edirdilər. Yəni
bədii materialları daha çox Yazıçılar Birliyinin orqanları dərc edirdi: "O
zaman saytlar da yox idi. Həmçinin mətbuat azad deyildi, senzura var idi. Bu
gün mətbuat senzuradan azaddır, bu da ədəbiyyatın azad xarakterinə çox
yaxındır. Yazısını bu və ya digər orqanda çap etdirə bilməyən yazıçı başqa bir
orqana müraciət edir. Artıq hər bir qəzetin öz oxucu kontingenti var”. Tənqidçi
qeyd edir ki, bu gün bizdə Yazıçılar Birliyinin orqanları ilə yanaşı, bir sıra
ictimai-siyasi qəzetlər və jurnallar da var ki, onlar öz səhifələrində ədəbiyyat
məsələlərinə geniş yer ayırırlar: "Məsələn, 90-cı illərin sonu 2000-ci illərin əvvəllərində
ədəbiyyat materiallarını çap etmək baxımından böyük rol oynamış «Ədalət» qəzetinin
adını çəkmək istərdim. Bu qəzet təxminən bir neçə il ərzində hər həftə xüsusi ədəbiyyat
əlavəsi buraxırdı. Bu əlavələr ayrı-ayrı dünyagörüşləri, estetik platformaları əks
etdirən adamlar tərəfindən hazırlanırdı. Yəni qəzet yalnız bir cəbhəni dərc eləmirdi.
Bu, o zaman qəzetin baş redaktoru işləyən görkəmli yazıçı Aqil Abbasın ədəbiyyata
olan sevgisi və ədəbiyyat adamlarına olan qayğısı sayəsində mümkün olmuşdu.
Sonralar Rəşad Məcidin baş redaktoru olduğu «525-ci qəzet» xüsusi şənbə nömrələri
buraxmağa başladı və bu günə qədər də o proses davam edir. Hətta, uzun bir müddət
bu qəzet ədəbiyyat materiallarını çap etmək üzrə ölkədə ən öndə gedən mətbuat
orqanlarından biri idi”. Ə.Cahangir bildirir ki, 90-cı illərdə həmçinin "Yeni
Azərbaycan”, «Rezonans», «Həftə içi», "Vətəndaş həmrəyliyi» və bir sıra digər mətbu
orqanlar ədəbiyyat səhifələrinə geniş yer ayırıblar. İndi üstün bir cəhət də
var: mətbuat yalnız qəzet və jurnallardan ibarət deyil. Mətbuatın elektron
variantı meydana gəlib, ədəbi saytlar, portallar fəaliyyətə başlayıb. Bu səhifələrdə
də ədəbiyyat məsələləri geniş işıqlandırılır. O cümlədən, ədəbiyyat məsələlərinə
son 20 ildə yer ayıran «Kaspi» qəzetini, onun hər şənbə işıq üzü görən "Ədəbiyyat”
əlavəsini qeyd etmək lazımdır. Bu qəzetin xüsusi portalı olan ArtKaspi.az qısa
bir müddətdə bütün ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Bu baxımdan, Azərbaycan
mətbuatı - istər yazılı, istərsə də elektron media ədəbiyyat qarşısında borcunu
lazımi səviyyədə yerinə yetirir».
Əsas ədəbiyyatın
yaranmasıdır
Yazıçı Mübariz Örən hesab edir ki, əsas ədəbiyyatın özünün yaranmasıdır: «Fərqi yoxdur,
hansı səviyyədə olsun, əsas odur ki, mətnlər ortaya çıxsın. Onda ədəbiyyat
öz-özünə yol açacaq. Ədəbi materiallar mətbuatda da öz əksini tapacaq. Güclü müəlliflər, yaxşı yazılar
ortaya çıxsa və rezonans yaratsa mətbuatda yer alacaq. Onsuz da yazılar daha
çox mətbuatda meydana çıxır. Bilirsiniz ki, kitab satışı çox zəifdir. Ona görə
də ədəbi yazılar az-çox elə mətbuatda görünür».
Təranə Məhərrəmova