• cümə, 26 Aprel, 12:14
  • Baku Bakı 23°C

Məşhurluğu daimi tutub saxlaya bilmərik

29.06.13 09:29 1786
Məşhurluğu daimi tutub saxlaya bilmərik
Son zamanlar gündəmi azərbaycanlı oğlanla erməni qızının eşq macərasından bəhs edən bir filmin Türkiyə telekanallarında yayımlanacağı barədə yayılan xəbərlər zəbt edib. Ay Yapım TV istehsalat şirkəti azərbaycanlı oğlanla erməni qızın sevgisindən bəhs edən yeni serialın çəkilişlərinə başlayacağı ilə bağlı məlumatları artıq təsdiqləyib. Filmdə Türkiyənin və Avropanın məşhur aktyoru Kıvanç Tatlıtuğ azərbaycanlı oğlan obrazını canlandıracaq. Kıvanç Tatlıtuğu “Aşk-ı memnu”, “Kuzey Güney”, “Kelebeyin rüyası”, “Ezel” seriallarından yaxşı tanıyırıq. Həm də yeni filmlə bağlı gündəmdə olan aktyorun Türkiyə mətbuatına verdiyi müsahibəni sizlərə təqdim edirik.
Bəyənilməyi xoşlamıram
- 28 yaşında olan gənc bir aktyorun bu qədər sevilməsi necə bir hissdir?
- Tamaşaçılar tərəfindən bəyənilmək çox gözəl bir hissdir, amma uşaqlığımdan bəri insanların məni yaxşı və ya pis qəbul etmələrinə elə də fikir vermirəm. Çox zaman insanlar tərəfindən haqqımda yaxşı və pis fikirlər alıram. Amma mənfi bir vəziyyət, ya da çox bəyənilən hansısa işim mənə təsir etmir. Dediyim kimi, bəyənilmək gözəldir, amma bundan elə də təsirlənmirəm.
- Müsahibələrinizin birində “Yansam, cildim dəyişsə, məni yaxın çevrəmdəkilərdən başqa heç kim tanımaz” demisiniz. Çevrəniz sizi necə tanıyır?
- Sadə və normal həyat tərzim var. Ümumiyyətlə, məşhurların nə yeyib-içmələri, harada dincəlmələri kimi mövzular mənə çox qəribə gəlir. Hər normal insan kimi səhər yuxudan durub, işə gedib sonra evimə gəlib istirahətimi edirəm. Çevrəmə görə azsaylı dostlarım və ailəm var. Gecə həyatını və gurultulu məkanları xoşlamıram. Hava qaralana qədər evdə olmağa çalışıram. Çevrəmdəki insanlar məni olduğum kimi tanıyırlar.
- Küçədə gəzərkən pərəstişkarlarınız sizdən əl çəkmir. Nə üçün mühafizəçilərsiz gəzirsiniz?
- İnsanlar mənə coşqu ilə yaxınlaşırlar. Bir çox insanlar oynadığım filmlərdəki obrazlarıma görə öz fikirlərini bildirirlər. Mənim üçün bu xoşdur. Sanki, o zaman öz işimin nəticəsini görürəm. İşimi sevirəm. İnkişafım üçün nələr lazımdırsa özümü onlara sərf etməyə çalışıram.
- Canlandırdığınız hər obrazda fərqli bir adam olmağınızın və həmin obrazın daha çox reytinq qazanmasının sirri nədir?
- Obrazı canlandırmamışdan öncə o obrazın xarakterini tam öyrənməyə çalışıram. Bəli, kənardan izlənilirəm, amma mən də əlimə bir fincan çay alıb ətrafdakı insanları izləyirəm. Obrazlarım üzərində mütəxəssislərdən dərs də alıram. Hazırda Mədəniyyət Universitetində aktyorluq fakültəsində təhsil alıram. Eyni zamanda obrazlarım üçün mütəxəssislərdən dərs almağa davam edirəm. Uğurlu ifam üçün filmlərdə çalışdığım insanların və çevrəmin böyük rolu var.
Təhsilimi dayandırmışam
- Həm bir ulduz, həm də adi tələbə olmaq necə bir hissdir?
- Bu il işlərim çox olduğu üçün Universitetdəki təhsilimi davam etdirə bilmədim. Təhsilimi dayandırmışam. Onu deyə bilərəm ki, tələbəlik həyatı çox gözəl keçir. Dərs oxumağı sevməsəm də, çox tənbəl və dərslərimdə zəif qiymət alan tələbə də deyiləm.
- Yeni bir obraza girmək üçün psixoloji olaraq hansı dəyişiklikləri yaşayırsınız?
- Bir layihəyə başlamamışdan əvvəl o xarakteri görmək aktyorda bir az narahatlıq yaradır. Əslində, bu, aktyordan böyük məsuliyyət tələb edir. Bir də yaxşı işləyə bilmək üçün zamana ehtiyacım olur. Hər zaman oynadığım obrazı müdafiə etməyə və onun doğrularını göstərməyə çalışıram.
- İndiyənə kimi canlandırdığınız obrazların içərisində sizə ən yaxın hansı obraz olub?
- “Ezel” filmində canlandırdığım Sekiz obrazı və “Kuzey Güney” filmindəki Kuzey obrazını özümə daha yaxın hiss edirəm. Çünki real həyatdakı xarakterlərimiz zamana və vəziyyətə görə dəyişir. Gerçək həyatda da xarakterim tez-tez dəyişdiyinə görə o obrazları oynanarkən sanki özümü oynayıram. Bizim işimiz elədir ki, nə zamansa tükənirik. Daimi olaraq bu məşhurluğu tutub saxlaya bilmərik. Hər şeyin yeri və zamanı var. İndiki dövrdə tamaşaçının zövqünü tutmaq lazımdır. Hazırda da mənim və çalışdığın truppanın gördüyü işlər çox sevilir. Gələcəkdə bu uğur başqa bir truppanın ətrafında hərlənə bilər, yəni uğur nə zamansa məndən yan da keçə bilər. Bu sahə kiminsə əlində deyil ki, nəyisə gündəmə gətirsin. Bunu bilərək, uğurun ətrafında olduğunu, sevildiyini görərək ayağını yerə sağlam şəkildə qoymaq lazımdır. Bu iş insandan bir az da ağıl tələb edir.
- Kuzeyin filmdəki jestlərini siz yaratdınız, yoxsa rejissor?
- Xarakterimin arxasından danışmayın (gülür). Ssenarini adi boş kağız üzərində alıram, amma oradakı tip, xarakter mənim özəlləşdirdiyim şeylərdir. Mən də Kuzeyi anlamağa çalışıram və ona çox yaxınam. Bu filmdə kimsə haqlı və haqsız deyil. Hər kəs ortada fərqli düşüncələrlə hərəkət edir və heç kim mükəmməl deyil. Amma ən pis insanı oyanarkən belə, onu müdafiə etmək və ona inanmaq məcburiyyətindəsən.
- Özünüzü Kuzey kimi hiss etmisinizmi?
- Həftənin altı günü işləyirəm. Çox az-az işdən qalıram. Bu normal haldır. Yoxsa canlandırdığım heç bir xarakterin mənimlə bir əlaqəsi olmaz.
- Filmlərdə döyüşkən insan xarakteri yaradırsınız. Bundan əvvəl döyüş üçün məşq etdinizmi?
- Xeyr. “Kuzey Güney” filmində məni fiziki baxımdan köhnə dünya boksçularından Tayland boksu çempionu Ara Karanfil hazırladı. O, həmin filmdə Zımba obrazını canlandırırdı. Sonra dedilər ki, guya kimlərsə mənimlə işləyib və məni döyüş üçün hazırlayıblar. Amma döyüş müəllimim onlara heç bir cavab vermədi.
Ən böyük xəzinəm olacaq
- Sizin tərəfdən baxanda yaradıcılığınız və həyatınız sizə mükəmməl görünürmü?
- Enişli-yoxuşlu bir həyatım var. Onsuz da həyat çox çətindir və onu idarə edib qalib gəlmək insandan böyük cəsarət tələb edir. Heç vaxt həyatdan heç nə gözləməyəcəksən. Neçə illərdir həyat təcrübəmdən yararlanıb söylədiyim bir şey var: “Sudan qorxmamalıyıq. Suya özünüzü buraxıb uzanarsanız, batmazsınız. Amma üzə bilməyən bir adam çırpınaraq dibə doğru gedər. Bir az bilib də çırpınmamaq lazımdır. Əgər bir şeyə qarşı vuruşarsansa gücün düşər, yorularsan”. Mən də özümü suya buraxdım. Çırpınmamağa çalışıram. Həyatın bütün çətinliklərinə doğru özümü sıxmağa çalışmıram. Nə qədər mübarizə apararsansa, o qədər çox zərər görərsən.
- İstərdim ki, bizə “Kelebeğin Rüyası” filmindən danışasınız.
- Gözəl bir əsər idi. Mert Fırat, Belçim Bilgin, Farah Zeynep Abdullah, Ahmet Mümtaz Taylan, Taner Birsel - kər kəs, bütün truppa çox gözəl insanlardan ibarət idi. Yılmaz Erdoğan bizə belə gözəl bu ssenarini hədiyyə etdi. Belə ki, o həm yazdı, həm çəkdi, həm də oynadı. Filmi çəkərkən bütün Zonguldak, orada yaşayan hər kəs, hətta bitkilər, heyvanlar, quşlar, kəpənəklər, delfinlər sanki bizə kömək etdilər. Kameranın arxasında o qədər möcüzəli şeylər yaşadıq ki... Yəni bizim filmimiz olmaqdan çıxdı, ona təbiət və insanlar da sahibləndi.
- Yaşlanma qorxunuz varmı?
- Yaşlanmanın insana ayrı bir gözəllik və duyğu qatdığına inanıram. Keçən yaşım və üzümdə yaranacaq qırışlar mənə maraqlı gəlir. Onlar mənim ən böyük xəzinəm olacaq.
- Böyük peşmanlıqlarınız varmı?
- Xeyr. Etdiyim hər şeyin sonuna qədər arxasındayam.
- Həyatda sizə ən dəyərli varlıq kimdir?
- Ən dəyərli varlığım ailəmdir.
Hazırladı: Xəyalə Rəis
banner

Oxşar Xəbərlər