Məşhurların təhlükəli avtomobil şouları
Müasir texnologiyalar
həyatımızı rahatlaşdırır. Evdə oturaraq dünyanın o biri başında olan tanışınla
əlaqə saxlamaq, hətta görüntülü şəkildə danışmaq bu günün reallıqlarındandır.
Ancaq di gəl ki, bu texnologiyaların xeyri olduğu kimi, zərərləri də az deyil. Məsələn,
son dönəmlər insanlar arasında "selfie” kimi məşhurlaşan bir "xəstəlik” meydana
gəlib. Biz dünyada, eləcə də ölkəmizdə bunun qurbanlarından da xəbərdarıq.
Son bir neçə ayda isə məşhurlar
arasında avtomobil idarə edərkən video çəkib, paylaşmaq dəb halını alıb. Belə
ki, bir əlində rulu tutaraq, digər əli ilə video çəkir, ya da maşının
içərisində mini klip hazırlayırlar. Belə olan halda bəzən ruldan tutmağı belə
yaddan çıxarırlar. Demək olar ki, hər 10 müğənninin 5-nin "İnstagram”
səhifəsində belə paylaşımlara rast gəlirik. Hansı ki, həmin müğənnilərin sosial
şəbəkələrdəki özəl səhifələrində 100 minlərlə izləyiciləri var və gənclər
onları "qəhrəman” sayaraq, etdiklərini təkrarlamağa çalışırlar. Onlar gənclərə,
pərəstişkarlarına beləmi örnək olurlar?
Əslində belə paylaşımlar Baş
Dövlət Yol Polisi İdarəsinin (DYP) işini bir qədər asanlaşdırır. Bu cür qayda
pozuntuları radar və kameralardan yayınsa da, belə paylaşımlar insanların, ələlxüsus
da mətbuatın diqqətindən yayınmır.
"İctimailəşdirmək
sizin, məsuliyyətə cəlb etmək isə bizim işimizdir”
Bakı şəhər Dövlət Yol Polisi
İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla
Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bizimlə
söhbətində bildirdi ki, yol hərəkəti haqqında qanunun tələbinə əsasən, kütləvi
informasiya vasitələrində yayılan və ya hər hansı bir vasitə ilə paylaşılan bu
cür faktlar inzibati xəta tərkibi daşıyır: "Biz bununla bağlı araşdırmalar
aparırıq. Təbii ki, belə insanları məsuliyyətə cəlb edirik. Yol hərəkəti
haqqında qanunun tələbini pozaraq bunu hər hansı bir vasitə ilə qeydə alıb,
sosial şəbəkələrdə paylaşmaq inzibati xətadır və bunu edənlər məsuliyyətə cəlb
olunurlar. Xatırladıram ki, bu kimi xətalara yol verilməsi ilə bağlı ilin
əvvəlindən bu günə 14 fakt aşkarlanıb. Onlar da qanun qarşısında cavab
veriblər”.
Vaqif Əsədova ötən ildən etibarən Vergilər Nazirliyinin vergidən
yayınan məşhurların siyahısını ictimailəşdirdiyi kimi, onların da qanunu
pozanların siyahısını ictimailəşdirməsini təklif etdik. Bəlkə belə olan halda
bu kimi paylaşımların qarşının alına biləcəyini soruşduq: "İctimailəşdirmək
sizin, məsuliyyətə cəlb etmək isə bizim işimizdir. Bizim üçün sükan arxasında
olan sürücünün kimliyinin fərqi yoxdur. Onların şəxsi işinə müdaxilə edə
bilmərik. Hər kəs özü tutduğu vəzifəni icra etməlidir. Yaratdığınız fürsətdən
istifadə edərək qeyd etmək istəyirəm ki, biz onları belə sərbəst hərəkətlərinə
görə məsuliyyətə cəlb edəcəyik”.
"60
manat cərimə ödəmişəm”
Gənc
ifaçı Nailə Dəniz isə deyir ki, paylaşımlar etmək onlara heç də asan
başa gəlmir: "Çox zaman videonu ön kamera ilə çəkirik. Ön kamera ilə də çəkiləndə
videonun səsi yaxşı çıxmır. Avtomobil idarə edərkən fikrin videoda olur ki,
çəkdiyin videoda gözəl düşəsən. Ancaq bununla bərabər yola da baxmalı oluruq
ki, hər an hər şey ola bilər. Çünki bir anda piyada, ya da təhlükəli sürücü
qarşına çıxa bilər. Çox zaman telefonla məşğul olanda radara düşmüşəm və buna
görə 60 manat cərimə ödəmişəm”.
"Qanunvericilikdə
bu məsələdə bir az boşluq var”
Avtosfer.az
saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı fikirlərini
bildirərkən qeyd etdi ki, kimliyindən asılı olmayaraq, heç kim məsuliyyətdən
kənarda qalmalı deyil: "Şou-biznes nümayəndələri, tanınmış televiziya aparıcıları,
ictimaiyyət arasında hansısa formada tanınan şəxslər artıq bunu adi hal kimi qəbul
edirlər. Video çəkərək yol hərəkəti qaydalarını pozurlar. Biz dəfələrlə onların
videolarını mətbuatda yaymışıq. Paylaşdıqları hər videoda 4-5 qayda pozuntusuna
yol verirlər. Bu yaxınlarda Təranə Qumralla Musa Musayevin videosunda bir biabırçı
vəziyyət yaranmışdı. Sanki sükan arxasında film çəkirdilər. Nə Musa, nə də Təranə
sükan arxasında kəmərdən istifadə etmədikləri az deyilmiş kimi, Musa sükandan tam
olaraq əlini çəkib, şou göstərirdi. Skripka ustası, əməkdar artist Səlim
Abbasov da uşağı qabaqda otuzdurub ona banan yedizdirirdi. Onun sənətinə böyük
hörmətimiz var, gözəl ifaçıdır. Ancaq hər kəs qanunu bilməlidir. Əslində onlar
yaranan məsuliyyəti dərk etmirlər. Sükan arxasında hər bir sürücünün hüquq və vəzifələri
var, onlara riayət etmək məcburidir. Bəlkə də xəbərləri yoxdur. Avtomobildə
gedərkən min cür video və selfi çəkə bilərəm. Ancaq özümdə məsuliyyət hiss
edirəm ki, mən bu videonu yayıramsa və videoda kəmər taxmamışamsa, məni
qınayacaqlar. Görünür, onlar qaydalardan xəbərsizdirlər, yaxud da bu qayda-qanuna
yuxarıdan aşağı baxırlar. Onların cəzası verilməlidir ki, sayı çoxalmasın”.
Ekspert deyir ki, əlinə bir
az imkan düşmüş, harınlamış yeniyetmə uşaqların sanki içlərində bir burulğan yaranır
və çalışırlar ki, özlərini hansısa bir formada göstərsinlər: "Bizim qanunvericilikdə
bu sahədə bir az boşluq var. Elə qonşu Türkiyədə serialları, filmləri izləyirik.
Görürük ki, serialların kulminasiya nöqtəsində aktyorlar sükan arxasında əyləşdikdə,
təhlükəsizlik kəməri bağlanmış vəziyyətdədir. Bizdə isə dünən efirə çıxmış müğənni
klip çəkdirir, kəmər taxmaq bir tərəfə, maşında şou göstərir. Misal üçün, "Bozbash
pictures” serialının yaradıcı heyətində belə hallarla üzləşirik. Düzdür onlar çox
istedadlıdırlar, bu öz yerində. Ancaq siz baxın görün, onlar sükan arxasında nə
hoqqalardan çıxırlar? Bir də görürsən ki, hansısa biri maşın idarə edə-edə ayağını
pəncərədən çölə çıxarır, rulu buraxıb bədəni yarıya qədər çöldədir. Maşın gedə-gedə
bir-birilərinə şapalaq vurur, nə oyunlardan çıxırlar. Gənclər də onları sevir, izləyir,
nümunə götürürlər... O kliplər, görüntülər, seriallar efirə getməməlidir. Televiziyada
efir mədəniyyəti olmalıdır. Belə ki, televiziyada yayımlnanan hər bir kadr kriteriyalara
cavab verməlidir”.
Elməddin Muradlının
fikrincə, sosial şəbəkələrdə yayılan görüntülər həmin şəxslərin məsuliyyətə cəlb
olunmasına əsas verir: "Görüntüləri onların özləri yayırlar. Çox istəyərdim ki,
DYP maraq göstərib o şəxslərin siyahısını tutsun və cəzalandırsın. Cəmiyyət də görsün
ki, bir toya 5-10 min manata gedən adam heç də cəzasız qalmır. Çox zaman insanlar
şikayət edirlər ki, cəriməni ancaq kasıblara yazırlar. Qoy görsünlər ki, varlılara
da cərimə yazılır. Bir az imkan onları yoldan çıxarır, bir az da yol polisi əməkdaşları
arasında özlərinə dost tapırlar deyə sərbəstləşirlər. Həmin yol polislərinin toylarında
ya pulsuz, ya da cüzi qiymətə oxuyurlar. Onların bu sərbəstlikləri məhz oradan qaynaqlanır.
Cəmiyyətdə onlara qarşı yaranan hörmətdən sui-istifadə edirlər. Ancaq məşhurlar
düşünməsinlər ki, cəmiyyətin onlara olan hörməti, qazandıqları pullar qəza vaxtı
onları xilas edəcək. Özlərinin, yaxınlarının həyatlarını təhlükəyə atmasınlar. Qəza
baş verəndə, qazandıqları fəxri adlar, xətir-hörmət onları və yaxınlarını xilas
etməyəcək. İnsanlara pis nümunə olmasınlar. Onların harada oxuyub, necə sürücülük
vəsiqəsi əldə etməsindən xəbərsizik. Bu yaxınlarda məşhurların cərimə siyahısını
dərc etmişdik. 100-ə yaxın cəriməsi olan sürücülər var. 10 min manata qədər cəriməsi
olan müğənnilər də o siyahıda yer almışdı. Çox istərdim ki, DYP onların tam siyahısını
açıqlasın. Necə ki, Vergilər Nazirliyi bu addımı atıb, vergidən yayınan müğənnilərin
siyahısını ictimai müzakirəyə çıxardı. Nümunəni qayda-qanunlara əməl etməklə göstərsələr,
daha yaxşı olar”.
Hüquqşünas Ərşad Hüseynov da məsələ ilə bağlı deyir
ki, bu cür hərəkətlər kifayət qədər təhlükəlidir, belə paylaşımlarda yol hərəkəti
qaydalarının pozulduğu da açıq-aydın görünür: "Bu, ilk növbədə sürücünün özü üçün
təhlükə yaradır. Onlar dərk etməlidirlər ki, hansısa bir şou göstərib selfi çəkmək
ən azı iki böyük təhlükəyə gətirib çıxara bilər. Birincisi, onların həyatı təhlükə
altında olur. O adam elə bir vəziyyətə düşər ki, heç incəsənət aləmində qala bilməz.
Səsini, xarici görünüşünü itirər. İkinci təhlükə isə odur ki, digər insanlara zərər
yetirə bilərlər. Əlini sükandan buraxmaq, kosmetika istifadə etmək, maşının içində
klip çəkmək... Yol hərəkəti qaydaları sürücüyə diqqəti yayındıracaq hər şeyi qadağan
edib. Mobil telefonu əldə tutmaqla, ondan istifadə etmək eyni şeydir. Bunun 50 manat
cəriməsi var. Sükanı əldən buraxmağın isə 40 manat cəriməsi var. Bu cərimələri ödəmək
mümkündür, faciə deyil. Ancaq faciə orasındadır ki, insan həyatını itirə, yaxud
da kiminsə həyatını itirməsinə səbəb olub azadlığından məhrum edilə bilər. Həmin
şou nümayəndələri unutmasınlar ki, bu hərəkətləri ilə həyatları dəyişə bilər. Bunu
dərk etmək lazımdır. Belə şeylər tək hüquqa zidd deyil, belə şeylər həm də cəmiyyət
əxlaqına, ümumi dəyərlərə ziddir. Siması tanınan insanlar nümunə olmalıdırlar. Amma
biz onlarda bunun əksini görürüksə, təəssüf etməkdən başqa əlimizdən heç nə gəlmir”.
Xatırladaq ki, kimliyindən
asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Əgər kiminsə siması
cəmiyyətdə daha çox tanınırsa, bu o demək deyil ki, o, məsuliyyətdən azaddır...
Xəyalə Rəis