• şənbə, 27 Aprel, 05:47
  • Baku Bakı 14°C

Məşhurların Son zəng xatirələri

31.05.13 07:52 2933
Məşhurların Son zəng xatirələri
Uşaqlıqdan hər birimiz müstəqil olacağımız - Son zəng gününü səbirsizliklə gözləyirik. Məktəb illərini başa vuraraq buna nail olduğumuzu düşünürük. Sevimli müəllimlərimiz, uşaqlıq həyəcanları, ilk məhəbbət məktəb divarları arasında qalır. Amma hər kəs sonradan bu illəri xatırlayaraq ötən günlərə geri dönmək istəyir.
Bu gün mayın 31-i Son zəng günüdür. Bu gün məktəblərdə sonuncu dəfə zəngin səsini eşidənlər olacaq. Son zəngin cingilti sədaları hər birimizin qəlbində məktəb xatirələrini oyadacaq: sinif yoldaşlarımızın gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyimiz dərslər, tez başa çatan tənəffüslər, bəziləri ciddi, bəziləri mehriban müəllimlər... Son zəngdən sonra bunların xatırlanması tam başqa xarakter daşıyır. Son zəng sanki uşaqlığımıza son vidadır.
Hər kəs kimi şou-biznes nümayəndələri də bu cür hissləri yaşayırlar. Çünki onlar da bir zamanlar məktəbli idilər və analarının əlindən tutaraq dərsə gedər, uğurlara sevinər, uğursuzluqlara kədərlənərdilər. Əlbəttə ki, həmin dövrdə heç kimin ağlına gəlmirdi ki, bu dəcəl uşaqlar böyüyüb milyonların sevimlisinə çevriləcəklər. Bəs görəsən hər kəsin yaşadığı məktəb illərini şou-biznes nümayəndələri necə keçirib? Məktəb illəri onların xatirində necə qalıb? Bu suala cavab olaraq kimisi kədərlənərək Son zəngə getmədiyini, kimisi Son zəng günü məktəbdə dava saldığını, kimisi də ümumiyyətlə, yaxşı şagird olmadığını söylədi. İncəsənət nümayəndələri bütün hallarda məktəb illərinin heç zaman geri qaytarmağın mümkün olmadığını və əgər imkanları olsaydı, geriyə qayıdıb o günləri yenidən yaşamaq istədiklərini də dilə gətirdilər.
Müğənni Roza Zərgərli məktəb illəri və Son zəng haqqında heç bir söz söyləmək istəmədiyini və Son zəngin onun yaddaşında xoş xatirələrlə qalmadığını bildirdi.
Xalq artisti Nisə Qasımova 8-ci sinifdən Azərbaycanda oxuduğu məktəbdən çıxdığını və Ukraynada oxuduğunu söylədi. Müğənni oradakı təhsil sistemindən və sinif yoldaşlarından narazı qaldığını qeyd etdi: “Ukraynada oxuduğum məktəbdə cəmi iki azərbaycanlı oğlan oxuyurdu. Oğlanlar Son zəngə getdi, mən isə qohumlarımın yanında qaldım və Son zəngimi onlarla keçirdim. Ukraynalı şagirdlərin Son zəngi mənim xoşuma gəlmədi. Mən 9-cu sinifdə oxuyanda 10-cu siniflərin Son zəngini gördüm, başıma hava gəldi. Onlar axşam şəhərə gedib günəşin çıxmağını gözləyirlər. Günəşin çıxmağını necə gözləyirdilər, onu bir Allah bilir. Azərbaycanlı tərbiyəsi aldığım üçün Son zəngə getmədim. Nəinki şəhər, heç məktəbdə də qeyd etdikdə, o tədbirə qatılmadım”.
Müğənni Xuraman Şuşalı məktəb illərinin ömrünün ən gözəl günləri olduğunu söylədi. Müğənninin sözlərinə görə, ibtidai sinfi yaxşı oxumayıb və 5-ci sinifdən sonra İncəsənət gimnaziyasına daxil olub: “Məktəbdə fəal şagird olmuşam. Uşaqlıqdan konsertlərdə, bayramlarda oxuduğuma görə həmişə yaşıdlarım içində tanınmışam. 11-ci sinfin şagirdləri məni gördükdə, hansısa bir mahnını zümzümə etməmi xahiş edirdilər. İncəsənət gimnaziyasında aktyorluq kursları alırdım. Orada “Arşın mal alan” tamaşasında Telli, “Uşaq və şahzadə” tamaşasında Şahzadə kimi obrazlar canlandırırdım. Məktəbdə hazırlanan tamaşalarda baş rolda oynayırdım. Bu oyunlarıma görə müəllimlər mənə güzəştə gedirdilər. Günümün çoxu məşqlərə gedirdi. Son zəng günü isə çox ağladım. Peşman idim ki, müəllimlərimin sözlərinə qulaq asmamışam. Dərslərin çoxuna girmirdim və çox zaman da səhərlər yatıb qalırdım. Tamaşaların məşqləri məni yorurdu deyə evə gec gəlirdim. Ona görə günortaya qədər yatırdım. Məktəbi bitirdim, ancaq məktəb illərimin dadını doyunca çıxara bilmədim. Düzdür, şagird olan zaman dərslərdən qaçmışam, ancaq indiki şagirdlərə bunu məsləhət görməzdim”.
Estrada müğənnisi Aygün İsmayılova məktəb illərini gülərək xatırladı: “Mən məktəbimizin ən dəcəl və ziyanverici şagirdi idim. Həmişə kimya otağının laboratoriya şöbəsində nə problem olurdusa, müəllimlərim məni günahlandırırdılar. Çünki həmişə o otaqda kimyəvi maddələri qarışdıraraq partlayış törədirdim və bu kiçik partlayışdan əmələ gələn turşu sayəsində sinif yoldaşlarım zəhərlənirdilər. Beləcə, həftələrlə dərsdən qalırdım”.
Gülüş ustası Fərda Xudaverdiyev məktəb illərində nadinc olduğunu və başına gələn hadisələr sayəsində bu gün danışmağa materialı olduğunu söylədi. Fərdanın sözlərinə görə, onu danışdığına görə dərsdən qovan müəllimlər, indi onu danışması üçün toylara dəvət edirlər: “1992-ci ildə kimya-biologiya təmayüllü məktəbdə təhsil aldım. Nədənsə məktəbdə şuluqluq edən uşaqları heç kim görmürdü. Hər şey mənim başımda çatlayırdı. Belə ki, məktəbdə 2 uşaq dalaşırdı, onları ayırmağa çalışan anda müəllimlər məni tuturdu. Bir il orada məcburi şəkildə yataqxanada qaldım. Yataqxanada komendant var idi. Uşaqlar orada başlarını aşağı qoyub ayaqlarını divara tuturdular. İçimdə deyirdim ki, onlar etdi, sən etmə. Amma marağım mənə güc gəldi onlardan sonra mən də bu hərəkəti etdim. Başımı yerə qoyanda gördüm ki, komendantımız kəllə-mayallaq qabağımda durub. O zamana kimi heç kimdən şillə yeməmişdim. Atam həmişə məni sözlə döyürdü. Komendant mənə bir şillə vurdu ki, bütün “Qara Qarayev” başıma fırlandı... Məktəbdə 11-ci siniflər arasında voleybol yarışması olurdu. Voleybol deyəndə, mən balacaboy olduğum üçün heç kimin yadına düşmürdüm. Mən yarışlarda ancaq qızışdırma işlərinə baxırdım. Azarkeşlərin arasında rəqib komandanın qızları var idi. Onlarla sözümüz çəpləşdi və bu ümumməktəb davasına çevrildi. Voleybol oynayanlar qaldı bir qıraqda, hamı bizə baxdı. Yarışdan sonra direktor, direktorun müavini, müəllimlərim - qarşıma kim çıxdısa, hər kəs mənə olmazın sözləri dedilər”.
Gülüş ustası Son zəng günü direktorlarının hər bir şagirdin əlini sıxıb təbrik etdiyini, ancaq onun əlinin havada qaldığını söylədi: “Direktor mənə dedi ki, məktəbin canı səndən qurtardı. Məktəbi bitirdikdən sonra müəllimlərim məni dəvət etdilər, məktəbimizə getdim. Düzdür, müəllimlərim məni təriflədilər, amma mən lazımsız tərifləri xoşlamıram. Əslində bəlkə də belə olmağı yaxşıymış ki, indi məktəbdən danışanda xatirələrim çox olur”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər